ALLAHsız
çocuq...
Esse
Həyətə girən kimi əyri-üyrü nazik
dəmirlərdən düzəlmiş, anbar, ya da hin
qapısına bənzəyən qapıya yox, nisbətən
səliqəli, qarşısı süpürülüb su
çilənmiş qapıya yönəldim. Amma üzündə
məsum uşaq təbəssümündən daha cox xarab
mallar sırımaqda mahir olan, daima qarşısındakı
insanın zəif tərəfini axtaran tacir nəzərləri
olan oğlan məni o biri qapıya yönəltdi:
- Bura, məllim, bura...
- Bəs bu?
Bu, sual deyildi... Bu, istilik saxlamaq üçün yox,
toyuq-cücəni it-pişikdən qorumaq üçün nəzərdə
tutulmuş bir tikilinin qapısı ola biləcəyini
düşünə biləcək qədər gücü
olmayan bir şaşqının mızıltısı idi deyə
oğlan bic-bic gülüb:
- Ay məlllim, o, qonşunun evidir.
Onun bildiyini mənim bilməməyim ona ləzzət
eləmişdi...
- Aaa, o niyə bizim evimiz olur ki?
Adama qıcıq verən bir gülüşlə
gülür. Və məni qonşunun evinə buraxmamaqda bir məqsədinin
olduğunu ciddi-cəhdlə gizlətməyə
çalışır.
Qapını itələyib açır.
Qarşımda açılan mənzərə məni
bataqlıq üzərindən keçəcəyəmmiş
kimi heyrətləndirir. Niyə, nə üçün,
hansı məqsədlə hara daxil olduğumu kəsdirmədən
içəri keçirəm. Dar-daracıq olduğu qədər
də səliqəsiz və pinti bir məkan... Sağ tərəfdəki
də yataq otağıdır... Otaq deyəndə ki, bir
çarpayı və bir dolab tutacaq qədər sahəsi olan
bir oyuq... Bu məkanda yoxsulluğun bütün
görütüləri vardı. Həm maddi, həm də mənəvi...
Burada şərait yox idi, səliqə yox idi,
planlaşdırma, qaydalaşdırma, azacıq da olsa, çəki-düzən,
dərs oxumaq, oyun oynamaq, ən azından rahatca əyləşmək
üçün yer belə yoxdur. Havanın dəyişməsi,
gün işığının düşməsi
üçün pəncərə belə yoxdur... Burada hava
yoxdur, su yoxdur (həyətdəki kranlardan istifadə edirlər).
Burada insan üçün nəzərdə tutulmuş
davranış qaydalarının ən minimumu
üçün belə şərait yoxdur. Odur ki, ədəb-ərkan,
doğruçuluq, dürüstlük də yoxdur. Bura Tenardyelərin
meyxanasından qorxunc, Piri kişinin, Tom dayının
daxmasından yoxsul və acınacaqlıdır. Və ən dəhşətlisi
odir ki, burada dörd körpə böyüməyə məhkumdur.
Mən indi bu qocalmış körpənin
üzündəki saxta tüccar təbəssümünün,
qorxmadan ALLAHa yalandan and içməsinin, öz məqsədinə
çatmaq üçün istifadə etdiyi üsul və
priyomların, etdiyi günahlardan ciddi-cəhdlə yaxa qurtarmaq
istəməsinin tamamilə qeyri-səmimi olduğunun səbəbini
dərk elədim. Ah, cocuq, sən bu azacıq ömründə
yoxsulluğun hər üzünü görmüsən - pul,
çörək, meyvə, hava, su, istilik, qayğı, sevgi,
oyun, oxuyub-yazmaq üçün yer, rahat nəfəs almaq
üçün baca, rahat yatmaq üçün yataq, tərbiyə,
əxlaq, qayda-qanun...
Ah, cocuq, sənin üzündəki o mahir tüccar təbəssümü
bataqlıq çiçəyinin qönçəsinə bənzəyir.
Sən insanı özündə batırmağa haqlısan. O
bataqlığı başqaları yaradıb, sən orada
bitdiyin üçün günahkar deyilsən!
Sənin yaşadığın mühit ALLAHın məzərindən
iraqdır. Odur ki, orada ALLAH xofu yoxdur. Ah, ALLAHsız cocuq,
ALLAHın nəzərində ol, ALLAHın kölgəsi
düşsün üstünə, ALLAH alsın pənahına
səni.
Ah, ALLAHsız cocuq, insan aclıqdan da ölür,
toxluqdan da. Sən Kozettadan da, Tom Soyerdən də bədbəxtsən!
Bu bədbəxt bədii obrazların həyatını təhlil
edəndə gözlərinin içində qaynaşan o
çoxbilmiş qığılcımların səbəbi nə
qədər ürəkparçalayandır...
Xatirə RƏHİMBƏYLİ
525-ci qəzet .- 2023.- 19 dekabr, №(231).- S.14.