Birinci Andreyi vurdular...
"Birinci Andreyi vurdular".
Uzaqda Daşaltı görünür, qulağıma həmin
oğlanın səsi gəlir. Burulan cığırlarda
gözüm Andreyin vurulduğu yeri axtarır.
Onda mən bilmirdim Şuşa hardadır,
Daşaltı harda? Bilmirdim Andrey kimdir, Andreyi vuran kim?
Dörd, ya beş yaşım olardı. Televiziyada
Mirşahinin yaralı bir əsgərlə söhbətini
xatırlayıram, daha doğrusu, danışdıqlarından
məhz bu cümləni. Sonralar Şuşa döyüşləri
haqqında çox oxumuşam, çox şahid xatirələri
dinləmişəm. Ancaq niyəsə uzun illərdir, hər
Şuşa adı çəkiləndə bu sözləri
xatırlayıram.
İndi də Daşaltını görürəm, həmin
səs yenə mənimlədir.
Şuşa ilə ikinci
görüşümüzdür. Düz bir il öncə yay
gecəsi sağollaşmışdıq, indi bir qış səhəri
salamlaşırıq. Ayağımı torpağa basan kimi
havanı görməmişliklə içimə çəkirəm.
Yadıma Markesin polkovniki düşür: "Bütün ili
dekabr olsaydı, nə yaxşı olardı. Adam
özünü də hava kimi şəffaf hiss eləyir".
Nə dekabrı sevirəm, nə də onun
soyuğunu. Amma bu dəfə polkovniklə
razılaşıram. Udduğum hava dağların ərmağanıdır
axı. Bizə bu günləri yaşadan şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə cansağlığı
diləyirəm.
Dönüb ətrafa baxıram. Əksəriyyəti
dost-tanışdır. Sözün əsl mənasında bir
avtobus şairlə gəlmişəm. Yolboyu dalbadal şeirlər
oxunub, xeyli maraqlı əhvalat danışılıb. Söz
adamlarının məclisi başqa nə cür ola bilər
ki?
Bir qədər hava aldıqdan sonra bizə göstərilən
binaya tərəf addımlayırıq. Bir azdan tədbir
başlayacaq.
Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə
təşkilatçılığı ilə
"Şuşa - Türk dünyasının mədəniyyət
paytaxtı-2023" ilinin rəsmi bağlanış mərasiminə
gəlmişik. Tədbiri maraqla izləyirəm. Müxtəlif
çıxışlar bir-birini əvəzləyir. Rəsmi
çıxışlar bitdikdən sonra Azərbaycan, Türkmənistan
və Özbəkistandan olan incəsənət
ustalarının və gənc istedadların iştirakı ilə
konsert proqramı təqdim edilir. Sənətçilərin
ifaları onu deməyə əsas verir ki, olduqca ciddi şəkildə
hazırlaşıblar. Əslində, tədbirə dair
çox danışa bilərəm, ancaq bu, başqa
yazının mövzusudur. Proqram yekunlaşır, Bakıya
qayıtmalıyıq. Şuşanı gəzmək
üçün təxminən bir saat vaxtımız var.
Dostlarımızın bir çoxu yola düzəlir. Nədənsə
içimdən onlara qoşulmaq gəlmir. Halbuki ilk səfərimdə
Şuşa həbsxanasından Cıdır düzünə,
Vaqifin məqbərəsindən bazar qalıqlarına qədər
hər yanı gəzmişdim. Bəlkə də, onda daha həyəcanlı
idim, Şuşanı ilk dəfə görürdüm.
İndi isə aydın şüurla dərk edirəm ki,
Şuşa bizimdir, əbədi olaraq bizimdir və mən
başqa vaxt da gəlib görmədiyim yerləri gəzə
bilərəm. Ona görə də tədbir məkanında
qalıram, həyətdə dayanıb bir xeyli ətrafı
müşahidə edirəm. Hər yanda quruculuq işləri
gedir, ötən il hələ bünövrəsi qoyulmayan
binalar bu gün hündürlükdə bir-biri ilə
yarışır. Şuşada bu günədək 16 abidə
tam bərpa olunub. Tədbir zamanı
çıxışlardan birində eşitmişdim bu rəqəmi.
Bir daha xatırlayıb görülən işlərin
miqyasını təsəvvürümdə
canlandırıram. Bir sözlə, Şuşa ilə
baş-başayam. Ancaq bu görüş uzun çəkmir, gəzintiyə
gedən yoldaşlarımız yavaş-yavaş geri
qayıdırlar. Hamımız avtobusun yanında
toplaşırıq. Yeni mövzular açılır,
müzakirələr daha da qızışır. Kimi tarixdən
danışır, kimi ədəbiyyatdan.
Bu səfərdə Aqşin Yeniseyi bir daha kəşf
edirəm. Şair hər dəfə şeir oxuyandan sonra
yadıma yeniyetməliyim, onun misralarını necə sevməyim
düşür. Gileylənirəm ki, şair, nəsrinizlə
nəzminiz qədər doğmalaşa bilmədim. Bu barədə
uzun-uzun danışırıq. Deyir, şeir yazmaq
üçün şair həyatı yaşamaq
lazımdır, indi isə o, nasir həyatı yaşayır.
Gəncliyində başına gələnlərin bir neçəsini
nəql edir. Düşünürəm ki, o həyatı
yaşayıb şair olmamaq özü günah olardı.
Əlahəzrət zaman bir şairi əlimizdən alıb əvəzinə
yazıçı verib. Aqşin nasir kimi də halından məmnun
görünür. Yəqin məndəki oxucu ərköyünlüyüdür.
Bir vaxt bütün şeirlərini əzbərlədiyim
şair çoxdandır məni bu əziyyətə
salmırdı, yəqin mən hələ uzun müddət bu
əziyyətdən məhrum olacam. Şuşada olarkən son
olaraq Aqşindən ən çox sevdiyim şeirini səsləndirməsini
rica edirəm. Çox sağ olsun, xahişimi yerə
salmır:
Gecə saat ikidir
Bir azdan dörd olacaq.
Yenə bugünki sevgi
Sabahkı dərd olacaq.
Gündüz saat dörddən bir qədər
keçib. Sevgi ilə qucaqladığım bu şəhər
sabahımın ən gözəl xatirələrindən birinə
çevriləcək. Xatirərimizi də götürüb
Bakıya yol alırıq.
8 noyabr, 2020-ci il. Sərdar Aminlə telefonda bir xeyli
mübahisə edirik. Onda hələ uzaq tanış idik, yəqin
indi həmin mövzuda sözümüz çəpləşsə,
uzağı on dəqiqə dalaşardıq. Həmin vaxt isə
məni maraqlandıran yeganə şey dediyimin
düzgünlüyünü sübut etmək idi. Mən tərs,
Sərdar məndən tərs. Bir xeyli mübahisə edirik,
mövzu uzanır, birdən Sərdar qayıdır ki, bu
gün gözəl gündür axı. Bu cümlədən
sonra daha mübahisə etmirəm, gülümsəyib onu təbrik
edirəm. Bəlkə də, həmin vaxt Sərdar
böyüklük göstərib o cümləni deməsəydi,
biz hələ də küsülü idik. İndi isə Sərdar
hər yazısını səbirsizliklə gözlədiyim
bir imza, böyük hörmətlə
yanaşdığım dostdur. Əlqərəz, bizim
dostluğumuz elə Şuşanın azadlıq günündən
başlayır. Qəribədir, düz üç il sonra
Şuşanın dağlarını eyni pəncərədən
izləyirik. Yəqin bu söhbət çoxdan Sərdarın
yadından çıxıb, heç mən də
xatırlatmıram. Eləcə baxıb gülümsəyirəm.
O da bu gülüşə cavab olaraq çantasından
çıxardığı mandarini mənə uzadır.
Mandarin dilimlərini yeyə-yeyə Şuşa ilə
sağollaşıram.
Sonuncu dəfə dönüb Daşaltıya
baxıram. Buludlar başının üstünü kəsdirib
yenə. Gördüyüm mənzərə "Şuşa,
sən azadsan" sənədli filmində qəhrəmanlarımızdan
birinin danışdığı əhvəlatı
xatırladır:
Artıq Laçın koridorunu keçmişdik,
İsa bulağı istiqamətində meşənin içərisində
şəxsi heyət yerləşmişdi. Həmin vaxt isə
sanki Allahın bizə göndərdiyi bulud topası
günortadan sonra üzərimizdə fırlanmağa
başladı. Həmin ərazini duman aldı. Biz yolun dörd
metrliyinə çatana qədər düşmən bizim
yerimizi təyin edə bilmirdi. Bu, sanki mifik tapşırıq
idi".
Şuşadan ayrılırıq. Son dəfə pəncərədən
dağlara boylanıram. Bu dəfə gözüm Andreyin
vurulduğu yeri yox, o bulud topasının gəzişdiyi
ünvanı axtarır...
Aytac SAHƏD
525-ci qəzet .- 2023.- 16 dekabr, №229.- S.11.