Yağmurlu şəhərdən
imisti anılar...
Belə yağışda çətir götürmək
də mənasızdı... Adama elə gəlir ki,
islanmaqçün sadəcə nəfəs almaq bəs edər!
Binanın divarına söykənib baxıram...
Başımın üstündəki eyvanın
navalçaları çatdırmır, su elə axır,
deyirsən indi evin sahibəsi romantik anlar yaşayır. Qınayan
olmasa, yağış altında rəqs də eləmək
olar, kino da çəkmək. Amma əgər buranın
gözəllik salonlarında ustalar saçlara normal
düzüm verə bilərsə... Ona da şübhəm
var, nə isə. Enli şosse ilə sel gedir, maşınlar
sanki üzürlər, səkinin yaxınlığından
keçəndə sürəti bir az da endirib süzürlər
üzüaşağı. İntəhası bu
vur-çatlasında adamların qaçaqaça düşməməyi,
heç yerə tələsməməyi də çilədən
çıxarır məni... Hələ əyninə
"yorğan"ı keçirmiş yaşlı qadın;
dayanıb yağışın altında süd içir.
Süd ey, özü də... Bu südü otelin səhər
yeməyində amerikanonun yanında qoyurlar, şamla isinən
şüşə çaydanda... Kofenin acı təmini
yumşaltmaqdan ötrüdü! Yəqin məni südün
"təyinatı üzrə" istifadə olunmamasından
daha çox xanımın azadlığı,
rahatlığı, yağışa, qaydalara meydan oxuması
cəlb edir. Arada bir əynindəki "yorğanın"
cibindən tənbəkisini də çıxarıb
yağışda islada-islada bükür, yaş
kağızın yanmayacağını ağlına da gətirmədən
odlayır əlindəkini... Bu arada süd bardağını
açıq terrasdakı masanın üstünə qoyur.
Çətirdən yayınan damlalar südün içinə
düşdükcə bir daha anlayıram: Bura Tbilisidir! Burda
insan azadlığının minbir şəklini, ifadəsini
görə bilərsən...
On il əvvəl çıxmışam bu şəhərdən...
Amma nədisə həmişə xoşbəxt və azad hiss
etmişəm burda özümü. Yeməklərinin kalorisi
ilə çəkini, şərabları ilə ayıq
başı, tarixi, mədəniyyəti ilə intellektləri
şişirdən Tbilisi bu dəfə ayrı cür
görünür gözümə. Belə havada
qırmızı şərabı konyaka, onu da sitrus meyvələrinə
qatıb içinə darçın çubuqları
atırlar, isidib qlintveyn hazırlayıb yol kənarında,
keçib gedənə təklif edirlər. Burda şərab
içmək üçün xüsusi mərasimə, əylənməkdən
ötrü hansısa seçilmiş günlərə ehtiyac
yoxdu... İri alış-veriş mərkəzinin
böyründə-başında yaşamaqçün hər
cür şərait var. Bahalı brendlərin
pal-paltarını isti xaçapurinin pendir qoxusu elə bəzəyir,
deyirsən belə də olmalıdı. Elə həmin o xəngəlli,
xaçapurili restoranın bu biri başında da qlamur
şirniyyat hazırlayırlar. İstəsən manqonu,
bananı, ananası, sonra canım sənə desin, əndrəbadi
görünən nə könlündən keçsə,
bir-birinə qatıb kokteyl hazırlayarsan, cana vura-vura gəzərsən
özünçün. Qabağındakı gül
dükanı da təsadüf deyil, elə ticarət mərkəzinin
içərisindən iri şüşə qapılardan
keçib teatra düşmək imkanın var. Əliboş
getməyəcəksən ki... Gül al, gir içəri!
Bura Tbilisidi, balam! İki gün sonra elə bu dediyim yerdə -
Qriboyedov adına Rus Dram Teatrının səhnəsində
aktyorlar mənim sözlərimlə danışacaqlar... Niyyətimi
həyata keçirmək üçün isə cəmisi bir
sutka zamanım var...
Tamara, Qorqasali ...və Şota Rustaveli...
Tbilisini elə-belə turist kimi gəzmək istəsən,
çox da böyük zəhmət və zamana ehtiyac olmaz.
Otelini mərkəzdə - Azadlıq meydanında seç, vəssalam; bütün vacib məkanlar və
tarixi abidələr ovcunun içində... Elə payi-piyada,
bir başmaq seyrinə çıxıb hər yeri görə
bilərsən. Şəhərin ortasından axan Kür,
üzərindəki şüşəli Sülh
körpüsü Tbilisinin rəmzi sayılır. Amma
gürcülərin Qadın və Kişi simvolu şəhərin
ən hündür yerlərində üz-üzə durublar.
Aralarındakı məsafə də gözə
görünmür sanki. Elə körpünün üzərindən
keçib kəndir yoluna bilet almaq yetər ki, gürcü
xalqının xarakterini ifadə edən Ana heykəlinə
beşcə dəqiqəyə çatasan. Kəndirdən
asılmış balaca köşklərdə
özünü göyün üzündə hiss edirsən.
Əzəmətli Ana heykəlinin əlindəki atributlar bu
xalq haqqında hər şeyi deyir; bir əlində piyalə,
digərində qılınc... Əgər dost kimi gəlmisənsə,
süfrələri açıqdır, yox, əgər
torpağına düşmən təki ayaq basmısansa,
başına qılınc əndərəcəklər,
hazır ol! Bu ismarışları qadının ötürməsi
təəccüblü gəlməsin kimsəyə.
Gürcü xalqı hələ Nizaminin və Şota
Rustavelinin zəmanəsindən - yəni XII əsrdən
Qadını başa keçirməyə alışıb. Məclisdə
başa yox ey, bütöv millətin və dövlətin rəhbərliyinə.
Hə, deyir gürcü çaritsası Tamara yaman adam
imiş. Böyük gürcü şairi Şota Rustaveli də
onun xalqa, hərbi, iqtisadi, mədəni sahədə
inkişafa ayırdığı diqqəti görüb təsirlənib
- "Pələng dərisi geymiş pəhləvan" -
yazıb. İndi gürcülərin dastanı, ana kitabı
kimi qəbul edilən əsərdə Tamara necə
lazımdı öyülür... Məndən ötrü isə
Tamaranın böyüklüyünü göstərən
tarixi fakt odur ki, qadın siyasi uyğunluqla sarayın onun
üçün seçdiyi kişiyə dözməyib,
ayrılıb ondan. Sonra keçmiş əri ordu
yığıb üstünə hücum çəkəndə
yerinə - üzr istəyirəm, geriyə oturdub onu. Yəni
məğlub edib... Düzdü, Lermontovun da "Tamara" əsəri
var, amma nədirsə orda qəhrəmanını qüsurlu -
riyakar təsvir edib, ona görə gürcülər and-aman
edirlər ki, bu, bizim Tamara haqqında deyil.
Ümumiyyətlə gürcü xalqının əfsanələr
yaratmaqda tayı-bərabəri yoxdu. Elə bircə şəhərin
əsasını qoymuş Vaxtanq Qorqasali haqqında nə qədər
mif var. Ana heykəlinin qabaq-qənşərində at
üstündə özünə yer eləmiş Qorqasalinin
qartalı quşu səmadaca ovlayıbmış,
ovqarışıq kükürdlü suya düşür
qartal... Vaxtanq onun arxasınca enəndə
isti suda quşların bişdiyini görüb
üzülür, amma burda qaynayan bulaqlara görə şəhəri
məhz bu yerdə salmaq qərarı verir. Beləliklə,
bizim eranın V əsrində çar Vaxtanq Qorqasali "isti
bulaq" anlamı verən Tbilisi adlı şəhərin əsasını
qoyur. Xalq onun qəhrəmanlıqlarını vəsf edən
çoxlu əfsanələr yaradıb... Misal
üçün yaralı atını kürəyinə
alıb dağın başına kimi qalxan Qorqasalidən
hamı qorxurmuş - deyirlər. Elə bu adı da ona farslar
veriblərmiş - Qorqasali - Qurdbaşlı deməkdir...
Döyüşdə başına qurd təsvirli dəbilqə
geyinən Vaxtanq düşməni qorxuya salarmış,
hamı Qorqasali - yəni canavar başlı - burdadı
özünüzü qoruyun - deyə haray çəkərmiş...
Bu miflərin doğruluğunu yoxlamaq imkanından məhrumuq.
Amma bircə o dəqiqdir ki, şəhər üçün
belə yeri seçməsi hər cəhətdən
faydalı olub. Bu günə qədər kükürdlü
hamamlar Tbilisinin simvoludur, turistlərin sevdiyi istirahət məkanıdır.
Biri elə Nərimanovun evinin yanındadı, amma ora gedib
çıxmağım var...
Mirzə Fətəli...
Mirzə Fətəlinin evi elə mərkəzdə,
Qorqasali küçəsindədi... Yağış olmasa
piyada, gəzə-gəzə getmək olar. Amma sevimli
yazıçının görüşünə
mahnıdakı kimi "sürüşə-sürüşə"
getməyə hövsələm çatmır. Hələ
taksiyə qaçdığım yerdə telefonum da təpəsi
üstə düşür suya... Binanın önündə
enəndə dərindən nəfəs alıram. Təkcə
yağışla birgə havaya yayılmış ozonun gətirdiyi
rahatlıq deyil, həm də "Müsyo Jordan" kafesindən
gələn ilıq qoxuların məmnunluğudu bu... Bura Mirzə
Fətəlinin evinin birinci mərtəbəsidi, on il əvvəl
də avropalı qəhrəmanının adını
daşıyan kafenin masalarından birinin arxasında idi
böyük dramaturq. Daha doğrusu, Madam Tüssonun
yaratdığı mum heykəli. On il öncə elə bu məkana
girəndə Mirzə Fətəlini kafedə
"yazıb-pozan" görüb diksinmişdim, şəkil
də çəkdirmişdim onunla. Bu dəfə isə
heç tövrümü pozmadan dərdləşirəm
ustadla, redaktəmlə çıxan "Qobustan" dərgisinin
saylarını da düzürəm qarşısına... Kafedə
çalışan gürcü qızlarının belə
birtəhər baxmağından da əndişələnmirəm
qəti. İndi qalxıb Mirzənin qonağı da olacam, qonaq
otağında evimdəki kimi gəzişib eyvanından
açılan mənzərəyə də dalacam. Bu qəribəliyimə
özüm də təəccüblənirəm düzü,
amma Sənin Adamın XIX əsrdə qalsa belə, səninlədir!
Şəkidə anadan olan və həyatının
müəyyən hissəni orda yaşayan Mirzə Fətəli
1834-cü ildə Tiflisdə işləyəndə bu
binanı satın alıb və ömrünün sonuna kimi
burda yaşayıb-yaradıb. Birinci mərtəbəsini evsizlərə
kirayə verirmiş, özü də müftə...
Yuxarısında özü qalırmış. Hə,
böyük yazıçının bir vaxtlar Tiflisdə
işləyərkən yaşadığı bu evdə onun
xatirə muzeyi fəaliyyət göstərir. SOCAR
Gürcüstan təmsilçiliyi binanı təmir etdirəndən
sonra bura M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyi kimi fəaliyyətə başlayıb. Ona görə
muzey Azərbaycan mədəniyyətinin kiçik modeli təsiri
bağışlayır. Muzeyin
direktoru Leyla Əliyeva və müavini, gənc adaşı
Leyla xanım ziyarətçilərdə hərtərəfli
təsəvvürün yaranması üçün əllərindən
gələni əsirgəməyiblər. Bələdçi
Gülnar Məmmədova da Tbilisinin fəal azərbaycanlı
gənclərindəndir. Mirzə Fətəli və
ümumilikdə Azərbaycan mədəniyyəti haqqında ətraflı
məlumat verməsi, gələnləri gülərüz
qarşılaması ilə yanaşı, həm də burda
yaşayan həmyerlilərimizə gürcü dili dərsləri
deyir, bunun üçün dərs vəsaitləri - kitablar da
yazıb. Ümumiyyətlə, Mirzə Fətəlinin evi elə
sahibinin adına yaraşan şəkildə maarifçiliklə
məşğuldu. Burda dil, musiqi alətlərində ifa və
s. kurslar var. Bəxtimdən bu gün də həmyerlilərimizin
gürcü dili dərsi var, Gülnar xanımla elə
aşağıdakı kafedə ceviz mürəbbəli Azərbaycan
çayı içəndən sonra gənclərlə
görüşmək fürsətim də olacaq.
Muzey haqda on il öncəki məqaləmdə
detallı yazdığımçün burda təkrarlamaq istəmirəm...
Yaxşısı budur "Qobustan"ın sosial şəbəkələri
üçün çəkdiyim video-materialların QR kodunu
oxudub izləyin. Mirzə Fətəlinin eyvanında da,
otaqlarında da atamın evindəki kimi rahat idim. Mənə
görə insan təkcə doğma yurdda,
böyüdüyü evdə yox, həm də onu yetişdirən
sənət mühitində bəxtiyar olur... Tbilisi həm
ab-havası, həm də bura ilə bağlı olan
ziyalılarımızın taleyini, gördüyü işləri
əks etdirməsi ilə mənimdir, əzizdir...
Xudmani bir çay süfrəsi arxasında Gülnar
(gürcülər ona Quli - ürək deyirlər) ilə dərdləşirik.
Daha doğrusu, Gürcüstanda yaşayan azərbaycanlıların
maddi və mənəvi problemlərindən, həm vətənə
bağlı olmalarından, həm də doğulduqları yerdə
özlərini tapmaq arzularından, burdakı həmyerli gənclərin
seçilmək, görünmək üçün
qatlaşdıqları əziyyətlərdən
danışır Gülnar... Dinləyib,
düşünürəm, görəsən, onlar
üçün nə etmək olar?! Bu sualımın
cavabını sabah, tamaşadan sonra tapacam. İndilikdə
çayımı tələsik içib keçirəm muzeyə,
birinci mərtəbədəcə, kiçik otaqda bizim gənclərin
gürcü dili dərsidir... Yaraşıqlı, tərbiyəli,
söz deyəndə qızaran cavanlarla bir az söhbət edib
tamaşaya dəvət edirəm onları... Quli deyir ki, Nərimanovun
xatirə muzeyi də yaxındadı. Bir az qabağa gedib
üzü yuxarı dönməliyəmmiş...
Nəriman Nərimanov...
Məsafələri dəqiq hiss etmək çox
böyük istedaddır. Deyəsən, məndə yoxdur
bu... Ya da natanış yerdə yol-riz məsələlərində
korazehin oluram, bilmirəm. Yağış da aman vermir, vallah.
Çətirimdən ikiəlli yapışmışam, papaq
kimi başıma keçirmişəm az qala... Hər an elə
bilirəm ki, çox getdim, birdən gözümə dəyən
elandan eynim açılır; Azərbaycan səfirliyinin
konsulluq idarəsi. Qarşısında növbə gözləyənlər
də bizimkilərdi. Əminəm, hansısa sənəddən,
təsdiqdən ötrü burdadılar, özü də bizim
dildə danışırlar. Özlərindən savayı,
kimsənin olmadığı küçədə NUO - naməlum
uçan obyekt kimi görürlər deyəsən məni, nə
isə axtardığımı hiss edib bir-birinə
baxırlar... Bir az boylanıram, telefonumda naviqatorda
aramağa
çalışıram Nərimanov muzeyin, amma
çifayda, gərək gürcü əlifbası ilə,
gürcü dilində verəsən axtarışı, mənimsə
bir sutkada öyrəndiyim elə ancaq
- Xo - yəni "hə" sözüdü...
Bütün gözlərdən - de görək - ifadəsini
oxuyuram. Axırı ürəklənib soruşuram ki, bu yolla
yoxuş yuxarı qalxsam, Nərimanovun evinə çıxa
bilərəm?! Kərpic bığ dayı əvvəlcə
qaşların qaldırır, sonra yanındakılara nə isə
deyir dodaqaltı, yığılanların onbaşısı
deyəsən, elə özüdü... Deyir - "bırdan
aşağı getsööön, həəə, bizimkilərin
yeməyxanası var... Amma mən biləni
bıııırda muzey yoxdu..." Bir anda özümü
Kürdəmirdə, ya da Sabirabadda hiss edirəm, gülmək
də tutur düzü... Kürqırağlı ləhcəsindən
kefim açılır, hələ üstəgəl,
aşağıdan axan Kür də uzaqda deyil! Necə deyərlər,
Allahın işidi!
Bir azdan Nərimanovun ev-muzeyinin qabağına
çatanda yorğunluğu tam unudacam. Həyətində
qoyulmuş büst, güllü-çiçəkli
bağça müasir ab-havadadı. Çünki Nərimanov
bu evdə yaşamayıb. Onun da evi Şeytan-bazarda imiş...
Sonralar ev satılıbmış, alan adam da başqa yerə
köçməyə heç cür razılaşmayıb.
Ona görə Heydər Əliyevin Gürcüstan hökuməti
ilə danışıqları sayəsində evin eynisi
başqa yerdə - Mirzə Şəfi küçəsində
tikilib və xatirə muzeyi kimi istifadəyə verilib. Burda Nərimanovun
həm siyasi xadim, həm həkim, həm də qələm
adamı kimi fəaliyyəti sənədlər, fotoşəkillər,
qəzet materialları vasitəsiylə əks olunub.
Tamaşalarının afişasından tutmuş ilk nəşr
edilən kitablarının nüsxələrinə kimi hər
eksponat böyük və təkrarsız şəxsiyyətin
gördüyü işlərdən xəbər verir. Hə,
elə bu məqamda muzeydə çəkdiyim video-materiallara
baxmaq üçün QR kodu oxudun...
Nərimanov muzeyini Anar müəllimin "Yaşamaq
haqqı" traktatından xatirimdə qalan məqamları
düşünərək gəzirəm. Nərimanova həsr
etdiyi bölümdə təzadlı ictimai-siyasi şəxsiyyətin,
qələm sahibinin xarakterini tarixi faktlarla göstərən
Ustad obyektiv yanaşması ilə tam təsəvvür
yaradır. Nərimanovun bir yandan bolşevizmə səmimi
inamı, yanlışları, yazıçı kimi
yaşantıları, qəribə və zamanla sıradan
çıxan, özünü doğrultmayan düşüncələri,
amma eyni zamanda söz sahibi olması, nüfuzu, Leninə təsir
etmə gücü, bədnam qonşularımızı
susdurmaq məharəti və s. Bütün bunlar haqda
ayaqüstü danışmağım düz olmaz,
"Yaşamaq haqqı"nı oxumaq lazımdır, sadəcə.
Mən elə bircə Nərimanovun oğluna məktubundan
parçanı gətirmək istərdim:
"Əziz oğlum Nəcəf! Mənim
ömrüm tamamilə qayğılar içində keçib.
Mən artıq 20 yaşımdan qardaş və
bacılarımın ailələrinin yükünü
çiynimə almışam. 30 il ərzində 11 uşaq
böyütmüşəm, onlardan səkkiz qızı ərə
vermişəm, üç qohumumu isə az-maz maaşımla
dolandırmışam. Bütün bunları ona görə sənə
yazıram ki, məni insanlıq naminə az işlər
görməkdə qınamayasan... Mən sosial-demokrat
olmuşam, amma bu təşkilat idealdan günbəgün
uzaqlaşır. Bolşeviklərin proqramını xüsusi məmnuniyyətlə
qəbul etdim, ona görə ki, mənim proqramımın, yer
üzündə köləliyi məhv etmək
proqramının məhz onda həyata keçəcəyini
gördüm və görürəm: Ola bilsin, sən bu sətirləri
o zaman oxuyacaqsan ki, daha bolşevizm olmayacaq. Amma bu o demək
deyil ki, bolşevizm yararlı deyil, bu o deməkdir ki, biz onu
qorumağı bacarmadıq, biz onu lazım olan qədər dəyərləndirmədik,
bu işdən möhkəm yapışmadıq. Açıq
söyləmək lazımdı: biz hakimiyyətdə o dərəcədə
lovğalandıq ki, boş şeylərlə, dedi-qodu ilə
məşğul olaraq, əsas məsələni əldən
verdik. Hakimiyyət çoxlarını korlayır. Belə də
oldu: nəhəng bir ölkənin taleyini öz əlinə
almaq qərarına gələn və diktatorluq edən bir
çox görkəmli, kifayət qədər yaxşı
işçiləri hakimiyyət tamamilə korladı..."
Sonralar II Dünya müharibəsində iştirak edəcək
Nəcəf Nərimanov hərbi sahədə böyük
uğurlar qazanacaq, "Vətən müharibəsi" ordeni
və "Stalinqradın müdafiəsinə görə"
medalına layiq görüləcək. Elə müharibə
vaxtı çox erkən dünyasını dəyişən
Nəcəf Ukraynada Volnovaxada dəfn olunub. Sonralar onun
anasına yazdığı məktublar da aşkar edilib. Amma məndən
ötrü məhz atasının ona yazdığı məktub
həyatın mənası və Xeyirə xidmət etməyin,
faydalı olmağın yolları haqqında bir xəritədi,
proqramdı, düstürdu. Böyük ictimai-siyasi işlərlə
məşğul olan, əsərlər yazan, sənət və
siyasət meydanında döyüşən insan
gördüyü faydalı işləri ancaq belə ifadə
edir - uşaq böyütmüşəm, qız ərə
vermişəm, az-maz maaşla qohumları
dolandırmışam... Özü də bunları ona görə
yazır ki, - "insanlıq naminə az işlər görməkdə
qınamasın" - övladı onu... Şərhsiz!
Nəbatət bağı...
Nərimanov muzeyindən çıxanda əməkdaşdan
xahiş edirəm ki, taksi çağırsın, Nəbatət
bağına, Mirzə Fətəlinin qəbri üstünə
getmək istəyirəm. "Yaxındı, elə hamamın
böyründən aşağı dönəndə yolda ox
işarəli elanı görəcəksiz, piyada gedin" -
deyir. Amma bir az müəmmalı baxmağından da
şübhəyə düşürəm. Bu
yağışda ora gedə bilərsizmi? - sualını təkcə
sözlə yox, bütün baxışı, görkəmi
ilə ünvanlayır mənə. Doğrusu, havanın
açılmasını, yolların qurumasını, günəşin
çıxmasını gözləməyə zamanım
yoxdu, sabah tamaşadan birbaşa Hava limanına, ordan Bakıya
uçmalıyam. Ancaq bura qədər gəlib qəbirləri
ziyarət etməməyi də bacarmaram!
Nəbatət bağının ətrafında gedən
böyük tikinti işlərini, hər dəqiqə
palçıqlı yollarla irəliləyən yük
maşınlarını görəndə vəziyyəti
başa düşürəm. On il əvvəl zülmlə
tapdığımız qəbiristanı indi təkcə
axtarmalıyam. Ümidim bir onadı ki, bəlkə o vaxtdan bu
yana işarələr qoyula. Amma elə bağa girən kimi əsəbləşməyə
başlayıram... Azərbaycanlı xadimlərin panteonu -
yazılmış ox bir istiqaməti göstərir,
işçi başqa tərəfə yönləndirir. Xeyli
gedirəm, bu havada bağda məndən başqa ins-cins
gözə dəymir. Yağış səngiyib, amma yer
palçıqdı, çiskin çətiri
yığmağa imkan vermir. Belə də çox tez yorulur
adam. Üzü yuxarı qalxdıqca qalxıram, amma o vaxtdan
yadımda qalan, bir neçə qəbirin olduğu ərazi
gözümə dəymir. Bura botanika bağıdı, hər
gülün, daşın, çiçəyin, böcəyin,
otun, kolun, ağacın adı yer alan kiçik lövhələr
doludu. Bircə böyüklərimizin qəbrinə ümumi
sözlərlə işarələr var, özü də
xeyli aralı, həm də əsas yoldan hansı
cığıra dönməlisən, göstərilməyib.
Ona görə cığırları bir-bir yoxlamalısan. Bu
arada öz-özümlə danışa-danışa, daha
doğrusu, deyinə-deyinə getdiyim yerdə uzaqdan
sis-dumanın içindən bir adamın gəldiyini
görürəm. Buranın əməkdaşı olsa, əladı.
İntəhası, bu da yapondu, bağın ərazisində
yerləşən Yapon bağçasını axtarır. Elə
girişə yaxın yerdədi həmin bağça,
yarı ingilis, yarı rusca birtəhər izah edirəm, sevinə-sevinə
gedir... "Bunun dərdinə bax, Ay Allah" -
mızıldanaraq davam edirəm yoluma.
...Elə bilirdim ki, bağın
yaxınlığında normal mağaza və gül
dükanı olacaq, yoxdu, heç nə ala bilmədim, heyif...
Əliboş gəlmişəm Mirzə Fətəlinin, Mirzə
Şəfinin, Fətəli xan Xoyskinin, Həsən bəy
Ağayevin, Tubu xanımın hüzuruna. Əl boyda yerdə
böyük insanlar uyuyur. Amma ən kədərlisi beş
yaşlı AlimPaşa Axundzadənin qəbridir, anası Tubu
və atası Fətəlinin arasında şirin yuxudadır.
Çoxlu övlad dəfn etmiş Tubunun duyğularını
ağlıma sığdırmaq çətindi! Hər halda
hüzur tapıram burda, ruhlarına dualar oxuyuram, təzim edib
çıxıram.
Siz QR kodu oxudub ayrılan o cığırı
görün, yolunuz düşsə, azmayasız... Mən bu
boyda enerji itkisindən sonra gürcü mətbəxini
dadmağa qaçdım...
Çakapuli, xingali və Şərab dondurması...
Gürcülərin qonaqpərvərliyi haqqında rəvayətlər,
qəlbgenişliyi barəsində söhbətlər, nə qədər
desən... Bu xarakterləri hətta kafe-restoranlarının da
konsepsiyasına təsir edib. Ümumiyyətlə, əgər
gürcü qonaqlıq verirsə, yeməlisən. Özü
də səni o ki var yedirdib içirdəndən sonra nəzakətlə
- siz bu gün heç nə yemədiz - desə təəccüblənmə...
Uşaq deyil ki, dadından doymadığın yeməkləri
şərabla içəri ötürdüyünü də,
acı ət tikəsini çaçaya məzə kimi
seçdiyini də bayaqdan görür. Sadəcə sənin
rahatlığından ötrüdü bu ifadə, yəni
ürəyin istəyir davam edək, axı hələ
heç nə yeməmisən... Artıq çəki, şəkər
və başqa kalori davalarında olan adamın burda nə isə
seçməyi çətindi. Mən sadəcə
"yedim" deyib and içmək üçün bircə
dənə xinqali, bir də çakapuli sifariş edirəm...
Çakapuli bizim səbzi kimi göyərtili ətdir, sadəcə
gürcülər tərxun da əlavə edirlər yeməyə.
Turşəngin məzəli tamı, tərxunun acısı ətin
qoxusunu yumşaldır və təkrarsız dad əmələ
gətirir. İsti kafedə qızınıb Bakıyla
yazışandan sonra çölə çıxanda gülmək
tutur məni; bu soyuqda, yağışda iri dondurma
aparatını səkinin kənarına çəkib rus,
gürcü və ingilis dillərində "kindzmarauli"
şərabından hazırlanan dondurmanı reklam edirlər.
Yaxınlaşıb bir də dəqiqləşdirirəm,
satıcı resepti də bölüşməyə
hazırdı. Bura Tbilisidi, bir daha anladım! İndi soyuqdu deyə
dondurma yeməyəcəksən, özü də şərab
tərkibli ey?!
Mən öləndə ağlama...
Mətnlərin də taleyi olurmuş və bir məqamdan
sonra müəllifdən azad şəkildə öz
ömrünü sürürmüş. H.Əliyev adına
Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram
Teatrının yeni binasının təməli bu
yaxınlarda qoyulub. Ona görə indiki, müvəqqəti
şəraitsizlikdə yeni tamaşanın qurulacağına
elə böyük inamım da yox idi. Teatrın bədii rəhbəri
Turqay Vəlizadə və bütün yaradıcı heyətlə
görüşümdən, zalda əyləşən həmyerlilərimizlə
söhbətlərimizdən gəldiyim qənaət budur ki, vətənin
beş addımlığında yaşayan bu adamların
doğma dildə sənətə, teatra, ədəbiyyata
ehtiyacı var. Sonda, təzimdən sonra foyeyə
çıxıb həmyerlilərimizlə söhbət edirəm.
Bölgələrdən öz şagirdləri, tələbələri
ilə teatra gələn müəllimlərin fədakarlığından
təsirlənirəm. O qədər mehriban, isti münasibət
göstərirlər ki... Suallar verirlər, gözəl
sözlər deyirlər, arzularını dilə gətirirlər.
...Başa düşürəm ki, bir çox
arzuları həyata keçirmək - yeni tamaşaların
qurulması, yerlilər üçün dil və sənət
kurslarının daha çox açılması, azərbaycanlı
ziyalılarla görüşlərin keçirilməsi və
ümumiyyətlə, vətənlə mədəni
bağların möhkəmlənməsi xeyli dərəcədə
maddiyyata bağlı məsələdir. Ancaq qəlbağrısı
ilə onu da qeyd etməliyəm ki, zirək həmyerlilərimiz,
imkanlı biznes və iş adamları sənətə maliyyə
ayırmaqdan xeyli uzaqdılar. Əsasnaməyə görə,
teatrın büdcəsi Gürcüstan hökumətinə
bağlıdır. Amma az büdcə ilə böyük
işlər görmək çox çətindir.
Aktyorların aldığı məvacibin məbləğini
eşidəndə fədakarlığın miqyasını
daha yaxşı anlayırsan. Ona görə daha öncə
dediyim - onlar üçün nə etmək olar -
sualının cavabını burda daha yaxşı dərk edirəm;
sadəcə sevgi göstərmək! Sevginin isə minbir ifadə
forması var! Çəməndən çiçək də
toplasan, sevgidi, ovcundan yerə qoymasan da, sevgidi! Bütöv
olmaq vacibdir!
P.S. Qaç... Hava limanı!
Başım söhbətə qarışıb
vaxtı unutmuşam. Bir saat sonra təyyarə qalxır... Yenə
yağışlı küçələrlə Hava
limanına tələsirəm... Maşın yüksək
sürətlə irəlilədikcə düşünürəm,
görən qeydiyyat qapısı bağlanmaz ki?! Amma sonra
düşünürəm, bura Tbilisidi, balam! Qonağı
razı salmaqdan ötrü quş qanadında da olsa,
çatdıracaqlar mənzilbaşına! İnanıram ey,
dediyimə!
PƏRVİN
525-ci qəzet .- 2023.- 23 dekabr, №(233).- S.16-17.