Azərbaycana böyük etimad - COP29

 

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulu tarixi hadisə olmaqla yanaşı, ölkəmizə beynəlxalq müstəvidə olan etimadın göstəricisidir. Azərbaycan indiyədək bir çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Eyni zamanda, ölkəmiz son 4 il ərzində BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib. Azərbaycanın sədrliyinin, irəli sürdüyü təşəbbüslərin, gördüyü işlərin bu qurumun fəaliyyətini  canlandırdığını, onun nüfuzunu yüksətdiyini qətiyyətlə söyləmək olar. Bu məqam həm QH çərçivəsində, həm də digər müstəvilərdə etiraf olunur. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycan nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olmaqla yanaşı, həm də təhlükəsizlik baxımından sabit ölkədir. Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün seçilən ölkələrdə bu məqama xüsusi önəm verilir. Azərbaycan bu ilin sentyabrında keçirdiyi lokal antiterror tədbirləri ilə öz ərazisində qanunsuz silahlı dəstələrin varlığına son qoydu, separatizmin kökünü kəsdi. Bununla da ölkəmiz daha sabit, təhlükəsiz mühiti bərqərar etdi. Düzdür, bəzi dairələr bundan sonra ölkəmizə qarşı qərəzli yanaşmalar irəli sürdülər, amma dünyanın əksər ölkələri Azərbaycanı dəstəklədi.

Prezident İlham Əliyev COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə bu məqama toxunaraq deyib: "Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni burada yekdil mövqe bir daha özünü göstərdi.

Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbiri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.

Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir".

Məlumat üçün bildirək ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşürdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif etdi. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdülər. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri çəkdi. Dekabrın 11-də keçirilən COP28-in plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 gələn il Azərbaycanda keçirilməsinə dair yekdil qərar qəbul edildi.

Xatırladaq ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Milli Məclisin deputatı Musa Quliyev mövzu ilə bağlı bildirib ki, COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizin tarixində çox mühüm hadisədir: "Təsadüfi deyil ki, bu tədbirin keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsinin sədri cənab Prezidentin özüdür və komitənin ilk iclasında ölkə başçısı çıxış edərək, tədbirin olduqca ciddi uğurlar nəticəsində əldə olunduğunu və tarixi əhəmiyyət daşıdığını qeyd edib. Ölkə başçısı haqlı olaraq vurğulayıb ki, belə bir tədbirin Azərbaycanda keçirilməsini dünyanın bütün ölkələri, o cümlədən, Ermənistan da dəstəkləyib. Bu, Azərbaycana göstərilən böyük hörmət və ehtiramdır. Digər tərəfdən Azərbaycan iki ay öncə çox ciddi antiterror tədbirləri keçirərək, ölkəmizin bütün ərazilərində suverenliyimizi bərpa etdi. Həmin zaman Fransa başda olmaqla bir sıra Qərb ölkələri Azərbaycana qarşı çıxdılar, ölkəmizi tənqid etdilər. Nəticədə isə cəmi iki ay sonra bütün dünya dövlətləri Azərbaycanı dəstəklədi. Bu isə Azərbaycanın haqq işini həyata keçirdiyini bir daha göstərmiş oldu.

COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanı bir daha dünyanın mərkəzinə gətirəcək və Azərbaycan son illərdə əldə etdiyi böyük uğurları daha böyük miqyasda təkrarlayacaq. Cənab Prezident öz çıxışında həm də Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə əldə etdiyi uğurlardan da danışdı və göstərdi ki, 120 dövləti əhatə edən bu böyük təşkilata Azərbaycanın sədrliyi dövründə hərəkat daha da inkişaf edərək, güclü təşkilata çevrilib. Təşkilatın parlament, gənclər, qadınlar şəbəkəsi yarandı və Qoşulmama hərəkatı BMT-dən sonra ikinci çox ciddi bir təşkilata çevrildi. Bu isə məhz Azərbaycanın uğurudur. Bu uğurlara görə Azərbaycanın təşkilata sədrliyi bir il daha uzadıldı. Eyni zamanda Azərbaycanın bölgədə sülhə və sabitliyə qarant dövlət olduğu da belə bir tədbirlə bir daha təsdiqlənir.

COP29 Azərbaycanda yüksək səviyyədə keçiriləcək, bu çərçivədə ölkəmizə 60-70 min qonağın gələcəyi gözlənilir. Bu tədbirin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir".

 

 

Pərvanə  

525-ci qəzet .- 2023.- 19 dekabr, №(231).- S.5.