"Atamın mənə bir vəsiyyəti
var: sınma, əyilmə..."
TANINMIŞ VƏKİLİN HÜQUQŞÜNAS
OĞLU İLƏ SÖHBƏT
İnsanları anım günündə
xatırlamağın mütləq olduğunu bilsək də,
həmin günün ovqatı da, ab-havası da
özümüz kimi kövrək olur. Hansı tərəfə
boylansaq da, ətrafımızda yalnız xatirələri
görürük. Və bir də dilimizdən düşməyən
"kaş ki..." kəlməsi...
Onu həm yaxından, həm də uzaqdan
tanıyıram. Eyni məktəbin məzunu, sinif
yoldaşımın qardaşı qədər yaxın və ədaləti,
haqqı heç zaman nahaqın ayağına verməyən fəaliyyətilə
bütün ictimaiyyətin, böyük bir kütlənin
tanıdığı qədər uzaq. Kaş ki bu gün
aramızda olaydı və söhbətimizi də elə
özü ilə edərdik. Kaş ki... Əslən
Qarabağ bölgəsindən idi və Qarabağı azad
görməyə haqqı olanlardan biri də o idi. Ziyalı bir ailənin ilk
övladı olub. Atası Rasim Quliyev İkinci Dünya
müharibəsinin iştirakçısı kimi qələbədən
sonra Ağdamda fəaliyyətə başlayıb. Anası
Kübra xanımın kökü Şuşa bəylərinə
bağlı idi. Elə özü də Ağdamda dünyaya
göz açıb, məktəbin birinci sinfinə də
orada gedib. Sonra taleyin gərdişilə ailə Bakıya
köçüb və dövrün ən mükəmməl
təhsil ocağı olan 190 saylı məktəbi bitirib. Təhsilini
davam etdirmək üçün indiki Bakı Dövlət
Universitetinin hüquq fakültəsinə üz tutub. Bu, həvəsmi
olub, ya həmin fakültənin o zamanlar prestijli
olmasımı, bilmirəm. Lakin sonunda savadlı
hüquqşünas kimi sənətinin peşəkarına çevrilib.
Xeyli müddət daxili işlər orqanlarında
çalışıb. Müstəntiqlikdən idarə rəisinin
müavini vəzifəsinədək yüksələ bilib.
Ən böyük istəyi elmi işlə məşğul
olmaq olsa da, 30-dan artıq yazdığı istefa ərizəsini
rəhbərlik qəbul etməyib. Buna yalnız SSRİ-nin
süqutundan sonra nail olub. 90-cı illərin əvvəlindən
vəkillik karyerasını qurmağa başlayıb və bir
neçə ildən sonra Vəkillər Kollegiyasının
üzvü olub. Ölkədə bir çox səs-küylü
məhkəmə proseslərində vəkil kimi iştirak
edib. Və həmişə cəsarətlə, çəkinmədən
sözünü deməyi bacarıb. Bu gün isə onun
anım günüdür. 59 yaşında bu dünyadan
köç edən vəkil Elton Quliyevin. Və bu gün mərhum
vəkilin hüquqşünas oğlu Rasim Quliyevlə birlikdə
onu anmağa qərar verdik.
- Ya ata yolunun davamıdır, ya da öz seçiminiz.
Bunu özünüz daha yaxşı bilirsiz...
- Ata yolunun davamı deməzdim, çünki
kiçik yaşlarından bu istəyim olub. Hamı bilir ki,
atam Daxili İşlər Nazirliyində
çalışıb və mən müstəntiq ailəsində
böyümüşəm. Arzum da elə müstəntiq olmaq
idi. Lakin sonralar bu fikrimdən daşındım,
hüquqşünas olmaq qərarına gəldim. Atam
seçimi öz ixtiyarıma buraxmışdı. Deyirdi ki,
istəyirsən biznesmen ol, istəyirsən bənna. Amma
yaxşısından ol. Yaxşısından olmağa
çalışmışam, amma nə dərəcədə
bunu bacarmışam, onu bilmirəm.
- Tanış olaq sizinlə...
- Bakıda anadan olmuşam. Atam kimi 190 saylı məktəbi
bitirmişəm. Yenə də onun kimi BDU-nun hüquq
fakültəsində ali təhsil almışam. Bəzi
işlərdə çalışmışam, lakin son 20 ildə
hüquqi fəaliyyətlə məşğulam. Məhkəmələrdə
nümayəndə kimi çıxış etmişəm,
bir neçə şirkətdə fəaliyyət göstərmişəm.
Artıq xeyli vaxtdır ki, fərdi sahibkarlıq fəaliyyətilə
məşğulam, bir çox şirkətlərə
hüquqi xidmət göstərirəm.
- Böyüdüyünüz müstəntiq ailəsi...
- Hər kəs kimi mənim üçün də
valideynlərim müqəddəsdir. Mən və bacım
müstəqil və ədalətli bir ailədə
böyümüşük. Məcburiyyət kimi bir təzyiq
görməmişik. Düzdür, oxumaqla, təhsillə
bağlı tövsiyələri həmişə
eşitmişik. Mənim üçün dost seçimində
bir sərhəd olmayıb. Atam mənə həmişə
güvənib, hər hansısa bir məsələdə
fikrimizi soruşub, istəyimizlə maraqlanıb. Təbii ki,
müəyyən yaş həddinə qədər hansısa
qadağalar da olub, lakin mən bunu nəzarət hesab edirəm.
Çünki bu, vacibdir. Anam jurnalistika fakültəsini bitirib,
bir müddət 190 saylı məktəbdə dil-ədəbiyyat
müəlliməsi kimi çalışıb. Ailə vəziyyətilə
əlaqədar işdən ayrılıb və
ömrünü bizlərə həsr edib.
- Müstəntiq olmaq istəyən bir yeniyetmə
sonra bu fikrindən daşındı...
- Təbiətimdə əmrə tabe olmaq xüsusiyyəti
olmadığından düşündüm ki, bu, məndə
alınmayacaq. Müstəqillik hər şeydən
yaxşıdır.
- Və vəkil olmağı seçdiniz...
- Vəkil deyiləm. Vaxtilə nümayəndə olmuşam məhkəmələrdə.
Ətrafımda hamı vəkilliyə getməyi məsləhət
görür. Lakin hazırkı iş rejimindən
asılı olaraq hələ bu səmtə yönələ
bilmirəm. Çünki bunun üçün ciddi
hazırlaşmaq lazımdır. Mənim nümayəndə
olduğum vaxtdan sonra qanunvericilikdə xeyli dəyişikliklər
olub və artıq o sferadan uzaqlaşdığım
üçün bildiklərini təkrarlamaq, yeniləri
öyrənmək lazımdır. Vaxt baxımından hələ
ki, bunu çatdıra bilmirəm. Bununla belə, vəkillik
istiqamətində hərəkət etməyə
çalışıram.
- Vəkil bir müdafiəçidir...
- Bəli, vəkil hüquq müdafiəçisidir, ədalətin
keşiyində duranlardan biridir. Hakim, prokuror, müstəntiq
kimi. Vəkilin işi müdafiə etməkdir.
Qarşıdakı günahkardır və ya deyil, bunun fərqi
yoxdur. Vəkil ədalətin bərqərar olması
uğrunda çalışan bir insandır.
- Amma buna həmişə nail olmaq da olmur...
- Belə deyək, məhkəmə, prokurorluq,
müstəntiq öz işini ədalət baxımından
düzgün görərsə, ümumilikdə vəkilə
heç ehtiyac da qalmaz. Lakin əfsuslar olsun ki, müəyyən
hallar baş verir. Bir dəfə atamdan soruşdum ki, ədalət
nədir? Dedi ki, ədalət düzgünlükdür. Məhkəmədə
narazı tərəf həmişə var, olub, olacaq da. Lakin məhkəmənin
çıxardığı qərar qanuna və
düzgünlüyə söykənəndə vəkil belə,
heç nə edə bilmir.
- O da var ki, ədliyyənin simvolu olan ədalət tərəzisində
haqsızlıq ağır da gələ bilir...
- İnkar etmirəm... Lakin hazırda vəziyyət əvvəlki
kimi deyil. Hər insan öz işinə fərdi yanaşanda,
hamı düşünür ki, bu adam haqlıdır. Nəticə
isə bunun belə olmadığını göstərir. Bu
baxımdan da məhkəmədə bir neçə instansiya
mövcuddur və narazı tərəfin sona qədər getmək
şansı və haqqı var. Həmin narazı şəxs əvvəl
Apellyasiya, sonra Ali, daha sonra Konstitusiya məhkəmələrinə
üz tutur. Nəticə əldə etməyəndə ədaləti Avropa məhkəməsində
axtarır. Kimi axtardığını tapır, kimi də
tapmır. Yəni haqlı qərar qüvvəsində
qalır, haqsız olanda buna münasibət bildirilir və
onunla bağlı bir nəticə olur.
- Yəni Avropa Məhkəməsinin qərarı
keçərli kimi qəbul olunur...
- Onların qərarları məcburi deyil, tövsiyəvi
xarakter daşıyır. Biz də Avropa Şurasının
üzvü olduğumuza görə həmin tövsiyələrə
riayət edirik. Çünki orada məsələyə
şikayətçi tərəfin narazılığı
dövlətə qarşı prizmasından baxılır. Ona
görə ki, məhkəmə qərarı hər
hansısa bir dövlətin adından
çıxarılır. Avropa Məhkəməsi də
öz növbəsində qərarında göstərir ki,
şikayətdə Avropa konvensiyasının müəyyən
maddələrinin pozulması halları var və onların
aradan qaldırılması tövsiyə olunur.
- Elton Quliyevdən öyrənə bildikləriniz...
- Atamın mənə bir vəsiyyəti var: sınma,
əyilmə. Və bu iki kəlmə hüquqi fəaliyyətimin
prinsipidir deyə bilərəm. Onun işi həddindən
artıq çox olurdu və hər dəfə ona
yanaşıb fikrindən yayındırmamağa
çalışmışam. Hətta mənə deyirdilər
ki, yanında o boyda insan var, sənsə elə oxuyub öyrənirsən.
Amma atamdan öyrəndiyim hallar da olub, çünki
insanın yanında bir peşəkar varsa, ondan nələrisə
mütləq soruşur. Mən də mütəmadi olaraq hər
hansısa bir işlə bağlı zəng vurub
suallarımı verirdim. Bu, ardıcıl davam edirdi. Bir dəfə
atamın məsləhətilə getdim və səhv nəticə
əldə etdim. Ona zəng vuranda dedi ki, a bala, mən bəyəm
hər şeyi bilməliyəm? Hüquqşünassan, get
özün araşdır, maraqlan və tap. Anladım ki, atam qəsdən
məni səhv yola yönləndirib ki, məndə öz
işimi görməyə vərdiş yaransın. Fəaliyyətə
yeni başlayanda yazdığım şikayət ərizələrini
həmişə atama göndərərdim. O da vaxt tapıb
onları nəzərdən keçirər, düzəlişləri
edərdi. Bir dəfə də məni yanına
çağırıb dedi ki, bu nədir yazmısan? Heç
yazdığını özün oxumusan? Tərəddüdlə
soruşdum ki, nə yazmışam? Atam mənə dedi ki,
yazdığının əvvəli ilə axırı
bilinmir. Şikayəti elə yazmalısan ki, orada
ardıcıllıq olsun və onu oxuyan hakim həmin məsələni
təzədən gedib işin içərisində
axtarmasın. Bu, mənə böyük bir dərs oldu və
bu günə qədər atamın həmin tövsiyəsi ilə
çalışıram.
...Mən də mütəmadi olaraq hər hansısa
bir işlə bağlı zəng vurub suallarımı
verirdim. Bu, ardıcıl davam edirdi. Bir dəfə atamın məsləhətilə
getdim və səhv nəticə əldə etdim. Ona zəng
vuranda dedi ki, a bala, mən bəyəm hər şeyi bilməliyəm?
Hüquqşünassan, get özün araşdır, maraqlan və
tap. Anladım ki, atam qəsdən məni səhv yola yönləndirib
ki, məndə öz işimi görməyə vərdiş
yaransın.
- Bayaq dediz ki, nümayəndə olan vaxtlarda udan
vaxtınız da olub, uduzan da. Uduzmaq hissindən
danışaq...
- Yaxın bir vəkil dostum var. Bu yaxınlarda ona bir
qardaş kimi iradımı bildirdim. Dedim ki, sən
bütün işləri öz şəxsi işin kimi qəbul
edirsən. Bu, əslində düzgün deyil.
Hüquqşünasın işi fəaliyyətini hüquqi
müstəvidə düzgün aparmaqdan irəli gəlir, yəni
çalışmalıdır ki, hər hansısa bir səhvə
yol verməsin. Çünki sənin səhvin bir insanın
aqibəti deməkdir. Şikayət düz yazılmazsa,
hüquqi müstəvidə hansısa bir sübuta
düzgün qiymət verilməzsə, müdafiə etdiyin
şəxsin aqibəti pis ola bilər, yəni ya məhkumluq,
ya cərimə cəzası kəsilə bilər ona.
Uduzmağı emosional qəbul etmək lazım deyil.
Düzdür, qalib gəlmək lazım olan yerdə
uduzursansa, bu, təsirlidir. Vəkil işi götürəndə
onun perspektivini əvvəlcədən görməlidir. Vəkil
heç zaman əminliklə işi udacağına söz
verib qarşısındakına vəd verməməlidir,
çünki qərarı çıxaran sən deyilsən.
Pul naminə belə olsa, vəkil əlindən gələn hər
şeyi müdafiəçisi üçün etməlidir.
Lakin istənilən halda son sözü məhkəmə
deyir.
- DİN-də peşəkar müstəntiq olan Elton
Quliyevi yəqin ki, sizə vəsiyyət etdiyi "Sınma, əyimə"
prinsipi oradan uzaqlaşdırdı...
- Yox, atam çox savadlı və ədalətli
müstəntiq olub. Onun həmin orqandan ayrılmaq istəməyinin
əsas səbəbi elmi işlə məşğul olmaq
arzusu idi, çünki həmin strukturda buna icazə verilmirdi
və orada çalışdığı müddətdə
işdən ayrılmaq üçün yazdığı ərizələr
həmişə rədd edilib. O ki qaldı "Sınma, əyilmə"
prinsipinə, bu, deyərdim ki, bizdə genetik xarakterdir.
Adını daşıdığım babam da, atam da, əmim
də, davamı olaraq mən də bu əqidədə
olmuşuq və qalmışıq. Bu vəsiyyəti atam cərrahiyyə
əməliyyatına gedəndə etmişdi. Xəstəliyi
ciddi idi və məndən başqa nə ailədə, nə
də qohumlarda əməliyyata getdiyini bilən vardı. Onun
bu vəsiyyəti ona işarə idi ki, nə vaxtsa arxanda
olmaya bilərəm. Həmin çətin əməliyyata
atam dayısı oğlu ilə getdi. O da yalnız ona görə
ki, birdən əməliyyatdan çıxmazsa, nəşini
Bakıya gətirən biri olsun...
- Qarabağlısınız...
- Bəli... Ağdamda da olmuşam, Şuşada da. Son
dəfə yeddi yaşım vardı oralara gedəndə.
Kiçik olsam da, xatirimdə qalan nələrsə var.
Ağdamda Çay evi yadımdadır. Biz ora gedəndə
atamın əmisi oğlugildə qalardıq. Ruslan əminin
evinin həyəti, küçələri yadımdadır.
Şuşada atamın dayısıgil yaşıyırdı.
Ora gedəndə də onlarda qalardıq. Cıdır
düzünü xatırlayıram, avtovağzaldan yuxarı
qalxarkən yolun hər iki tərəfindəki evləri
unutmamışam. Amma hələ gedə bilməmişəm
oralara. Əslində Rövşən əmimlə getmək
istəyimiz var, lakin yurdumuzu viran halda görmək çox
çətindir
- Böyük bir həsrətlə
danışdınız oralardan. Gəlin sevginizin adını
qoyaq - bir qarabağlının Qarabağa olan sevgisi, yoxsa Vətənin
bir parçasına olan məhəbbəti...
- Birmənalı şəkildə hər ikisi,
çünki hər ikisi də mənimdir. Sadəcə
qarabağlı olmaq bu sevgiyə daha da üstünlük
verir. Orada doğulmasam da, böyüməsəm də,
yaşamasam da, köküm Qarabağa bağlıdır, yəni
baba yurdumdur.
- Oğullarımız qanı, canı bahasına o
yurdu bizə qaytardılar...
- 30 il bizə göstərdi ki, sülh hər şeyi
həll etmir və biz dünyaya öz gücümüzü
göstərməli idik. Bu, qaçılmaz bir fakt idi. Atama
bir müsahibədə sual vermişdilər ki, siz ağdamlısız.
Atam cavab vermişdi ki, Ağdam var, yenə də bizə
qayıdacaq. Əsas o insanlardakı əzmi və gücü
qaytarmaq lazımdır. O əzm də, güc də
qayıtdı, təəssüf ki, bunu atam görmədi.
- Nədənsə jurnalistlərlə
hüquqşünaslar arasında həmişə bir bənzərlik
görmüşəm. Bizlərə deyəcəyiniz
maraqlıdır...
- Yalnız bircə şey - ədalətli olmaq...
SÖZARDI: Müəyyən həyat təcrübəsi
və yaşı olan müsahibim danışdıqca, o qədər
tanış motivlər duydum ki... Və bir də şəhid
kəlməsini dilinə gətirəndə kövrələrək
bir anlıq susqunluqdan sonra söhbətinə davam edəndə,
Vətən adlı varlığımızın müqəddəsliyini
bir daha dərk etdim.
Tamilla M-zadə
525-ci qəzet .- 2023.- 16 dekabr, №229.- S.18;19.