Bu eşqin

 

Öz-özümə başım elə qarışdı,

Xərçəng kimi ürəyimə daraşdı.

Sanki mənə yaranışdan yaraşdı

Dadı-duzu, rəngi, səsi bu eşqin.

 

Gah yox yerdən başa bəla gətirər,

Gah başımdan ildırımlar ötürər.

Boz səhrada lalə-nərgiz bitirər,

Dəysə bir yol gül nəfəsi bu eşqin.

 

Dalğıc kimi dəryalara daldırar,

Bir pərdədə neçə hava çaldırar.

Ata dırnaq, quşa qanad saldırar

Sarı simdə zənguləsi bu eşqin.

 

İlk baxışdan anlaşılmaz, duyulmaz,

Kitab kimi əldən yerə qoyulmaz.

Yazılmaqla, oxunmaqla doyulmaz

Milyon-milyon səhifəsi bu eşqin.

 

Can evimdə kədər qəmə calanmış,

İki ömür yağmalanmış, talanmış.

Leyli-Məcnun, Əsli-Kərəm yalanmış,

Yaşayacaq əfsanəsi bu eşqin.

 

Hara qaçaq, tale bizdən qaçaqsa?

Ayrılığın vüsalından qoçaqsa.

Elə sevib-sevilək ki... Nə vaxtsa

Öyrənilər fəlsəfəsi bu eşqin.

 

Yolumuzda quyu kimi qazılmış,

Cana şirin ağrı kimi sızılmış.

Biz kimik ki?.. Haqdan belə yazılmış

Bismillahı, fatihəsi bu eşqin.

 

Sinəmdə

 

Heç kəs mənim ürəyimə dəyməsin,

Neçə ağrı-sızı yatır sinəmdə.

Yiyəsindən qorxub qaçan dərdlərin

Çoxu yatır, azı yatır sinəmdə.

 

Hara getsəm, yollarımı bağlayan,

Dağ çayıtək coşub-daşan, çağlayan,

Ürəyimdə için-için ağlayan,

Bir sevginin nazı yatır sinəmdə.

 

Dar günümdə kölgəm qaldı yanımda,

Kimsəsizlik dövrə vurdu qanımda.

Afrikanın istisi var canımda,

Arktikanın buzu yatır sinəmdə.

 

Tanıyandan tale mənə baxdı kür,

Heyrətindən dondu Araz, axdı Kür.

Bir kişinin qəlbi sınıq, bəxti kür

Dəli-dolu qızı yatır sinəmdə.

 

Yadındamı o zamanın, o çağın? -

Ayrılığa yuva oldu qucağın...

Göz yaşımla söndürdüyüm ocağın

Külü qalxır, közü yatır sinəmdə.

 

Gah özümdən ağır olur ürəyim,

Daşqalaqdan yağır olur ürəyim.

Gah da elə fağır olur ürəyim, -

Sanki yetim quzu yatır sinəmdə.

 

Bu torpağın ağrımayır harası?

Doğu-batı, güney-quzey arası.

Millətimin sağalmayan yarası,

Yarasının duzu yatır sinəmdə.

 

Çıxdı

 

Çox yola baş vurdum, qarşıma ancaq

Ya qurdun balası, ya özü çıxdı.

Vətənin bəxtinə dan sökülmədi,

Gecədən qaranlıq gündüzü çıxdı.

 

Bir şillə-təpiyə dəyməyənlərin,

Çaldığı çəpiyə dəyməyənlərin,

Gönü beş qəpiyə dəyməyənlərin

Günəşi parladı, ulduzu çıxdı.

 

Düşündüm bir arzum çiçək bitirər,

Axır bir mənzilə məni yetirər.

Dedim, bəlkə bir gün əlim gətirər, -

Qarşıma taleyin üç tuzu çıxdı.

 

Sustaldı şir kimi nərildəyənlər,

Dağda ildırımtək guruldayanlar.

Axşam bozqurd olub hörüldəyənlər

Sabaha ya qoyun, ya quzu çıxdı.

 

Aşıq, sən də götür telli sazını,

Bircə yol qırıldat sözün düzünü.

Qırx il kəbin kəsən molla-qazının

Kəbinsiz qırx oğlu, qırx qızı çıxdı.

 

Eşitmə, danışma, sən sus dedilər,

Küssən, öz bəxtindən get küs dedilər.

Hardansa bir dəfə "brıs" dedilər, -

Hər evdən bir tula, bir tazı çıxdı.

 

Yalağı bol oldu yarınanların,

Elə bir təknədən barınanların.

Mənə dost cildində sırınanların

Gördüm ki, bir anda buynuzu çıxdı.

 

Hər kəsin bənzəri var öz baxtına,

Gəlməyin canımın qəm paytaxtına...

Yezidlər həmişə qanlı taxtına

Qırmızı geyindi, qırmızı çıxdı.

 

Zəki BAYRAM

525-ci qəzet .- 2023.- 19 dekabr, №(231).- S.15.