İçimdəki sən
Ağrılarım gözəldi,
Üzülməyi sevirəm.
Sən mənə hər baxanda,
Günəşli bir havada
yarpaqların üzünə
toxunan yağış kimi,
Qucaqlayıb eşqimi,
o can alan baxışdan
süzülməyi sevirəm...
Neçə kəlməm boğulur,
Od tutur ürəyimi.
Qürur qapır yaxamı,
Qılınc kimi sancılıb
İncidir kürəyimi.
Ağrılarım gözəldi,
Üzülməyi sevirəm,
Elə bilmə dəliyəm,
Yalan deyil, bir də ki,
Adam belə də olur,
Ağlamıram, gülürəm.
Tək deyiləm, əzizim,
İçimdəki səninlə
Bir ömür yaşayıram,
qocalıram, ölürəm...
Qayıt gəl
Gündüzlərim birtəhər,
Gecələr yatammıram.
Yuxum qaçır, neyləsəm,
Ardıyca çatammıram.
Yeməklərin tamı yox,
Çay da ki, yaxşı dadmır.
Nə kitab, nə musiqi,
Heç nə başımı qatmır.
Nə var, nə yox soruşdun,
Çox görünür yoxluğun,
Başqa hər şey eynidi,
Başqa sənin sağlığın...
Yalandan niyə deyim,
Aldadım ki, yaxşıyam,
Mən bu cür mövzularda,
Bilirsən ki, naşıyam.
Yazdım xəbər edim ki,
Ayrılığın müddəti
Bu gündən sona çatır.
Hardasansa qayıt gəl,
Daha anlamışam ki,
Günüm sənlə başlayır,
Günüm səninlə batır.
Gəl barışaq
Qurban olum,
incimə hər sözümdən,
Sən bağışla,
mən küsərəm özümdən.
Nə bilmişdin?! Sevgidi bu,
Hərdən bir az ağrısı var,
acısı var,
Soruşma ki, necə oldu
gəlib bizə yoluxdu,
Ürəkdi də... danışdısa,
bir də gördün,
ağıl susdu, duruxdu...
Gəl barışaq, indən belə
həsrət nədi, hicran nədi,
Bunlar hamısı bizə çoxdu,
Özün yaxşı bilirsən ki,
Mən doymuşam dərdə, qəmə,
Ayrılığa yerim yoxdu...
Nigar ARİF
525-ci qəzet .- 2023.- 19 dekabr, №(231).- S.15.