"Yazılarının əvəzinə qabağa durub özün danışmamalısan,

YAZILARIN SƏN OLMAYANDA SƏNİN ƏVƏZİNƏ DANIŞMALIDIR"

 

Müəlliflər var, özünü, simasını, səsini yazısından əvvəl tanıyırsan. Sonra gedib vərəqləyirsən, müxtəlif fikirlər formalaşır. Müəlliflər var, ibtidai sinif müəllimin qədər sehrlidir, təsəvvür etmirsən ki, o, dükana gedir, toyda olur, televizora baxır... Cümlələrini oxuyursan, müəllifin təhkiyəsini fikrində özündən uydurduğun səslə canlandırırsan, öz səs tembrinə bələd olmursan. Saday Budaqlı da həmin aydın, nihan söz sahiblərindəndir.

Azərbaycan nəsrinin tanınmış nümayəndəsi, sözünün, özünün sanbalını qoruyub saxlayan yazıçı, tərcüməçi Saday Budaqlı ilə həmsöhbət olub səsini eşitmək olduqca xoş idi. Həmin söhbəti oxuculara təqdim edirik.

- Çox vaxt deyirlər, Saday Budaqlı inzivaya çəkildi; "mən" nidası yoxdu deyə populyarlaşmadı, elə onun bu sükutu və "qışqırıqsız" obrazı dəyərli nümunələrin yaranmasına səbəb oldu. Yazıçı təkliyə çəkiləndə böyük əsər yarada bilir, ya bu, şəxsi ovqatdan asılıdır?

- Evdə bəzən ailə ilə, uşaqlarla bağlı nələrsə xatırlanır. Elə anlar, elə hadisələr ki, onları xatırlamamaq mümkün deyil. Ancaq mənim yadıma gəlmir. Bunu etiraf eləməyə də utanmışam. Yazıçı özü ilə başbaşa qalmağı bacarmalıdır. "Səs-küydə" özünü eşitmək olmur. Dediyim odur ki, yazı yarımçıqlığı sevmir: ya özünü tamamilə ona verməlisən, ya da bu işlə məşğul olmamalısan.

Özünü tərifləyə-tərifləyə (həmçinin təriflədə-təriflədə), qışqıra-qışqıra yazıçı, şair kimi tanınanları da görmüşük. Nə bilim, bəlkə, bu da lazımdır. Bu da bir növ reklamdır. Olur ki, haqqında yazırlar. Dostlar deyir, zəng vur, minnətdarlıq elə. Bəzən naşirin özü eşitdirir ki, haqqında bu qədər məqalə verdim, zəng vurub, "sağ ol" demədi. İstəmişəm, zəng vuram, ancaq nədənsə bacarmamışam. Bu prosesin özü    mənə naqolay gəlib. Fikirləşmişəm ki, mən öz işimi görürəm, o da öz işini görüb, daha buna görə niyə minnətdarlıq eləməliyəm. Ancaq bunu başqa yerə yozanlar da olur.

- Çox dərin mətləbləri, alt qatı olan mövzuları çox adi, bəzəksiz-düzəksiz sadə əhvalat kimi nəql edə bilirsiz, əhvalatdan çıxarıb hekayə hadisəsinə çevirə bilirsiz. Bunun xüsusi düsturu varmı? Ümumiyyətlə, mütaliə və fəhm məsələsində nasir daha çox nədə qazanır?

- Orta məktəbi qurtarıb Politexnik institutuna girmişdim. Axşam instituta gedirdim, gündüz işə. Üçüncü kursda yazmaq xəstəliyinə tutulmuşdum. Ərizə yazıb institutdan bir il möhlət götürdüm. Dostlarla kirayədə qalırdıq. Onlarla vaxtım üst-üstə düşməsin deyə, ikinci növbə zavoda işə gedib, axşam saat on birdə qayıdırdım. Sonra bütün gecəni yazıb oxuyurdum. Günorta saat birə kimi də yatıb, yenə ikinci növbə işə gedirdim. Beş-altı ay belə işlədim. Elə oldu, aşağı əyiləndə başım fırlanırdı. İndi də xatırlamıram, o gecələrdə nə yazmışam. Çünki o gecələrdə  çapa layiq, demək olar, bir hekayə belə ortaya qoymamışam. Ancaq o gecələr boş keçməyib, mən sözü hiss eləmişəm, sözlə davranmağı öyrənmişəm. Mütaliə sənə necə yazmağı və necə yazmamağı öyrədir. Xoşladığın cümləni söküb yığırsan, onun nə üçün xoşuna gəldiyini, ürəyini nə üçün titrətdiyini öyrənməyə çalışırsan. 

- Zamanla üz-üzə dayanmamaq üçün kitabı vasitə görən Saday Budaqlının fikrincə, bu gün kitaba marağın qat-qat azalması zamanın artan sürətindən asılıdırmı, ya elə dəyişən düşüncə, maraq dairəsidir?

- Kitab həyatdan qaçmaq üçün yox, həyatı maraqlı yaşamaq üçündür. Hamımız bir ömür yaşayırıq. Bu ömrü yaşaya-yaşaya, eyni vaxtda Don Kixot, Martin İden, Anna Karenina, Raskolnikov, Hamlet ola bilmərik, onların keçirdiyi hissləri yaşayammarıq. Təbii ki, zəmanə dəyişib, internet dövrüdür. İndi cavanlar "başlarını yormaq" istəmirlər. Söhbət çoxluqdan gedir. Hərdən uşaqlıq oyunlarımızın da yoxa çıxdığına heyifsilənirəm. Bütün günü çöldən yığılmırdıq: "aşıq-aşıq", çilik-ağac", "eşşəkbeli", "beşdaş"... Daha futbolu-zadı demirəm. Ən azından, təmiz havada olurduq. Mütaliə həm də firavan həyatın göstəricisidir. Yəqin, nə vaxtsa kitaba maraq artar. Ancaq yazıçı olmaq istəyən üçün mütaliə vacibdir.

- Yer eyni fırlandığı kimi hər gün eyni işləri görməkdən, həyat tərzinizdən usandığınız, yazıçı depressiyası yaşadığınız anlar tez-tez olubmu? Belə olanda özünüzü vəziyyətdən necə çıxarmağı bacarırsınız?

- Biz yazı-pozu əhlinin bir üstünlüyü ondadır ki, dünyadan bezəndə sığınmağa yeri var. Ancaq bəzən söz də dad-tamını itirir. Görürsən, səni çəkmir, ürəyini titrətmir. Onda yenə sevdiyin müəlliflərə üz tutursan. Ən yaxşı kitab - dönə-dönə qayıda bildiyindir.

- Nə vaxtsa baş götürüb uzaqlara, ün yetməyən yerlərə getmək arzunuz olubmu, təbirinizcə desək, ilğımabənzər ümid sizi də ağuşuna alıbmı?

- Mən boş xülyalarla yaşamamışam. Necə deyərlər, həyatdan umacağım az olub. Yeganə arzum yazmaqdır. Yazmaq üçün də şəraitimin olmasını arzulamışam. O da çox vaxt məndən qaçaq düşüb. Bunu özümü təmizə çıxarmaqdan ötrü demirəm.- Olubmu ki, nəyəsə gecikmisiz, sonra bu gecikməyin peşmanlığı izinizi buraxmayıb, yəni vaxtı keçmiş biletləri udmusuz, amma bilmisiz ki, bu vaxtı keçmiş biletlərdən gələn uduşa heç nə vermirlər?

- Peşmançılıq ağır sözdür. Mən hər gün ağıllandığımı hiss eləyirəm, çünki dünəni fikirləşəndə, görürəm, çox axmaq olmuşam. Buna itirilmiş fürsətlərin peşmançılığı deyirlər. Bir də var elədiyin səhvlərin peşmançılığı. Nə qədər dürüst yaşamağa çalışsan da, bilərəkdən-bilməyərəkdən səhvlər eləyirsən. Bunlar sonra adamı ağrıdır. Özü də çox ağrıdır. Vaxtı isə, çox heyif ki, geri qaytarmaq olmur. O ağrılar həmişə bizimlə qalacaq.

- Qorkidəki ədəbi mühitdən, sonrakı qaynar illərdən ötrü darıxırsınızmı? XXI əsrin bu günündə illər öncəki hansı rüşeymlər, hansı çalarlar əskilib, olsaydı, hər şey daha diri olardı? Yaxud elə şeylər var ki, daha onlardan qurtulmalıyıq, amma hələ də ilişib qalmışıq?

- Qorki adına Ədəbiyyat institutunda oxuduğum illəri ömrümün ən gözəl çağı sayıram. Bunun səbəbkarı Elçinə də həmişə minnətdaram. Özünüz fikirləşin: gündüz işlə, gecə oxu, arada yazmaq üçün zorla vaxt tap. Birdən də gedib düşürsən Qorki institutuna. Zəngin kitabxana, ədəbi mühit. Dörd yanın yazı əhli. Yazmaqdan başqa qayğın yox. Hər şey buna hesablanıb. O günlər yadımdan çıxmaz. Bir şeyi unutdum: onda həm də gənc idik.

- Oxuyursunuz, ya oxuyub bitirmisiniz? Təzə nəsə sizi təəccübləndirə bilirmi?

- Əvvəllər çox oxuyurdum. İndi iş-gücdən elə də vaxt tapmıram. Yəqin, yaş da öz sözünü deyir. Gəncləri rast gəldikcə, tanış imzaları isə hökmən oxuyuram. Sovetlərin dağılması, müharibə, torpaqlarımızın itirilməsi ədəbiyyatı arxa plana atmışdı, hamımızın əli soyumuşdu. İndi yavaş-yavaş ədəbiyyata maraq artır. İstedadlı gənclər var. Təbii ki, yaxşı əsərlər yazılır, yenə də yazılacaq. Bir şey də deyim: bizim qələbəyə çox ehtiyacımız var idi. Qələbə xalqı birləşdirir, onu millət eləyir. Bunun faydasını düşüncəmizdə, əxlaqımızda, mənəviyyatımızda hiss eləyəcəyik.

- Seçdiyiniz yol, yaşadığınız ədəbi tale sizdə nələri aldı? Peşmansınızmı, yoxsa hər şeyə rəğmən, "yaxşı ki, ədəbiyyat..." deyə bilirsiniz?

- Bu haqda çox düşünmüşəm. Əlbəttə, həyatın hər addımda dəyişə bilər, dəyişə də bilərdi. Ancaq yaşamadığın həyatın ürəyincə olub-olmayacağını haradan biləsən? Nə qədər çətinliklər, ağrılar olsa da, başqa bir həyat arzulamamışam. Doğmalarımı, dostlarımı mən bu həyatda tapmışam. Ağrılarımı, duyğularımı yazıya çevirməyə çalışmışam. Buna nə qədər nail olmuşam - onu zaman göstərər. Yazılarının əvəzinə qabağa durub özün danışmamalısan, yazıların sən olmayanda sənin əvəzinə danışmalıdır.

- Saday müəllim, təsəvvür edin müsahibənin bu yerini məhz sizi eşitməli olan və sevən oxucunuz hərarətlə oxuyur, nə sözünüz var ona?

- Son illər bir yuxu mənə çox əzab verirdi. Kitablar görürdüm. Bilirdim ki, içində çox gözəl yazılar var. Təəccüblənirdim ki, necə olub, onları oxumamışam. Heç kim də onları oxumağı mənə məsləhət görməyib. Özümə söz verirdim ki, onları hökmən oxuyacağam. Hətta vərəqləyib bir az oxuyurdum da. Yuxu yadımda az qalır. Oyaq vaxtı rastlaşdığım nəsə onu dumanlı xatırladır. Bu yuxu yadımdan çıxmırdı. Hətta yuxu ilə gerçəyi qarışdırmağa başlamışdım. Fikiləşirdim, görəsən, o, hansı əsərlərdir ki, oxumamışam? Günlərin bir günü anladım: mən yazmadığım yazıları görürəmmiş. Bunu anlayandan sonra o yuxu yoxa çıxdı.

Hər kəsin öz missiyası var. Ona xəyanət etməyin.

 

Nadir YALÇIN

525-ci qəzet .- 2023.- 16 dekabr, №229.- S.17.