Gülməli adamın yuxusu

 

 

Dostoyevski şəksiz, dünya ədəbiyyatının parlaq dühalarındandır. Yazıçının adı çəkiləndə istər-istəməz ağıla "Cinayət və cəza", "Karamazov qardaşları", "Qumarbaz", "İdiot" gəlir. Hərçənd ki, bu sadalanlarla bağlı oxucuların əksəriyyətinin az-çox məlumatı var. İndi icazənizlə yenicə oxuduğum "Gülməli adamın yuxusu" hekayəsi haqqında düşüncələrimi sizinlə bölüşmək istəyirəm.

Fantastik janrda yazılmış hekayənin qəhrəmanı həyatı müstəsna dərəcədə ciddiyə almayan, hər şeyə yumorla yanaşan bir surətdir. Bunu süjetin əvvəlində özü etiraf edir:

"Mən gülməli adamam. İndi mənə dəli deyirlər. Amma daha heç acıqlanmıram, indi onların hamısı mənə əzizdir, üstümə güləndə də niyəsə lap əziz görünürlər. Onlara baxanda bu qədər kədərlənməsəydim, özüm də gülərdim, əlbəttə, özümə yox, onları sevdiyimdən gülərdim. Kədərimin səbəbi budur ki, mən həqiqəti bilirəm, onlarsa yox. Ooh, həqiqəti tək bilmək adama necə də çətindir! Amma onlar bunu başa düşməzlər".

Görünür, həqiqət axtarışları, şübhələr, daxili iztirablar qəhrəmanı üzür, əldən salır və get-gedə həyata, insanlara qarşı soyuq münasibəti açıq-aydın hiss olunur. Heç kəs onu başa düşmür, ciddiyə almır, gülüş obyektinə çevirir. O isə ruhdan düşmür, həqiqətin arxasıyca böyük ümidlə addımlayır.

Düzü, belə axtarışlar adətən insanı sükunətə, bəzən zülmətə gətirib çıxarır. Balzakın təbirincə desək, işıq axtarışı insanları kor edir. Ancaq bu fikir hekayədə özünü doğrultmur, qəhrəman intiharın astanasında maraqlı situasiya ilə qarşılaşır və tədricən bu detal həqiqət axtarışındakı yoluna işıq saçır.

"Beləliklə, bu iki ayda hər gecə evə qayıdarkən özümü güllələyəcəyimi düşünürdüm. Elə hey o dəqiqələri gözləyirdim. Bu balaca ulduz isə indi ağlıma fikir saldı, mən də qərara gəldim ki, məsələ hökmən elə bu gecə olacaq. Həə, göyə baxdığım vaxt birdən balaca qızcığaz dirsəyimdən yapışdı..."

Qəhrəman fikirli halda küçədə gəzişərkən təsadüfən bir qızcığaz tövşüyərək onun qolundan yapışır, ağlamağa başlayır. O, uşağa məhəl qoymur və qaradovoya yaxınlaşmasını tələb edir. Daha sonra öz mənzilinə sarı üz tutur. Qonşuda qumar oynayanların səsindən başqa ins-cinsin səs-səmiri duyulmur. Masaya yaxınlaşır, şam yandırır, tapançasını doldurur və özünü öldürmək istəyir. Doğrusu, heç nəyi ciddiyə almasa da, məsələ ciddiləşdikcə ağrıya qarşı laqeyd olmadığını fikirləşir.

"Fikir verin, mənə heç nəyin fərqi olmasa da, ağrını hiss edirdim. Beləcə mənəvi cəhətdən ürəkağrıdan bir hadisə baş versəydi, heç nəyə biganə olmadığım çağlarımdakı kimi narahat olardım".

Açığı, bu epizod mənə Cek Londonun "Həyat eşqi" əsərindəki yaşamaq uğrunda mübarizəni xatırlatdı. "Gülməli adamın yuxusu"nda həyatdan bezmiş, yorulmuş obrazın intihar ərəfəsində ağrını duymasını əsl həyat eşqi kimi xarakterizə etmək olar. Yəni bu o deməkdir ki, adam nə qədər həyatdan usansa, iztirab çəksə də, son anda canın şirinliyini, yaşamağın gözəlliyini dərk edir. Eyni situasiyanı Cek Londonun "Martin İden" romanındakı Martində, Hötenin "Gənc Verterin iztirabları" əsərindəki Verterdə müəyyən mənada görmək mümkündür. Lakin həmin qəhrəmanlar axırda həyat eşqini üstələyib, intihar edirlər.

Onu deyirdim axı, Dostoyevskinin qəhrəmanı iş masası arxasında balaca qızcığaza qarşı kobud rəftarını xatırlayır və tapançasını özündən kənarlaşdırır, əməlinə görə vicdan əzabı çəkməyə başlayır. Başında dolaşan təzadlı düşüncələr onu şirin yuxuya aparır. Sujetin kuliminasiya mərhələsi də elə buradan başlanır. Yuxuda gördüyü hadisələr müəllif təxəyyülünün fövqündə dayanır. Qəhrəman, yuxuda intihar etdiyini, öldükdən sonra tamamilə fərqli bir dünyaya səfər etdiyini nəql edir.

"Birdən elə bil özümdən gizlin, cənnət kimi günəşli, füsunkar yerə düşdüm. Sanki Yunan Arxipelaqının sahəsində durmuşdum. Ah, hər şey bizdəki kimi idi, amma hər tərəf sanki bir bayram yaşayır, müqəddəs bir zəfər saçırdı. Mülayim, zümrüdvari dəniz sahilə ləpə vurur və sahili yalayırdı. Olduqca gözəl hündür ağaclar bütün zənginliyiylə dayanmış, saysız-hesabsız yarpaqları isə, əminəm, məni öz asta mülayim səsiylə salamlayır və sevgi sözləri söyləyirdilər".

Bu hissəni oxuyarkən Nizami Gəncəvinin "Xəmsə"sindəki Utopiyanı xatırladım. "Xoşbəxtlər" ölkəsində də insanların şad-firavan yaşadığı, cənnət kimi dünya təsvir edilmişdi...

Hekayənin razviyazka mərhələsi Dostoyevskinin "Utopiya"sındakı insanların xarakterinin açılması ilə başlayır. Onlar bizim dünyamızdakı insanlardan qat-qat fərqlənir; pis, xudbin, çirkin əməllərdən kənar olması ilə diqqət çəkirlər. Fəqət qəhrəmanın oraya yollanması, insan xislətinin əsl çılpaqlığını onlara göstərməsi vəziyyəti qəlizləşdirir.

"Yemək və geyim üçün az çalışırdılar. Onlar da sevir və uşaq doğurdular, amma bizim başımıza gələn və yer üzündəki bəşəriyyətin bütün günahlarının yeganə mənbəyi olan o şiddətli şəhvət ehtirasını onlarda heç vaxt görmədim".

Əslində, yazıçı belə bir dünyanın mövcud olmadığın özü də yaxşı bilir, ancaq bu epizodlarla insanlara subliminal mesaj vermək istəyir. Sülhü, əmin-amanlığı, sevgini, xoşbəxtliyi, sağlam mənəviyyatı aşılayır. Dostoyevski bu hekayə vasitəsilə dünyada baş verən bütün mənfi əməllərin səbəbkarının yalnız insan olduğunu göstərir. Müəllif, insanın, hətta cənnətə belə getsə, oranı da öz şər əməlləri ilə çirkləndirə biləcəyi qənaətindədir.

"Onlar yalan danışmağı öyrənib yalanı sevdi, yalanın gözəlliyini tanıdı. Sonra tezliklə şəhvət baş qaldırdı, şəhvət qısqanclıq doğurdu, qısqanclıq da qəddarlıq... Ooh, bilmirəm, yadıma gəlmir, ancaq tezliklə, çox tezliklə ilk qan töküldü: onlar təəccübləndi, dəhşətləndi və ayrılmağa başladılar.

Deyirdim ki, bunların hamısını mən eləmişəm, yalnız mən. Əxlaqsızlığı, çirkinlik və yalanı onlara mən gətirdim! Yalvarırdım ki, məni çarmıxa çəksinlər"

 

Qərəz, hekayənin finalında qəhrəman yuxudan ayılır, intihar etmədiyinə görə sevinir. Onu narahat edən, incidən taleyüklü suallara cavab tapır: O anlayır ki, özü yox, mövcud mühit gülüncdür. Nəticədə, müəllif fikrini beləcə yekunlaşdırır:

"Həyatı dərketmə həyatdan, xoşbəxtlik qanunlarını bilmək xoşbəxtliyin özündən üstündür".

 

İlkin ÖZ

525-ci qəzet .- 2023.- 23 dekabr, №(233).- S.21.