Antoni ilə Kleopatranın gur məhəbbətinin
faciəli sonluğu
(Əvvəli ötən şənbə
sayımızda)
Natiqlik qabiliyyəti və
Sezarın maddi yardımı Antoninin əvvəlcə xalq
tribunu seçilməsinə, sonra isə avqur olmasına şərait
yaratdı. Antoninin xidməti də nəhayət, Sezara
böyük fayda verdi. Ən başlıcası, o, konsul
Martsellə müqavimət göstərirdi. Pompeyin
tapşırığı ilə konsul qoşun
toplayırdı və ona əlavə dəstələr
toplamaq üçün səlahiyyət verilmişdi. Digər
tərəfdən Antoni Suriyaya Katonun protejesi olan Bibula köməyə
göndərilsə və Parfiya ilə müharibə aparmaq
lazım gəlsə, onun adı naminə heç kəs
Pompeyin rəhbərliyi altında vuruşmayacaqdı. Bundan
başqa, senatorlar Sezarın məktublarını qəbul etməkdən
və oxumaqdan imtina etsələr, Sezarın xatirinə Antoni
onları ictimaiyyətə çatdıracaqdı və bu,
adamların şüurunda xeyli dönüş əmələ
gətirə bilərdi. Sezar inanırdı ki, onun təklifləri
yazdığı kimi xalqa açıqlansa, ədalətli və
ümidverici məsələ kimi qəbul ediləcək. Sezar
əvvəlcə müəyyən güzəştlərə
getməyə - qoşunların çox hissəsini
buraxmağa və Tsizsalp Qalliyasını yeni canişinə
verməyə hazır idi, lakin təkid edirdi ki, konsulluğa
başlayana qədər Tsizalp Qalliyasını və iki legion
qoşunu onun sərəncamında saxlasınlar. Onun əleyhdarlarının
təzyiqi ilə Senat bu təkliflərə razılıq vermədi.
Bu vaxt Antoninin dostu, 50-ci ilin xalq tribunu Qay Kurion tələb
etdi ki, hər iki sərkərdə - həm Pompey, həm də
Sezar öz əyalətlərini və qoşunlarını təhvil
versin və yalnız bu yolla dövlətdə möhkəm
sülh yaratmaq olar. Bu təklif qəbul olunsa, düşmən
olan hər iki sərkərdə hakimiyyətdən və ordu
adlanan qüvvədən məhrum olacaq və özəl
şəxslərə çevriləcəkdilər. Əlbəttə,
Kurionun təklifi hər iki tərəf üçün bərabər
şərtlər irəli sürsə də, heç
şübhəsiz, Sezarın mənafeyinə xidmət edirdi.
Pompeyi zərərsizləşdirməklə Sezar böyük
fəaliyyət meydanı qazanacaqdı və Roma mübarizəsi
üçün ən vacib olan vasitə - pul bu vaxt onda bol
idi. Zahirən bərabərlikdən xəbər verən bu təklif
müzakirə edildikdə Katonun müqaviməti ilə
rastlaşsa da, senatorların çoxu onu bəyəndiyini
bildirdi. Lakin konsul Klavdi iclası bağlayaraq qərarın qəbul
edilməsinə mane oldu. 1 yanvar 49-cu ildə isə yeni
konsullar fəaliyyətə başladı və onlar
Sezarın qatı əleyhdarları idi. Senat qərar verdi ki,
Sezarın əyalətləri Domitsi Aqenobarba verilsin və
qarşıdakı müharibədə baş komandanlıq
Pompeyə həvalə olunsun. Bunun üçün İtaliyada
qoşun yığılmasına başlandı və
Sezarın tərəfdarı kimi tribunlar Mark Antoni və Kvint
Kassi bu qərara veto qoymağa cəhd etdilər. Lakin konsul
Lentul özü onlara Senatın iclasını tərk etməyi
təklif etdi ki, təhqirə məruz qalmasınlar. Hər
iki tribun isə həmin gün gizli surətdə qul
paltarında Romadan Sezarın yanına qaçdılar. Bununla
da Sezarın əlinə vətəndaş müharibəsini
başlamaq üçün çox nadir bir fürsət
düşdü. Sezar 49-cu il yanvarın 12-də Rubikon
çayını keçdi və yaxşı dərk edirdi
ki, bu körpünü keçdikdən sonra geriyə yol
yoxdur və bundan sonra hər şeyi silah həll edəcəkdir.
Doğrudan da, silah danışanda qanunlar susmağa məcbur
olur və m.ə. I əsrin əvvəlindən ta
imperiyanın süqutunadək Roma tarixi bu həqiqəti dəfələrlə
təsdiq etdi. Romada vətəndaş müharibəsinin
başlanması üçün Antoninin də az "xidməti"
olmamışdı. Təsadüfi deyil ki, Siseron sonralar öz
fillippikalarında yazırdı ki, Yelena Troya müharibəsinə
səbəb olduğu kimi, Antoni də vətəndaş
müharibəsinə səbəb olmuşdu. Ancaq Sezar,
Antoninin onun düşərgəsinə qaçması olmasa
da, başqa bir səbəb tapmalı idi, çünki onun
istifadə etdiyi bütün konstitusion, hüquqi, siyasi vasitələr
və yollar ona heç nə qazandırmamışdı, əksinə,
onun hər bir təklifi ona qarşı düşmənçiliyi
daha da qızışdırırdı, göz dikdiyi Romadan,
hakimiyyətdən onu daha çox aralayırdı. Axı o,
Qalliyada olduğu bütün uzun müddət ərzində
özünün strateji məqsədini bir an da olsun yaddan
çıxarmamışdı və qibtə etdiyi
Aleksandrın şöhrətinə yaxınlaşmaq
üçün ona daha geniş meydan lazım idi. Bu
meydanın qapısını isə yalnız hakimiyyət,
özü də mütləq hakimiyyət aça bilərdi.
Ona görə də bu anda Antoni Sezarın böyük
planının, nəhəng makinasının xırda bir vinti
rolunu oynayırdı və bu vint lazımınca işləməsə,
onu dəyişdirmək, başqasından istifadə etmək
o qədər də çətin deyildi. Sezar adlanan şir
artıq Qalliya adlanan yuvaya sığa bilmədiyindən oradan
çıxmışdı, Romadakı yeni yuvasına can
atırdı. Nəinki Pompey, hətta ən yaxın adamı
belə (axı bir az əvvəl Pompey ona çox yaxın
idi), onun qarşısını kəsə bilməzdi, ac
şir öz ovundan əliboş geri qayıda bilməzdi. Ona
görə də Sezar müqavimətsiz olaraq İtaliya ilə
irəliləyib Romaya daxil oldu və burada da heç bir
müqavimətlə qarşılaşmadı.
Qoşunları olmayan Pompey üçün əvvəlcə
Romanı tərk etmək, sonra isə Yunanıstana
qaçmaqdan başqa bir əlac qalmamışdı. Pompeydən
başqa hər iki konsul, senatorların çoxu da
qaçmışdı. Hamı Sullanın diktaturası
dövründə olduğu kimi, Sezarın da proskriptsiya
siyahılarını işə salacağını,
Romanı qanına qəltan edəcəyini gözləyirdi.
Pompeyin özünün qidalandırıb
böyütdüyü Sezar, indi ona qarşı düşmənə
çevrilmişdi, qənim kəsilmişdi. Lakin böyük
əksəriyyətin gözlədiyinin əksinə olaraq,
Romaya daxil olan Sezar özünü çox ləyaqətlə
apardı və əleyhdarları ilə sülh aramağa
başladı. Bu vaxt artıq Pompey İtaliyanı tərk
etmişdi. Sezar qırğınlar əvəzinə clemencia -
mərhəmət, şəfqət şüarını irəli
sürdü. O, əsirləri azad etdi. Onun yeganə zorakı
hərəkəti orduya vəsait lazım olduğu
üçün xalq tribunu Metellin etirazlarına baxmayaraq,
dövlət xəzinəsi saxlanılan otaqların
qapısını qırmaq oldu.
Bir neçə vaxtdan sonra Sezar İspaniyaya
yollandı ki, orada olan Pompey legionları ilə məsələni
birdəfəlik çürütsün. 49-cu ilin iyul-avqust
aylarında Sezar Pompey
qoşunlarını məğlub etdi və Romaya
döndü. Bu dövrdə Romanın idarə edilməsi
pretor kimi Lepidə, qoşunların komandanlığı və
İtaliyanın idarə edilməsi xalq tribunu kimi Antoniyə həvalə
olunmuşdu. Lakin bu dövrdə Antoni başqaları kimi o qədər
populyar deyildi. O, ayrı-ayrı adamların onlara dəyən
ziyan barədəki şikayətlərinə lazımınca
diqqət vermirdi. O, şikayətlərə səbirlə
qulaq asmağı bacarmırdı və başqalarının
arvadları ilə yaxınlıq etməsiylə ad
çıxarmışdı. Ümumiyyətlə, Sezar
hökuməti onun dostları tərəfindən təmsil
olunurdu. Bu dostlardan biri kimi, Antoni onun daha çox etimadını
qazanmışdı və ona görə də böyük səhvlərə
yol verirdi.
48-ci ilin iyununda Fessaliyada, Farsal
yaxınlığında Sezarın Pompeylə həlledici
döyüşü keçdi. Bu döyüşə
başlamamışdan əvvəl Antoni Brundiziyadan
qoşunlarla gəlmişdi və bu, Sezarın cəsarətini
artırmışdı. Pompeyin qoşunları
darmadağın edildi və o özü əvvəlcə
Lesbos adasına, oradan isə Misirə qaçdı. Misirdə
çar XIII Ptolomeyin göstərişi ilə Pompey xaincəsinə
öldürüldü. Bir neçə gündən sonra
kiçik hərbi dəstə ilə Sezar Aleksandriyaya gəldi.
Burada o, Misirin daxili işlərinə qətiyyətlə
müdaxilə etməyə başladı. O, mərhum
çar XII Ptolomey Avletin Romaya olan böyük borcunu tələb
etdi, sonra isə sülalə mübarizəsində iştirak
etdi. Bu mübarizə Misir çarı XIII Ptolomey Dionis və
onun bacısı Kleopatra arasında gedirdi. Sezar Kleopatranı
müdafiə etdi və bu gənc qadın onun məşuqəsi
oldu. Sezarın səyi nəticəsində qardaşı ilə
birlikdə o, çariça elan olundu. Bu, saray adamları
arasında ciddi narazılıq yaratdı və romalılara
qarşı üsyan başlandı. Bu vaxt Suriyadan kömək
gəlib çıxmadığına görə
romalıların vəziyyəti ağır idi. Sezar limanda
dayanan donanmanı yandırmağı əmr etdi. Şəhərə
yayılan alov məşhur Aleksandriya kitabxanasını da məhv
etdi. Üsyan yatırıldıqda Sezara xəyanət edən
Ptolomey Dionisin qoşunları Nil çayının deltasında
darmadağın edildi və 48-ci ildə tək hakimiyyət
Kleopatraya verildi. Bir az sonra Kleopatra Sezardan oğul da doğdu və
onu Sezarion adlandırdılar.
VII Kleopatra 69-cu ildə çar ailəsində anadan
olmuşdu, o, 80-ci ildən Misir çarı olan XII Ptolomey Avletin
qızı idi. Onun sələfləri Makedoniyalı Aleksandra,
daha doğrusu, onun sərkərdəsi Ptolomey Laqa gedib
çıxır. Ptolomeylər sülaləsi qısa fasilələr
istisna olmaqla 306-cı ildən 30-cu ilədək, yəni
Kleopatranın vəfatınadək Misirdə hökmdarlıq
etmişdilər. 332-ci ildə Aleksandr heç bir müqavimətə
rast gəlmədən Misirə daxil oldu və hamı ona
misirliləri perslərin nifrətamiz hakimiyyətindən azad
edən bir xilaskar kimi baxırdı. 332-331-ci illərin
qışını Misirdə keçirən Aleksandr Nilin
deltasında dənizlə iri gölün arasında
Aleksandriya şəhərini saldı və az keçməmiş
bu şəhər yunan-Roma dünyasının iri siyasi,
iqtisadi və mədəni mərkəzlərindən birinə
çevrildi. Aleksandrın Misirin idarə olunmasında etdiyi
yeniliklərdən biri ondan ibarət oldu ki, mülki işləri
misirlilər, maliyyə işlərini yunanlar, hərbi rəhbərliyi
isə makedoniyalılar həyata keçirməli idilər.
323-cü ildə Aleksandr 33 yaşı tamam olmamış
Babildə öldü. Onun ölümündən sonra
bütün dövlətin çarları kimi onun
ağıldan kəm qardaşı, atası II Filippin
qeyri-qanuni oğlu və həmçinin IV Aleksandr
adlandırılmış Aleksandrın Roksanadan yenicə olan
oğlu çar elan edildi. Onların hər ikisi idarə etməyə
qadir olmadıqlarına görə, köhnə Makedoniya əyanı
Perdikka regent seçildi. Hərbi rəislərə isə
Aleksandrın dövlətinin ayrı-ayrı hissələrini
idarə etmək tapşırıldı və onlar həmin
ölkələrə öz qoşunları ilə getdilər
və orada möhkəmləndilər.
Diadoxların
hökmranlığının ilk illəri göstərdi ki,
onlar hökmdar-regentin aliliyi ilə hesablaşmaq istəmirlər.
Bu separatizmi rüşeym halında boğmaq üçün
Perdikka onlardan birini, məhz Misir hökmranı Ptolomey Laqı
cəzalandırmaq istədi və ona qarşı
yürüş təşkil etdi. Lakin bu yürüş
uğursuz oldu, regentin özünü çadırında
öz komandirləri öldürdülər. 321-ci ildə
Suriyada keçirilən müşavirədə diadoxlar öz
nüfuz dairələri və satrapiyaların bölünməsi
barədə yeni müqavilə bağladılar. Misir Ptolomey
Laqa qaldı, Makedoniya və Yunanıstan Antipatrın və
onun oğlu Kassandrın mənafe dairəsi oldu, Tək
közlü Antiqon isə kiçik Asiyanın
strateq-avtokratı elan edildi. Mesopotamiya Selevkə verildi, Frakiya,
Propontida rayonu, Kiçik Asiyanın bir hissəsi Lisimaxın
nüfuz dairəsi oldu.
311-ci ildə bütün diadoxların
razılığı ilə dövlətin nominal
çarları - kəmağıl III Filipp Arridey və 12
yaşlı IV Aleksandr öldürüldülər. Bununla
Filipp-Aleksandr sülaləsinə son qoyuldu. 306-cı ildə
isə böyük diadoxlar - Tək közlü Antiqon, Demetri,
Poliorket, Ptolomey Laq, Lisimax, Selevk, Kassandr özlərini
çar elan etdilər və Aleksandrın dünya
imperiyasının xarabalıqları üzərində öz
dövlətlərini yaratmağa başladılar. Misir ən
iri ellinist dövlətlərindən biri oldu və
Makedoniyalı Aleksandrın ən yaxın hərbi rəislərindən
biri, ən məşhur Makedoniya ailələrindən birinin
nümayəndəsi olan Ptolomey Laqın (o özü
323-283-cü illərdə hökmranlıq etmişdi) nəslinin
sülaləsi tərəfindən idarə edildi. Bu dövlətin
ellinizm dövründə paytaxtı Aleksandriya şəhəri
oldu və bu, ptolomeylər sülaləsi dövründə
ellinist dünyasının ən iri şəhərinə
çevrildi. Sonrakı 37 il ərzində II Ptolomey Filadelf,
sonrakı 25 il III Ptolomey Everqet, III əsrin son 17 ilində IV
Ptolomey Filopator, II əsrin əvvəlində VI Ptolomey
Fipometor çarlıq etdilər. Bir müddət Misirdə
qadınlar çarlıq etdi. VI Filometora ölkəni
180-145-ci illərdə, sonra isə həm də əri olan
qardaşları və oğulları ilə Kleopatralar idarə
etmişlər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2023.- 23 dekabr, №(233).- S.22.