YARIM ƏSR HƏR
BAZAR SİZİNLƏ
Azərbaycan boyu sıra-sıra məktəblər,
universitetlər var. Gələcəkdə, söz yox, o məktəblərin
də, universitetlərin də miqdarı durmadan artacaq. Amma XX
yüzildə Azərbaycanda yaranmış iki məktəb,
iki universitet bütün məktəblərimizin, bütün
universitetlərimizin hamısından həmişə
seçiləcək, həmişə də ən uca mərtəbədə
dayanacaq. Həm də bu iki məktəb, bu iki universitet
yalnız Azərbaycan Respublikasının içərisində
deyil, Azərbaycan Respublikasının hüdudlarından kənarlarda
da onillər boyu məktəb, millətin universiteti olmaq kimi
şərəfli bir vəzifəni ləyaqətlə yerinə
yetirib.
1926-cı il noyabrın 6-da Azərbaycanda daha heç
vaxt kəsilməyəcək radio yayımları
başlandı. O gün ilk dəfə Azərbaycan radiosu
"Danışır Bakı!" dedi. Ancaq o il noyabrın
26-sı Azərbaycan radiosunun doğum günü deyildi - milli
radiomuzun yaranışı daha əvvəl baş vermişdi.
1919-cu ilin noyabrında Parisdə - Eyfel qülləsində
Avropa radiostansiyası yerləşirdi və oradan - Avropa
radiostansiyasından Gəncədəki radiostansiyaya
qoşularaq Cümhuriyyət dönəmindəki ilk Azərbaycan
parlamentinin - Məclis-iməbusanın sədri Əlimərdan
bəy Topçubaşı milli radiomuzun fəaliyyətə
başlaması münasibətilə xalqımızı təbrik
etmişdi. 1926-cı ilin 6 noyabrında isə Azərbaycan
radiosu artıq daimi yayınlarına başladı və o
gündən bu çağacan da fasiləsiz olaraq hər
gün xalqla birlikdədir, ölkənin hər səhəri
1926-cı ilin 6 noyabrından bugünəcən
"Danışır Bakı" sözləri ilə
başlayır.
1956-cı ildə isə Radioya ikinci məktəb
qoşuldu, daha bir ümum-Azərbaycan universiteti fəaliyyətə
başladı: 1956-cı il fevral ayının 14-də Azərbaycan
televiziyası ilk yayımlarını etdi, mavi ekran
qarşısında dayanan Azərbaycan insanı 1926-cı ildən
sonra növbəti dəfə efir möcüzəsi ilə
qarşılaşdı. Lakin bu aralıqda - milli radiomuzun ilk səslənişi
ilə televiziyamızın əvvəlinci görsənişi
arasında 1946-cı ilin aprelində Güney Azərbaycanda - Təbrizdə
də Azərbaycan Milli Radiosu xalqın görüşünə
gəldi, insanları riqqətə gətirən
"Danışır Təbriz!" sədaları ilk dəfə
eşidildi. Radiolandığımız 1926-cı ildən də,
televiziyalandığımız 1956-dan da görün nə
irilikdə vaxt sovuşub. Bu müddət ərzində Azərbaycan
radiosu da, Azərbaycan televiziyası da xalqın xidmətində
durmaq, bu xalq üçün ən geniş auditoriya olmaq, millətin
hamılıqla etiraf edilən müəlliminə çevrilmək
kimi şərəfli vəzifəni yalnız hər gün
deyil, hər saat, hər dəqiqə yerinə yetirməyə
çalışıb.
Və tale elə gətirib ki, mənim də ömrüm
onillər öncə Azərbaycan radio-televiziyası ilə
bağlanıb. Yol 1974-cü ildə Azərbaycan radiosundan
başlanıb. O çağlar mən universitet tələbəsi
idim, XI əsrdə yaşamış təsəvvüf
şairi və filosof Baba Tahir Üryanı
araşdırmağa başlamış, şeirlərini də
farscadan ana dilimizə tərcümə eləmişdim və
bu zərif dübeytilərin bir dəstəsini 1974-cü ilin
aprelində "Azərbaycan" jurnalı kiçik müqəddiməmlə
dərc etmişdi. Vəfatından doqquz əsrdən də
artıq bir zaman keçəndən sonra Baba Tahir ilk dəfə
çağdaş Azərbaycan insanı ilə
danışmağa başlamışdı. Elə bundan lap az
sonra - oktyabr ayında Azərbaycan radiosunda
"Axtarışlar, tapıntılar" sırasından on
dəqiqəlik birinci müstəqil verilişim səsləndi.
Mətni redaksiyadan xahişimə uyğun olaraq diktor Aydın
Qaradağlı oxuyurdu və mən o gün Azərbaycanın
ən bəxtiyar insanı idim.
Ardınca isə 1975-ci ildə mən Azərbaycan
televiziyasında müəllif və aparıcı olaraq ilk
silsilə proqramlarımı -
"Yaşıdlarımız", "Biz romantiklərik",
"Yeddinci qitə", "Od kürəsi", "Necəsən,
əziz dost"u hazırlamağa başladım və tədricən
belə verilişlərin sayı artmağa başladı, təqribən
hər həftə iki-üç dəfə efirdəydim.
1974-75-ci illərdən başlanan o yol bu gün də davam
edir və həmin yolun ən parlaq hissəsi də artıq 48
il boyunca birgə olduğumuz "Axşam görüşləri"
verilişidir. 1975-ci ildən indiyədək hər bazar
günü səslənən "Axşam görüşləri"nin
bu müddət ərzində zəngin səs xəzinəsi
yaranıb. Azərbaycanın tarixində qalan qiymətli şəxsiyyətlərin
əksəri bu verilişdən keçib. Yaşlı, qocaman
müasirlərim olan, varlıqları, əməkləri, doğurduqları
ilə tariximizin ayrılmaz parçasına çevrilmişlərin
hər birini imkan düşdükcə radioya dəvət
etmişəm, onlarla müsahibələr aparmışam, səslərini
yazmışam, o insanlar ki məndən əvvəlki dövrlərdə
yaşayıb-yaratmışdılar, onların səs
yadigarlarını arayıb bulmuşam və daha köhnə əyyamlarda,
ötmüş əsrlərdə ömür
sürmüşlər barəsində də əlyazmalardan,
arxivlərdən topladığım məlumatlar əsasında
yazmışam, millətin tarixində qalmaq haqqı
qazanmış belələrini də qəzet-jurnalda dərc
olunmağın uzun vaxt aldığı çağlarda ləngimədən
xalqa çatdırmışam, istəmişəm ki, onlar
dünənin sükutuna qərq olub qalmasınlar, bizim
günlərdə də diriliklərini, fayda verməkliklərini
davam etdirsinlər. Bütün bunları edə-edə yeni
günün istedadlı, təzə yetişən, ümidlər
verən gənclərini də yaddan
çıxarmamışam, "Axşam görüşləri"nin
qapısını həmişə onlarçün
açıq saxlamışam, belə qayğının sayəsində
sonralar sənətdə mötəbər yerlərini
tutacaqların neçəsinin də debütü
"Axşam görüşləri"ndə baş verib.
"Axşam görüşləri" yarım əsrə
sığan müddətdə hər həftə bir nəfərin
hazırladığı bir saatlıq proqram olaraq verdiyi digər
faydaları, məzmununu bir kənara qoysaq belə, ən
azı sürəkliliyinə görə yalnız Azərbaycanın
deyil, dünya radioçuluğunun nadir, misli olmayan hadisəsidir.
Dünyada ikincisi yoxdur.
Bu yol mənim ömrümün və Azərbaycan
efirinin, Azərbaycan radiosunun şanlı bir
parçasıdır. Öyünmək üçün demirəm,
amma əlbəttə ki, bununla tam haqla qürur duymağa da dəyər.
Azərbaycan efirinin də, dünya efirinin də tarixində
bu, nadir bir hadisədir ki, bir insan 48 il boyunca bir verilişi, bir
saat boyunca davam edən proqramı hazırlayır, tək
müəllifidir, tək aparıcısıdır və 48
illik yol 50-yə doğru və ondan sonrakı illərə
sarı irəliləməkdədir.
"Axşam görüşləri" verilişinin
tarixi əslində 1961-ci ildən başlanır.
Yazıçı Anar o vaxt bir ara Azərbaycan radiosunda işləmişdi
və buradakı imzası hazırlamağa
başladığı bir neçə yeni verilişdə
qalmışdı. O illərdə Ümumittifaq radiosunun yetərincə
populyar olan "Mayak" kanalında "Dobrıy
veçer" - "Axşamınız xeyir" adlı
istirahət konserti səslənərdi. Azərbaycan
radio-televiziyasında da sovet onillərində Moskva teleradiosunu
yamsılamaq şakəri vardı. Allahtərəfi, onlardan
öyrəniləsi, nümunə götürüləsi, lap
təqlid ediləsi xeyli peşəkar üstünlüklər
də vardı. Azərbaycanda da qərara alırlar ki,
Bakıda da Moskva radiosunun "Dobrıy veçer"
proqramının oxşarı olan - "Axşamınız
xeyir" adlı istirahət konserti yaradılsın. O
konsert-verilişin ilk saylarını Anar hazırlayır.
Baxmayaraq ki, əvvəlində məhz bu veriliş
üçün yazılan "Axşam görüşləri"
mahnısı səslənir, proqramın adı Moskvadakı
verilişin adına uyğun olaraq, "Axşamınız
xeyir. İstirahət konserti" yazılırdı. Qısa
müddət sonra Anar radiodan gedir, az ötməmiş bu
veriliş də efirdən yox olur. Ancaq 1970-ci illərin
ortalarına doğru "Axşamınız xeyir. İstirahət
konserti" yenidən bərpa edilmişdi, təəssüf
ki, radionun ən sönük proqramları cərgəsində
idi. Guya mətnli veriliş idi, ancaq radio əməkdaşlarının
sırf qonorar almaqçün candərdi yazdığı
yorucu təqdimatlar, ruscadan kələ-kötür tərcümə
edilən uzun və maraqsız musiqili hekayələr
"Axşamınız xeyir"i tamam gözdən
salmışdı. Üstəlik, o çağlar Azərbaycan
radiosunda "Arzu - musiqi poçtu" adlı başqa bir
proqram da səslənirdi. Mahiyyətcə
"Axşamınız xeyir"lə eyni şey idi. Müxtəlif
rayonlardan dinləyicilər məktublar göndərirdilər,
hansısa müğənninin ifasında hansısa
mahnını, ya muğam parçasını dinləmək
arzusu ilə. Uzun-uzadı həmin adlar sadalanırdı və
arzulanan mahnı səsləndirilirdi. Xatirimdədir, o zamanlar səliqəli
ardıcıllıqla çıxan və qarşıdakı
yeddi gün ərzində həm radioda, həm televiziyada gedəcək
verilişlərin proqramlarını əks etdirən qəzet
hər kəs tərəfindən maraq göstərilərək
aranılırdı və yeganə qəzet idi ki,
bütün nömrələri bir həftə mənzillərdə
göz qabağında olardı. Günlərin birində
radioda proqram və buraxılış redaksiyası
müdirinin masasının üstündə həmin qəzetin
bir nüsxəsini gördüm ki, üstündə
ovaxtkı sədr Qurban Yusifzadənin dərkənarı
vardı. Yazırdı ki: "Axşamınız xeyir.
İstirahət konserti" adlı veriliş başdan-başa
xalturadır və efirə verilməsi dayandırılsın".
Və bu irad elə haqlı idi ki, ona qarşı nəsə
demək çətin idi. Amma baxdım ki, bu, bir fürsətdir.
O zamanlar idi ki, mən Azərbaycan radiosu ilə əməkdaşlığa
yenicə başlamışdım, həm musiqi, həm ədəbiyyat
və incəsənət, həm uşaq redaksiyaları xətti
ilə ayrı-ayrı balaca verilişlərimi, eləcə də
müəyyən verilişlər içərisində
süjetləri hazırlayırdım. Nəyi
tapşırırdılarsa və özüm nəyisə təklif
edirdimsə, razılıq verirdilər, mən də gedib
hazırlayırdım. Yəni o redaksiyaların sifarişlərinə,
istəklərinə bağlı idim. Mənsə istəyirdim
ki, efir cədvəlində dayanıqlı yerim olsun,
redaksiyalardan verilən sifarişlərin ümidinə qalmadan
mütəmadi sabit proqramlarımı hazırlayım. Ona
görə də "Axşamınız xeyir. İstirahət
konserti" kimi ayda dörd dəfə hər bazar günü
bəlli saatda səslənən proqram mənim
üçün göydəndüşmə bir hədiyyə
ola bilərdi. Proqram və buraxılış
redaksiyasının müdiri Zöhrab Zeynalovdan xahiş etdim
ki, sədrdən möhlət istəyin, mən bir-iki ay bu
verilişi hazırlayım, elə edəcəm ki, o, sadəcə
istirahət konserti olmasın, sanballı verilişə
dönsün. Əgər bəyənilərsə, davam edər,
xoşlarına gəlməzsə, yenə ixtiyar öz əlinizdədir,
istədiyiniz vaxt dayandıra bilərsiniz.
Möhlət verildi. Mən də babayolundan istifadə
edərək həvəslə işə girişdim. Birincisi,
verilişin əsl adını qaytardım üstünə.
Veriliş "Axşam görüşləri"
mahnısı ilə başlayırdı - Şövkət
xanım Ələkbərovanın məlahətlə
oxuduğu, musiqisini Tofiq Quliyevin bəstələdiyi, sözlərini
Rəsul Rzanın yazdığı nəğməylə. Demək,
məntiqli olardı ki, elə verilişin adı da
"Axşamınız xeyir" deyil, "Axşam
görüşləri" olsun. Ad məsələsinin
"hə"sini alandan sonra keçdim verilişin məzmununa.
Verilişin adı "Axşam görüşləri"
idisə, burada, daha keçmişdəki kimi, diktorun mətn
oxuyub arada musiqi nömrələrinin səsləndirilməsi
ilə kifayətlənmək yaramazdı, gərək hər
verilişdə görüşlər də təşkil ediləydi.
Başladım tanınmış müğənniləri, bəstəkarları,
şairləri, sənət adamlarını, elm xadimlərini
- hər dəfə birini, ikisini, üçünü dəvət
etməyə. O dövrdə radioda yazılmamış qayda
vardı: dəvət olunanlar hazır mətni üzündən
oxuyardılar. Səbəb o deyildi ki, adamlarımız mikrofon
qarşısında asudə danışmaqda acizdilər.
Axı efirdə səslənən hər mətni əvvəlcə
senzura təsdiq etməli idi. Hıqqana-hıqqana oxunan mətnlərə
qulaq asmaq ürəyi darıxdırırdı, ən gözəl
sözlər də təbiiliyini itirirdi. Mən başqa yol
tutdum. Başladım qonaqlarla sərbəst söhbətlər
edib lentə almağa, sonra həmin danışılanları
kağıza köçürüb "qlavlit"in - Mətbuatda
Dövlət Sirlərini mühafizə edən idarənin
senzorlarının təsdiqinə aparmaqçün mətnləşdirməyə,
həm də elə mətnləşdirirdim ki, qulp qoymağa
girəvə qalmasın. Üz tutdum arxivlərə. XX
yüzilin əvvəllərində "Qrammofon",
"Sport-rekord", "Ekstrafon", "Pate
qardaşları" və digər şirkətlərin
buraxdığı valları yığmağa, köhnə
xanəndə və sazəndələrimizin o vallardakı
oxularını, çalğılarını təmizləyərək
indinin musiqisevərlərinə yetirməyə. Amma yalnız
oxuları, çalğıları yox. İllər
ayrılığından sonra ilk dəfə səslənən
bu ifaları həmin sənətkarlar haqqında maraqlı
hekayətlər müşayiət edirdi. Bu biçimdə
"Axşam görüşləri" bir ay səsləndi,
iki ay keçdi, üç ay ötdü, başladı
axın-axın dinləyici məktubları gəlməyə
və daha rəhbərlikdən səs çıxmadı, bu
o deməkdi ki, verilişə yaşıl işıq
yandırılmışdı. Onda 1975-ci il idi. İndi
2023-cü il bitir. Və 1975-ci ildən başlanan həmin xətt
bugünəcən eyni məsuliyyətlə, eyni ciddiliklə,
eyni şövqlə davam etməkdədir. Çünki mən
lap əvvəldən bu işi sadəcə veriliş
hazırlamaq kimi qəbul etməmişəm, millət
quruculuğu, tarix yaradıcılığı fəaliyyətlərinin
vacib hissəsi saymışam.
Sağdan: Əlibaba Məmmədov, Mütəllim
Mütəllimov, Fatma Cabbarova, Bəhram Mansurov, Rafael
Hüseynov. 1978. Növbəti "Axşam görüşləri"
hazırlanır
1975-ci ildə o ilk verilişləri hazırlayanda mən
tələbə idim. Universitetdə mənə "əlaçı"
təqaüdü verilirdi, ancaq kirayədə
yaşayırdım, cavan oğlandım, yüz cür xərc
çıxırdı, konsertlərə, tamaşalara, hərdən
futbola da gedirdim, bir sözlə, məsrəflərim
çoxdu. Hər veriliş üçün, təbii ki, mənə
müəyyən zəhməthaqqı yazılırdı, təkcə
"Axşam görüşləri"nə görə,
bütün vergilər çıxılandan sonra, ayda mənə
300 rubldan artıq pul verilirdi. Bu da o dövr üçün
kifayət qədər yüksək maaşlardan sayıla bilərdi.
Yəni "Axşam görüşləri" mənimçün
həm də çörək ağacı idi. Ancaq radioda
hazırladığım başqa verilişlər də
vardı, televiziyada da proqramlar aparırdım, qəzetlərə
də yazırdım və bütün bunlar üst-üstə
yığılaraq ehtiyacsız, rahat
yaşayışımı təmin edirdi, istədiyim
kitabları ala bilirdim, lazım gələndə başqa
şəhərlərə səfərlərə
çıxa, ezamiyyətlərə gedə, axtarışlar
apara bilirdim. Can yandırırdım,
çalışırdım ki, "Axşam
görüşləri"nin hər buraxılışı
Azərbaycan efirində hadisəyə çevrilsin. Amma indi
1970-ci illərin sonlarını, o coşqun həvəslə
hazırladığım "Axşam görüşləri"ni
yada salanda içərimdən kədərli bir duyğu da
keçir. O zaman Azərbaycan xalq musiqisi redaksiyasının
müdiri unudulmaz musiqişünasımız Elxan Babayev idi.
Elxanla dost idik, ara-sıra mənə xeyirxah məsləhətlərini
də verirdi. Görəndə ki, mən hər verilişə
beş-altı nəfər müxtəlif tanınmış sənətkarla
sorğuları daxil edirəm, heyifsilənirdi, deyirdi, axı
niyə israfçılıq edirsən? İş ondadır
ki, müsahibələri almaq da indiki kimi rahat deyildi.
Ağır səsyazanı çiynimə alıb düşərdim
şəhərin canına. Hərçənd o reportyoru belə
heç də həmişə vermirdilər. Müəyyən
saatlar üçün ayırırdılıar, tez yazıb
gətirib qaytarmalıydın. Kasetlərin sayı da məhdud
idi. Bu ünvandan o ünvana, o ünvandan o biri ünvana şəhər
boyu çovuyardım. Topladıqlarım adətən bir
verilişə sığacaq həcmdən azı
iki-üç dəfə çox olardı. Elxan da elə həmin
səbəbdən məsləhət edirdi ki, bunların
hamısı qiymətli adamlardır, hərəsini yarım
saat, iyirmi dəqiqə, bəzisini qırx dəqiqə, bəzisini
bir saat lentə alırsan, sonra vəziyyət elə
alınır ki, onların hər birindən beş-altı dəqiqədən
çox efirə verə bilmirsən. Sən nəzərdə
tut ki, hər verilişdə beş-altı nəfəri yox,
bir nəfəri, iki nəfəri verəcəksən.
Onları yaz, yazdıqlarından da daha geniş istifadə elə.
Məsləhətin doğruluğunu anlamağına
anlayırdım, ancaq yenə içərim başqa söz
deyirdi, yenə çalışırdım ki, üç nəfər,
beş nəfər, on nəfər - ətrafımdakı o
adamların hamısını imkan dairəsində daha
çox danışdırım, daha çox yazım.
Düzdür, əksərindən bütövlüklə
istifadə edə bilmirdim, amma işlətmədiyim hissələri
pozmurdum, nə qədər lent qıtlığı olsa da,
hamısını saxlayırdım. O vaxtdan indiyəcən o
lentlərin hamısı şəxsi arxivimdə
qalmaqdadır. Artıq bu bir sərvətdir, milli
yatıtdır. Və üstündən böyük zaman
keçəndən sonra da, artıq unudulmaz insanların həyatda
olmadığı çağlarda mən dönə-dönə
o lentlərə qayıtmışam, qayıdıram və yəqin
ki, gələcək illərdə də qayıdacağam.
Qayıdıram və orada çox suallara cavablar tapıram.
Dünənin çox qaranlıq səhifələri o
müsahibələrin, o şahidlərin vasitəsilə
canlanır, durulub aydınlanır, nə qədər məchul
sualların cavablarını məhz o söhbətlərin
içərisində tapıram. Yaxşı ki, vaxtında
yazmışam. Zamanında - 70-ci illərin sonlarında
onları qısa-qısa istifadə eləmişəm. Ancaq
indi o müsahiblərin hər sözü, hər cümləsi
mənim üçün əzizdir. Kədərləndirən
nədir, ürək ağrıdan nədir? 1980-ci illərin
sonları, 90-cı illərin əvvəllərindən
mühitimizdə sanki dərin boşluq yaranmağa
başladı. Nəhənglərimizi, zirvələrimizi sanki
asta-asta, əslindəsə sürətlə itirməyə
başladıq. Elə bil qara qasırğa qopdu,
hamısını aldı apardı və onlarsız ruhən
çox kasıblaşdıq. O insanların hərəsi
yaradıcılığından savayı, varlıqları, təbiətləri
etibarı ilə də şəxsiyyətlər, parlaq istedad
sahibləri idilər. Ancaq o insanların bir başqa əvəzolunmaz
üstünlükləri də vardı. O insanlar həm də
varlıqları ilə mühit yaradırdılar. Hər biri
ayrı-ayrılıqda və hamısı birlikdə. Niyazi
bir bənzərsiz mühit idi, Şəmsi Bədəlbəyli
bir ayrı mühit, Bəhram Mansurov ayrı mühit, Tofiq
Quliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova,
Cahangir Cahangirov, Cövdət Hacıyev, Rauf Hacıyev - hərəsi
büsbütün fərqli mühit. Hansılarınsa
arasından su keçmirdi, hansılarsa bir-biriylə yola
getmirdi. Ancaq bu ziddiyyətlərlə bərabər də,
onlar hamısı birlikdə bütöv, sağlam bir Azərbaycan
ədəbi-mədəni-ziyalı mühitini vücuda gətirirdilər.
Və mən özümü çox xoşbəxt hiss edirəm
ki, onların hamısı ilə yaxın olmuşam, daxili məmnunluq
duyuram ki, o nəhənglərin hamısının yolu
"Axşam görüşləri"ndən keçib,
onların hamısının "Axşam görüşləri"ndə
qalan səsləri, mənim ömrümdə izləri var.
Lentli köhnə kaseti (o vaxt olanımız bu idi.
İndi adama bunlar uzaq keçmiş kimi gəlir. Gec-tez
üstünün şirəli qatı ovxalanıb
töküləcək həmin lentləri
köçürüb rəqəmsallaşdırmaqdan
ötrü ayrıca iki qurğu almışam, amma indi nədirsə,
ürəyimdən keçir ki, bu səslərə məhz
köhnə kasetlərdən qulaq asım) taxıram
maqnitofona, düyməni basıram, dünən gəlir
bugünə, yox, mən o günlərə qayıdıram,
bu əziz insanlardan, o çağlardan ötrü qəribsəyirəm:
"Axşamınız xeyir, hörmətli dinləyicilər!
Bir həftənin ayrılığı arxada qaldı,
"Axşam görüşləri" yenə sizinlədir.
Əvvəlcə istəyirəm ki, "Axşam
görüşləri"ndəki bugünkü bələdçilərimizi
- dəyərli qonaqlarımızı sizə təqdim
edim".
Bu danışan mənəm, sütül bir cavan,
yanımda əyləşən də bəstəkar Tofiq
Quliyev. Tofiq Quliyev elə mətləblərdən bəhs edir
ki, həmin söhbətləri edəndə dönüb məndən
də gənc olub. 40 il əvvəlin yazısıdır, ondan
bəri səsim də xeyli dəyişib: "Tofiq müəllim,
çox-çox illər bundan irəli siz yeniyetmə bir
oğlan idiniz və özü də tələbə ola-ola
müəllimlik edən Asəf Zeynallının sinfində dərs
alırdınız. Şübhəsiz ki, illər
ötdükcə adamın yadından çox şeylər
çıxa bilər. Amma elə xatirələr, elə anlar
olur ki, onlar insanla birgə ömrün sonunacan qalır. Və
mən inanıram ki, Asəf Zeynallı ilə bağlı elə
anlar var ki, şübhəsiz,
sizin yadınızda həmişəlik qalıb. Bu axşam
onlardan hansılarınısa xatırlamanızı istərdim.
Tofiq Quliyev: Siz düz deyirsiniz. O zamandan yarım əsrdən
çox vaxt keçib. Əlbəttə ki, mən o vaxt gənc
yox, demək olar, uşaq idim. Çünki on iki-on
üç yaşında oğlana biz hələ gənc
demirik. Asəf məndən cəmi doqquz yaş böyük
idi. Lakin müəllimim idi. O həm dərs verirdi, həm dərs
oxuyurdu, həm də İşçi teatrının (bizdə
belə teatr vardı, sonra köçürdülər o
teatrı Gəncəyə, indi Cəfər Cabbarlı
adına Dram Teatrıdır - R.H.) musiqi hissə müdiri idi.
Asəf Zeynallı həyatdan elə cavan yaşda getdi ki, onun
qısa bioqrafiyasına daxil olan əlamətdar hadisələrdən
sanki yaradıcılığı haqqında məqalələr
qələmə almış musiqişünaslar hər
şeyi deyiblər. Ancaq keçmişləri xatırlayanda
onun parlaq ömrünün çoxlarına bəlli olmayan
xeyli səhifələri yada düşür. Mən Asəf
Zeynallını çox sevirdim və məntiqlə gərək
çox danışam. Lakin dediyim kimi, özüm uşaq
olduğuma görə, yarım əsrdən artıq illər
ötüb deyə ona görə də çox epizodlar hafizəmdən
silinib. Asəf çox gözəl bir kişi idi,
hündür boylu, gözəl sifətli, qəşəng,
daim hərəkətdə, həmişə şux bir insan.
Bir müəllim kimi eyni zamanda da çox mülayim xasiyyəti
vardı. Mənim heç yadıma gəlmir ki, onun öz
yoldaşlarından və yaxud tələbələrdən
kimsə ondan incisin. Çünki bu adam həmişə sinfə
üzügülər girərdi və təbəssümlə
də çıxardı. Mən də, o vaxt mənimlə
eyni sinifdə oxumuş Əminə Dilbazi də, Cövdət
Hacıyev də indiyəcən Asəf müəllimin
çöhrəsindən çəkilməyən mehriban təbəssümünü
unuda bilmirik".
...1970-ci illərin ortaları, mən 18-19 yaşlı
bir gənc, başım yenilikçi havalarla dolu,
"Axşam görüşləri" yolumu
başlayıram, qəsdim də budur ki, hökmən nəsə
dəyişikliklər edim, yıpranmış qəlibləri
sındırım. O zamansa Azərbaycan radiosunda
oturuşmuş bir ənənə vardı ki, ayrı-ayrı
diktor cütlükləri qanunmuş kimi müəyyən
verilişləri oxuyurdular. Cütlüklərdən biri
Gültəkin Cabbarlı ilə Aydın Qaradağlı idi,
başqa bir cütlük Ramiz Mustafayevlə Züleyxa
Hacıyeva, digər cütlük Fatma Cabbarova ilə Sabutay
Hacıyev. Ənənəvi olaraq da mənəcən, yəni
"Axşam görüşləri"nə qədərki
"Axşamınız xeyir"in mətnini Ramiz Mustafayevlə
Züleyxa Hacıyeva oxumuşdular. Ancaq mən istəyirdim elə
edək ki, verilişlərin mətnlərini oxuyanlar aktyorlar
olsun. Əvvələn ona görə ki, diktor səsləri hər
gün efirdə idi, nə qədər yaxşı ifa etsələr
də, qulaqları yağır etmiş səslərin umulan
effekti alınmırdı, bu oxularda emosiya az, pafos çoxdu, yəni
peşəkar xəbər diktorluğundan gələn
xüsusiyyətlər. Mənsə bədii mətnlər
yazırdım, bu mətnlər başqa səsləri,
ayrı ifaları tələb edirdi. Başlıca məqsədim
o idi ki, mətn oxunuşlarına aktyorları cəlb edim.
Ancaq bunu redaksiyada söyləyəndə qəti etirazla
qarşılandım: "Bizi iş yoldaşlarımızla
üz-göz eləmə! Onlardan bu mətnləri alıb
aktyorlara versək, qonorarda itkiləri olacaq, çox narazı
qalarlar". İşi belə görəndə qərara
aldım ki, hələlik heç olmazsa verilişimdə daha
uyğun diktorları birləşdirim. Bir cütlükdən
Aydın Qaradağlını, digərindən Züleyxa
Hacıyevanı seçdim. Ancaq sabitləşmiş
cütlüklərin parçalanması da ayrı bir həngamə
qopardı. Musiqi redaksiyasında qayıtdılar ki,
gördün, hələ aktyor dəvət etməmiş belə
hay-küy qopur, gör ona getsəydin nələr
olardı!"
Bütün başqa səbəblərdən
savayı, mənim bu səs axtarışlarım köhnə
diktorların izzət-i nəfsinə də toxunurdu ki, necə
oldu bir cavan uşaq gəlib bizi verilişdən kənarlaşdırdı.
Lakin hər halda ilk addımı ata bildim və buz
sındı -Züleyxa Hacıyevanı saxladım, Ramiz
Mustafayevi Aydın Qaradağlı ilə əvəz etdim.
Başladılar oxumağa. Züleyxa Hacıyevanın da,
Aydın Qaradağlının da ustalıqlarına, əlbəttə,
söz ola bilməzdi. Ancaq mən daimi aparıcıları dəyişmək
istəyəndə həm də onu
düşünürdüm ki, bu verilişdəki iki səs
radiomuzda gah o, gah bu verilişdən eşidilməsin, dinləyənlərə
həm də bu verilişin bir nişanəsi kimi məhrəmləşsin.
Günlərin birində bu istəyimdən xəbərdar olan
qocaman diktorumuz Soltan Nəcəfov təklif etdi ki,
"Axşam görüşləri"nə
aparıcılığa Leyla Bədirbəyli ilə Əli
Zeynalovu çağırım. Dəvət elədim, bir
müddət onlar oxudular. Hər ikisi böyük sənətkardı,
amma Əli Zeynalovda da, Leyla Bədirbəylidə də bizim
köhnə teatr məktəbinə xas pafos aşkar duyulurdu.
Arada eksperimentlər edirdim. Məsələn, Dadaş
Şaraplı ilə bağlı verilişdəki süjetin mətnini
oxuyurdular. Məktəbləri üçün səciyyəvi
olan pafos hər cümlədə duyulanda xahiş edirdim ki, bir
anlıq mətndən ayrılsınlar, o aktyorla bağlı
xatirələrini söyləsinlər. Çünki həm
Leyla xanım, həm də Əli müəllim Dadaş
Şaraplını görmüşdülər, hətta
Əli Zeynalov cavan yaşlarında Dadaş Şaraplı ilə
eyni səhnədə çıxış da etmişdi. Elə
ki başlayırdılar Allah-bəndə söhbəti etməyə,
mətndən aralanmağa, danışıqları çox təbii
alınırdı, olurdular özləri, sanki səsləri
daha da istiləşirdi, xatirələrini bölüşməyi
qurtarıb qayıdırdılar mətnə, yenidən səhnəyə
çıxan kimi olurdular, əvvəlki təmtəraqlılıq,
təntənəlilik, pafos yenə bərpa olunurdu. Əslində
bu da onların təbii halı idi. Məktəbləri o təhərdi,
içəriləri onlara səhnədə başqa cür
olmağa imkan vermirdi. Odur ki, cavan nəsildən olan daha
çevik, dəyişilə bilməyə daha mail aktyorlar
tapmaq fikri beynimdən getdikcə daha qətiyyətlə
keçirdi. Axtarışdaydım.
Aparıcı axtarışlarım
dayanmamışdı. Bir ara Amaliya Pənahovanı dəvət
elədim, bir neçə dəfə Şəfiqə Məmmədovanı,
bir müddət Həsən Əblücü...
Hamısının səsləri "Qızıl
fond"dakı ayrı-ayrı "Axşam görüşləri"ndə
qalır. Sınaqların növbəti mərhələsi bu
oldu ki, Leyla Bədirbəylini saxladım, Əli Zeynalovu Səməndər
Rzayevlə əvəz elədim. Səməndər Rzayev,
şübhəsiz ki, Azərbaycan teatrının bütün
tarixi boyu, mənim nəzərimcə, ən müstəsna
aktyorlardandır. Başqa aktyor və diktorlardan fərqli
olaraq, onun mətnlə işləməsinə xüsusi
lüzum yoxdu, vərəqləri əlinə alıb, studiyaya
daxil olub mikrofonun qabağında oturunca elə oxuyurdu ki, sanki
bu mətni bir həftə boyunca hazırlayıb, hər
cümləyə nüfuz edib, oradakı ruhu tutub. İbarələrin,
kəlmələrin arxasındakı duyğuları,
düşüncəni həssaslıqla tuta bilmək və
bunu heç kəsin edə bilmədiyi məharətlə
yapışıqlı səsinin əlvan çalarları ilə
canlandırmaq Səməndər Rzayevin fövqəladə
qabiliyyəti idi və ikinci belə adamı mən görməmişəm,
arzulayıram ki, gələcəkdə olsun, amma ikinci Səməndər
Rzayevin haçansa dünyaya gələcəyi, səhnəyə
çıxacağı xülyadır. Təsəvvür edin
ki, Mehdi Məmmədov kimi azman sənətkar, məşqlərdə
kiminsə gecikməsinə, kiminsə hansısa məşqi
buraxmasına dözməyən sərt təbiətli rejissor
yeganə Səməndər Rzayevin şıltaqlarına
göz yumur, ərköyünlüklərini güzəştə
gedirdi. Çünki özü dahi idi və Səməndər
Rzayevin dahiliyini dolğunluğu ilə anlayırdı (Və
"dahi" sözünün nə qədər ağır
çəkili bir söz olduğunu mən, əlbəttə
ki, anlayıram və Mehdi Məmmədovu düşünərək
də, Səməndər Rzayevə aid edərək də bu kəlməni
işlədirəmsə, onların hər ikisinin bu kəlmənin
uca mərtəbəsinə tam layiqliyinə içərimdə
əminlik duyuram). ...Səməndər Rzayevlə Leyla Bədirbəyli
"Axşam görüşləri"nin mətnlərini
oxuyurdular. Amma yenə düşünürdüm ki,
axıracan istədiyimə nail olmamışam. Hələ yenə
aramaq lazımdır. Qərara aldım ki, Lelya xanımı dəyişək.
Leyla xanımın əvəzinə Hökümə xanım
Qurbanovanı dəvət etdim. Hökümə Qurbanova
SSRİ Xalq artisti, Azərbaycan səhnəsinin tacı olan
insanlardan biri idi. "Axşam görüşləri"nin mətnini
oxumağı xahiş eləməzdən öncə rica
etmişdim ki, verilişin bir neçə
buraxılışına efirdən qulaq assın. Qulaq
asmışdı, bəyənmişdi və demişdi ki, mən
bu mətni oxuyacam. Başladı bir müddət Səməndər
Rzayevlə oxumağa. Amma görürdüm ki, yox, bu da mən
istəyən deyil. Şəksiz, Səməndər mətni
özünə xas ustalıqla canlandırırdı. Ancaq Səməndər
"Axşam görüşləri" ilə yanaşı,
elə bazar günü daha əvvəlki saatlarda səslənən
"Bulağ"ı da oxuyurdu. Səməndər ki
"Bulağ"ı oxuyurdu və artıq səsinə də,
ifa tərzinə də məhz "Bulağ"a görə
bir elatlıq, kənd ab-havası çökmüşdü,
məni sonacan təmin eləmirdi. Çünki istəyim
"Axşam görüşləri"nin oxusunda bir şəhər
ovqatına nail olmaqdı. Yəni Tofiq Quliyevin, Rauf
Hacıyevin, Zakir Bağırovun mahnılarındakı, Mirzə
Babayevin ifalarındakı Bakı, bu sevimli şəhərin
işıqla daşan günləri "Axşam
görüşləri" mətnlərinin oxunuşunda ilk
andanca hiss edilsin. Ona görə Səməndərin də
yerinə Şahmar Ələkbərovu dəvət elədim.
Şahmar əsl axtardığımdı - məni tam qane
edirdi. Gəzdiyim ruh bu səsdə vardı. Bu dəfə isə
gördüm ki, Şahmarın ifası ilə Hökümə
Qurbanovanın oxusu tən gəlmir. Çünki
ayrı-ayrı məktəblər idi. Hiss edirdim ki, son nəticəyə
yaxınam və gərək Hökümə Qurbanovanı dəyişəm.
Bu müşkülsə əsla ağrısız həll
olunmadı, rəsmi şikayətə qədər qalxdı və
başım da ağrıdı.
Şahmar Ələkbərova ən uyğun səs
olaraq Əminə Yusifqızını
düşünürdüm və dəvət elədim, gəldi.
İkisi mətni oxudu, elə ilk cümlələrdən sonra
yəqinlik hasil etdim ki, çoxdan bəri aradığım məhz
bu imiş. Beləliklə, Əminə Yusifqızı mətni
oxuyub, mənim də xoşuma gəlib, redaksiyada da bəyəniblər,
veriliş efirə də getdi, hamının da ürəyinə
yatdı. Amma iş çoxluğunda başım
qarışdı, əvvəlcədən Hökümə
xanıma zəng edib üzrxahlıq edə bilmədim. O da təsadüfən
verilişin həmin buraxılışına efirdən qulaq
asır, görür ki, onun əvəzinə mətni Əminə
Yusifqızı oxuyur. Bəlkə də Əminə
Yusifqızının əvəzinə ayrı bir aktrisanı
çağırmış olsaydım, ola bilsin, Hökümə
xanımda bunca kəskin və qeyzli reaksiyanı
oyatmayacaqmış. Sən demə, bunların arasında
köhnədən
münaqişə də varmış və Əminə
xanımın Milli Dram Teatrından kənarlaşdırılmasının
səbəbkarı da elə Hökümə xanım
olubmuş. Hökümə xanım özü mənə zəng
çaldı, nə qədər sakitləşdirmək istəsəm
də, qəzəbi soyumadı. Redaksiya rəhbərliyinə
zəng vurdu və götürüb Mərkəzi Komitəyə
müraciət elədi. O zaman, yaxşı ki, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsində bu sahəyə
Vahid Əziz rəhbərlik edirdi. Vahid Əziz də köhnə
dostumuz idi, gəldi radioya, maraqlandı ki, bu nə məsələdir?
Digər tərəfdən də, Azərbaycan Musiqi
verilişləri redaksiyasının baş redaktoru, unudulmaz
dostumuz Hacı Məmmədov Fuad Poladovla yaxın idi. Fuad
Poladovunsa Hökümə xanımın ailəsinə get-gəli
vardı, Vəfa Fətullayeva ilə dostluq edirdilər. Fuad,
öz növbəsində, Hökümə xanımı
sakitləşdirdi, Vahid Əziz də öz xətti ilə bu
məsələnin şişməsinə imkan vermədi, beləcə,
böyük bir qanqaraçılıqdan canımız
qurtardı.
Sonra illərcə Əminə Yusifqızı ilə
Şahmar Ələkbərov "Axşam görüşləri"ni
uğurla oxumağa başladılar və hər
yazılış sadəcə mətn ifası deyildi, bir-birinə
çox bağlı üç dostun bir-birinə güc,
ilham, təzə həvəslər bağışlamaqla
ötən fərəhli saatlarıydı. Amma günlərin
birində Şahmar xəstələndi, hər şey sanki
adicə diş ağrısından başladı, sonra çənə
sümüyündə nəsə zəhrimar mərəz
aşkarlandı. Yaşayırdı, işləyirdi, hələ
bu arada Əlağa Vahid haqqında film də çəkdi,
amma daha "Axşam görüşləri"nin mətnlərini
oxuya bilmədi. Əminə tək qaldı.
İtirdik Şahmarı və ondan sonra mən ikinci
bir adamı verilişə dəvət eləmək istəmədim,
ürəyim gəlmədi... Verilişin mətnlərini bir
müddət Əminə xanım tək oxudu, sonra o, uzun
müddətə xaricə gedəsi oldu, mən də təqdimatların
tərzini dəyişdim, daha əlavə diktor, aparıcı
dəvət etməkdən vaz keçdim, verilişdə
qonaqlarımla birgə adətən tək özüm oldum.
Amma Şahmarla Əminə bugünəcən "Axşam
görüşləri"ndə qalıblar.
Hər bazar günü "Axşam görüşləri"
efirə gedəndə öncə verilişin mahnı
başlığı səslənir, ilk akkordlardan sonra əvvəlcə
qadın, ardınca kişi səsi "Axşam
görüşləri" deyir. O qadın səsi Əminə
Yusifqızınınkıdır, o kişi səsi Şahmar
Ələkbərovunku. Və Şahmar Ələkbərov da,
Əminə Yusifqızı da bu gün və bütün gələcək
illərdə - nə qədər ki"Axşam
görüşləri" səslənəcək və
müəllif mən olacağam, bu verilişlə birgə
qalacaqlar. Başlanğıcda daim Azərbaycan dinləyicisini
ilkin onların mehriban, doğma səsləri salamlayacaq.
10 dekabr 2023
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2023.- 16 dekabr, №229.- S.14-15.