"Övladlarımızın bizim yolumuzu davam etdirmələrini istəmədik"

ƏDALƏT ƏBDÜLSƏMƏDOV: "SƏNƏTƏ YENİ GƏLƏN AKTYORLAR GƏLƏCƏKLƏRİ NAMİNƏ QARŞILARINA ÇIXAN BÜTÜN FÜRSƏTLƏRDƏN İSTİFADƏ ETMƏLİDİRLƏR"

 

Teatr fədakarlıq tələb edən sənətdir. Qayğıların fonunda bütün varlığınla sənətə bağlanıb uğur qazanmaq heç də hamıya qismət olmur. Necə deyərlər, bunun üçün əzm, iradə və ən əsası istedad lazımdır. Həyatını teatra bağlayan simalardan biri də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Ədalət Əbdülsəmədovdur.

- Ədalət Əbdülsəmədova ən çox uğur gətirən rol hansı olub?

- Fəliyyətə hələ 10 yaşındaykən Azərbaycan Xalq Teatrında başlamışam. Məktəb illərində bir çox obrazları mənə həvalə edirdilər. Xalq Teatrında Süleyman Rüstəmin "Qaçaq Nəbi" əsərindəki Surxay rolunu oynayırdım. Orta məktəbi bitirəndə qərara gəldim ki, İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsində təhsil  alım. 3-cü  kursdan artıq yeni yaranan Dövlət Gənclər Teatrına dəvət aldım və orda oynadığım ilk obrazlardan biri də Nəcəf bəy Vəzirovun "Dələduz" komediyasindakı Məcid rolu idi. Bununla da, teatr kollektivi məni qəbul elədi. Həmin illərdə AzTV-də Valentin Rasputinin "Halallıq" televiziya tamaşasında böyük qardaş rolunu oynamışdım. Həmin tamaşadan sonra artıq tanınmağa başladım. Ondan qabaq bir çox teatr tamaşalarında oynasam da, aktyorun tanınmasında televiziyanın daha böyük rolu olduğunu anladım. 2013-cü ildə "Qayınana" serialındakı İntiqam rolundan sonra isə daha çox uğur qazanmağa başladım.

- Teatrda səhnəyə çıxdığınız ilk günü necə xatırlayırsınız?

- Bayaq dediyim kimi, ilk dəfə lap kiçik yaşlarımdan Səməd Vurğun adına Xalq Teatrında rol oynadım. Filmə isə ilk dəfə 9-cu sinifdə oxuyanda çəkilmişəm. Yaxşı yadımdadır, Arif Babayevin "Birisi gün gecəyarısı" adlı ekran əsərində kütləvi səhnədə yer almışdım. Ondan sonrakı ildə "Əzablı yollar"  filminin çəkilişləri baş tutdu. Orda idmançı dəstənin üzvlərdən biri idim, çox sevinirdim. Hər gün 7 manat pul qazanırdım. Sonradan serial çəkilişlərim olduğu ərəfələrdə məni bir günlük kiçik bir rola dəvət elədilər. Çəkiliş Şamaxıda idi. Bir günlük çəkiliş üçün o boyda yol getməyi düşünmürdüm, lakin son anda qərarımı dəyişdim. Həmin serial efirə gedən kimi prodüsserlər məni axtarmağa, filmlərə dəvət etməyə başladılar. Həmin serialdakı bir günlük çəkiliş mənə böyük uğur gətirdi.

- Teatrda və ya serialda imtina etdiyiniz obraz olubmu?

- Teatrda hansısa obrazlardan imtina etdiyim ağlıma gəlmir. Kiçik rol olsa belə, ona rəng qatıb maraqlı nələrsə etməyə çalışmışam. Seriala isə yanaşmam fərqlidir. Elə olub ki, rejissorun işi xoşuma gəlməyib və ya digər quruluş işləri məni qane etməyib, belə hallarda imtina etdiklərim olub.

- Həyat yoldaşınız da aktrisadır. Övladlarınızdan yolunuzu davam etmək istəyən oldumu?

- Həyat yoldaşım Zemfira Əbdülsəmədova ilə Gənclər Teatrında tanış olduq. Sonra səhnə yoldaşlığı artıq bizim şəxsi yoldaşlığımıza çevrildi. İki övladımız var. 1998-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan film kino studiyasına çəkilişə dəvət aldıq. Oğlum körpə idi, o da filmə çəkildi. Sonrakı dövrlərdə oğlum Tural bir neçə filmdə səsyazmada iştirak elədi. Həmçinin qızım 4-cü sinifdə oxuyanda filmə çəkildi. Ardınca "Ayaqqabı əməliyyatı" filmində də rol aldı. Lakin yuxusuz gecələr, stress, yorğunluq, sadalamaqla bitməyən belə hallara görə istəmədik övladlarımız bu yolu davam eləsinlər.

- Ədalət müəllim, hazırda ölkəmizdəki teatr mühitindən razısınızmı?

- Son illər ərzində bir çox teatrların maddi-texniki bazası yeniləndi. Teatr elə bir sahədir ki, burada həmişə yaradıcı proses gedir. Bəzən çətinliklər olsa da, gələcəkdə daha  uğurlu olması üçün can atırlar. Ümumillikdə götürsək, bəli, hazırkı teatr mühitindən razıyam.

- Bu sahədə yeni fəaliyyət göstərməyə başlayan gənclərə tövsiyəniz nədir?

- 1983-cü ilin sentyabrında əmək kitabçam açılıb. Mənə elə gəlir ki, bu barədə tövsiyə verməyə haqqım çatır. Gənclərə tövsiyəm odur ki, daha çox oxusunlar, daha çox öz üzərlərində çalışsınlar. Öz üzərlərində aktyor kimi işləməklə bərabər, plastika, musiqi və digər bacarıqlarını kəşf eləsinlər. Bizim dövrümüzdə bu sənəti öyrənmək asan deyildi. Çünki kitablar az idi. Amma indi hər şey internet üzərində qurulub və bütün məlumatlar əlimizin altınadır. Sənətə yeni gələn aktyorlar gələcəkləri naminə qarşılarına çıxan bütün fürsətlərdən istifadə etməlidirlər.

 

Havar ŞƏFİYEVA

525-ci qəzet .- 2023.- 16 dekabr, №229.- S.19.