İlham Əliyev ən
layiqli lider, böyük şans və tam düzgün
seçimdir
Azərbaycan Respublikasında növbədənkənar
prezident seçkilərinin keçirilməsi, hər şeydən
əvvəl, ölkəmizin yeni inkişaf mərhələsinə
daxil olması ilə əlaqədardır. Belə ki, Azərbaycan
Respublikası müstəqilliyin 30 ili ərzində
özünün bütün strateji vəzifələrini
uğurla yerinə yetirmişdir. Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev müstəqilliyin
başlanğıc illərində xalqımızı və
dövlətimizi real təhlükələrdən xilas
etmiş, böyük gələcəyin möhkəm əsaslarını
yaratmışdır. Ölkəmizdə hərtərəfli
və davamlı inkişafın təmin edilməsi
üçün siyasi varislik təmin edilmişdir. Azərbaycan
Respublikasının Przeidenti İlham Əliyev ölkəmizə
rəhbərlik etdiyi 20 ildən artıq bir dövr ərzində
müstəqil dövlətimizi bütün istiqamətlər
üzrə böyük addımlarla və qətiyyətlə
irəli aparmışdır. Prezident İlham Əliyevin rəhbərliyi
ilə "Əsrin müqaviləsi" uğurla davam və
inkişaf etdirilərək, ölkəmiz nəinki regionun, hətta
Avropanın əsas neft-qaz ixracatçısına
çevrilmişdir. Həyata keçirilən uğurlu xarici
siyasət Azərbaycan Respublikasını həm regionun və
həm də dünyanın həlledici səsə malik olan
söz sahibi səviyyəsinə qaldırmışdır.
Respublikamızda qeyri-neft sektoru: aqrar sahə, nəqliyyat,
gömrük, turizm, ictimai iaşə istiqamətində
aparılan islahatlar dövlət büdcəsini
formalaşdıran əsas gəlir mənbələri
sferasına çatdırılmışdır.
Ən başlıcası isə Müzəffər Ali
Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə Azərbaycanın
əsas problemi olan Qarabağ problemi qəti şəkildə
həll edilmişdir. Prezident İlham Əliyev cəmi 44
gün ərzində erməni
işğalçılarını tarixi Azərbaycan
torpağı olan Qarabağda darmadağın edərək,
xalqımıza böyük Zəfər
qazandırmışdır. Bu ilin 20 sentyabrında isə cəmi
bir günlük uğurlu hərbi əməliyyatdan sonra
Qarabağda illərdən bəri davam edən
separatçı rejimin mövcudluğuna son qoyulmuş, Azərbaycan
Respublikasının ərazi bütövlüyü və
suverenliyi tam təsdiq edilmişdir. Beləliklə, Azərbaycan
Respublikası müstəqil dövlət kimi
özünün bütün strateji hədəflərinə
nail olmuş, qarşısına qoyduğu vəzifələri
layiqincə həyata keçirmişdir.
Bütün bunlara görə Azərbaycan
Respublikası hazırda de-fakto yeni inkişaf mərhələsinə
daxil olmuşdur. Zamanın meydana çıxardığı
bu müasir inkişaf mərhələsinin irəli
sürdüyü çağırışlar növbədənkənar
Prezident seçkilərini şərtləndirən ən
mühüm səbəbdir. Çünki yeni mərhələnin
strategiya və taktikasının müəyyən edilməsi,
bu dövrün siaysi-ideoloji, hərbi-iqtisadi, elmi-mədəni
istiqamətlər üzrə məsuliyyətli vəzifələrinin
məqsədyönlü şəkildə həyata
keçirilməsi zərurəti artıq Zamanın tələbinə
çevrilmişdir. Azərbaycan xalqı, o cümlədən,
ölkəmizin alimləri möhkəm surətdə
inanırlar ki, Azərbaycan Respublikasının
qarşıdakı böyük qlobal və mühüm
regional problemlərinin həyata keçirilməsində
ölkəmizin Lideri İlham Əliyev faktoru əsas və həlledici
əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin
müstəqil dövlətimiz və xalqımız
qarşısındakı tarixi xidmətləri, dövlət
başçısı kimi möhkəm siyasi iradəsi, zəngin
təcrübəsi, beynəlxalq aləmdə
qazandığı yüksək nüfuz, doğma xalqından
aldığı sarsılmaz etimad onu dünya liderlərinin
ön sırasına çıxarmışdır. Müstəqil
Azərbaycan Respublikasının bundan sonrakı yeni tarixi mərhələsinin
qarşıya çıxaracağı bütün problemlərin
həll edilməsində və inkişafdan - intibaha doğru hərəkatda
İlham Əliyev əvəzsiz imkanlara malikdir.
Bundan başqa, 7 fevral 2024-cü il seçkiləri Azərbaycan
tarixində ilk dəfə ölkəmizin ərazi
bütövlüyü şəraitində keçiriləcək
seçki olaraq tarixə düşür. Artıq Vətən
müharibəsindəki Zəfərdən sonra Prezident
İlham Əliyevin birbaşa rəhbərliyi ilə uğurla
həyata keçirilməkdə davam edən Böyük
Qayıdış hərəkatı Qarabağ əhalisinin əksəriyyətinin
özlərinin dədə-baba torpaqlarında səs vermələrinə
şərait yaradır. Bu, eyni zamanda, Azərbaycanın
çoxəsrlik tarixi ərzində ilk dəfə Azərbaycanın
bütün ərazisində dövlət
bayrağımızın dalğalandığı şəraitdə
keçirilən birinci prezident seçkisi kimi də
mühüm böyük ictimai-siyasi əhəmiyyətə
malikdir. Bu isə öz növbəsində Azərbaycan
Respublikasında müstəqil dövlətimizin suverenliyinin
tam təsdiq olunduğu tarixi bir məqamın seçkisinin
keçirilməsi deməkdir. Möhtəşəm 20 ildə
bütün istiqamətlər üzrə xalqımıza
böyük uğurlar qazandıran, ölkəmizi hərtərəfli
surətdə inkişaf etdirən Prezident İlham Əliyev ərazi
bütövlüyü və suverenliyi tam təsdiq olunmuş
müstəqil Azərbaycanın qüdrətli lideridir. Bundan
sonrakı dövrdə Azərbaycan Respublikasının
çoxcəhətli inkişafının təmin edilməsi,
ölkəmizin ərazi bütövlüyünün
etibarlı şəkildə qorunması və dövlət
suverenliyimizin daha da möhkəmləndirilməsi, beynəlxalq
aləmdə meydana çıxacaq problemlərin milli mənafelərimizə
uyğun surətdə həll edilməsi üçün əsl
dövlət başçısından tələb olunan
bütün keyfiyyətlər və xüsusiyyətlərin
hamısı ən yüksək səviyyədə İlham
Əliyevin simasında cəmlənmişdir. Bu gün
dünya miqyasında da İlham Əliyev kimi hərtərəfli
yüksək siyasi-mənəvi keyfiyyətlərə,
geniş intellektual imkanlara, böyük nüfuza malik olan və
xalqının sarsılmaz etimadını qazanmış liderlər
göstərmək çətindir. Azərbaycan xalqı, sadə
zəhmət adamlarından alimlərimizə,
yazıçılarımıza, ziyalılarımıza qədər
xalqımızın bütün təbəqələri
üçün Yeni Azərbaycan Partiyası tərəfindən
növbədənkənar Prezident seçkilərində
İlham Əliyevin namizədliyinin irəli sürülməsi
tam məntiqi və qanunauyğun bir hal kimi yüksək səviyyədə
qəbul edilir. Dünyanın hazırkı çətin və
mürəkkəb hərbi-geosiyasi şəraitində və
ölkəmizin inkişafdan - intibaha doğru yüksəlişi
naminə gedəcəyimiz yolda müstəqil dövlətimiz
və xalqımız üçün İlham Əliyev ən
layiqli lider, böyük şans və tam düzgün
seçimdir.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, Milli Məclisin deputatı, akademik,
525-ci qəzet .- 2023.- 19 dekabr, №(231).- S.6.