Aktrisanın şirin-acı həyat
hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
İlk öpüş mənə
çox şeyi öyrətdi, həm kişi cinsi ilə
münasibətdə ehtiyatlı olmağı, həm də mənə
yeniyetmə bir qız arzusu və xəyalı ilə bunu dəfələrlə
süni bir təcrübədən keçirmək naminə
aktrisa sənətinə yiyələnmək fikirini
aşıladı. Mən aktrisaları insanlar arasında
dünyanın, təbiətin ən azad quşu hesab edirdim.
Onlar şərtiliklərə, mühitin hakim qaydalarına məhəl
qoymadan istənilən istiqamətə uça bilir,
könüllərini qısa müddətə də olsa sevgi
sığınacağına çevirməkdən qorxmur,
çəkinmirdilər. Bu quşların cəh-cəhi sevgi
aləmindən ilham aldıqlarının göstəricisi
idi. Mən də səhnəyə qədəm bassam, belə
tam sərbəst, həm də cəsarətli olacaq,
könül istəklərimi bağlayan qıfılı
qırıb dağıdacaqdım. Bir qədər sonra bu fikirlər
məni tamamilə ağuşuna alıb, buraxmaq bilmirdi. Öz
nümunəvi tərbiyəsi ilə seçilən,
oğlanlarla lap kiçik flirtdən də qaçan bir
qız yeni macəraların fantastik axınına
düşmüşdü və bu başgicəlləndirici
düşüncələr artıq onu heç qorxutmurdu da.
Evə girəndə anam niyə gec gəldiyimi soruşdu. Mən
rəfiqələrimlə yağan qar altında qartopu
oynadığımızı dedim və anam buna inandı.
Yalanım da cəsarət örtüyü qəbul
etmişdi, kiçik bir görüş deyəsən, məni
tamam dəyişdirib, təcrübəli, qorxu hissindən azad
olmuş bir adama çevirmişdi.
Teatr barədəki xəyallarım
isə onun kandarına ayaq basandan sonra dəyişməyə,
dağılmağa başladı. Mənim primitiv
düşüncələrim bir andaca yoxa çıxdı.
Əlbəttə, teatr bütün öz qəribəliklərinə
rəğmən, başqa bir dünyadır. Teatra daxil olan
aktyor, ya aktrisa hər cür çətinliklərlə, hətta
təhqirlərlə üzləşsə də, onu tərk
etməyə cəsarət etmir, buna cəhd göstərməkdən
də elə bil ki, qorxur. Mən oxumuşdum ki, sirk kollektivləri
cəmiyyətin digər seqmentlərindən fərqli olan
öz daxili qaydalarına malikdir və onları pozmağa cəsarət
də etmirlər. Bunlardan ən vacibi bu məkanı tərk
etməyin mümkün olmaması, onun dini icma kimi tam
bağlı olmasıdır. Bu nisbi oturaq həyat heç bir
dekretin məhsulu deyildir, onilliklərlə könüllü qəbul
edilmiş və pozulması baş verməyən bir davranış
formasıdır. Sirkə artist kimi daxil olan oğlan, ya
qız, burada isə sənətlərin, məşğuliliyyətlərin
sayı, hesabı yoxdur, bir daha oranı tərk etmir. Orada evlənir,
boşanırlar, yeni ailələr qurulur və onlar sirkin
onurğa sütununa çevrilirlər. Burada dünyaya gələn
uşaqlar da valideynlərinin və ya onların
dostlarının sənətlərinə yiyələnir, az
sonra aparıcı artistlərə çevrilirlər. Beləliklə,
krallıqların irsi hakimiyyətini yada salan, lakin dəbdəbədən
tam uzaq olan sirk sülaləsi meydana gəlir. Bu
yazılmamış qanun neçə-neçə nəsillər
boyu davam edir. Teatr da, tam olmasa da, müəyyən xüsusiyyətlərinə
görə sirkə bənzəyir. Burada dairədən
azacıq çıxış imkanları olsa da, heç kəs
onu tərk etmir, başqa yerdə heç nəyə
yaramayacağı qorxusundan belə yeni tipli monastır həyatı
ilə razılaşmağa məcbur olur. Burada da əsasən
aktyorların və aktrisaların nikahı baş verir və
az sonra dağılır. Cəmiyyətin dəyişilməsi
ilə artistlərin nikahlarında da müəyyən dəyişiklik
hiss olunur, mülki nikahlar meydana gəlir. Lakin bunlar yenə də
ümumi xarakter daşımır. Teatrla, ekranla
ömrünü bağlayanların nisbətən möhkəm
və uzun sürən ailə kontraktlarını isə
çox vaxt ölüm özü, süründürməçiliyə
yol vermədən asanlıqla həll edir. Teatrın başqa
sirləri də çoxdur, ümumiyyətlə, müəmmalı
məkandır. Burada dostluq da, ittifaqlar kimi nisbi xarakter
daşıyır.
Belə fikirlərdən sonra məni özünə
arvad etmək istəyən kişi ağlımın əhatəsindən
uzaqlaşmırdı. Deyəsən, o, məni azacıq da
olsa ovsunlaya bilmişdi, öpüşü isə mənə
məlum olmayan çox sirlərdən məni agah etmişdi.
Bir sadə öpüş mənim könlümdəki buzu əritmişdi,
bu, davam etsə, həmin daşqın məni məhv edə
bilərdi. Ona görə də yaşlı kişi ilə
yenidən görüşməkdən qaçmağa cəhd
göstərdim. Səhər dərsə daha tez yollanır, dərs
qurtarandan sonra isə kitabxanaya dəyib, şagird
yoldaşlarımdan yarım saat, bir saat sonra evə
dönürdüm. Bir rəfiqəm yaşlı bir kişinin
məni soruşduğunu dedi. Qızlar hansısa bir
şübhəyə görə ona demişdilər ki, bu
gün o, dərsə gəlməmişdir. Bunu eşidən
kişi ağ yalana inanıb, məktəb həyətindən
və onlardan uzaqlaşmışdı.
Bir həftə ərzində məktəbə getməkdən
savayı, bir dəfə də olsun küçəyə
çıxmadım və o kişi ilə heç vaxt bir daha
görüşmədim. Lakin o, mənim yadımdan
çıxmırdı, ilk dəfə olaraq mənim sevilməyə
layiq olan qız olmağımı mənə açıb
bildirmişdi. Mən bununla öyünürdüm, elə bil
ki, xoşa gəlməyən ördək balası su üzərində
üzməyə başlayan qəşəng ağ rəngdəki
təmiz lələkləri və uzun əyri boynu ilə
öyünən qu quşuna çevrilmişdi. Mən
heç də gözəlləşməmişdim, o
kişinin ilk ehtiras həmləsi olan öpüşü məni
dəyişdirmişdi, bədənimi və
duyğularımı qu quşuna xas olan xüsusiyyətlərə
yiyələndirmişdi. İlk dəfə idi ki, mən
özümü xoşbəxt hiss edirdim. Və belə bir qərara
gəldim ki, mən heç də rəfiqələrimdən
çirkin deyiləm, bəlkə də, hətta gözələm.
Bundan sonra mən oğlanların diqqətini cəlb edəcəyəm,
mənə sevgi etirafları ediləcək, məktublar
yazılacaqdı. O yaşlı kişi, xüsusən onun
öpüşü məni özümə başqa gözlə
baxmağa sövq etmişdi. İndi mən öz
gözümdə çoxlarına meydan oxuyan gözəl bir
məxluqa çevrilmişdim. Deməli, başqaları da mənim
barəmdə səhvə yol verməyəcəklər.
Bu xəyallarım, arzularım. düşüncələrim
məni Mədəniyyət və İncəsənət
Universitetində təhsil almağa gətirib
çıxardı. Burada tələbələr arasında
tam sərbəstlik ruhu hökm sürürdü, bir-birinə
eşq elan edənlərin və az sonra küsüb
ayrılanların sayı-hesabı yox idi. Mənə də
dostluq pərdəsi altında sevgi təklifləri edilirdi.
Lakin mən bunları alma-marterin ab-havasının xüsusiyyəti
kimi qəbul etdiyimdən, onlara ciddi yanaşmırdım.
Teatrın Orta Əsrlərdəki inkişaf yolları
Teatr heç də məhiyyət etibarilə ədəbi
bir sənət deyildir, baxmayaraq ki, o, universitetlərdə və
məktələrdə yararanmışdır. Dramanın
özünün başlanğıcı da həm də adi,
sadə bir əhvalat idi.
Qədim Yunanıstanda teatrın müxtəlif
növləri öz ənənələrinə və səhnə
texnikasına malik idi. Tamaşa eyni hadisəni eyni vaxtda icra
edirdi, hadisə bir gündə baş verir və
qurtarırdı. Hadisənin baş verdiyi səhnədə də
heç bir dəyişiklik baş vermirdi. Bu, təsvir edilən
hadisənin ani xarakter daşımasının bir əlaməti
idi. Məişəti əks etdirən və müxtəlif
tamaşa formaları həmçinin Qədim Şərq
ölkələrində də mövcud idi.
Sadə əhvalatların özü də səhnə
üçün qələmə alınırdı... Bizim
eradan əvvəl V əsrdə Afinada yunan dramaturqları səhnə
üçün əsərlər yaradırdılar. Bu
ixtiranı adətən ikinci aktyor ifa edirdi. Bu dramaturqlar Esxil
və Sofokl idi, onlar həm də üçüncü aktyoru
səhnəyə əlavə etmişdilər. Üç
aktyor meydana çıxdıqda, əvvəllər
mühüm rol oynayan xor tədricən yoxa çıxdı.
Qədim yunan həm də teatr tamaşaları arasında
özü onun dərəcəsini müəyyən edirdi.
Təəssüf ki, Afina sivilizasiyasının tənəzzülü
ilə qədim Afina dramı, teatrı da sıradan
çıxmalı oldu.
Renessans epoxasında italyan xalq komediyası meydana gəldi.
İntibah illərində teatr ədəbi xarakterə malik
oldu, şəhərlərin mədəni mərkəzində
məhz oturaq əhaliyə doğru irəliləmək yolunu
tutdu.
Teatr incəsənətinin istehsalı olan tamaşa, dram əsərləri əsasında
yaranır. Bu istehsal müvafiq olaraq rejissor
tapıntıları ilə müşayiət olunur. Baletdə
bu rolu baletmeyster və dirijor, operada, operettada isə rejissor və
dirijor oynayır. Onların rəhbərliyi altında, birgə
cəhdlər hesabına aktyorlar tədricən səhnə
xadimlərinə çevrilirlər.
Teatr heç də bəxtəvərliyə himn
çalınan məkan deyildir. Həyatda bəxti gətirməyənlər
baxdıqları tamaşalardan təskinlik tapırlar. Cəmiyyət
nə qədər inkişaf etsə də, onda yoxsul və digər
bədbəxt insanlar qalır, bunu biz, ABŞ-ın
timsalında da görürük. Ona görə də, nə
qədər ehtiyac və cəhalət hakim rol oynamaqda davam
edirsə, teatr öz funksiyası ilə insan könüllərini
yumşaltmaqda davam edəcəkdir.
Mən şadam ki, tamaşalarımızda ruhi dərman
kimi musqiyə geniş yer verilir. Axı mən həm vokal, həm
də balet təhsili almışam. Bir alleqorik tamaşada mən
balerina kimi çıxış edirdim. 32 fueteni icra etməklə
öyünə bilməsəm də, çünki onun
çətin fırlanma effektini bacarmırdım, rəqsim
tamaşaçıların çox xoşuna gəldi. Səhnəyə
əsl balerinalar kimi puantlarda (parçadan olan yüngül
ayaqqabılarda) çıxmışdım, ona görə də
mənim ifamda pa-de-delər, piruetlər partnyorumdan daha
professional alınırdı. Səhnəyə
başlanğıcda yavaş solo rəqsi - adajio ilə daxil
olanda tamaşaçılar məni alqışlarla
qarşıladılar. Təəssüf ki, musiqini
duymayanların bəziləri bizi lağa qoyurdu.
Vokala gəldikdə, hələlik səhnədə mənə
muğamın kiçik bir hissəsini də oxumaq qismət
olmamışdır, baxmayaraq ki, bu sahədə də
özümü sınamışdım. Ümumiyyətlə,
musiqisiz, rəqssiz, vokalsız səhnə, tamaşa
qulağı batıran mitinq hay-küyünə bənzəməklə,
öz cazibədarlığını xeyli itirmiş olur. Səhnədən
isə tamaşaçı həzz almalıdır, bu həzz
isə ona pyesin mahiyyətini daha yaxşı başa
düşməkdə kömək edir.
Teatrın sonrakı inkişafına gəldikdə,
XVI əsrdə I Elizabet İngiltərəsində möhtəşəm
teatr sənəti yaranır, çünki artıq Qədim
Yunanıstan və Qədim Roma yoxa
çıxmışdı. I Elizabet teatr mühitində
Uilyam Şekspir kimi dahi dramaturq meydana gəlmişdi.
Ümumiyyətlə götürdükdə, teatr mahiyyətcə
tamaşalarda təsvir edilənləri, göstərilənləri
inandırıcı etmək sənətidir. Şekspir əsərlərindəki
fantastik hadisələrə də tamaşaçı inanmalı
olur, teatrın da izah olunmayan gücü, yəqin ki, məhz
bundadır.
Heç şübhə yoxdur ki, Qərb teatrı qədim
yunan teatrının əhvalatlarını,
mövzularını və forma üslublarını davam
etdirirdi. Qədim yunan teatr ənənəsindən geniş
istifadə edən fransız dramaturqları Jan Rasin və Pyer
Kordel üçün isə bu təcrübə əsl model rolunu oynamışdı.
Öz həyatıma qayıtdıqda, sevincli tələbəlik
illərimi ailəmdə baş verən bir bədbəxtlik zəhərləmişdi.
Mən birinci kursda oxuyarkən böyük
qardaşımın narkomanlıqla maraqlandığı məlum
oldu. Ailəmizin dünyasını kədər atmosferi
bürüdü. Onu qonşuluqda yaşayan narkotika
alverçiləri buna öyrətmək istəmişdilər.
Anamın möhkəm təsiri ilə qardaşım bu iyrənc
məşğuliyyətindən uzaqlaşdı, atam biz hələ
məktəbdə oxuyarkən ailəmizi tərk etmiş,
sonradan başqa qadına evlənmiş və üstəlik,
bizə heç bir maddi yardım göstərməmişdi. Anam
savadlı şəfqət bacısı olduğundan işlədiyi
xəstəxanada onu gecə növbəsinin tibb bacısı
təyin etmişdilər və başqalarına nisbətən
yüksək maaş alırdı, gündüzlər isə,
bir qədər istirahət etdikdən sonra,
tanıdığı adamların ailə üzvlərinə
kiçik məbləğ pul hesabına iynə vururdu. Bu gəlirlər
ailəmizi dolandırırdı. Belə bir vaxtda
qardaşımın narkomanlıqla maraqlandığı məlum
oldu, bunu qonşuluğumuzda yaşayan məktəbli oğlan
anama xəbər vermişdi. Narkomanı saxlamaq isə bir
böyük ailəni dolandırmağa bərabər idi. Biz bu
məsarifə dözə bilməzdik.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .-2023.- 20 dekabr, №(230).- S.14.