Uzağın bir
adı var...
Esse
Adam var, hara getsə rahatlıq, dinclik tapa bilmir.
Əvvəlcə, doğulduğu evi tərk edir, sonra xatirələr
budağının cücərməyə
başladığı kəndi. İstəyir həmin məktəbi,
həmin tozlu küçələri bir də görməsin,
bir də saçını hörüb dərsə gələn
ilk sevdanın evi önündən keçməsin.
Qışda bulaq suyundan bir az gur axan, yazda
körpüsünün üstündən adlayıb keçən
həmin lilli çayın qırağına bir də mart
ayında bənövşə yığmaq üçün
getməsin.
Adam var, illər keçdikcə başa
düşür ki, kənddə danışacağı,
ağlayacağı, onun nazını çəkəcəyi
kəslərin hamısı yovşanlı təpədəki
məzarlıqdadır. Ayaqları ora çəkir. Evindən
çıxar-çıxmaz buz kimi mərmərlərə
sarılmaq üçün qəbiristanlığın yolunu
tutur. Sinif yoldaşları ilə çay içdikləri,
atalarının verdiyi pulun bir çaydanlıq şirin, məzəli
söhbətə çatdığı o günlərin
nişanı kimi quru kəhrizin yanında ilişib
qalmış həmin kafe də indi heç nə ifadə
etmir. Uçub dağılmış köhnə məktəbin
divarlarına yazdıqları film replikaları, mahnı
adları, ləqəblər isə o viranənin tək rəngli
tərəfidir. Ora getmək indi o qədər mənasızdır
ki. Həmin uşaqlıq dostları da başqa-başqa qədərə
boyun əyib yoxa çıxıblar. İstəsə, bircə
mesajlıq məsafədədirlər, amma istəmir. Bax o
küçədə, yüzcə metr aralıda parta
yoldaşının evidir, amma getmək, darvazanı döymək
keçmir içindən. Çünki başa
düşür: artıq kənd hekayəsi öz nöqtəsini
ondan bixəbər qoyub. Qışqırmaq, ağlamaq,
gülmək, saatlarla gəzmək, kəndin
alatoranlığında hürüşən itləri
cırnatmaq, uzaqdakı rəməlikdən qayıdan
çobanlara salam vermək, sürünün içindən
öz qoyunlarını tapmaq istəmir. Qohum-əqrabanın
evinin yolunu tutmağa, illərin turşutduğu kəmturş
çaxırın hərarətində qızışıb
evə bir az yellənə-yellənə qayıtmağa həvəsi
qalmayıb. Kəndin ağsaqqalları kimi dilində
"inşallah, sübhanallah" sözləri
mızıldana-mızıldana ona verilən yekə-yekə
suallara cavab qaytarır. Əllərini cibinə salıb,
başını önə əyib eləcə getmək istəyir.
Arxasında qoyub getdiyi hər şeyə şirin bir xatirənin
masmavi adlarını paylayıb getmək. Oradakı
hamının, hər şeyin, hər yerin yadından
çıxıb eləcə getmək. Gedəcəyi yer onu
xoşbəxt edəcəkmiş...
Adam var, xırdaca kənddən baş
götürüb gəlir nəhəng şəhərə.
İtib-batır qələbəliyin içində. Nə
dost var, nə tanış. Nə ana nəvazişi, nə ata
məsləhəti. Nə məzəli söhbətlər, nə
də qoyub gəldiyi o isti doğmalıq. Heç nə
yoxdur. Hündür binaların yanından qarışqa kimi
ora-bura keçən tanımadığı milyonlarla adam var.
İşıqlı, şəkilli,
çilçıraqlı mağazalar. Səs-küylü
restoranlar, səsi heç vaxt kəsilməyən
maşınlar. Nəfəsi daralır adamın. Metrolar yerin
altından, avtobuslar yerin üstündən içi adam dolu
filan prospektdən filan idarənin qabağına kimi şütüyürlər.
Harasa girir, yoxlanılır, hardansa çıxır,
yenə yoxlanmaq. Onsuz da yad olduğu şəhərdə ona
yaddan da yad münasibət göstərilir. Hər şey təzədən
başlanır. Fikirləşir ki, burda, bu qədər rəngin
içində təzə xəyalları olacaq, təzə
dostlarla o xəyalların dalınca qaçacaq. İllər
keçir meqapolisdə. Adam başa düşür ki, kənddə
ömür lal çay kimi sakit, yavaş, şəhərdə
təzə müştəriləri mindirməyə tələsən
karusel kimi sürətlə keçib gedir. Jetonun bir nəfəslik
vaxtı var, çəkir içinə, burnundan havaya
üfürməmiş deyirlər, düş, axşam oldu,
bundan sonrası bax orada, məsələn, o kafedə səmimiyyətsiz
insanların arasında keçəcək. Həvəs də
qırılır, qanadlar da. Xəyallara aparan yollar idarələrin
dəhlizində daralır, kabinetlərin içində gərəksiz
suallarla kəsişir və adam başa düşür ki,
burada, bu tanımadığı, tanımaq istəmədiyi
şəhərdə dinclik tapa bilməyəcək. O biri
sahilləri görünməyən dənizin sahilində
qışqır-bağır salan qağayılar da, elə
bil, nəyəsə dözüb qalırlar bu dənizin
üstündə. Qağayılar da dənizin uçmaq
arzusudur, bir gün bu arzudan əl çəkəndə o
boz-bəyaz quşlar uçub gedəcəklər başqa
sahillərə. Əzbərlədiyi küçələrdən
hər dəfə keçəndə adam başa
düşür ki, illər ona xəsis davranıb və
ömründən elə bu şəhərin küləkləri
kimi boş-boşuna əsib keçib. Bir az da uzağa getmək
istəyir. Boğulduqca uzağa, lap uzağa. Ayaqları tərgidir
sahillərin mərmər soyuğunda gəzməyi. Əlləri
unudur salamlaşmağı. Gözlərindən qeyb olub gedir
gəncliyin işıltılı arzuları. Və gedir...
Adam var, nəhayət, çatdıqları yerdə
başa düşür ki, onun qədəridir yol. Yenə, nə
vaxtsa, ilk fürsətdəcə, ilk boğulmadaca burdan da
çıxıb gedəcək.
Yenə hər şeyi sıfırdan başlayacaq.
Bundan sonrakı üç-dörd il üçün təzə
dostlar tapmalıdır, təzə evlər, təzə yerlər...
Həyat bir ipin yumağına dönür. Çəkdikcə
gəlir, çəkdikcə gəlir, haradasa düyünlənir,
açılır, bir də təzədən. Yorulub qərib
şəhərin, qərib evinin bir küncündə lap
uşaqlığına, ən birinci nəyi, haranı
xatırlayırsa, oraya qayıdır adam. Eşdikcə
eşir xatirələr bağçasını. Təzə-təzə
bar verən yabanı meyvə ağaclarına fikir də
vermir, iyirmi il əvvəl yarpaqları, ləçəkləri
solub torpağa qarışan qızılgülləri
axtarır. Tapdığı bir qoxu olur, o da tez çəkilib
gedir... Yol görünür. Ya lap əvvələ, ya lap
axıra. Bu diyarın qəribliyinə öyrəşəndə
adama elə gəlir ki, xoşbəxt olmaq üçün bir
az da uzaqlaşmalıdır. Məşhur mahnıda deyildiyi
kimi:
Uzağın bir adı var
Uzağa gedir yollar...
İtirir izlərini
Ardından dalğalar...
Rəvan CAVİD
525-ci qəzet .- 2023.- 16 dekabr, №229.- S.16.