Darıxıram

 

(Anamın əziz xatirəsinə)

Tək olub təklənmişəm, Ana!

Ruhunla danışıram

qorunmaq üçün,

təklikdən, tənhalıqdan,

tənələrdən...

Bezmişəm, Ana!

Üzüləndə

əlim göydən,

ayağım yerdən,

boşluqda uçuram,

hər yana baş çəkirəm,

hər tərəfə qaçıram.

- Kimi axtarırsan? - deyirlər,

onda göylərə üz tutur,

göylərə baxıram

hər dəm, hər an.

Hələ yanına gəlməyə

nə vaxtım yox,

nə də tələsmirəm.

Əlimdə işim çoxdu.

Bəlkə ruhunu

narahat edirəm,

Məni bağışla!

Özündən sonra

Nə bir qardaş,

nə bir bacı

qoydun mənə.

Arxa olmaq üçün arxamda.

Nə də həyatımın yoldaşı yox,

bel bağlamağa.

Hər şeyi özünlə apardın.

Bəlkə də,

təklik mübarizədir deyə.

İndi

hamı ac it kimi baxır üzümə.

Üzüm yaman sırtılıb,

göylərə baxmaqdan.

- Nəyin qalıb bu göy üzündə, -

soruşurlar,

hələ dərdimi deyə bilmirəm.

Səndən sonra bir bəhanəm

yoxdur,

səni axtarmağa...

Darıxmaq

gözlə qaş arasındadır,

gedib gəlmək üçün

İzn istəmişəm,

"İzn ver" - demişəm

Allaha,

Yanında qalmağa.

 

Zəmanə adam

 

Zəmanə səni doğa bilmədi,

Sən zamanəni doğub,

Öz qanından, canından

Zəmanə yaratdın,

Zəmanə qurdun.

Artıq budaqları artladın,

lazımsız

qol-qanadını qırdın.

Böyütdün, yeritdin,

arxasında durdun.

Arxa oldun,

arxalandı zaman sənə,

İman sənin, güman sənin oldu.

Sən zəmanəyə oxşamadın,

Zəmanə sənə oxşadı.

Sifəti ilə, ruhu ilə...

Ruhundan qidalandı,

canından mayalandı.

Səninlə yaşadı,

səninlə qaldı.

Sən onu böyütdün,

Sən onu yedirtdin, içirtdin,

öyüt, nəsihət verdin.

Üzünə ağ olanda

qılığına girdin.

İndi ürəklə deyirsən -

bizim zəmanəmiz.

Çox öyrəşdirdin özünə

Sənsiz zəmanə yiyəsiz,

sahibsiz olacaq

Özünü özündən uçuracaq.

Səndən sonra

qırıq-salxaq zəmanə qalacaq.

 

 

Ev tikdin

 

Ömrümə lağım atdın

Qazdın, mənə ev tikdin.

Nə axtardın, nə tapdın?

Yozdun, mənə ev tikdin.

 

 

İnandım şirin dilə,                     

 

Üzümə gülə-gülə,

Ömrümü pillə-pillə,

Düzdün, mənə ev tikdin.

 

Keçirdik qarlı qışı,

İslatdı yaz yağışı.

Alnımdakı qırışı

Pozdun, mənə ev tikdin.

 

Nə söz oldu, nə söhbət,

Bitdi o eşq-məhəbbət.

Aramızdan bir sərhəd

Cızdın, mənə ev tikdin.

 

Nə dərd oldun, nə dərman,

Nə haqq oldun, nə fərman.

Hərəmizə bir ünvan

Yazdın, mənə ev tikdin.

 

Özünə alışdırıb,

Talelə barışdırıb,

Ağlımı qarışdırıb,

Sözdən mənə ev tikdin.

 

 

O qızın sevdası

 

Əzablarım dözmədi,

Canımın ağrısına.

Kimim var gəlib qala,

Dərdimin qayğısına.

 

Ömrümü vərəq-vərəq,

Vərəqlədi bu sevgi.

Dost-düşmənin içindən

Soraqladı bu sevgi.

 

İndi pərəsəng düşüb

Dərdim eşqin əlindən.

Asılıb qalıb elə

Hər cəfası qəlbimdən.

 

 

Unuduram hər şeyi,

Hər şey bəhanə

m mənim.

O qızın sevdası da

Kəsilib dərdə qənim.

 

Qalib ŞƏFAHƏT

525-ci qəzet .- 2023.- 19 dekabr, ¹(231).- S.15.