Qalib
gülüşü
ŞƏHİD ORXAN ƏLİYEVİN
XATİRƏSİNƏ
İkinci Qarabağ savaşının əsgəri
Orxan Ədalət oğlu Əliyev 19 dekabr 1991-ci ildə
Bakının Xəzər rayonunun Şağan qəsəbəsində
dünyaya göz açmışdı. Xəzərin səsi
anasının laylasına qarışıb, xəzri, gilavar
saçlarına sığal çəkmişdi. Əlivevlər
nəslinin göz bəbəyi idi Orxan. Atası Ədalət
Əliyev beş bacının tək qardaşı, iki
bacısından sonra dünyaya gələn Orxan Ədalətin
yeganə oğlu idi. Orxanın ilk gülüşü, ilk
sözü, ilk addımı bir başqa cür əzizlənib
oxşanırdı. Beləcə böyümüşdü
Orxan.
Hələ məktəbliykən 2005-ci ildə həyatın
ilk acısını daddı. Ata itkisi qəlbini yaraladı. Yaşı az
olsa da, anasının dayağı oldu.
Orxan Şağan qəsəbəsindəki Birinci
Qarabağ savaşının şəhidi Füzuli Gözəlov
adına 124 nömrəli tam orta məktəbdə doqquzillik təhsildən
sonra 13 nömrəli Bakı peşə liseyinə qəbul
olur. Ömrünün ən gözəl illəri idi -
arzularının aşıb-daşdığı, xəyallarının
qanad açdığı dönəmi idi. Elə bu illərdə
də ilk sevgisini tapdı. Sevib, sevildi Orxan. Liseyi bitirən
kimi nişan taxdı sevdiyi Nərminə. Və Vətən
borcunu yerinə yetirməyə yollandı. Həqiqi hərbi
xidmətini Goranboyda keçdi.
Xanımı Nərmin: "Kolleci bitirən kimi
nişanlandıq. Həqiqi hərbi xidmətdən sonra ailə
qurduq. Həyatım idi. Həyata sevgim idi Orxan. Sevgi dolu, qayğıkeş, diqqətli
idi. Çox gözəl ata idi Orxan. İki oğlumuz var:
Ədalət və Hüseyn. İndi təsəllim,
dayağım onlardır. Nə deyim? Hansı sözlərlə
tərifləyim? Onsuz yaşamağın necə çətin
olduğunu necə ifadə edim? Bilmirəm..."
Hərbi xidmətini başa vurub qayıtdı ailə
qurdu, ata oldu Orxan, amma ürəyi rahatlıq tapmadı.
"Necə ola bilər ki, torpaqlarımız ermənilərdə
qalsın?" deyə tez-tez özünə də,
yaxınlarına da bu sualı verdi. Ən çox da
bacısı ilə bölüşərdi.
Axı bir də şəhid bacıları var. Səsində,
sözündə ağrısını hiss etdiyin,
acısını duyduğun şəhid bacıları.
Günel kimi: "Mənim üçün həm ata, həm
qardaş, həm övlad idi elə bil Orxan. Mehriban,
şirindil, gülərüz. "Bacı" deyəndə
yerə-göyə sığmırdım. Həm də
çox vətənpərvər idi qardaşım.
Torpaqlarımızın işğalı ürəyində
yük idi elə bil. Tez-tez bu haqda danışardı. Gözləyirdi
müharibəni. Tovuz hadisələrindən sonra hər
gün hərbi komissarlığa gedirmiş ki, "bəs biz
döyüşə getməyəcəyik? Bütün bu xəyanətlər
cavabsız qalacaq?" Belə igid idi qardaşım.
Varlığıyla möcüzəydi həyatımızda.
Möcüzə də oldu".
Təmkinli səsinə arada həyacan, kövrəklik
qarışır, təşəkkür etməyi də
unutmur: "Sağ olun ki, qardaşımı yada
salırsız, şəhidləri xatırladırsız.
İndi çox yerdə, Şağanda da şəhidlərimizin
adına küçələr var. İstərdim ki, Orxan
Əliyev küçəsi də olsun".
Bir də şəhid anaları var, Təsəlli etməyə
söz tapmadığın, "oğlum ləyaqətli, qeyrətli
idi, torpaqlarımızın işğalına dözə
bilmirdi" deyib göz yaşını qüruru ilə ovudan
şəhid anaları. "Heç bilməmişəm, Tovuz
hadisələrində Polad Həşimov vurulandan sonra bir
neçə dostu ilə gedib könüllü
yazılıbmış. Savaşa gedəcəyini biləndə
"ailən, iki oğlun var, bəlkə getməyəsən?"
deyənlər oldu. Hərbi komissarlıq da evin tək
oğlu, iki balası olduğu üçün aparmaq istəməyib.
Özü israr edib. "Bəs ordakı oğulllar? Bəs
torpaqlar? Oğullarım böyüyəndə bu hadisələri
öyrənəcəklər. "Ata, müharibəyə niyə
getmədin?" soruşanda nə cavab verəcəm?"
İndi Ədalət, Hüseyn kimi balalar atalarıyla fəxr
edəcək" - bunları dedi Seyran xanım.
Azərbaycanın ərazi bütövlüyü
uğrunda başlayan savaşa könüllü gedən Orxan
Suqovuşan, Tərtər, Ağdərə uğrunda gedən
döyüşlərdən keçdi. 16 oktyabrda şəhid
oldu.
"Vətən uğrunda", "Suqovuşanın
azadlığına görə", "İgidliyə
görə" medalları ilə təltif olunub.
Rasim Sultanov Orxanla bir sinifdə oxuyub: "Orxan
haqqında nə qədər danışsam, nə desəm,
az olar. Uşaqlıqdan bir yerdəyik. Heç
ayrılmazdıq. Etibarlı, sadiq idi. Qardaş var dost ola
bilmir, dost var qardaş olur. Elə idi mənim
üçün. Tovuz hadisələrindən sonra gedib
könüllü yazıldıq orduya. Tez-tez hərbi
komissarlığa gedirdik, maraqlanırdıq. İstənilən
gün döyüşə hazır idik. Savaş başlayan
kimi getdik. Orxanın mərd, qorxmaz olduğunu bilirdim,
döyüşlərdə bir daha bunun şahidi oldum. Bir
şəhidi erməni keçidində qoymazdı. Təkbaşına
gedib götürürdü. Yaralıları atışma
zonasından çıxarırdı. Elə çevik idi, cəld
idi ki! Əsl hərbçi kimi atışırdı, elə
bil xüsusi hazırlıq keçmişdi. Ən gözəl
xatirələrimi, uşaqlığımı, gəncliyimi
itirdim elə bil. Amma biz şəhidliyi gözə
almışdıq. Qələbəmizə inanırdıq.
Qalib ordunun əsgəri olmaq qürurludur, torpaqların
azadlığı uğruna şəhid olmaq da şərəflidir".
Orxan və dostlarının savaşa gedərkən
çəkilmiş video görüntülərini izlədim.
Hamısı sevinir, hamısı gülür. Fəxrimiz
general Polad Həşimovun ölümündən sonra hər
gün hərbi komissarlığa gedən Orxan onları savaşa
aparacaq maşının pəncərəsindən də
gülə-gülə baxır, sevinclə yola salanlara əl
edir. Döyüş dostları deyir "şəhid olanda da
gülürdü Orxan. Üzündə elə
gülüş vardı ki, şəhid olduğuna
inamadıq".
Oğluna son dəfə baxmaq istəyən ananın
hayqırtısı da birdən kəsilmişdi. Gülümsəmişdi
ana tabutdakı oğlunun üzündəki gülüşə
cavab olaraq. Gülə-gülə getdi Orxan savaşa da, o uca
zirvəyə də. Orxan qələbəyə - qalib
olmağa getmişdi və qalib oldu! Qaliblər gülər.
Kamalə ABİYEVA
525-ci qəzet .- 2023.- 19 dekabr, №(231).- S.14.