Ali təhsildə məqsədyönlü
addımlar, önəmli nəticələr
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ
DÖVLƏT PROQRAMINDAN İRƏLİ GƏLƏN
VƏZİFƏLƏR UĞURLA İCRA EDİLİR
Azərbaycan Respublikasının ayrılmaz tərkib
hissəsi olan Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023-2024-cü illər
üçün Dövlət proqramı dövlət
başçısı, cənab İlham Əliyev tərəfindən
5 iyun 2023-cü il tarixində imzalanmış Sərəncamla
təsdiq olunub. Burada, qarşıdakı dövrlər üzrə
11 əsas prioritet üzrə tədbirlər müəyyən
edilib ki, bunlardan biri də 9-cu, "İnsan kapitalının
inkişafı" ilə bağlı olan Prioritetdir. Orada nəzərdə
tutulur ki, Naxçıvan Muxtar Respublikasında ali təhsilin
keyfiyyətinin artırılması məqsədilə,
Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin
ali təhsil müəssisələri arasında əməkdaşlıq
gücləndiriləcək, birgə proqramlar təşkil
olunacaq, həmçinin ali təhsil müəssisələrində
yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi,
tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə
layihələr həyata keçiriləcək.
Qeyd olunmalıdır ki, Naxçıvan Dövlət
Universitetində artıq dünya təhsilinə inteqrasiya
olunmaq üçün potensial və infrastruktur
formalaşıb. Təbii olaraq, bunlar isə, qarşıya
qoyulmuş olan məqsəd, vəzifə və hədəflərin
əlçatan olmasında mühüm amil olaraq,
çıxış etməkdədir.
Geridə qalan dövrlər ərzində qardaş
Türkiyə Cümhuriyyətinin nüfuzlu ali təhsil
müəssisələrində, Avstriyanın ən prestijli kənd
təsərrüfatı araşdırma mərkəzində,
Yaponiyanın nüfuzlu Asiya Universitetlərinin Sammitində təmsil
olunmaq, hər birində, ölkəmizin uzunmüddətli elm
və təhsil sahələri üzrə tədbirlərinə
töhfə olacaq nəticələr əldə etmək, məhz
Naxçıvan Dövlət Universitetinin ötən dörd
il ərzində uğurlarının sadəcə olaraq bir
qismini təşkil edir. İkili diplom layihələrinin
reallaşması, müəllim və tələbə
mobilliyinin, qarşılıqlı elmi araşdırma fəaliyyətinin
təmin olunması, Texnopark quruculuğu proseslərində
müvafiq ali məktəblərin təcrübələrindən
yararlanmaq da, məhz ali məktəbimizin mütərəqqi
nailiyyətlərini ifadə edir. Təbii olaraq, həmin tədbirlər
uğurludur, davamlıdır və perspektivlidir.
Belə ki, universitetimizin beynəlxalq əməkdaşlıqlarında
artıq Polşa Respublikasının Jeşuv Universitetinin də
adını görə biləcəyik. Rektorumuzun rəhbərliyi
ilə nümayəndə heyətinin həmin dövlətin
bəhs olunan ali məktəbinə səfər zamanı,
qarşılıqlı əməkdaşlıqlar barəsində
razılaşmalar əldə olunub, Jeşuv Universitetinin
rektoru, professor Silvester Çopek və heyəti ilə
görüş zamanı bir sıra əməkdaşlıq
perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə
heyətimiz tərəfindən universitetimizdə inşa
olunan Texnoparkın səmərəli fəaliyyətinin təmin
olunması məsələlərinə də diqqət
göstərilib, bunun üçün, Jeşuv Universitetinin
Texnopark, Nanotexnologiya və Biotexnologiya mərkəzləri ilə
tanışlıq olub. Eyni zamanda, qarşılıqlı əməkdaşlıqlar
nəticəsində: Universitetlər arasında tədrisi
İngilis dilində aparılan Tibb ixtisasında təhsil alan
tələbələrin mübadiləsi və rezidentlərin
3-6 aylıq rotasiyalarının təşkili; Jeşuv
Universiteti ilə Naxçıvan Dövlət Universiteti elmi
kitabxanaları arasında ikili münasibətlərin
qurulması; Hər iki ali təhsil müəssisəsi
kitabxanalarının elmi bazasından tələbə və
müəllim heyətinin istifadə etməsi; Ortaq beynəlxalq
layihələrin yazılması, Erasmus+ proqramı çərçivəsində
qarşılıqlı tələbə və müəllim
heyətinin mübadiləsi; Polşada yerləşən,
dünyaca məşhur duz yatağının və
Naxçıvanda yerləşən Duzdağ
mağarasının birgə tədqiqi üçün
"Duz araşdırmaları" konqresinin keçirilməsi;
Polşanın ev sahibliyi etdiyi ənənəvi Qafqaz
konfransında əməkdaşlarımızın da
iştirakı və sair məslələlər barədə
razılığa gəlinib.
Zəruri tənzimləmə olaraq, müvafiq Dövlət
proqramına əsasən, Naxçıvan Dövlət
Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri
arasında əməkdaşlığın gücləndirilməsi,
birgə proqramların təşkil olunması məsələləri
nəzərdə tutulub. Bu məqsədlə,
Naxçıvan Dövlət Universitetinin nümayəndə
heyəti, Polşa və Macarıstan dövlətlərində
səfərdə olmaqla, həmin ölkələrin ali təhsil
müəssisələrində əməkdaşlıq məsələlərini
müzakirə ediblər.
Polşa Respublikasının Jeşuv Universitetinin təcrübəsi
ilə yanaşı, artıq, Macarıstan dövlətinin Con
Fon Neyman Universiteti ilə də əməkdaşlıq əlaqələrinin
qurulması, qarşıdakı mərhələlərdə
Naxçıvan Dövlət Universitetinin hədəflərini
daha da əlçatan etmiş olacaq. Bundan sonrakı mərhələlərdə
Naxçıvan Dövlət Universiteti ilə Con Fon Neyman
Universiteti arasında əldə olunan anlaşmalara əsasən
bir çox sahələr üzrə qarşılıqlı
işbirlikləri mümkün olacaq. Bunlardan: Kompüter
mühəndisliyi, tədrisi ingilis dilində olan ixtisaslar
üzrə ikili diplom layihələri; İqtisadiyyat və
biznesin təşkili sahəsində tələbə-müəllim
mübadiləsi; Avrasiya Bilik Mərkəzi ilə birlikdə
ortaq tədqiqatlar apararaq məqalə və elmi əsərlər
çap olunması; Elm və innovasiyalar sahəsində
universitetin təcrübəsinin öyrənilməsi və
Erasmus+ proqramı çərçivəsində ortaq layihələrin
hazırlanması; İki universitet arasında Süni intellektlə
bağlı olan əməkdaşlıq və s. sahələrdə
razılıq olması səfərin olduqca mühüm əhəmiyyətini
ifadə etməkdədir.
Con Fon Neyman Universitetinin elmi və təcrübi proseslərinin
vəhdəti sahəsindəki nailiyyətlərinə
baxdıqda, aydın olur ki, ali məktəbdə, eyni zamanda,
Bilik mərkəzləri var ki, bunlardan ən nüfuzlu
olanları Avrasiya Mərkəzi, Müdafiə Sənayesi Mərkəzi,
Animasiya Mərkəzi və Hidrogen Texnologiyaları Mərkəzidir.
Səfər çərçivəsində
Macarıstanın Metropolitan Universiteti ilə Media, Dizayn və
Marketinq sahəsində əməkdaşlıq haqqında
razılığa gəlinmişdir ki, bu sahə üzrə də
mütəxəssislərimizin əlaqəli layihələrinin
səmərəsi yüksək olacaq.
Müvafiq Dövlət proqramının
Naxçıvan Dövlət Universitetinin davamlı
inkişafı sahəsindəki yaratmış olduğu imkan və
zəminlər olduqca genişdir. Həmin Dövlət
proqramında müəyyən olunan tədbirlərin icra
olunması məqsədilə, Macarıstan dövlətinin
Metropolitan Universitetində olan nümayəndə heyətimiz,
əhəmiyyətli nəticələri olacaq
razılaşmalar əldə etmişlər.
Qarşıdakı mərhələlərdə, həm də
sosial sferaların, xüsusilə də, iqtisadi proseslərin və
incəsənətin bu və ya digər istiqamətlərin
aparıcı sahələrinin inkişafı və bunun elmi
dövriyyəyə düzgün cəlb olunması sahəsindəki
nailiyyətləri də böyük olacaq. Burada, eyni zamanda,
bazar münasibətlərinin, qanunlarının və tənzimləmələrinin
mühüm sahələrinin də perspektivlərini görmək
olur. Belə ki, ikitərəfli görüşdə,
Naxçıvan Dövlət Universiteti ilə Metropolitan
Universiteti arasında: Media, Marketinq, İncəsənət
fakültəsinin Dizayn ixtisası üzrə əməkdaşlıq
barəsində olan anlaşmalar, hər iki universitetin
etibarlı tədris və elm proseslərini daha da uğurlu
etmiş olacaq.
Macarıstana səfəri çərçivəsində
bu ölkənin ikinci ən nüfuzlu universiteti olan Korvinius
Universitetində əməkdaşlıq sahəsində
müzakirələrdə olmaq, daha mühüm nəticələr
verəcəkdir. Bu ali məktəblə, qarşıdakı
tədris illərində əldə olunacaq nailiyyətlər,
aşağıdakı sahələrdə özünü
ifadə etmiş olacaq: Naxçıvan Dövlət
Universiteti ilə Korvinus Universiteti elmi kitabxanaları
arasında ikili münasibətlərin qurulması; Universitetlərin
tədqiqat mərkəzləri arasında əlaqələrin
yaradılması; Magistratura və doktorantura ixtisasları
istiqamətində birgə tədqiqatların
aparılması, elmi əsərlərin hazırlanması və
yayımlanması; Tələbə və akademik mübadilə
proqramlarında iştirak.
Beləliklə, Naxçıvan Dövlət
Universiteti Azərbaycan Respublikasının uzunmüddətli
elm və təhsil proseslərinin məhsuldar nəticələrinin
əldə olunması sahəsində fəaliyyətini daha
böyük uğurlarla davam etdirməkdədir. Bu sahədə,
maddi-texniki təsisatların gücləndirilməsi, modern təhsil
imkanlarının yaradılması və beynəlxalq əməkdaşlıqların
daha da şaxələnməsi məsələləri əhəmiyyətli
nəticələrinə görə seçilməkdədir.
Qarşıdakı tədris illərində bu tədbirlərin
uğurlu nəticələrini görməkdən çox məmnun
olacağıq.
Cavadxan QASIMOV
Naxçıvan Dövlət Universitetinin dosenti,
iqtisad üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2023.- 23 dekabr, №(233).- S.23.