Yallılarımızın
ustad ifaçısı
Əməkdar mədəniyyət işçisi, ustad
ifaçı Kamal Babayevin sənəti barədə
danışmazdan qabaq onun doğulduğu kənddən və
böyüyüb boya-başa çatdığı kənddən
söhbət açmaq istəyirəm. Çünki Kamal
Babayevin bir sənətkar və bir insan kimi yetişməyində
o kəndlərin, o kəndlərdə
görüb-götürdüklərinin yeri və rolu var.
Kamal Babayev Şərurun Billava kəndində
doğulub, Axura kəndində boya-başa çatıb.
Billava da Axura kimi dağ kəndi idi, amma orada içməli su
çətinliyi vardı. O kəndin camaatı Korabulaq
adlı bir çeşmənin umuduna qalmışdı.
Adından göründüyü kimi, korun-korun axan bu
çeşmə ilə bütöv bir kəndin
ötüşməyi müşkül məsələ idi.
Yerli hökumət çətinlikdən
çıxmağın yolunu kəndi köçürməkdə
gördü. Cəmi 15-20 ailədən ibarət olan Billava
1961-ci ildə bizim Axura kəndinə
köçürüldü. Ailələrin bir qismi bizim ailənin
vaxtilə hökumət tərəfindən alınıb
kolxozun ixtiyarına verilmiş torpaq sahəsində yerləşdirildi.
Yaxşı yadımdadır ki, o ailələrin başbiləni
olan rəhmətlik Fəttah dayı axşamların birində
bizə bir qoyun gətirib verdi, "Kazım müəllim, sənin
ata yurdunda dam-daş salırıq, halallıq ver!" - dedi. Təbii
ki, atam da halallıq verdi.
Kamal Babayevgil və bir neçə başqa ailə kəndin
Miroyuq deyilən bir dərəsində yerləşdirildi.
Heç şübhəsiz, həmin ailələr də
yurd-yuva saldıqları o yerin sovetləşmədən
qabaqkı sahibindən halallıq aldılar.
Kamal Babayevin dünyaya gəldiyi Billava kəndi ilə
bağlı maraqlı əhvalatlardan biri Aşıq
Şiralı barədədir. Əhvalat o qədər
maraqlıdır ki, bir vaxt yazıçı Mövlud
Süleymanlının redaktoru olduğu Bulaq radio verilişində
də o haqda söhbət açılıb. Sonralar Mövlud
Süleymanlı həmin əhvalatla bağlı yazını
"And olsun əsrə" adlı kitabına da daxil edib.
Əhvalat belədir: Aşıq Şiralı soyuq bir
qış günü yol gedirmiş, qabağına bir fərə
çıxır. Fərəni tutub çuxasının
altında gizlədir. Çox keçmir, bir kişi
başı alovlu özünü Aşığa yetirib
soruşur ki, buralarda fərə görməmisən?
Aşıq Şiralı, kişinin sualına sazla cavab verəsi
olur:
Ay əmi, qar yağıb boran eləyib,
Bu sınıq könlümü viran eləyib.
Bəlkə də qar-çovğun haram eləyib,
Bəlkə də düşübdü borana fərə.
Kişi izin tutub düşüb sorağa,
İndi Şəril əhli qalxar ayağa.
Boran döyə-döyə, qar yağa-yağa
Bəlkə də addadı o yanə fərə...
Darıdan yeyibdi, əti yağlıdı,
Qırmızı baftandan qolu bağlıdı.
Sinəm üstü çalın-çarpaz
dağlıdı,
Halal maldı, dönməz harama fərə.
Aşıq Şiralı sözünü tamam eləyib
fərəni yiyəsinə qaytarır və əhvalat da burda
bitir.
Kamal Babayevin doğulduğu kənddən, eləcə
də böyüyüb boya-başa çatdığı kənddən
gətirdiyim misallarda əsas mətləb halallıqdır.
Torpağın sovetləşmədən qabaqkı sahibini saya
salmaq, onun xeyir-duasına daxili ehtiyac duymaq haramdan
qaçmağın bir nişanəsidir. Bu nişanəni
bapbalaca bir dünya malı olan fərəyə münasibətdə
də görürük. Fərə əhvalatında ondan da xəbərdar
oluruq ki, Billava saz-söz adamlarından xali deyilmiş, bu kəndin
Aşıq Şiralı kimi sinədəftəri, səs-sorağı
Bakıya - Bulaq verilişinə gedib çıxan sənətkarı
varmış. Ətrafdakı adamlarda, onlardan da qabaq öz
ata-anasında gördüyü halallıq, Aşıq
Şiralılar yetirən ab-hava Kamal Babayevə təsirsiz qala
bilməzdi və söz yox ki, qalmadı da. Kamal Babayev sənət
aləminə könlünün səsi və alnının təri
ilə, istedadı və zəhmətkeşliyi ilə qədəm
qoydu.
Babayevlər ailəsində Kamaldan qabaq onun
böyük qardaşı Kamil nəfəsli alətlər
(zurna, balaban, tütək) ifaçılığına maraq
göstərdi və el-obada mahir sənətkar kimi
tanındı. Kamil sənətdə ilk addımlarını
atmağa başlayanda biz Kamalla Axura kənd səkkizillik məktəbində
oxuyurduq. Sinif yoldaşı, həm də ana tərəfdən
simsar olduğumuza görə Kamalla aramızdan su keçməzdi.
Sinfimizdəki başqa uşaqlar da Kamalın xətrini
çox istəyirdilər. Çünki Kamalda ailədən
- atası Eylaz (İlyas) kişi və anası Fatma xaladan gəlmə
mülayimlik vardı. Onun dava-dalaşla işi yox idi.
Kamalın işi şirin söhbət eləmək, məzəli
əhvalatlar danışıb bizi güldürmək idi. Tənəffüs
vaxtı hamımız (sinfin bütün oğlanları) bir xəlvətə
çəkilib Kamalın söhbətlərinə,
danışdığı məzəli əhvalatlara qulaq
asmaqdan yorulmazdıq. Bu cür söhbətcillik əslində
Kamalın sənət və sənətkarlıq sahəsində
xüsusi qabiliyyət sahibi olmasının ilk göstəricilərindən
biri idi. Ətrafdakı adamlarla ünsiyyət qurmaq
bacarığı, nəfəsli alətlərdə ifa etmək
bacarığı ilə bir-birini tamamladı. İlk sənət
dərslərini qardaşı Kamildən alan Kamal həmişə
el içində oldu, xalq musiqisinin yaddaşlarda qalan incəliklərini
üzə çıxarıb təzədən xalqa qaytarmaq
yolunda qeyrət göstərdi. Kamal cavan yaşda
dünyasını dəyişən Kamilin layiqli
davamçısına çevrildi, öz sənəti ilə
el-obada hörmət-izzət qazandı.
Kamal Babayevin sənətindən və sənətkarlığından
danışarkən yallılardan bəhs etməmək
mümkün deyil. Əvvəla, ona görə ki, Şərur
musiqi folklorunu yallılarsız təsəvvür etmək
çətindir. İkincisi isə
yallıların xalqdan toplanıb ifa olunmasında, bir az əvvəl
dediyim kimi, Kamal Babayevin xüsusi xidməti var.
Tarzən-pedaqoq Əkrəm Məmmədli və
oğlu Kənan Məmmədlinin araşdırmalarından məlum
olur ki, Şərur və ətraf bölgələrdə
yallının yüzdən çox növü olub: Şərili,
Türkanı, Urfanı, Zəngi, Ağrı gülü, Asta
Qarabağı, Dönə, Güneyi, Hoynəri,
Xanı-xanı, Xələfi, İrəvanı, Köçəri,
Qazı-qazı, Qızbiryana, Qızılbaş, Qoçəri,
Nanay, Osmanlı, Paşamgəl, Salamı, Seyranı,
Sındırma, Şahsevəri, Şahgəldi, Şamamagəlin
və s. Doxsan iki yallı nümunəsinin Əkrəm və
Kənan Məmmədlilər tərəfindən nota
alınması bu folklor janrının Şərur
üçün nə qədər səciyyəvi olmasına
tutarlı bir sübutdur. Təsadüfi deyil ki, Şərur
yallıları 1937-ci ildə həmin rayondan deputatlığa
namizədliyi irəli sürülən Üzeyir Hacıbəylinin
xüsusi marağına səbəb olub. Üzeyir bəy
"öz seçiciləri ilə görüşdən
sonra təşkil olunan konsertdə Şərur
yallılarına böyük maraqla tamaşa edib, yallı
ifaçıları ilə ətraflı söhbət
aparıb. Söhbət zamanı məlum olub ki, Şərurda
ilk rəsmi yallı ansamblı 1924-cü ildən fəaliyyət
göstərməyə başlayıb və onlarla Şərur
yallısı bu ansambl tərəfindən müxtəlif tədbirlərdə
və konsertlərdə ifa olunub. Dahi bəstəkarın
Şərur yallılarına olan diqqətinin nəticəsi
olaraq... bu ansambl 1938-ci ildə Moskvada keçirilən Azərbaycan
Ədəbiyyatı və incəsənəti
ongünlüyündə iştirak edib və uğurlu nəticələr
əldə edib" (Əkrəm Məmmədli və Kənan
Məmmədlinin "Naxçıvan-Şərur el
yallıları" kitabından). Sonrakı illərdə
Şərurda yallılarla bağlı yeni ansambllar yaranıb.
Onlardan üçü daha çox məşhurdur: "Şərur",
"Nurani", "Şərur qönçələri"
yallı ansamblları. "Nurani" ansamblında yallı
ifaçıları qismən yaşlı nəslin nümayəndələrindən,
"Şərur qönçələri" ansamblında isə
yallı ifaçıları uşaqlardan ibarət olub. 1970-ci
illərin sonlarından etibarən bu ansamblların hər
birinin fəaliyyətində Kamal Babayev qara zurna, balaban və
tütək ifaçısı kimi yaxından iştirak edib və
böyük uğurlar qazanıb. Naxçıvanda, Bakıda
və Moskvada ölkə əhəmiyyətli konsert tədbirlərinə
qatılıb. 1977-ci ildə Ümumittifaq festivalında laureat
medalı ilə təltif olunub. 1980-ci illərdə Türkiyə,
Macarıstan, Polşa və Rusiyada keçirilən beynəlxalq
festivallarda iştirak edib. Müstəqillik illərində
Misirdə keçirilən folklor festivalında yallı
ifaçılarımızın əsas nümayəndələrindən
biri olub. 2005-ci ildə İstanbulda keçirilən folklor
festivalında əlli yeddi ölkənin təmsilçiləri
arasında Şərur yallı ansamblı birinci yeri tutub və
Kamal Babayev sənət yoldaşları ilə birlikdə
xüsusi mükafata və diploma layiq görülüb.
"Şərur" yallı ansamblını, həmçinin
"Nurani" və "Şərur qönçələri"
ansambllarını illər boyu qara zurna, balaban və tütəkdə
müşayiət edən Kamal Babayevin ifası sənədli
film və video-disklərdə öz əksini tapıb. Belə
video-disklərdən biri Avstriyanın Vyana şəhərində
buraxılıb.
Xalq musiqisinin, ilk növbədə isə
yallılarımızın ustad ifaçısı olan Kamal
Babayev bu gün yetmiş yaşın içindədir. Bu yaş
Kamal Babayevdən ötrü sənətkarlığın ən
püxtələşmiş bir çağıdır. Belə
bir vaxtda ona möhkəm cansağlığı, yeni-yeni
uğurlar arzulayıram. Arzum budur ki, Kamal Babayev öz
davamçılarını yetişdirmək, sənəti gənc
nəslə ötürmək işində də yaddaqalan
işlər görsün.
Muxtar KAZIMOĞLU
525-ci qəzet .- 2023.- 23 dekabr, №(233).- S.19.