Gəncliyin uğurlu gələcəyinin
yolu özünütərbiyədən keçir
Həyat adlı ən nadir nemət, misilsiz fürsət
insana bircə dəfə verilir. Bu fürsətdən maksimum
yararlanmaq, qəlbən Vətənə, xalqa və ailəyə
bağlı olub onlara sədaqətlə xidmət etmək,
yaxşı əməllərlə özündən sonra
silinməz izlər qoymaq hər bir gəncin borcudur. Öz
ağılı, biliyi, bacarığı və halal zəhmətilə
hər bir gənc həyatda və cəmiyyətdə
özünəlayiqli yer tapa bilər. Lakin uğurlu
inkişaf, həyatda yüksək nailiyyətlər qazanmaq və
zirvəyə ucalmaq üçün ən vacib amillərdən
biri də tərbiyə, xüsusən də özünütərbiyədir.
Çünki ailənin, uşaq bağçası-körpələr
evinin və məktəbin verdiyi ilkin tərbiyə onda daha
gözəl, təsirli, keyfiyyətli və yüksək nəticə
qazanmış olur ki, gənclik özünütərbiyə
ilə bütün bunları daha da möhkəmləndirmiş
olsun. Bütün canlılar arasında özünütərbiyə
yalnız insana məxsusdur.
Tarix boyu Azərbaycan xalqının
yaratdığı nağıllar, dastanlar, atalar sözləri,
aforizmlər, laylalar, bayatılar uşaqların, yeniyetmələrin
və gənclərin həyatına böyük tərbiyə
məktəbi kimi daxil olub. "Kitabi-Dədə Qorqud"
dastanının bütün boylarında mənəvi-əxlaqi
gözəllik sayılan insan tərbiyəsi, xüsusilə gənclərin
əqli və fiziki inkişafı daim ön planda özünə
yer alıb. Dastanda Oğuz elindəki gənclərin
ağıl-kamalı, tərbiyəsi, gücü-qüvvəsi,
döyüş təcrübəsi, saza və sözə
sevgisi ilə yanaşı, onların özünütərbiyə
qabiliyyəti də yüksək qiymətləndirilir. Bu
baxımdan, dastandakı əksər gənc obrazların
yüksək əxlaqi davranışlarını, mənəvi
və fiziki tərbiyəsini, misilsiz mübarizliyini və qəhrəmanlığını
bu gün də gözəl nümunə kimi gənclərimizə
göstərə bilirik.
Uşaqda, yeniyetmə və gəncdə
özünütərbiyə hissi və qabiliyyəti birdən-birə,
yox yerdən formalaşmır. Özünütərbiyədə
qarşıya qoyulmuş məqsədlərə nail olmaq
üçün xarici aləmdən alınan siqnallara həssas
münasibət, hərəkətlərində, qərarların
qəbul olunmasında tələskənliyə yol verməmək
vacibdir. Obyektiv aləmin ideal inikası adlanan şüur vasitəsilə
uşaq, yeniyetmə və gənclər gələcək həyat
yolunun əlamətləri ilə yanaşı tərbiyənin
fərqli xüsusiyyətləri, ona olan təsiri ilə
üzləşirlər. Gənclərin özünütərbiyəsi
onların yaşadıqları ailələrin, ünsiyyətdə
olduqları qohumların, qonşuların, dostların,
tanışların, məktəb və ya iş
yoldaşlarının, şəxsi həyat şəraitinin nətisəsi
kimi də ortaya çıxır.
Tərbiyə və özünütərbiyə
haqqında bir çox qiymətli ideyaların müəllifi
K.D.Uşinski vaxtikən tərbiyədə uğur əldə
etmək üçün ən vacib şərti tərbiyə
olunanın hərtərəfli öyrənilməsində
görürdü. Bu, özünütərbiyədə də
belədir. Hər bir gənc özünü hərtərəfli
öyrənmədən, mənfi və ya müsbət cəhətlərini
bilmədən özünütərbiyədə tam uğur
qazana bilməz. Ailədə, məktəbdə, işdə,
ictimai yerlərdə gənclərin davranışı, fəaliyyəti
elə təşkil edilməlidir ki, özünütərbiyənin
formalaşması nəticəsində o, daha üstün
keyfiyyətləri ilə yadda qalsın. Bədəncə
sağlam, mənəviyyatca zəngin, elmi cəhətdən
yetkin, müsbət xarakterli, xüsusi qabiliyyətli yeniyetmələr
və gənclər Azərbaycanımızın uğurlu bu
günü, sabahı və parlaq gələcəyidir.
Tərbiyə prosesi əslində özünütərbiyə
formasında bütün ömür boyu davam edə bilər.
Qədim Çin filosofu və mütəfəkkiri Konfutsi
deyib: "Mən çox şeyi müəllimlərimdən,
amma onlardan da çoxunu şagirdlərimdən öyrənmişəm".
Müasir dünyada - Cənubi Koreya, Yaponiya, İsrail, Kanada və
digər ölkələrdə qazanılan sosial-iqtisadi
uğurların bir mühüm səbəbi də orada
insanların ömür boyunca özünütərbiyədən,
özünü hərtərəfli inkişaf etdirmək cəhdlərindən
əl çəkməməsidir.
Hər bir insan - uşaq, yeniyetmə və xüsusən
gənc özünütərbiyədə müsbət nəticələr
əldə edə bilər. Həyatda insan özünü həm
tərbiyə verən (valideyn, tərbiyəçi və ya
müəllim), həm də tərbiyə olunan kimi
görür. İkinci hala özünütərbiyə də
aiddir və bu, çətin də olsa, daha təsirli
üsuldur. Mütəmadi olaraq özünütərbiyə
ilə məşğul olan hər bir gəncin ailədə və
cəmiyyətdə kamil insan kimi yetişmək imkanı
vardır. Özünütərbiyə doğru yol, doğru hərəkətdir.
Özü də bu üsul başqalarını tərbiyə
etməkdən daha maraqlı və asandır. Ona görə
ki, insan özünü tanıdığı qədər
heç kim onu tanımır. Onun davranışına,
xarakterik xüsusiyyətlərinə, psixoloji vəziyyətinə,
daxili dünyasına özü kimi heç kim bələd
ola bilməz. Məhz bu səbəbdən gənclər öz
ağlının, əzminin gücü, vicdanı ilə
öz nəfsini, emosiyalarını və müxtəlif mənfi
hərəkətlərini cilovlayıb iradəsinə tabe edə
bilərlər. Özünütərbiyə sayəsində hələ
gənc yaşdan xarakterdə bir sıra vacib islahatlar aparmaq,
öz əməllərindəki nöqsanları, bəd meylləri
daha erkən və səmərəli şəkildə aradan
qaldırmaq olar. Lakin özünütərbiyədə bir zəruri
cəhət də var ki, həmin şəxsin dəyişməyə,
yeniləməyə güclü istəyi, meyli və
marağı olmalıdır. Yoxsa həm özü, həm də
yüz müəllim və tərbiyəçi olsa, onu tərbiyələndirmək
mümkün deyil. Tərs, sözə baxmayan, saf və
sağlam düşüncəsi, eləcə də
düzgün arzusu-istəyi olmayan insanı, xüsusilə gənclərinə
tərbiyə, nə də özünü tərbiyə ilə
ailəyə, cəmiyyətə qazandırmaq
qeyri-mümkündür. Çünki özünütərbiyə
insanın özünün daxili dünyasına hərtərəfli
baxış və şəxsi nəzarətin yerinə
yetirilməsi deməkdir.
Həyat yazılmamış kitabdır. Onun tamam
ağ və parlaq olan əksər vərəqlərini
yalnız insan özü yazmalıdır. Əsasən də
bunu gənc yaşda etməlidir. Çünki sonradan həmin
kitabın vərəqlərini dəyişdirməyə, ya da
onları təzədən yazmağa fürsət olmur.
Gecikmiş özünütərbiyə faydasız cəhddən
başqa bir şey deyil.
Özünütərbiyədə mübarizə
aparan tərəfdə sənsən, müdafiə olunan da.
İstəyirsən sənə verilmiş bu ömrü
namusla, şərəf və ləyaqətlə yaşayasan,
həyatın boyu bol-bol uğurlara imza atasan, onda, gərək
ağılın və səbirin gücü, iradi keyfiyyətlərin
köməyi ilə hər şeyi ardıcıllıqla etməli,
özündən başlamaqla özünütərbiyə
prosesini sonadək qətiyyətlə aparmalısan. Pedaqoji
yöndən yanaşdıqda özünütərbiyənin
daha effektli aparılması üçün özünüdərklə
yanaşı, özünüidarə, özünənəzarət,
özünütənqid, özünütəyin,
özünütəsdiq, özünütəkmilləşdirmə
kimi mühüm tərkib hissələri qeyd edilir.
Yalnız özündə yüksək iradi keyfiyyətləri
formalaşdırmaq qabiliyyəti olan gənclər mərdlik,
cəsurluq, qəhrəmanlıq kimi müsbət psixoloji
keyfiyyətlərə yiyələnə, həyatda
böyük uğurlara imza ata bilirlər. 2020-ci ildə
torpaqlarımızın işğaldan azad olunması
uğrunda apardığımız 44 günlük Vətən
müharibəsinin düşmən üzərində
şanlı qələbə ilə bitməsi həm də gənclərimizin
tərbiyə və özünütərbiyədəki
nailiyyətlərinin göstəricisi oldu
Əlbəttə ki, özünütərbiyə
başqalarını tərbiyələndirməkdən qat-qat
çətin və məsuliyyətlidir. Çünki real həyatda
bu məzmunda çox fikirlər eşidirik: "Özümlə
bacarmıram", "Özümü ələ ala bilmirəm",
"Artıq səbrim tükənib", "Özümdən
asılı deyil" və sair. Belə-belə ümidsiz,
pessimist fikirlər özünütərbiyəyə mane olan,
onun hamar yolunu daşlı-kəsəkli cığıra
çevirən, işıqlı dünyanı zülmətə
çevirən düşüncələrdir. Bunların nəticəsində
insanın özü ilə gələcəyi arasında
uçurum yaranır. Çünki özünütərbiyənin
yolu əvvəldən bağlanmış olur. Həmin
uçurum isə ilk növbədə insanda anadan olandan
ömrünün sonuna kimi qalan nəfslə əlaqəlidir.
Özünütərbiyənin bütün uğuru, onun
müsbət nəticələri gənclərin öz nəfsinə
necə sahib çıxmasından, tamah zəncirini hansı
yolla cilovlamağı bacarmasından çox
asılıdır. İnsanın nəfsinin
ölçüsü, hədd-hüdudu, sərhədi yoxdur və
bu hal ən çox da gənc yaşda özünü
göstərir. Gənc ikən kim öz nəfsinə qalib gələ
bilmirsə, onu buxovlamağa qadir deyilsə, onda nəfs
ömür boyu həmin şəxsin bütün
varlığına hakim kəsilir. Nəfsini ram etmk
özünütərbiyənin təməl daşlarından
biridir.
Hər bir gənc həyatının müxtəlif
anlarında bir sıra çətinliklərlə üzləşir.
Bəzən çətinliklər elə həddə
çatır ki, bu zaman sanki insanın yaşamaq əzmi
tükənir. Az qala istək, arzu və amallar yox olmaq dərəcəsinə
çatır. Belə məqamlarda düzgün tərbiyə,
eyni zamanda, özünütərbiyənin
aşılanması köməyə yetişə bilər.
Belə olarsa, gəncin ağır vəziyyətdən
çıxması bir yana, onun sonrakı uğurlarının
da sağlam bünövrəsi qoyula bilər.
Gənclikdən bəhs edəndə çirkin nəfsin,
tamah hissinin üzərində təsadüfən xüsusi
dayanmadıq. Məsələ bundadır ki, nəfsə qul
olmaq, özünə zəhmət vermədən, tər
tökmədən, qısa və asan yolla varlanmaq gəncliyi
yoldan azdıran cəhətlərdir. Cinayətkarlığın
statistikasına diqqət yetirsək, görərik ki, nəfsi
cilovlaya bilməmək səbəbindən hər gün
dünyada və ölkəmizdə minlərlə gənc fərqli
cinayət hadisələri törədir. Bəzən nadan
insanlar, xüsusilə hələ həyatın çətinliyini
görməmiş, bərk-boşa düşməmiş gənclər
maddi və mənəvi tamahlarının qurbanı
olduqlarına görə dəmir barmaqlıqlar arxasında
qalmalı olurlar. Hələ kifayət qədər həyati təcrübə
qazanmamış bəzi gənclər isə anlayırlar ki, nəfsin
onları çəkdiyi yol pisdir. Ancaq iradə zəifliyi
üzündən, özünütərbiyə
formalaşmadığından yenə də gözləri
bağlıymış kimi həmin xətadan dönmür, əyri
yola getməkdə davam edirlər.
Özünəinam özünətərbiyənin
şah damarıdır. Çünki özünəinam
olmayan gənc heç bir işdə, o cümlədən,
özünütərbiyədə uğur qazana bilməz.
Burada özünütərbiyə ilə yanaşı, yenidən
tərbiyə, şəxsiyyətin inkişafı və sair
amillər də xüsusi əhəmiyyət kəsb edir.
Özünü daxildən görmək, aydın
dünyagörüşü, irəliyə baxmaq vərdişi,
nəfsi cilovlamaq, pis vərdişlərdən, bəd əməllərdən
uzaq olmağa çalışmaq özünütərbiyənin
vacib şərtləridir. Təsadüfi deyil ki, psixoloqlar və
pedaqoqlar özünütərbiyəni uğurlu həyat
yolunun təminatçısı hesab edirlər.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet .-2023.- 20 dekabr, №(230).- S.15.