Arbitraj haqda yeni
qanunun qəbulu ilə nə dəyişəcək?
Xəbər verdiyimiz kimi, bu günlərdə Milli Məclisdə
"Arbitraj haqqında" yeni qanun layihəsi birinci
oxunuşda qəbul edilib. Bu qanun arbitrajın həyata
keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri
tənzimləyəcək, arbitraj sazişinə dair tələbləri,
Azərbaycanda arbitraj məhkəmələrinin və daimi
arbitraj təşkilatlarının təşkili, fəaliyyət
göstərməsi, arbitraj icraatının aparılması,
arbitraj qərarlarının tanınması və icrası
qaydalarını müəyyən edəcək. Bu qanun
qüvvəyə mindiyi gündən "Beynəlxalq arbitraj
haqqında" qanun ləğv ediləcək.
Bəs "Beynəlxalq arbitraj haqqında" qanunun ləğvi
nəyi dəyişəcək? "Arbitraj haqqında"
yeni qanunun üstünlükləri nələrdir?
Konstitusiya Araşdırmalar Fondunun prezidenti,
hüquqşünas Əliməmməd Nuriyev deyir ki, qəbul
edilən yeni qanun layihəsi arbitraj icraatının həyata
keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri
tənzimləyir, arbitraj sazişinə dair tələbləri,
Azərbaycanda arbitraj məhkəmələrinin və daimi
arbitraj təşkilatlarının təşkili, fəaliyyət
göstərməsi, arbitraj icraatının aparılması,
arbitraj qərarlarının tanınması və icrası
qaydalarını müəyyən edir.
Qanun layihəsinə əsasən, tərəflərdən
birinin ərizəsi əsasında bu Qanunda göstərilən
məhkəmə müvəqqəti təminat tədbirlərinin
tətbiqi barədə qərar qəbul edə bilər.
Arbitrajın yerinin Azərbaycan ərazisində
olub-olmamasından asılı olmayaraq, arbitraj icraatı ilə
əlaqədar müvəqqəti təminat tədbirlərinin
tətbiqində məhkəmənin Mülki Prosessual Məcəllədə
müəyyən edilən səlahiyyətləri var: "Bu
Qanunun tələbləri nəzərə alınmaqla
çıxarıldığı ölkədən
asılı olmayaraq, bu Qanunda göstərilmiş məhkəməyə
müraciət edilməsi yolu ilə müvəqqəti təminat
tədbirlərinin tətbiqi barədə arbitraj məhkəməsinin
qərarının məcburi hüquqi qüvvəsi
tanınır və arbitraj məhkəməsi tərəfindən
başqa hal nəzərdə tutulmamışdırsa, icra
olunur. Müvəqqəti təminat tədbirlərinin tətbiqi
barədə qərarın tanınması və ya icra
olunması üçün müraciət etmiş və ya
belə müraciəti təmin edilmiş tərəf həmin
tədbirlər ləğv edildikdə, icrası
dayandırıldıqda və ya dəyişdirildikdə dərhal
bu barədə məhkəməyə məlumat verməlidir.
Təminatın təqdim edilməsi məsələsi üzrə
arbitraj məhkəməsi tərəfindən qərar
çıxarılmışdırsa və ya belə qərarın
çıxarılması üçüncü şəxslərin
hüquqlarının qorunması üçün zəruridirsə,
müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə
qərarın tanınması və ya icrası haqqında
müraciətə baxan məhkəmə məqsədəuyğun
hesab etdiyi halda müraciət edən tərəfdən
uyğun təminatın təqdim edilməsini tələb edə
bilər".
Hüquqşünas Əkrəm Həsənovun
sözlərinə görə, arbitraj, tərəflər
arasında olan mübahisənin dövlət məhkəməsindən
kənar məhkəmədə baxılmasıdır: "Sadə
dildə desək, arbitraj özəl məhkəmədir. Tərəflər
öncədən müqavilə bağlayır və həmin
sənəddə qeyd edilir ki, mübahisə yaranarsa, buna
dövlət məhkəməsində yox, arbitraj məhkəməsində
baxılacaq. Dünya təcrübəsində bu, geniş
yayılıb. Müxtəlif səbəblərdən
(dövlət məhkəməsində işin çox uzanma
ehtimalı və s.) tərəflər mübahisələrə
arbitrajda baxılmasına üstünlük verirlər. Xarici
vətəndaşlar da mübahisələrini Azərbaycanda
arbitraj məhkəmələrində həll edə bilərlər.
Həmçinin Azərbaycanın hüquqi və fiziki şəxsləri
öz mübahisələrini məsələn, Fransada,
Böyük Britaniyadakı arbitraj məhkəmələrində
həll edə bilirlər".
Ə.Həsənov qeyd edib ki, qanun layihəsinə əsasən,
arbitraj - arbitraj məhkəməsi tərəfindən məcburi
hüquqi qüvvəyə malik qərarın
çıxarılması məqsədilə həyata
keçirilən mübahisəyə baxılma prosesidir.
Arbitraj sazişi - tərəflər arasında yaranan və ya
yarana biləcək mübahisələrin arbitraja verilməsi
barədə tərəflərin razılaşmasıdır.
Arbitraj sazişi yazılı formada bağlanılır.
Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti
kimi və ya ayrıca müqavilə formasında ola bilər.
Daimi arbitraj təşkilatı mübahisənin həlli
üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə
aid məsələlər istisna olmaqla, arbitraj
icraatının idarə edilməsi, arbitrajın təşkilati
təminatı, o cümlədən, arbitrlərin təyin
olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə
(mandatına) xitam verilməsi məsələlərinin həlli,
kargüzarlıq, arbitraj haqlarının və digər
arbitraj xərclərinin ödənilməsinin təşkili
funksiyalarını həyata keçirəcək.
Hüquqşünasın fikrincə, arbitrlərə
etimad olmalıdır ki, tərəflər onlara müraciət
etsinlər. Lakin ümumilikdə yeni qanunun qəbulu müsbətdir:
"Arbitrajların olması ilə məhkəmələrin
iş yükü azalacaq. Bir qayda olaraq arbitrlər iqtisadi,
sahibkarlar arasında olan mübahisələrə
baxırlar" deyən hüquqşünas bildirib ki, əgər
arbitrajlar normal şəkildə işləsələr, bu, məhkəmələrin
iş yükünü azaldacaq, sahibkarlığın
inkişafına dəstək verəcə.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin
rəhbəri Xəyal Bəşirov bildirib ki, arbitraj institutu
böyük iqtisadi maraqların müqəddəratını
həll etdiyi hazırkı dünyanın, inkişaf etmiş
dövlətlərində kommersiya və iqtisadi mübahisələrin
həlli sahəsində daha operativ yanaşmanı təmin edən,
neytral, praqmatik, etibarlı və alternativ həll üsuludur.
Arbitri və ya arbitrləri problemin ədalətli həllində
ən maraqlı şəxslər olan mübahisə tərəfləri
öz iradələri əsasında seçir və
onların qəbul etdiyi qərarlar həmin tərəflər
üçün mübahisəsiz məcburi olur.
Yeni dünya düzəninə biz, Rusiya-Ukrayna
müharibəsinə görə "Yuxarı dəhliz"in,
İrana görə isə "Aşağı dəhliz"in
bağlı olduğu bir vəziyyətdə daxil
olmaqdayıq. Elə İkinci Qarabağ müharibəsini və
Azərbaycanın qələbəsini, ümumilikdə Cənubi
Qafqazla da bağlı yenilikləri şərtləndirən
"Orta dəhliz" Avropa ilə Asiyanın xilaskarı olmaq
iddiasını ortaya qoyub. Qlobal səviyyədə
böyük bir iqtisadi, logistika və ticarət yolunun əsas
həlqələrindən biri olan Azərbaycan
üçün elə o kalibrdə iqtisadi mübahisələr
ən aktual məsələyə çevrilməkdədir. Məhz
bu amili nəzərə alan Prezident İlham Əliyev Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının, Ələt
Azad İqtisadi Zonasının və digər azad iqtisadi zonaların
yaradılması kimi həm fəaliyyət dairəsinə, həm
də üstünlüklərinə görə regional
miqyası aşan böyük layihələri
reallaşdırmaqdadır. Azərbaycanın işğaldan
azad edilmiş ərazilər də daxil olmaqla iqtisadi rayonlara
bölgüsü prosesi həyata keçirilməkdədir:
"Biz hazırda otuz ilə yaxın müddətdə bizə
ağlagəlməz miqyasda iqtisadi zərər vuran Ermənistana
qarşı müxtəlif məhkəmə
platformalarında, o cümlədən də, Beynəlxalq
Arbitraj Məhkəmələrində böyük iddialar
qaldırmaqdayıq. Hesab edirəm ki, uzun illər ərzində
beynəlxalq arbitraj məhkəmələrinin qərarlarının
bizim ölkəmizdə məcburi xarakter
daşıdığını nəzərə alsaq, öz
ölkəmizdə belə məhkəmələrin fəaliyyət
göstərməsi çoxdan reallaşmalı idi. Bu sahədə
ən ali iradənin, kifayət qədər qanunların, digər
normativ aktların, Prezident sərəncamlarının və həmin
sərəncamlarda çoxlu sayda göstərişlərin
olmasına baxmayaraq, real addımlar atılmırsa, deməli,
bu, kimlərinsə qanuna və dövlətimizin
yürütdüyü siyasətə zidd fəaliyyətinin nəticəsidir.
Elə ən son, arbitraj məhkəmələri ilə
bağlı Prezidentin göstərişinin də əks
olunduğu 3 aprel 2019-cu il tarixdə dövlətimiz məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi məcburiyyətində
qaldı. Bununla belə, bu il ölkənin ən yüksək
məhkəmə instansiyası olan Ali Məhkəməyə
rəhbər təyin etmək məqsədilə dövlət
ən layiqli namizəd üçün tamamilə başqa sahəyə
müraciət etməli oldu. Ölkədə məhkəmə
sisteminin təşkili, hakimlərin və məhkəmə
sisteminin müstəqilliyinin təmin edilməsi kimi dövlət
əhəmiyyətli funksiyaları daşıyan Məhkəmə-Hüquq
Şurasının tərkibinin dəyişilməsinə gətirib
çıxaran qanunun dəyişikliyinə zərurət
yarandı. Bununla da dövlət onun iradəsinin hər
şeydən və hamıdan üstün olduğunu bir daha
göstərdi".
Milli Məclisin hüquq siyasəti və dövlət
qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyevin
dediyinə görə, məhkəmələr dövlət
adından qərarlar qəbul edirlər. Məhkəmələrdə
də hakimlər ədalət mühakiməsini həyata
keçirir. Amma arbitrlər hakim sayılmırlar. Biz, məhəkəmə
deyiriksə konstitusiyada məhkəmə sisteminin dəqiq dairəsi
bəlli olur ki, məhkəmə sisteminə hansı
strukturlar daxildir. Ona görə də arbitrlər
qeyri-kommersiya təşkilatıdır, qeyri-dövlət
orqanıdır: "Yeni qanunun qəbulu müsbətdir.
Qanunun tətbiq dairəsi, arbitraj təşkilatlarının
təşkili formaları və prinsipləri, arbitrajda
baxılan işlər, arbitraj sazişi, arbitraj icraatı və
digər məsələlər əksini tapıb. Hesab edirəm
ki, buna çox böyük ehtyac var idi. Bəzən illərlə
məhkəmələrdə süründürməçiliklər
davam edirdi. Buna da son qoyulacaq və qanun sahibkarlığın
inkişafına töhfə verəcək".
Parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyir
ki, ölkədə yeni arbitraj təsisatının
formalaşması Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən hüquqi islahatların
bir mərhələsidir: "Arbitraj təsisatının
yaradılması iqtisadi fəaliyyət sahəsində meydana
gələn mübahisələrin səmərəli alternativ
üsulu olaraq məhkəmələrin iş
yükünün əhəmiyyətli dərəcədə
azaldılmasına xidmət edəcək".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2023.- 16 dekabr, №229.- S.10.