Professor Mahirə
Hüseynovanın türkoloji görüşləri
Azərbaycanda milli-ideoloji düşüncənin
formalaşması, mənəvi dəyərlərimizin, tarixi
köklərimizin tədqiq və təbliği işinə hələ
sovet dövrünün ən mürəkkəb illərində
xüsusi diqqət ayıran Ulu öndər Heydər Əliyev
respublikada türkoloji düşüncənin inkişafı
üçün lazımi şərait yaratdı. Ümummilli
liderin siyasi-ideoloji fəaliyyətinin layiqli
davamçısı olan İlham Əliyev də hər zaman
Türk dünyası konsepsiyasına həssaslıqla
yanaşır və bunu dövrümüzün aktual məsələlərindən
birinə çevirib. Professor Mahirə Hüseynovanın elmi
yaradıcılığı da bu konsepsiyaya xidmət göstərərək
Azərbaycan dilçiliyinin bütün sahələrini əhatə
edir. Bundan əlavə, o, türkoloji dilçilik məsələlərinə
aid mühüm tədqiqatların, layihələrin müəllifidir.
Qədim və ortaq kökə malik türk dilləri dialektlərinin
qarşılıqlı inteqrasiya məsələləri bu
günədək türkologiyada, demək olar ki, əsaslı
və fundamental şəkildə araşdırma obyektinə
çevrilməyib. Professor Mahirə Hüseynovanın
"Türk dilləri dialektlərinin qarşılıqlı
inteqrasiyası" adlı monoqrafiyasını aktual edən cəhətlər
həm də bundan ibarətdir ki, türk dillərinin dialektlərinin
hər biri ayrı-ayrılıqda öz ilkinliyinə,
miqyasına, tarixi-linqvistik faktlarına görə olduqca zəngindir,
bu isə həmin dillərin dialektlərində fonetik, leksik,
qrammatik xüsusiyyətlərin hərtərəfli
araşdırılmasını şərtləndirən amillərdəndir.
Bu məqsədlə professor Mahirə Hüseynova "Türk
dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası"
mövzusunda layihə hazırlayaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişaf
Fondunun qrant layihələri müsabiqəsinə təqdim
edib və həmin müsabiqənin qalibi olub.
Onu da qeyd edək ki, türk dillərinin
daşıyıcısı olan xalqlar çox yaxın genetik
ortaqlığa malikdirlər və bu mövzu Mahirə
xanıma qədər dialektal aspektdə, demək olar ki, kifayət
qədər geniş şəkildə
araşdırılmamış və cüzi şəkildə
görülən işlər lokal və epizodik xarakterli
olmuşdu.
Bu baxımdan, filologiya elmləri doktoru, professor Mahirə
Hüseynovanın yaxın zamanlarda çapdan
çıxmış "Ümumtürk dillərinin dialekt və
şivələrinin qarşılıqlı
inteqrasiyası" kitabını Azərbaycan dili dialektlərinin
türk dilləri və dialektləri ilə müqayisəli tədqiqinə
dair yazılmış ilk ensiklopedik əsər hesab etmək
olar. Kitabda Azərbaycan dili dialektlərinin tədqiqi, eləcə
də digər türk dillərinin öyrənilməsində
mövcud yeniliklər, dialektlərin müqayisəli tədqiqi,
ümumtürk dillərində etnoqrafizmlər,
qarşılıqlı inteqrasiya məsələləri,
türk dillərinin diferensiasiyası və inteqrasiyası,
türk dillərinin və dialektlərinin təşəkkülü,
təsnifi, ədəbi dillərin koyne dialektləri, türk
dillərinin dialekt bölünməsi və sair mühüm
problemlər ümumtürkoloji səviyyədə
araşdırılıb.
Professor M.Hüseynova araşdırmanı üç
istiqamətdə aparıb. Türk dilləri dialektlərində
tarixən baş verən fonetik dəyişmələri nəzərə
almadan və fonetik hadisələri düzgün qiymətləndirmədən
səmərəli nəticələr əldə etmək
mümkün deyil və elə buna görə də
araşdırmanın birinci istiqamətində türk dilləri
dialektlərinin fonetik xüsusiyyətləri dayanır.
Birinci fəsildə "Azərbaycan dilçiliyində
ümumtürk dilləri dialekt və şivələrinin
müqayisəli aspektdə tədqiqi məsələləri"
araşdırılır. Alim bu problemi iki istiqamətdə
öyrənməyi məqsədəuyğun hesab edir.
Birincisi, birbaşa dialektlərə aid tədqiqatlar. Bu istiqamətdə
M.Şirəliyev, T.Hacıyev, H.Mirzəyev, E.Əzizov,
B.Əhmədov, M.Məmmədli və başqalarının tədqiqatları
təhlil edilir. Hər bir tədqiqata həssaslıqla
yanaşılır, dilçiliyimizə verdiyi töhfələr
xüsusi mənalandırılır. Bu baxımdan, akademik
M.Şirəliyevin fəaliyyətinin yüksək dəyərləndirilməsi
olduqca təqdirəlayiq haldır. Alimin M.Şirəliyevi Azərbaycan
dialektologiyasının banisi hesab etməsi fikri də real məntiqə
söykənir. XX əsrin əvvəllərində
dialektologiyaya dair müəyyən araşdırmalar
aparılsa da, dilçiliyin bu sahəsinin elmi əsaslarla
öyrənilməsi M.Şirəliyevin fəaliyyəti ilə
başlanır. M.Şirəliyev hələ
sağlığında dialektoloji məktəb
yaratmış, onun rəhbərliyi ilə şivələrin
əksəriyyəti monoqrafik üsulla öyrənilmiş,
dialektoloji lüğət və atlaslar tərtib olunmuşdu.
Məhz onun sayəsində sovet dönəmində Azərbaycan
dialektoloji mərkəzə çevrilmişdi. M.Hüseynova hər
bir tədqiqatın mütərəqqi cəhətlərini
oxucuların diqqətinə çatdırır. T.Hacıyevin
Cəbrayıl şivəsini tədqiq etməklə
dialektologiyaya yeni nəzəri fikirlər əlavə etməsini,
H.Mirzəyevin Dərələyəz şivəsini öyrənməklə
dialektlərin lüğət tərkibini zənginləşdirməsini,
E.Əzizovun tarixi dialektologiyaya dair tədqiqlərini, B.Əhmədovun
söz yaradıcılığına dair
araşdırmalarını, M.Məmmədlinin dialektlərin
qrammatik xüsusiyyətlərini Ural-Altay dilləri
arealında öyrənməsini xüsusi vurğulayır.
İkinci istiqamət isə dialektlərlə əlaqəli
şəkildə tədqiqatların aparılmasıdır. Bu
istiqamətdə türk dilləri dialektlərinin leksik
xüsusiyyətlərinin tədqiq edilib. Burada dialektoloji vahidlərin
formalaşma tarixinə, areallarına, oxşar və fərqli
cəhətlərinə, etimologiyasına daha çox diqqət
yetirilib. İkinci fəsil "Ümumtürk dilləri
dialektləri və şivələrinin
qarşılıqlı inteqrasiyası" probleminin şərhinə
həsr olunub. Burada dialektlərin təşəkkülü,
türk dillərinin inteqrasiyası, türk dillərinin təsnifi,
ədəbi dilin koyne əsası, ortaq türk dilinin
yaradılması, ana kitabımız olan "Kitabi-Dədə
Qorqud" abidəsinin dilimizin tarixinin öyrənilməsində
rolu kimi problemlərin həlli qarşıya qoyulub və
müvəffəqiyyətli həllinə nail olunub. Ortaq
türk dili ilə bağlı alimin mülahizələri
maraqlı və önəmlidir.
Üçüncü istiqamətdə müəllifin
məqsədi türk dilləri dialektlərinin morfoloji
xüsusiyyətlərini araşdırmaq olub. Bu istiqamətdə
"Fonetik xüsusiyyətlər" bölməsi nəzəri
fikirlərin və praktik materialın zənginliyi ilə diqqəti
cəlb edir. Bu bölmədə qədim və müasir
türk dillərinin və dialektlərinin fonetik
quruluşu-saitlərin fonematik xüsusiyyətləri, saitlərin
mənşəyi və kəmiyyəti, səs keçidləri,
diftonqlaşma, ahəng qanunu, proteza, səslərin
düşümü, assimilyasiya, dissimilyasiya, Azərbaycan və
özbək dillərində şəxs adlarının fonetik
cəhətdən müqayisəsi, Azərbaycan və qazax
dilləri arasında ortaq xüsusiyyətlər
ümumtürkoloji səviyyədə təhlil olunub, türk
dilçiliyi üçün əhəmiyyətli fikir və
mülahizələr irəli sürülüb. Kitabın
"Morfoloji xüsusiyyətlər" bölməsində
türk dilləri və dialektləri arasında inteqrasiya
prosesləri nəzərdə saxlanmaqla hal, mənsubiyyət,
kəmiyyət formaları, şəxs və işarə əvəzlikləri,
feilin təsriflənən və təsriflənməyən
formaları və zərflər qədim yazılı abidələr,
müasir türk dilləri və dialektləri ilə
müqayisəli şəkildə tədqiqata cəlb edilib.
M.Hüseynovanın "Ümumtütk dillərinin
dialekt və şivələrinin qarşılıqlı
inteqrasiyası" adlı monoqrafiyası türk dillərinin
və dialektlərinin arasında inteqrasiya proseslərinin tədqiqini
aktuallaşdıracaq və bu istiqamətdə tədqiqatların
genişlənməsinə zəmin yaradacaqdır.
Çünki türk dillərinin dialektləri, şivə
sözləri tədqiq olunmağa başladığı
gündən indiyədək yazılmış dialektologiya
kitablarında və eləcə də ayrı-ayrı elmi tədqiqat
əsərlərində ümumi qrammatik mənasına
görə iş, hal-vəziyyət, hərəkət bildirən
və morfologiyanın özəyi, tərkib hesab olunan feillərin
türk dillərinin dialektlərinə
qarşılıqlı inteqrasiyası məsələsinə
toxunulmamış və konkret dil faktlarına əsaslanan
mülahizələr söylənilməmişdi. Əlbəttə,
feil çoxkateqoriyalı bir nitq hissəsidir və
türkologiyada bu nitq hissəsinin arxaikləşməsi,
lüğəvi məna növləri, quruluşu, təsriflənən
və təsriflənməyən formaları, eləcə də
növ, inkarlıq, təsirlik və təsirsizlik kimi
kateqoriyalarından kifayət qədər bəhs olunsa da,
ayrı-ayrı türk dillərinin dialektlərində
onların necə işlənməsi məsələsi
müqayisəli şəkildə araşdırma obyektinə
çevrilməmişdi. Bunu nəzərə alaraq M.Hüseynova
araşdırmalarında ümumtürk dillərinin dialektlərində
işlənən feilləri qarşılıqlı inteqrasiya
müstəvisində nəzərdən keçirməyi zəruri
hesab edib.
Genetik cəhətdən türk dilləri ailəsinə
və morfoloji-tipoloji cəhətdən iltisaqi dil qrupuna aid
olan türk dillərinin fonetik, leksik, qrammatik dialekt vahidləri
ilə bağlı professor M.Hüseynovanın xeyli sayda elmi məqalələri
həm ölkəmizdə, həm də Rumıniyada,
Qazaxıstanda, Türkiyədə, Tatarıstanda,
Qırğızıstanda və digər ölkələrdə
nəşr olunub. Hətta müəllifin "Azərbaycan
dilinin yemək və içki adlarının tarixi-etimoloji
lüğəti" adlı kitabında da Azərbaycan yemək və
içki adlarının etimologiyası ilə bərabər,
onların türk dillərində və dialektlərində nə
dərəcədə geniş dairədə işlənməsinə
də diqqət yetirilib.
Ümumiyyətlə, M.Hüseynova türk dilləri
dialektlərinin kompleks şəkildə öyrənilməsini
qarşısına məqsəd qoyub. Bu kompleksdə qohum dillərin
dialekt bölünməsi və inteqrasiyası da əsas yerlərdən
birini tutur. O, ümumtürk dilləri dialektlərinin bu və
ya digər türk dillərinin ədəbi dillərinə
inteqrasiyası ilə bağlı da məqalələr
hazırlayıb və məqalələri xarici mətbuat səhifələrində də dərc edilib. Bu cəhətdən
alimin türk dünyasının dil materiallarının tədqiqata
cəlb edilmiş hissəsi ilə bağlı elmi qənaəti
xüsusi maraq doğurur. Professor M.Hüseynovanın elmi tədqiqatlarında
qədim türk tayfa və qəbilələrinin mənşəyi,
dili, təşəkkül tarixinin öyrənilməsi də
önəmli yerə sahibdir.
Son illər ərzində M.Hüseynova türkologiya ilə
əlaqədar Türkiyənin bir çox şəhərlərində,
habelə Tatarıstan (Rusiya), Qazaxıstan, Özbəkistan,
Almaniya və Azərbaycanda təşkil olunan bir sıra beynəlxalq
simpozium və konfranslarda fəal iştirak edib. Bununla da
dünya türkoloqları arasında ölkəmizi təmsil
edərək, Azərbaycan türkologiya elmini də uğurla
tanıtmağa nail olub.
Şəkər MƏMMƏDOVA
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun
Türkoloji mərkəzinin direktoru
525-ci qəzet .- 2023.- 19 dekabr, №(231).- S.11.