HƏMİŞƏ CANLI KEÇMİŞ  

 

Bütün Azərbaycana və dünyaya "Axşam görüşləri" onillərdir ki, keçmiş Park küçəsindən - Mehdi Hüseyn 1-dən yayılır. Amma veriliş hazır olub səslənənəcən uzun yol keçir və "Axşam görüşləri" bunca uzunömürlü və keyfiyyətienməz qala bilibsə, bunun əsas səbəbi onun sahibi olduğu nəhəng mətbəxdir. Elə bir mətbəx ki, orada yurdumuzun və millətimizin tarixində adı həmişə anılacaq onlarca qiymətli insanın izi var. O şəxsiyyətlər ki, onlarsız köməksiz qalardım, dərin qatlara enmək imkanım olmazdı. Bu uzun yoldakı unudulmaz hayanlarımdan biri də unudulmaz tarzənimiz Bəhram Mansurov idi.

...O mənzil bir qərargah kimi idi. Elə bu cür də olmalı idi, çünki nəsil-nəsil ötürülən ənənə vardı. O mənzilin sahibi dünyaya gözünü açandan, ağlı söz kəsəndən evlərini qonaq-qaralı, musiqi sədalı görmüşdü, uşaqlıq illərindən anlamışdı ki, lap gecənin bir aləmində qapıları döyülə bilər və gələn də lap ilk dəfə bu mənzilə qədəm basırsa belə, yad adam sayılmamalıdır. Çünki bura üz tutubsa, demək, o musiqiyə, şeirə bağlı adamdır, hal əhlidir. O mənzil Bakı şəhərindəki digər mənzillərdən zahirən xüsusi bir dəbdəbəsi ilə seçilmirdi. Amma Bakının və Azərbaycanın bütün mənzillərindən fərqli olaraq, orada hər gün ən məlahətli səslər, ən mahir barmaqlar, ən qabil əllər muğamlara həyat verirdi, bu mənzildən keçən saatlar ən mötəbər səhnələrə aparan yolun müqəddiməsi idi. Bura ustad tarzən Bəhram Mansurovun mənzili idi. O ev elə o təhər də olmalı idi. Çünki Bəhram Məşədi Süleymanın oğlu idi, adla deyilən Bakı musiqi məclisinin qurucusu Məşədi Məlik onun babası olmuşdu. Qonaqpərvərlik, qayğıkeşlik, millət üçün yanmaqlıq onların canında, qanında idi. Azərbaycandan uzaqlarda muğamı araşdıran Yurgen Elsnerin də, İştvan Rayçın da yolu bu mənzildən keçirdi, sabah opera səhnəsinə çıxacaq yeni Leylilər və Məcnunlar da Bəhram ustadın tarı ilə burada yetişirdilər, etiraf edilən xanəndələrimiz sırasında yer alıb radioda, televiziyada görünməkçün də bu ocaq bir imtahan meydanı, məhək daşı kimiydi. Müxtəlif Şərq ölkələrindən Bakıya təşrif gətirənlərin, şərqli olmasalar da, mütəxəssis kimi muğamla bağlı olanların Bakıya qədəm basınca Bəhram ustadı araması, bir mehraba gəlirmiş kimi onun mənzilinə tələsməsinin məntiqi aydındır, ancaq 1970-ci illərin sonlarında hələ xaricdən bura, buradan xaricə gediş-gəlişin seyrək olduğu vaxtlarda bir axşam Bəhram müəllim mənə zəng vuranda ki, - "Özünü çatdır bizə, səninçün maraqlı olacaq, Polşadan yaxşı qonaqlarım var, "Koman Bənd" qrupu gəlib", - ustadgilə gələnəcən yol boyu düşünmüşdüm ki, axı bir rok qrupunun muğam bilicisi, əski üslublu tarzənlə nə əlaqəsi. Ancaq o gənc musiqiçilərlə tanış olandan, gecə boyu söhbət edəndən sonra anlamışdım ki, bu zümrədən olan əcnəbiləri də bu mənzilə çəkən əsl Azərbaycan milli musiqisinin rəngini, dadını, havasını ilk qaynaqdan, birbaşa bulağın gözündən duymaq istəyidir.

Mən də o mehriban ünvanın cazibəsinə ilk tələbəlik illərindən düşdüm. Hələ heç "Axşam görüşləri"ni başlamamışdım, radioda ilk kiçik verilişlərimi hazırlayırdım, vaxtilə Bakının neft milyonçularından olmuş, zənginləşməkdən əvvəlsə xanəndəlik etmiş Mirtağı Mirbabayev - "Bakılı Seyid" haqqında axtarışlardaydım. Tövsiyə etdilər ki, Bəhram Mansurovla da söhbətləş, o, belə mövzuların xiridarıdır. Zəng vurdum, elə suallarımı telefondaca vermək istədim, amma qəti razılaşmadı: "Yox, evə gəl, bu, ayaqüstü söhbət deyil!"

Gəldim və o mənzil həmin gündən mənimçün doğmalaşdı. Ömür-gün yoldaşı, işıq dolu Münəvvər xanım da, oğlanları da məni ailənin üzvü kimi qəbul etdilər və bu gün həyatdan getmiş Mansurovlar qəlbimdə, yaşayanlar gündəlik sevgilərimdədir.

Bəhram Mansurovun mənzili mən o evə ayaq açanacan yalnız xalq musiqimizin, muğam operalarımızın ən sağlam tədarüklərinin görüldüyü qərargah idisə, ardıcıl get-gəllərim başlanandan sonra çevrilib oldu "Axşam görüşləri"nin əsas güc mərkəzlərindən biri. Azərbaycan xalq musiqisinin neçə-neçə unudulmuş ifaçısının "Axşam görüşləri" vasitəsilə yenidən həyata qayıtmasının, xalqa tanınmasının təməli o mənzildə qoyuldu.

İllər ötəndən, arxada qalmış mənzərəni bütövlüyü ilə seyr etmək imkanı qazanandan sonra düşünürəm ki, Bəhram müəllimlə görüşməyim, bu təmasların illərcə davam etməsi elə taleyin hökmü, Azərbaycan radiosunun ruhunun diktəsiymiş. "Azərbaycan radiosunun ruhu" ifadəmi elə gəlişigözəl deyim, şairanə söz kimi qəbul etməyin. Radiomuzun başlanğıc dövrünün ayaq üstə qalxaraq inamla irəliləməyə başlaması tarixinin çox səhifələrinə təfərrüatı ilə bələdəm. Bu yolun əvvəlində Müslüm Maqomayev, Məmməd Səid Ordubadi kimi parlaqlar dayanır. Müslüm bəyin, daha sonralarsa köhnə radioçulardan olan şair Hüseyn Natiqin gündəliklərində onların və fədakar silahdaşlarının 1920-1930-cu illərdə radiomuzu güclü, sevimli, hamınınkı edə bilmək yolunda hansı mübarizələrdən adladıqları haqda səhifələri oxuduqca əmin kəsilmişəm ki, Vətənin səsi olan bu məkan elə bir insan kimi canlı varlıqdır, onun böyüklərimizin, dəyərlilərimizin bəsləyib sonrakı nəsillərə ərməğan etdikləri saf varlığını həmişə göz bəbəyi təki qorumaq gərəkdir. Bəhram ustad Müslüm bəyi çox sevirdi, "Mən onun yetirməsiyəm" deyirdi və radioya həyatı uzunu bəslədiyi xüsusi məhəbbət və diqqətinin bir rişəsi də elə Maqomayevin xatirəsinə ehtiramdan gəlirdi. Bəhram müəllimçün Radiomuz da Müslüm bəyin bir əsəri idi. "Şah İsmayıl"a hansı nəvaziş və sevgi ilə yanaşırdısa, Radioya da ürəyi o qədər yaxın idi. Bir dəfə Bəhram müəllim Soltan Nəcəfov haqqında dedi ki, bu adam yeriyən radiodur, onu görəndə elə təsəvvür edirəm, Azərbaycan radiosu elə bu adamdır. Azərbaycan radiosunu hörmətli-izzətli, nüfuzlu-səviyyəli etmişlərin cərgəsində daim qalası adlar silsiləsində tarzən Bəhram Mansurovun da yeri ayrıcadır.

O günlərin hərəsi indi mənə nağıl kimi gəlir. Məşhur balaban, zurna ifaçısı Həsrət Hüseynov haqqında yazı da yazmışdım, haqqında radioda veriliş də hazırlamışdım. Həsrət də yaxşı ovçu idi və Bakıya gəlişlərindən birində mənə şikarından pay gətirmişdi. Ancaq mən tələbə idim, o turacları yolası, bişirəsi halım yoxdu. Apardım Bəhram müəllimgilə. Münəvvər xanım qayıtdı ki, bu işlərə bizdə Bəhram baxır, gör indi o, turacları necə bəzəyəcək. Ertəsi gün axşam Bəhram müəllim məni plova dəvət etdi. Altına turaclar döşənmiş fisincanplov elə "Bəhram ustadın "Mahur-hindi"si qədər ləzzətli idi. Ancaq bu plovlu axşamın daha bir bəzəyi Yavər xanım Kələntərli idi. Ağırlığı çiynimi döyənək edən reportyorun o cür görüşlərdən qazandığım faydası heç vaxt unudulmaz. Danışırdılar, söz sözü gətirirdi və hamısı yazılırdı lentə. Abşeronun keçmişlərdə qalan muğamlı gecələri, həmin gecələri avazları, çalğıları füsunkar etmiş Ağabala Ağasayıd oğlu, Mirzə Səttar, Mirzə Fərəc, "Bayatı-Qacar" Baladadaş o axşam bizimləydilər, Yavər xanımın zümzümələrində, xatirələrində yaddan çıxmış təsniflər, el havaları dirilirdi, Mirzə Məhəmmədhəsən canlanırdı...

Bəhram müəllim radioda hər gün bir neçə dəfə canlı yayımla iştirak etdikləri konsertlərdən danışırdı. Deyirdi ki, evə getməyə vaxtımız qalmırdı, elə naharı da orada edərdik, mənim ki uşaqlıqdan anam olmayıb, ev də həmişə get-gəlli, atam bizə xörək bişirməyi öyrətmişdi ki, gecənin bir aləmində də qonağımız olsa, süfrə aça bilək. Səhər konsertinə gələndə radiostudiyanın mətbəxində pitiləri qoyurdum odun üstünə ki, vamla bişsin, günortaya hazır olsun. Yeməyin ətri bürüyürdü aləmi, oxumağa gələn müğənnilər, xanəndələr zarafat edirdilər ki, ay Bəhram, ağzımız sulanır, oxuya bilmirik, bizə niyə zülm verirsən?

...Köhnə kasetlərdən birini götürürəm, maqnitofonu işə salıram, lent fırlanır. Bu sorğunu 1977-ci ildə aparmışam, Bəhram ustadın keçmiş Hüsü Hacıyev, indiki Azərbaycan küçəsində, liftsiz binanın beşinci qatındakı həmin mənzilində.

Səsi eşidincə ixtiyarsız gözümü yumuram, elə zənn edirəm, gözümü açınca sifətinin ən xırda cizgiləriylə yaddaşımın ən üst qatında olan əziz Bəhram müəllimi qarşımda görəcəyəm: "1930-cu illərin əvvəllərində mən işləyirdim Azərbaycan Konsert Birliyində. Elə bir-iki aydı ki, orada işləyirdim, Əmrulla Məmmədbəyli - tarzən, radioda işləyirdi. Gəldi mənə dedi ki, səni radioya aparacağam. Müslüm bəy Maqomayevlə danışmışam, ora lazımsan. Apardı məni orada Müslüm bəylə tanış elədi. Müslüm bəylə görüşdük, məni çox yaxşı qəbul elədi - mehribancasına. Mən elə biixtiyar razılıq verdim ki, gedim oradan çıxım gəlim bura. Müslüm bəy "Oğlum, bir "Dügah" çala bilərsənmi?" soruşdu. Dinməz-söyləməz tarı götürüb başladım çalmağa. Gülümsündü ki, hə, lap yaxşı. Bu sayaq 30-cu ildə gəldim radioya, məni işə qəbul elədilər, o gündən radiokomitetdə solist oldum. Biz orada həm solo ifa eləyirdik, oxuyanlara çalırdıq - trio-trio bölüşmüşdülər bizi, bir neçə üçlük vardı. Günorta konsertləri vardı, onları çalırdıq. 30-cu ilin axırlarına yaxın Müslüm bəy bizi yığdı, iclas keçirtdi ki, bəs mən istəyirəm burada, radioda bir notlu orkestr yığım, Üzeyir bəyi də çağıram ki, həm bədii rəhbər, həm də dirijor olsun. Mən dedim ki, Müslüm dadaş, biz not bilmirik axı, bəs necə çalacağıq? Dedi, "Yox, yox, Üzeyir bəyə kömək eləmək lazımdı. Bu işi quraq, sonra notla çalanlar gələr, siz yenə öz trionuzda çalarsız". Elə də oldu. Biz təxminən beş ay bu orkestrdə çaldıq.  Yadımdadır, "Vengerski tans" çalırdıq, Şubertin "Marş"ını çalırdıq - belə-belə şeylər. Vaxt gəldi çıxdı. Biz yenə keçdik trioya. Öz sololarımızı çalmağa. Orkestrə konservatoriyanın tələbələri yavaş-yavaş yığılırdı, orkestr cəm oldu burada. Sonra bu ərəfədə Müslüm bəy mənə dedi ki, səni teatra aparacağam. Onsuz da məni hərdən teatra aparırdı. Mən bilmirdim nə üçün aparır. Mənə deyirdi, gəl əyləş, bax gör nə yaxşı tamaşalar var, "Aşıq Qərib"ə bax, "Şah İsmayıl"a bax. Mən də bilmirdim bunun niyyəti nədir. Bir gün mənə dedi ki, səni aparacağam teatra, orada işləyəcəksən. Dedim, yox, mənə ağır olar. Mən həm "DomOboron"da ("Dom oboronı": "Müdafiə Evi" - R.H.) işləyirəm, mənimçün çətin olar. Dedi, yox, səni hökmən aparacağam teatra. 1931-ci ilin əvvəlləri idi, məni apardı teatra. Qabaqlar da ara-sıra operaya gedib çaldığım olmuşdu, amma 31-ci ilin əvvəllərində məni maaşla qəbul elətdirdi ora. Həmin ildən indiyəcən mən o teatrdayam. Müslüm bəyin mən, demək olar ki, əsl kadrıyam. Məni yetişdirən o kişidir. Həm "Dom Oboron"a göndərirdi, həm radioya, həm də Operaya. Mən ona çox minnətdaram. Özü də çox dəqiq adam idi. "Şah İsmayıl"a elə qulluq edirdi ki, lap balası kimi, Hüseynağadan başqa heç kimə oxumağa icazə vermirdi".

1970-ci illərin əvvəllərində indi Azərbaycan radiosunun yerləşdiyi bina yenicə tikilib qurtarmışdı və mən "Bakı" axşam qəzetindən radionun ovaxtkı rəhbəri Cəmil Əlibəyovdan müsahibə almağa gedəndə hələ təmirin toz-torpağı axıracan süpürülüb-təmizlənməmiş dəhlizlərdən keçmişdim. Az sonra isə oralar mənə ikinci ev kimi oldu - doğma, məhrəm. Hərdən təqaüd yaşı çatıb işdən çıxarılan köhnə radio-televiziya işçiləri ilə rastlaşanda onların incik ovqatını yaxşı anlayıram. Onillərlə bağlı olduğun, saatları üst-üstə gəlsən oyaq həyatının böyük hissəsini keçirdiyin, bir parçasına çevrildiyin məkandan bir günün içərisində ayrılmaq çox ağırdır.

Müasir texniki imkanlar indi yardımçın olur ki, hər şəraitdə həmsöhbətinin efirə layiq keyfiyyətdə səsini yazasan. Təyyarədə də yazdığım olub, gəmidə də, qatarda da. Xarici səfərlərdə illərdir verilişi elə hotel otaqlarında hazırlayıb göndərirəm. Daha ötənlərdəki kimi, studiyalara ehtiyac qalmayıb. Qabaqlar irəlicədən növbə tutmasaydın, gərək saatlarla vaxt itirəydin, dəvət etdiyin qonaqla radioya gəlib gözləyəydin. İndi isə asudəlikdir, çox vaxt studiya otaqları boş olur. Ancaq indi də yolum hər dəfə radiodan düşəndə qalxıram həmin mərtəbələrə, arada boş studiyalara daxil də oluram. Bu studiyalar mənim üçün çox əzizdir. Ömrümün onilləri bu otaqlarda keçib. Əlbəttə, o zaman indiki kimi deyildi. İndi istəyirsən dörd-beş qonaq dəvət et, hər danışanın qarşısında ayrıca mikrofon var. O vaxt sadəcə bircə mikrofon vardı, hamımız ora danışırdıq. İki-üç qonaq olanda birini yazardın, o, otaqdan çıxardı, digəri gələrdi, ayrı-ayrı yazıb sonra birləşdirərdik. Amma indi hər kəs rahatca əyləşir öz mikrofonunun qarşısında, istənilən mətləbə də müdaxilə edə, sözünü deyə bilir. 1970-ci illərdə mən Azərbaycan radiosunda yolumu başlayanda heç daha irəli getmiş Moskva radiosunda indi bizdə olan şərait yoxdu. Kasadlıq idi, ancaq həvəs çoxdu, söz soruşulası adamlar ürəyin istəyən qədər idi. İndi o günləri xiffətlə xatırlayıram və düşünürəm ki, o illərdə verilişə çağırdıqlarımızın hər biri elə həmin çağlarda klassikmiş, sadəcə daha iri ulduzlar o qədər bol idi ki, sanki parlaqlıqları nisbətən kiçik ulduzları arxa sıraya çəkirdi, di gəl, indinin gözüylə baxanda barmağını dişləyirsən - elə hamısı ulduzmuş. İrisi-xırdasıyla!

Radionun öz işçləri arasında da artıq o dövrdə tarixləşmiş insanlar az deyildi. Arxivimdəki radioya aid fotolar sırasında bir şəkil də var. Elə indi də işləyən səs yazısı studiyalarından birində çəkilib. O zaman indiki kimi deyildi. Bu gün heç fotoaparata da lüzum qalmayıb. Hərənin əlində bir telefon, istənilən anı yerindəcə yaddaşlaşdırırlar. Amma mən elə o çağlarda da, məhdud imkanlara baxmayaraq, çalışırdım ki, oturub-durduğum, ünsiyyətdə olduğum tarixi insanların təkcə səsini deyil, görüntülərini də sabah üçün qoruyum. Hərdən "Danışır və göstərir Bakı" həftəliyinin fotoqrafını dəvət edirdim, bizi elə studiyadaca çəkirdi. İndi hərəsi misilsiz bir yadigardır. O şəkillərdə birində 1978-ci ildir. "Axşam görüşləri"nin növbəti nömrəsini hazırlayırıq. Mikrofonun başına toplaşanlar yalnız bircə verilişin qonaqlarıdır: Mütəllim Mütəllimov, Bəhram Mansurov, onda hələ cavan olan xanəndə Əlibaba Məmmədov, diktor Fatma Cabbarova, bir də mən. Respublikanın Əməkdar artisti, ən tanınmış diktorlarımızdan olan Fatma Cabbarova adətən bu studiyalara mətnlər oxumaq üçün gələrdi, ancaq o gün bəlkə də həyatında ilk dəfə idi ki, onu mikrofon qarşısına müsahib kimi dəvət etmişdim. Fatma xanımı çağırmışdım ki, babası Əbdülqədir Cabbarov barədə danışsın. Xanəndə Qədirbala köhnə Bakının ən güclü oxuyanlarındanmış, Azərbaycanda səsi vala yazılmış ilk xanəndə də məhz o idi. Əbdülqədir Cabbarovun valı 1905-ci ildə buraxılmışdı. Söz yox,  Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd və digər xanəndələrimiz kimi, sonralar onun da sıra-sıra valları çıxacaqdı. Təəssüflər ki, bizə qalan tək valının buraxıldığı ildə Qədirbala 35 yaşında qətlə yetirilir. Qalan valı yeganə idisə də, haqqındakı ailə xatirələri az deyildi və Fatma xanım o yaddaşları bölüşdükcə bunu da deyirdi ki, zənn eləmirdim haçansa bunları radiodan da söyləyə, babamın oxusunu da radiodan eşidə bilərəm.

...Bu studiyalarda Xan Şuşinski ilə də üzbəüz oturmuşuq, Xanlar Haqverdiyevlə də həmsöhbət olmuşuq. Arif Məlikov, Lütfiyar İmanov, Əbülfət Əliyev, Rübabə Muradova, Vaqif Mustafazadə və daha kimlər, kimlər qonağım olub. 1980-ci illərin əvvəlləri, yenə Tofiq Quliyevləyik. Mahnılarının ən qəşəngindən - "Qızıl üzük"dən bəhs edir. Bu nəğmə Azərbaycan insanının qəlbinə "Bəxtiyar" filmiylə girib. Nəğmə elə gözəldir ki, film çərçivəsinə sıxılıb qalmayıb, neçə nəsil müğənninin oxusuyla yeni gözəlliklər qazanıb. Tofiq Quliyev mikrofon qarşısındadır və məşhur mahnının kimsəyə məlum olmayan sərgüzəştlərindən söz açır. Bizi agah edir ki, Rəsul Rzanın sözlərinə bu mahnını "Bəxtiyar" filmi üçün yazmayıbmış. Lətif Səfərov hələ "Bəxtiyar"ı çəkməyə başlamazdan əvvəl bu nəğmə bəstələnibmiş, hanısısa qısametrajlı filmdə səslənməliymiş - həm də bütöv yox, bir dəqiqə, yaxşı halda dəqiqəyarım. "Bəxtiyar"a musiqi yazmağa başlayanda bu mahnı göydəndüşmə olur, sadəcə Tofiq müəllim, özünün deməsincə, onu Rəşidin səsinə uyğun bir az da işləyir.

Mikrofon qarşısındaydıq, "Axşam görüşləri"nin növbəti buraxılışı üçün Tofiq Quliyevin səsini yazırdıq, o isə söhbətləriylə bizi ayrı bir yazılış gününə aparırdı. Nağıl eləyirdi ki, kinostudiyada mahnıları lentə adətən gecə saatlarında yazırdılar. "Qızıl üzük" mahnısını Rəşid oxudu və sonra ikinci, üçüncü, dördüncü dubllar oldu. Çünki Rəşid çox vasvası idi, hər mahnını dönə-dönə oxumasa, dönə-dönə cilalamasa, ürəyi soyumurdu. Səhərə qədər iyirmiyə yaxın variant oxudu. Amma ən axırda ən birinci yazdığını götürdü.

Kinostudiyanın səsyazma otağı ilə radionun qat-qat peşəkar, daha mükəmməl təchizatlı səsyazma evinin səviyyələri fərqli idi. Sonralar Rəşid Behbudov "Qızıl üzük" mahnısını dəfələrlə lentə yazdırdı - Bakıda da, Bakıdan kənarlarda daha bərkgedən studiyalarda da. Ancaq Tofiq Quliyev etiraf edirdi ki, kinostudiyanın az imkanlı studiyayabənzər balaca səsyazma otağında, gecə saatlarında, Rəşidin 20 dəfəyədək müxtəlif əlavələr və sığallamalarla oxuyandan sonra yenə qayıdıb birincisini götürdüyü "Qızıl üzük"dən yaxşısı olmadı ki, olmadı!

...Tanış studiyalar, 20-25 kavdratmetrlik saya mebelli otaqlar,  mikrofonlar, masa, kənar səslərin girməməsi üçün ikiqatlı qapı. Amma bu boş otağa baxıram, xəyalımda izdiham, sıra-sıra insanlar canlanır. Elə bir izdiham ki, o izdihamın içərisində hər bir adamın adı Azərbaycanın musiqi, mədəniyyət, mənəviyyat tarixinə əbədi həkk olunub. Bu mikrofonların heç biri sadə mikrofonlar deyil. Bunların hər birinə əslində möcüzə kimi baxmaq lazımdır. Kiçicik bir otaqda, beş addım oyana - on addım sərhədli studiyanın səssizliyində, mikrofonun qarşısında əyləşirsən. İkinizsiniz - sən və mikrofon. Amma bu səs bütün Azərbaycana çatır, Azərbaycanın hüdudlarından kənarlara uçur. Danışan sənsən, fəqət bu səs o anda sənin səsin deyil, Azərbaycanın səsidir. Hansısa dəqiqələr ərzində bütün Azərbaycanın səsi ola bilmək eyni anda həm bəxtiyarlıq, həm də əsl möcüzə deyilmi?!

...Bircə radiomuz vardı, o radionun da tək səsyazma evi, orada da rejissor Qara Qarayevin tələbəsi Adil Bəbirov. Adil, Qara müəllimin ən çox istədiyi, hələ tələbə vaxtlarından gələcək böyük uğurlarına inandığı tələbələrindən idi. Adil insan kimi  dürüst, təmizqəlbli, səmimi idi, bəstəkar olaraq yaşıdları arasında ən istedadlılardandı, nə yazıbsa da, hamısı gözəldir. Ancaq ortada olanlar yaza biləcəklərin heç ondabiri deyil. Böyük yaradıcılıq imkanları sonacan açılmayanlardan oldu. Özü də boynuna alırdı ki, təqsir özümdə oldu, çox səhlənkarlıqlar elədim, Qara müəllimin mənə bəslədiyi ümidləri sona qədər doğrultmadım. Səsyazma evində səs rejissorluğu o çəkidəki bəstəkara yaraşan deyildi. Amma bir yerdən məvacib almalı idi, bəxtinə bu iş düşmüşdü, Adilin böyüklüyü ilə müqayisədə çox kiçik idisə də, orada musiqi yazdıranlarçün bu gedişatı Adil Bəbirov kimi ali peşəkarın idarə etməsi bəxtin üzə gülməsi idi. Onun dövründə yazılmış və indi Azərbaycan radiosunun səs xəzinəsində yer alan lentlərin hər birində Adil dalğası hiss edilir. Bəstəkarların səsyazma evinə gəlib çıxan əsərlərinə düzəlişlər də edirdi, ən təcrübəli müğənnilərin və çalğıçıların ifalarını da yazı gedişində qələtlərdən təmizləyirdi. Heç kim də etiraz etmirdi, Adilin onları təshih etməsinə qısqanc, ya təkəbbürlü yanaşmırdı, nə iradı olsa, danışıqsız qəbul edirdilər. Çünki qarşılarında böyük sənətkarın dayandığını, təkliflərinin də yalnız işin xeyrinə olduğunu aydın dərk edirdilər və lent yazıları da bununla çox qazanırdı.

O vaxt radio da tək idi, yazılış studiyası da, burada yazılanları qəbul edən bədii şura da. Lent yazıları da üç cür olurdu. Çoxdəfəli istifadə üçün, "Qızıl fond"a gedəsilər və "birdəfəlik" yazılışlar. "Birdəfəlik" həmişəlik anlamında yox, tək dəfə efirə verilmək anlamında idi. "Qızıl fond" üçün yazılanların üstünlüyü həm də bunda idi ki, belə lentlərin orijinalı və efirə verilən surətləri olurdu. Çoxdəfəli istifadə üçün nəzərdə tutulanların ömrü işlənib-işlənib sıradan çıxanacan idi. Hər yazılmış lent Azərbaycan teleradiosundakı mötəbər münsiflərdən ibarət Bədii Şuranın süzgəcindən keçdiyindən yararsız əsərlərin radio fonotekasına yol tapması, efirə verilməsi mümkünsüz idi. İraq indidən. Nəzarətsizlik ucbatından efirimiz, o efirlərdən də mühitimiz löyün-löyün əsl musiqiyə yamaq, karikatura hesab ediləsi horralarla dolub, zövqlər korlanıb, belə hərki-hərkilikdə 1980-ci illərin ortalarınadək az-çox qorunmuş yüksək meyarlara məhəl qoyan qalmayıb.

1970-80-ci illərdə fonda daxil ediləsi yazıların araya-ərsəyə gəlib rəsmiləşməsi aylar çəkdiyindən və "Axşam görüşləri"ndə müntəzəm olaraq başqa yerdə eşidilməmiş, ilk dəfə səslənəcək oxu və çalğıların verilməsinə həmişə can atdığımdan birdəfəlik yazılışlardan mütəmadi yararlanırdım. Tez-tez müraciət etdiyim dinləyiciyə xoş efir fəndlərimizdən biri də ifaçıları elə söhbət əsnasında, musiqi müşayiəti olmadan studiyadaca oxutmaqdı. Sona Hacıyeva bizim ilk qadın Leylimiz olmuşdu. Əlbəttə ki, onun 1920-ci illərdəki həmin oxuları nə kinolentdə, nə valda qalırdı. Sona xanım 1907-ci ildən idi, 79 yaşında da həyatdan getdi. Səs, aktyorluq istedadı ona irsən nəsib olmuşdu. Babası Bülbülcan - Əbdülbaqi Zülalov məşhur xanəndə idi və kiçik yaşlarından da atasız qalan Sonanı o böyütmüşdü. Onu opera səhnəsinə Hüseynqulu Sarabski gətirmişdi və 1923-cü ildə ilk dəfə səhnəyə Leyli kimi çıxmışdı. "Axşam görüşləri"ndə "Leylilər və Məcnunlar" adlı rubrikam vardı, bir-bir bütün Leylilərimizdən və Məcnunlarımızdan söz açırdım, həyatda olanları qonaq çağırırdım, ya gedib evlərində yazırdım, vəfat etmişlər haqqında ilk növbədə Bəhram müəllimi, eləcə də digər sənət dostlarını danışdırır, oxularından parçaları süjetimizə əlavə edirdim. Ancaq rolda oxusu qalmamış Sona xanım Hacıyevanı yenə erkən Leylilərimizdən olan Sürəyya Qacarı, Sima Haşımlını studiyadaca oxutdurmuşdum. Aşıq Hüseyn Saraclıdan, Aşıq Kamandar Əfəndiyevdən rica eləmişdim ki, studiyaya sazla gəlsinlər. Gəlmişdilər və başlamışdıq aşıq havalarından, onların tarixçələrindən danışmağa. Danışmışdılar, çalmışdılar, oxumuşdular, bu ustad sənətkarın verilişə belə gəlişi ciddi əks-səda doğurmuş, yüzlərlə dinləyici məktubu gəlmişdi (O illərin bu qəbildən olan yüzlərlə məktubunu saxlayıram ki, hər biri məzmunluluğu, verdiyi xəbərlər, qoyduğu suallar, çatdırdığı xoruz səsi eşitməmiş məlumatlarla diqqətəlayiqdir və onların haqqında ayrıca yazmağa da gərək var ki, həmin illərin oxucusu, dinləyicisi, tamaşaçısı ilə indikilərin arasındakı kəskin fərq görünsün. Nə acı ki, bu fərq heç vəchlə indinin xeyrinə deyil. O dövrdə Radionun elə nüfuzu vardı ki, verilişlərimizə tək özümüzünkülər deyil, başqa millətlərdən olanlar da həvəslə qulaq asırdılar və onlar da hisslərini məktublarında ifadə edirdilər. Xatirimdədir ki, Gürcüstandan Şalva Aduaşvili adlı bir nəfər 1970-ci illərin sonlarında "Axşam görüşləri"ndə Yavər xanım Kələntərli haqda buraxılışımızdan sonra məktub yollamışdı. Həmin verilişdə Yavər xanımın söhbətləriylə yanaşı oxuduğu muğam və təsniflər də səslənmişdi. Gürcü dinləyici yazır ki, maşınla yol gedirdim, maşının radiosunda dalğaları çevirirdim, qulağım bu səsi alınca avtomobili yolun qırağına verib saxladım, Azərbaycan dilini bilməsəm də, bu sehrli oxuya, gedən söhbətlərə axıracan qulaq asdım. Bu səs mənə elə təsir etdi ki, günlər ötsə də, hələ də özümə gələ bilmirəm, hələ də o ilahi oxunun təsirindəyəm. Bu da yadımdadır ki, Kamil Cəlilov "Yanıq Kərəmi"ni qaboyda ifa edəndən sonra qarmonçalan Aslan İlyasov da bu aşıq havasını özünəməxsus şirinliklə çalmışdı. Başlamışdılar toylarda bu havaya rəqs etməyə. "Axşam görüşləri"nə iki müxtəlif rayondan tam əks məzmunlu məktub yollamışdılar. Biri yazırdı ki, bu, Aslan İlyasovun gözəl yeniliyidir, bu çağacan aşıqların çalğısında eşidib sevdiyimiz "Yanıq Kərəmi"yə Aslanın vurduğu xallarla təzədən aşiq olduq. Digər dinləyicisi isə hiddətlənirdi ki, bu nə biabırçılıqdır, "Yanıq Kərəmi" bir sevgi faciəsinin ağısıdır, rəvadırmı ki, o, rəqs havasına döndərilir, camaat da ortaya düşüb şıdırğı oynayır?" Verilişdə hər iki məktubu oxuduq, müzakirə açdıq, beş minədək məktub gəldi və ən seçmələrini saxlamışam. Həm də heç biri sadə məktub deyildi, hər birində mövqe, ağıllı yanaşma, özəl təhlil vardı. Elə bircə məktubların miqdarı və bütün Azərbaycan bölgələrini əhatə etməsi həm xalqın "Axşam görüşləri"nə, həm də Radioya isti, səmimi münasibətinin göstərgəsi idi.

Bunların hamısı "Axşam görüşləri" vasitəsilə Azərbaycan radiosuna gələn yeniliklər idi. Hər verilişdən öncə Radionun şənbə günləri satışa çıxan proqram qəzetinə növbəti buraxılışımızla bağlı soraq yazısı təqdim edirdim. Hətta o məqaləciklərə də dərhal münasibət bildirilirdi, onlarla əlaqədar da ayrıca məktublar gəlirdi. Həmin yazılardan birinin sərlövhəsini "Muğamatın atası" qoymuşdum və müğənni, aktyor Qulu Əsgərova həsr edilmişdi. O vaxtlar mən həm də konservatoriyada (indi Bakı Musiqi Akademiyası) dərs deyirdim və orada bəstəkar Vasif Adıgözəlovla rastlaşdıq. Hiss etdim ki, nəsə mənimlə bir az soyuq görüşdü. Aramızda lap çoxdan dost münasibətləri vardı, rəhmətliyin yaradıcılığına rəğbətim öz yerində, şəxsiyyətinə, insanlığına da dərin sayğım vardı. Ona görə dərhal soruşdum ki, Vasif müəllim, nə baş verib, niyə salamınızın istilik dərəcəsi az oldu? "Çünki səndən incimişəm", - dedi. Lap təəccübləndim: "Niyə, Vasif müəllim, mən yazıq neyləmişəm ki?" Elə bunu deyə-deyə fikirləşirəm ki, ay Allah, mən nə edə bilərəmmiş ki, Vasif müəllimin qəlbinə dəysin. Qayıtdı ki, axı sən hər sözün çəkisini, hər ifadənin yerini bilən adamsan. Başqası etsə, heç bənd olmaram, ancaq sən belə yazanda mənə yer eləyir.

Marağım lap artdı ki, İlahi, nə yazmışam ki, Vasif müəllimi belə narahat edir. Son vaxtlar dərc edilən yazılarım ani olaraq beynimdən keçdi. İş ondadır ki, son iki ayda yerli qəzet-jurnallarda yazılarım getməmişdi, bu aralıqda Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun buraxdığı iki məqalələr toplusunda məqalələrim dərc olunmuşdu ki, onlar da orta əsrlər şəhər ədəbiyyatı ilə bağlı idi və heyrətlə düşünürdüm ki, görən, orada nə var ki, Vasif müəllimə belə toxunub və ümumən az sayda peşəkar auditoriya üçün buraxılan həmin məcmuələri harada görüb oxuyub. Həftəlik proqram qəzeti yerli-dibli ağlıma gəlmir.

Vasif müəllim qınayıcı nəzərlərlə mənə baxıb dilləndi: "Bu proqram qəzetini hər ailə alır, gözucu da olsa onu hamı oxuyur. Orada Qulu Əsgərov haqda məqalən gedib. Yadındadır adını nə qoymusan?" "Əlbəttə yadımdadır, - dedim. - Yazının adı "Muğamatın atası"dır". "Sözüm yox, Qulu Əsgərov şirin oxuyandır, bəstəkarlığı da var, aktyorluğu da məqbuldur. Ancaq bizim Cabbarımız, Seyidimiz, Xanımız olub, hələ heç atam Zülfünü, Mütəllimi mən demirəm. Axı onlar olan yerdə Quluya necə "muğamatın atası" demək olar? Başqası, bilməyən bəlkə də deyər, amma sənə yaraşmaz axı!"

Söhbətin nədən getdiyini bilincə sakitləşdim. Dedim ki, ay Vasif müəllim, yüz faiz sizinlə razıyam ki, o sadaladıqlarınız ustad sənətkarların hər biri, doğrudan da, məcazi mənada "muğamatın atası" adlandırıla bilər. Ancaq Qulu həqiqi mənada Muğamatın atasıdır.

Mən belə deyəndə Vasif müəllim bayaq mənim onun sözlərinə təəccübləndiyimdən də artıq mat qaldı. Soruşdum ki, siz yazını axıracan oxumusunuzmu? Dedi ki, yox, elə adını, birinci cümləsini oxudum, hər şey mənə aydın oldu. Məqalənin adını qoymusan "Muğamatın atası", birinci cümləsi də dəqiq yadımdadır, belə idi ki, Qulu Əsgərov mahir muğam ifaçısıydı.

"Gərək axıracan oxuyaydız. Balaca məqalə idi, - dedim. - Niyə onu "Muğamatım atası" adlandırmağımın səbəbini orada yazmışam. Qulu Əsgərovun öz danışdığıdır, deyirdi ki, sənətə, musiqiyə, muğamlara eşqim o qədər böyük idi ki, hələ yeniyetməykən, Salyandakı Mədəniyyət evinə gedib-gəldiyim çağlardan bir əhd eləmişdim, neçə illər sonra övladlarım dünyaya gələndə də bu əhdimə əməl elədim. Uşaqlarımdan birinin adını Muğamat qoydum, obirinin adını Şahnaz".

Vasif müəllim ürəkdən güldü, qucaqladı məni...

...Yeri gəlmişkən, "Axşam görüşləri"ndə Vasif müəllimi də oxutmuşam. Növbəti dəfə qonağım idi. Dedim, siz Zülfü Adıgözəlovun oğlusunuz, qardaşınız da Raufdur. Rauf da skripkaçı ola-ola oxumaq səmtinə yönəldisə, mümkün deyil ki, sizin səsiniz olmaya. Həm də elə adi danışığınıza qulaq asanda hiss edirəm axı, bu səsdə musiqi var.

Vasif müəllim oxudu. Elə Zülfünün səsindəki bal, Raufun avazındakı məlahət onun səsində də vardı.

...Azərbaycan boyu çoxlu xəzinələr, dəfinələr var. Artıq məlum olanları az deyil və təbii ki, torpağın altında yatan bunlardan neçə qat artığı da olmamış deyil, yəqin, onlar da haçansa tapılacaq, kəşf ediləcək, olacaq insanlarınkı. Azərbaycanın rəsmi ləl-cavahirat fondu var. Amma mənim nəzərimdə Azərbaycanın indi bəlli olan və gələcəkdə tapıla biləcək bütün xəzinələrindən, dəfinələrindən, bütün ləl-cavahirat fondlarından da ən zəngin, ən qiymətli olan xəzinə Bakının dağlıq hissəsindədir, Azərbaycan radiosunun səs xəzinəsinin yerləşdiyi binada. Orada - Azərbaycan radiosunun fonotekasında indi 300 mindən artıq səs yazısı qorunur. Bu sərvət  Azərbaycanı Azərbaycan edən insanların onillər boyu toplanmış səsləridir. Hansını səsləndirsən, o şairin, o alimin, o müğənninin, o rəssamın, o heyləktaraşın, o əməkçinin, o el adamının səsiylə Azərbaycan danışacaq.

Və mən özümü xoşbəxtlərin xoşbəxti sayıram ki, bu müstəsna Vətən xəzinəsinin xəzinəyə çevrilməsində son yarım əsrlik müddətdə mən də az-çox zəhmət çəkmişəm. Bu gün 300 mindən artıq həmin səs incisinin arasında minlərlə "Axşam görüşləri" qorunur. Minlərlə "Axşam görüşləri"ndən əlavə mən illərcə başqa verilişlər də hazırlamışam ki, onlarda həm mənim ilk gənclikdən üzü buyanakı səsim, həm də dəvət elədiyim insanların səsləri qalır.

Ölməz Seyid Əzim "Ölmərəm, aləmdə səsim var mənim" deyirdi. Azərbaycanın aləmdə var olan və gələcəyin içərisinə çatan ən vacib səslərinin hamısı buradadır. Bura misilsiz bir səslər muzeyidir. Muzeylər adətən keçmişi göstərir. Amma bu sevimli və qiymətəsığmaz məkan elə nadir muzeydir ki, içərisində keçmişində nəfəsi həmişə gedib-gəlir, burada indiylə gələcək də daim əl-ələdir. Lap yüz il və daha çox zamanlar sonra da ötənlərdəki və indiki təzəliyində və canlılığında qalacaq diri səslərə "keçmiş" demək rəvamı?

20 dekabr 2023

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2023.- 23 dekabr, №(233).- S.14-15.