"Sözlərə
"azadlıq" öyrədə bildik..."
"60-CILAR" SİLSİLƏSİNDƏN ARİF
ABDULLAZADƏ HAQQINDA BİR NEÇƏ SÖZ
Keçən ilin lap sonlarında Mədəniyyət
Nazirliyinə təqdim etdiyim "60-cılar" layihəsi əsasında
mənim üçün mənən əhəmiyyətli və
çox xoş hadisə kimi iki kitab nəşr edildi: Arif
Abdullazadənin "Duyum" və Çingiz Ələkbərzadənin
"Seçilmiş əsərləri".
"60-cılar", mən də daxil olmaqla, ancaq adları
çəkilən üç-dörd yazıçıdan
ibarət deyil, çünki bizim ədəbiyyatda
"60-cılar" anlayışı ədəbi tənqidin
və ictimaiyyətin mahiyyətcə yanlış qəbul
etdiyi kimi, yalnız ədəbi nəsl göstəricisi deyil,
çünki - əvvəllər də bu barədə
yazmışam - Azərbaycan ədəbiyyatında
"60-cılar" differensiallaşdırılmış fərdi
məfhumdan daha artıq, istedad dərəcəsindən, əsərlərin
bədii sanbalından asılı olmayaraq, ümuminin ortaya
çıxartdığı nəzəri-estetik
anlayışdır.
"60-cılar" sosialist realizmi doqmalarına yox, ədəbiyyata,
ədəbiyyatın yarandığı dövrdən etibarən
missiyasına arxalanır və güvənirdilər, buna
görə də özlərini elə həmin sosrealizm
dövründə təsdiq edə bildilər.
Arif "60-cılar" barədə
yazdığı şeirdə deyirdi:
Ölçü-mizan adlı, tərəzi adlı
Pənahımız vardı - bunu bilirdik,
Bu əsri o əsrə daşıya bilən
Sabahımız vardı - bunu bilirdik.
Təəssüf ki, bir sıra başqa
"60-cılar" kimi, Arifin də, Çingizin də
kitabları çoxdan idi nəşr olunmurdu və indi deyəcəyimin
təmtəraqlı, gurultulu səslənəcəyindən
ehtiyat etmədən deyim ki, hər iki kitab mənəvi
borcumun ifadəsi kimi mənim yazdığım ön sözlərlə
nəşr edildi.
Bu yazı da Arif Abdullazadənin kitabındakı həmin
ön söz əsasında qələmə alınıb.
Mən Arif Abdullazadənin bir misrasını -
"Sözlərə "azadlıq" öyrədə
bildik..." - ona görə bu kiçik yazının
başlığına keçirirəm ki, nəsrdə
olduğu kimi, poeziyada da ədəbiyyatımıza yeni nəfəs,
yeni estetik-ideoloji (bəlkə də "estetik-antiideoloji"
yazmaq daha düzgün olardı!) ab-hava gətirmiş və sənəti
sosrealizm doqmaları çərçivələrindən
çıxartmış "60-cılar" ədəbi nəslinin
Fikrət Sadıq və Fikrət Qoca, İsa İsmayılzadə
və Ələkbər Salahzadə, Vaqif Səmədoğlu və
Məmməd İsmayıl, Musa Yaqub və Vaqif Nəsib və
başqa nümayəndələri kimi, onun da bu sözləri
deməyə mənəvi və ədəbi haqqı
çatırdı.
Arif beş maraqlı romanın, o cümlədən,
bu yaxınlarda oxuculara təqdim edilən "Duyum"
romanının, "Qafur Qantəmirin həyat və
yaradıcılığı", "Azərbaycan
poeziyasında yaradıcılıq üslubları",
"Şair Cəfər Cabbarlı" və sair kimi monoqrafiyaların,
bir çox ədəbi-elmi məqalələrin müəllifi,
filoloji elmlər doktoru idi, ancaq bütün bunlarla bərabər,
o, ilk növbədə, əlbəttə, şair idi.
Arif BDU-nun (S.M.Kirov adına (!) Azərbaycan Dövlət
Universitetinin) filoloji fakültəsinin 4-cü kursunda oxuyanda, mən
orada 1-ci kurs tələbəsi idim və yaxşı
yadımdadır, bizi "60-cılar"ın ağsaqqalı
Fikrət Sadıq ("60-cılar"ın ən
yaşlısı o, ən cavanı isə mən idim)
tanış etmişdi. Sonralar mən aspirantlıqdan baş
elmi işçiyə qədər on il Nizami adına Ədəbiyyat
İnstitutunda Ariflə birlikdə çalışdım və
o zaman aramızda yaranmış çox isti münasibət
onun vəfatınacan eləcə davam etdi.
Mən bunları xatırladıqca, təsəvvürümdə
iki Arif canlanır - bir tərəfdən:
Mən yurdumun
küçələri, həyətləri
gül-çiçəkdən
döşəməli,
paxlavası, halvasıtək
dilə şirin, sözə şirin ləhcəsi də
xoş, yeməli
Şəki adlı cənnətində
doğulmuşam.
- deyə gəzməyi, yeyib-içməyi sevən,
dinamik, xüsusi bir həvəslə yaxşı şahmat
oynayan və o illərdə mənim də şövqlü
şahmat rəqibim, pozitiv Arif Abdullazadə, o biri tərəfdən
isə, illər keçdikcə özü-özünə:
Mən hardan gəlmişəm, hara gedirəm,
hardan başlamışam, harda bitirəm,
niyə gəlmişəm ki, niyə gedirəm,
niyə başlamışam, niyə bitirəm?
Nədən bu kürənin içindən
çıxıb,
üzünə düşdüm,
nədən belə bəxtin, belə həyatın
izinə düşdum?
- deyə bəşəri suallar verən və belə
başa düşürəm ki, bu sualların cavabını
axtararkən, dünyadakı riyaları, mənəvi
saxtalığı, qəlpliyi görərkən,
bütün bunları öz daxili aləminə
sığışdıra bilməyən Arif Abdullazadə;
eyni zamanda, ömrünün sonlarına yaxın onun qol-qanadını
sındıran namərd bir xəstəlik aqibətiylə də
barışa bilməyən, yalnız fiziki mənada yox, yəqin
ki, daha artıq dərəcədə mənəvi mənada
iztirab çəkən Arif Abdullazadə.
Mənə bağışladığı
kitabları yenidən nəzərdən keçirərkən,
bir daha görürəm ki, onun poeziyası demək olar ki,
başdan-başa həmin sualların doğurduğu
düşüncələrdən ibarətdir və yəqin
elə bu düşüncələrdir ki, onun poeziyasında təbiətdən,
yaxud məhəbbətdən ürək dolusu
danışmağa çox az yer qalır.
Qəribə dünyaydı getdiyim dünya,
Adamlar nə qədər həvəsliydilər,
Adamlar nə qədər həsrətliydilər,
Adamlar nə qədər həsədliydilər.
Gözlər torpaqdan çox göyə
baxırdı,
Göylərdən gözlərə min sirr
yağırdı,
təsəlli yağırdı,
səbr yağırdı...
Mən "Baş"
romanını işləyəndə Arifin ömrünün
sonlarında yazdığı "Bir də bu dünyaya gəlməyə
tövbə" misrasını, eləcə də rəhmətlik
Ənvər Məmmədxanlının hələ 1970-ci illərin
sonlarında, yayda, Yazıçıların Şüvəlandakı
Yaradıcılıq Evində mənə dediyi: "Həyatım
ağrıyır" sözləri tez-tez yadıma
düşürdü və romanı bitirdikdən sonra da hər
ikisini epiqraf seçdim.
İndi düşünürəm ki, Arifi ailə
qurmağa qoymayan, onu tək saxlayan da öz-özünə
verdiyi o mənəvi sualların axtarışı (və hədsizliyi)
oldu və mən onun, yəqin ki, həmin tənhalıq
çağlarında yazdığı bu şeiri tapıb,
bir də oxudum:
Səni sevgimizin son mənzilindən
özüm yola saldım sonbaharıma.
Bir sevgi bir anda qurban kəsildi
dolan gəncliyimin boş vüqarına...
...İndi kəsişməyən iki yoldayıq,
yollar da axşama düşüb qaralır.
Hardasa bir qərib, yaşıl talada
sönmüş bir ocağın yeri qaralır.
Bu misralar ötüb-keçmiş həyatın bir
epizodunun xatirəsidir, ancaq eyni zamanda, məncə, Arifin həm
istedadlı qələminin, həm də həssas
hissiyatının ifadəsidir və belə bir hissiyyatla
yaşamaq o qədər də asan bir yaşayış deyil.
Şair ömrü - çətin ömürdür.
Yeni bir söz olmasa da, təkrar etmək istəyirəm:
şair - həyatın acısından-şirinindən
asılı olmayaraq, mahiyyət etibarilə tənhadır.
Tənha şairlərin doğum günləri
Ömrün açılmamış izindən
keçir.
Tənha şairlərin tənhalığı da
Özünə tuşlanır, özündən
keçir.
Tənha şairlərin tənha fəryadı
içinə düşür,
İncəlib bir iynə gözündən keçir,
-
Tənha Füzulinin dəvəsi kimi...
Mən haçansa ciddi jurnallardan birində elmi
araşdırmaların belə bir nəticəsini oxumuşdum
ki, şairlər nasirlərə, ümumiyyətlə,
yazıçılara nisbətən ortaq rəqəm kimi 8 il
az yaşayırlar.
Düzdür, Tolstoy 80-i, Şou 90-ı, Hamsun isə
100-ü keçmişdi, ancaq görünür, bu cür
misallar - istisnadır. 30-a, 40-a çatmayan şairləri
saymaqla qurtaran deyil. Bir də ki, şair də hər halda
insandır və insan istəsə də, istəməsə də
- öz taleyinin ardınca gedir.
Arif son illərində yazdığı bir şeirdə
deyir:
Baş tutmadı bu sınaq,
Gələn dünyaya qalsın.
Bir də milyon il sonra
Cənnətdən yerə düşən
Bir dənə saf toxumdan
Doğan almaya qalsın.
Bu sınağın alması
Cır kökdən cücəribmiş...
Cənnətdən düşən sınaq alması
- Adəm ilə Həvvanın alması - cır kökdən
cücəribsə, şair nə edə bilər?
Bunu yalnız obrazlaşdıra bilər,
artığına gücü çatmaz.
Arifin çoxmərtəbəli binanın son qatında
bir otaqlı mənzili var idi və hərdən o otağa
olanda mənə elə gəlirdi ki, onun siqaret
tüstüsünə qarışmış bütün
hiss-həyəcanı, düşüncələri, itirdikləri,
özünün özünə dedikləri ağır məngənə
altında sıxılaraq, bu darısqallığa pərçim
edilib.
Quşlar yuvasını
ağacda qurar,
Evim bir binanın son
qatındadı.
Quşların
zamanın çərxinə qonub
İllərin
qış adlı sərt rüzgarının
Soyuq qucağından
sıyrılıb çıxmaq
Uçmaq taleyi var
başının üstə,
Özündən, izindən,
öz yuvasından
Qaçmaq taleyi var
başının üstə.
İllər keçdikcə Arifin daxilindəki o
quş azadlığına - "zamanın çərxinə
qonub, illərin sərt rüzgarından" çıxmaq
arzusu, "uçmaq taleyi" yaşamaq istəyi daha da
artırdı, çiyinlərini basan ağır bir yükə
çevrilirdi.
Ancaq nə etmək olardı?
Mənimsə taleyim göz qırpımında,
Donan pəncərənin nəfəsindədir.
Torpaqla səmanın arasındakı
Gecəli, gündüzlü dənizə baxan
Ömrün bircə anlıq həvəsindədir...
Ancaq mən bu qısa
qeydləri bədbin notlarla bitirmək istəmirəm və
"yurdunun Şəki adlı cənnətində
doğulmuş" gözəl yumoru olan, deyib-gülən,
duzlu zarafatlar edən, yüksək yaradıcı enerjili,
pozitiv Arif Abdullazadəni xatırlayıram.
Onun hətta küskün şeirləri səni
düşündürürsə, səndə də mənəvi
suallar yaradırsa - bəyəm, bu azdır?
Yox, az deyil.
Əgər bu gün başqa bir epoxadan - sovet dönəmindən
çıxmış bir şairin, yazıçının əsərləri
yenidən nəşr edilir, oxunur, bəyənilir, maraq
doğurursa, bunun özü də cır yox, saf cücərtinin
ifadəsidir.
Pozitiv Arif Abdullazadə də, küskün Arif
Abdullazadə də həmin mənəvi sualların
axtarışından (və cavablarından!) asılı
olmayaraq, Azərbaycanı, Azərbaycanın daxilində isə
Şəkini çox sevirdi və bu gün Şəki şəhərində
Arifin adını daşıyan küçə var.
"Arif Abdullazadə küçəsi"ndəki mənzillərdə
insanlar doğulur, böyüyür, sevinir, kədərlənir,
bir sözlə, o küçədə də həyat öz
axarı ilə davam edir.
Və bu gün o küçədə oynayan
uşaqlar, o küçə ilə gedib-gələn insanlar,
o küçədəki skamyalarda oturub, söhbətləşən
qocalar, gimgə vuran qarılar - onların hamısı Arifin qəlbən,
ruhən bağlı olduğu Azərbaycanın sadə vətəndaşlarıdır.
19 noyabr 2022,
Bakı - 15 dekabr 2023, Bakı
ELÇİN
525-ci qəzet .- 2023.- 23 dekabr, ¹(233).- S.18.