Dağ havasıyla pərvazlanmış
alim
Akif İMANLI-75
"Mən professor Akif İmanlını etibarlı
dost, əsl pedaqoq, dilçi-alim, Mirzə Cəlil ruhlu
yazıçı kimi tanıyıram..."
Akademik İsa Həbibbəyli
Odlar yurdu Azərbaycanımızın Naxçıvan
diyarında Şərur ellərinin gen qucağını qoyub
dağların döşünə
sığınıbdır Axura kəndi. Bəlkə ona
görədir ki, Ulu Tanrı öz payını əsirgəməyibdir
bu kənddən: dörd bir bucağında suları ürəklərə
sərinlik gətirən bulaqlar çağlayır,
dağlarının şiş qayaları buludlara dayanaraq
göyləri saxlayır. Günləri nurludur, qarı bəm-bəyazdır,
ağaclarının meyvələri tükənməz,
çəmənlərinin çiçəkləri ətirli,
rəngarəngdir Axuran kəndinin! Bir də qonaqcanlı,
el-obaya bağlı, elmə-mədəniyyətə
vurğun, sinələri söz boğçalı, əməksevər
insanlar yaşayırlar bu kənddə!
Haqqında söz açmaq istədiyim Akif Kazım
oğlu İmanlı 1948-ci il dekabrın 27-də Axura kəndində
müəllim ailəsində anadan olub. Səkkizillik təhsilini
doğma kəndində aldıqdan sonra, Şərur şəhərindəki
orta məktəbi bitirmiş, müəllimlik peşəsinə
sonsuz məhəbbəti, doğma dilimizin saflığına,
ədəbiyyatımızın zənginliyinə
vurğunluğu onu 1967-ci ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
fakültəsinə gətirib çıxarıb. Həmin
ildən Azərbaycan DPİ-nin Naxçıvan filialı fəaliyyətə
başladığından Akif ali təhsilini Naxçıvan
şəhərində davam etdirib. Bəlkə də ən
şirin, yada düşəndə ürəyin tellərini
sızladan tələbəlik illəri Akifin və onun tələbə
dostlarının payına hamıdan çox düşüb.
İnstitutda onların hər bir təşəbbüsü
maraq və sevinclə qarşılanırdı. Xoşbəxtlikdən
Akif İmanlı kimi onun tələbə dostları da
yenilikçi, yaradıcı və təşəbbüskar
idilər. Təsadüfi deyil ki, o illərdəki tələbələrin
çoxu bu gün ədəbi yaradıcılıqla və
elmi işlərlə məşğul olan
yazıçılar, alimlər, metodist müəllimlər,
idarə və müəssisə rəhbərləri, öz əməkləri
ilə tanınan insanlardır.
Hələ tələbəlik illərində bədii
yaradıcılığa meyl göstərən Akif
İmanlının ruhuna yumor qarışmış hekayələri
Muxtar Respublikada nəşr olunan "Şərq
qapısı", "Şərurun səsi" qəzetlərində,
toplu və almanaxlarda dərc olunub. 2004-cü ildə isə bu
hekayələr "Kal qarpız" adlı kitabda toplanaraq
oxuculara çatdırılıb.
1971-ci ildə Naxçıvan DPİ-nin məzunu olan
Akif İmanlı Şərur rayon təhsil şöbəsinin
göndərişi ilə Şəhriyar kənd orta məktəbinə
Azərbaycan dili və ədəbiyyat müəllimi təyin
olunur. Orta məktəb şagirdlərinə Azərbaycan
dilinin və ədəbiyyatının incəliklərini səylə
mənimsədən Akif müəllim pedaqoji kollektivin və
şagirdlərin sevimlisinə çevrilir və yaxşı
müəllim kimi tanınır. Rayon Təhsil Şöbəsinin
təşkil etdiyi bölmə iclaslarında, seminar və
konfranslarda maraqlı məruzələrlə
çıxış edir.
1977-ci ildə Akif İmanlı Naxçıvan
DPİ-yə (indiki DPU-ya) müəllim işləməyə
dəvət olunur, bir vaxt tələbə kimi təhsil
aldığı bu ali məktəbdə müəllim kimi fəaliyyətə
başlayır. Lakin fəaliyyətini müəllimliklə
bitmiş hesab etmir, elmi sahədə
axtarışlarını davam etdirir, Azərbaycan Elmi-Tədqiqat
Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri
İnstitutunun) aspirantı olur, respublikamızda
tanınmış dilçi alim, pedaqoji elmlər doktoru,
professor Əziz Əfəndiyevin rəhbərliyi altında
"Azərbaycan dili sintaksisinin ibtidai kursunun öyrənilməsində
sintaktik bacarıq və vərdişlərin
formalaşdırılması" mövzusunda dissertasiya
işi üzərində çalışır. Bu illər ərzində
o, elmi məqalələri ilə Naxçıvan DU-nun "Xəbərlər"ində,
"Azərbaycan məktəbi" jurnalında, onun əlavələri
olan "Azərbaycan dili və ədəbiyyatı",
"İbtidai məktəb və məktəbəqədər
tərbiyə" jurnallarında çıxış edir.
1988-ci ilin may ayında uzun illərin və yorulmaz fəaliyyətin
bəhrəsi olan elmi işini uğurla müdafiə edərək
pedaqoji elmlər namizədi alimlik dərəcəsi alır.
Naxçıvan Müəllimlər İnstitutu fəaliyyətə
başlayandan Naxçıvan Dövlət Universitetində fənlərin
tədrisi metodikası kafedrasının dosenti Akif
İmanlı taleyini bu ali təhsil ocağına
bağlayıb, əvvəlcə tərbiyə işiəri
üzrə prorektor işləyib, 2003-cü ildən isə tədris
işləri üzrə prorektor vəzifəsində
çalışıb. Bu illər ərzində "Yeni
proqramla Azərbaycan dilindən sintaktik təhlil metodikasına
verilən başlıca tələblər",
"Şagirdlərdə söz birləşmələrinə
dair bilik, bacarıq və vərdişlərin
formalaşdırılması yolları", R.Hüseynovla
birlikdə "İbtidai siniflər üzrə direktor və
sinif rəhbəri", "Sintaksisdən başlanğıc
kursda sintaktik təhlil" kimi kitab, monoqrafiya və elmi məqalələri
nəşr olunub. Son dövrlərdə əsasən Şərur-Sədərək
və Kəngərli rayonları üzrə yer
adlarının tədqiqi ilə məşğul olan alimin bu
sahə üzrə bir neçə kitabı işıq
üzü görüb. Şərur rayonunun ərazisindəki
Arazboyu yaşayış məskənlərinin
adlarının mənşəyini araşdırıb və
"Şərurun Arazboyu oykonimləri" kitabını nəşr
etdirib. "Şərur düzünün toponimləri"
kitabında Şərur düzünə daxil olan
yaşayış məskənlərinin adlarının
etimologiyası, leksik-semantik xüsusiyyətləri, yaranma
yolları araşdırılıb.
A.İmanlının "Şərur və
İğdır bölgələrinin yer adları"
kitabında isə Şərur rayonunun dağlıq, dağətəyi,
Kəngərli, Sədərək ərazilərinin, habelə
Türkiyə Cümhuriyyətinin İğdır ilçəsinə
daxil olan yer adlarının leksik-semantik xüsusiyyətləri,
onların yaranma yolları, digər əlamətləri əksini
tapıb. Onun "Tarixin izləri: yer adları", "Qədim
türk yurdunun oykonimləri", "İdrakın bədii dərki",
"Şəhidlər yurdunun kənd adları" kimi
kitablar oxucular, eləcə də ali təhsil
ocaqlarının tələbələri, bu sahədə elmi
tədqiqatla məşğul olanlar üçün əhəmiyyətli
mənbədir və bu mənbələrdən daimi istifadə
olunur.
Filologiya elmləri doktoru, professor Akif İmanlı
2021-ci ilin mart ayından Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində
baş elmi işçi vəzifəsində
çalışır. O, elmi sahədə də əzmkarlıq
göstərir. İnstitutun "Poetika.izm", "Filologiya və
sənətşünaslıq", "Azərbaycan ədəbiyyatşünaslığı"
kimi elmi jurnallarında apardığı tədqiqatların məhsulu
olan yazıları dərc olunub.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Elmi Şurasının 04 oktyabr 2022-ci il tarixli
iclasının qərarı ilə (protokol № 6) çapa
tövsiyə olunan "Bədii ədəbiyyatda surət-şəxs
və məkan adlarının semantikası, üslubi mahiyyəti
(Ə.Haqverdiyevin nəsr nümunəsindən)" kitabı
nəşr olunub, ən yaxşı tədqiqat əsəri
kimi qiymətləndirilib.
Ömrünün müdrik çağında da Azərbaycan
Yazıçılar Birliyinin üzvü kimi bədii ədəbiyyatda
da fəaliyyətini davam etdirir, 2021-ci ildə "Necəsən
qərənfil" adlı hekayələr kitabını
oxucularına təqdim edib.
Tanınmış dilçi-alim bu gün də
dilimizin saflığı üçün var qüvvəsi ilə
çalışır. O, Azərbaycan Respublikası Milli Məclisində
fəaliyyət göstərən "Toponimika"
komissiyasının üzvüdür. Bu sahədə öz
fikir və məsləhətlərini müntəzəm şəkildə
bildirir.
Akif İmanlı bütün sahələrdə
olduğu kimi, dostluqda da etibarlıdır. Onun haqqında deyilən
ürək sözlərindən bir neçəsinə diqqət
yetirmək kifayətdir ki, bu barədə dolğun təəssürat
yaransın:
İsa HƏBİBBƏYLİ - akademik, AMEA-nın
prezidenti:
- 60 ilə yaxındır ki, Akif İmanlı ilə
dostluq edirəm. Mən professor Akif İmanlını
etibarlı dost, əsl pedaqoq, dilçi-alim, Mirzə Cəlil
ruhlu yazıçı kimi tanıyıram. O, mənə həmişə
əziz və doğmadır. Akif İmanlının əməyi
dəfələrlə qiymətləndirilib. Ona Azərbaycan
Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil
işçisi" döş nişanı təqdim edilib.
Ən yaxşı qiymət isə Naxçıvan Muxtar Respublikasının
Əməkdar müəllimi fəxri adıdır.
Yaxşı işinə, səmərəli fəaliyyətinə
görə AMEA-nın Fəxri Fərmanı ilə də təltif
olunubdur.
İsmayıl HACIYEV - akademik, AMEA-nın
Naxçıvan bölməsinin sədri:
- Akif İmanlı ilə uzun illər eyni ali məktəbdə
müəllim işlədiyim kimi, eyni binada da qonşu
yaşamışıq. Onda olan sadəlik qəlbimdə həmişə
qürur hissi doğurubdur. Şəxsi dərdimi-sərimi,
arzu və istəklərimi həmişə Akif müəllimlə
birgə bölüşmüşəm, elmi mübahisələrimiz
də az olmayıbdır.
Sadıq VƏLİYEV - Naxçıvan Müəllimlər
İnstitutunun sabiq rektoru, fizika-riyaziyyat elmləri doktoru:
- Akif İmanlı prorektor kimi üzərinə
düşən hər bir vəzifənin öhdəsindən
layiqincə gəlir. Mən inanmıram ki, Akif müəllimdən
hansısa tələbə, yaxud müəllim gileyli ola. Həmişə,
hər işdə hamıya köməklik etmək istəyir
və edir də.
Professor Akif İmanlı dağ havasıyla pərvazlanmış
ömrünün 75-ci anına qovuşur. Bu əlamətdar
hadisə münasibətilə dəyərli alim, pedaqoq, ədəbiyyatşünas,
dilçi, yazıçı, Əməkdar müəllim,
respublikanın qabaqcıl təhsil işçisi, gözəl
ata, mehriban baba və mənim ali məktəb müəllimim
olan Akif İmanlını həm öz adımdan, həm də
o uzaq dağ kəndinin sakinləri adından məhəbbətlə
salamlayır, səmimiyyətlə təbrik edirəm.
İbrahim YUSİFOĞLU
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşı
525-ci qəzet .- 2023.- 16 dekabr, №229.- S.20.