"Övladlarını yeyən
Saturn"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Bəhmən Səlimovdur.
Onunla məşhur ispan rəssamı Fransisko Qoyyanın
"Övladlarını yeyən Saturn" əsəri
haqqında danışmışıq.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində
"Yena məktəbi" nümayəndələrinin
Almaniyada fəaliyyətə başlaması ilə Avropa və
Amerika incəsənətində Romantizm bədii cərəyanı
yaranır. Bu cərəyanın ortaya çıxmasında
1789-cu ildə baş vermiş Fransız Sənaye
İnqilabının xüsusi təsiri olub. Yeni üslubun ən
parlaq nümunələri özünü ispaniyalı rəssam
Fransisko Qoyyanın əsərlərində göstərir.
1746-cı ildə anadan olmuş rəssam 82 illik həyatında
nəinki İspaniya, hətta bütün Avropa
üçün ölməz sənət əsərləri
yaradıb. Fransisko həyatı boyu iki dəfə ağır
xəstəlik keçirib və ikinci xəstəliyinin dərin
psixoloji, eləcə də fiziki (bu xəstəlikdən sonra
eşitmə qabiliyyətini itirir) təsirləri olub.
Sözügedən məqam onun vəfatına yaxın təsvir
etdiyi əsərlərində daha aydın görünür.
Müasir incəsənətin öndərlərindən hesab
edilən rəssamın əsərlərinin bir qismi bu gün
Madrid şəhərində yerləşən Prado muzeyində
sərgilənir.
- Bəhmən bəy, bu əsər Qoyya
yaradıcılığının hansı dövrünə
aiddir?
- Qoyyanın "Övladlarını yeyən
Saturn" əsəri Madriddə 1819-1823-cü illərdə
çəkdiyi 14 divar rəsmindən biri olub. Yemək
otağında, yağlı boyalarla işlənib. Fransua Qoyyanın
ikinci dəfə ağır xəstəliyə
tutulmasından sonra eşitmə qabiliyyətini itirməsi nəticəsində
dərin psixoloji sarsıntılar keçirməsi rəssamın
73 yaşında yaratdığı tablolarına da
yansıyıb. Rəssamın bu dönəmdən sonra
yaratdığı əsərlər qara rəsmlər
adlanır. "Övladlarını yeyən Saturn" əsərinə
baxdığımız zaman əqli cəhətdən
sağlam insanın belə bir əsər çəkməyəcəyini
düşünə bilərik. Əslində isə rəssam
bu əsərdə Roma mifologiyasında olan səhnəni əks
etdirib.
- Əsərin kompozisiyası və rəng həlli
haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiyası qapalıdır.
Qoyyanın divar suvağı üzərində yağlı
boya texnikasında işlədiyi rəsmdə tünd,
qaranlıq fon önündə gözü bərəlmiş
və əlində tutduğu uşağın
başını, eləcə də bir qolunu yeyən, ağ,
uzun saçlı qoca təsvir olunub. Şəkildəki parlaq
yerlərdən biri uşağın ətrafı
qırmızı qanla örtülmüş ağ bədəni
və Saturnun barmaqlarının düyünlərinin cəsədin
kürəyinə batdığı yerdir. Sifətinin
donuqluğunu, gözlərindəki vahiməli
baxışları diqqətlə incələyəndə
onun istər taxt-tacını itirmək qorxusundan, istərsə
də öz övladlarını yeməsi səbəbi ilə
artıq dəli olduğunu anlayırıq.
- Saturn tanrı obrazından daha çox
yırtıcını xatırladır.
- Saturn yavaş-yavaş çürüyən, yox
olan tərzdə təsvir edilib. Onun sağ dirsəyi ilə
biləyi arasındakı məsafə qolunun üzərindən
çıxan artıq ətlə örtülür. Sol
ayağı da çürüməyə başlayıb.
Əslində bu xüsusiyyətlərdən yola
çıxaraq demək olar ki, Saturn artıq qorxduğu
üçün Tanrı xüsusiyyətlərini
yavaş-yavaş itirərək ölümlü insana
dönür və yaşlanmağa, çürüməyə
başlayır. Əsərdə yer verilən Roma mifindən bəhrələnilmiş
səhnəyə görə zaman, yer, məhsul tanrısı
olan Saturn bir zamanlar səmanın ilk tanrısı olan
atası Caelusu məğlub edərək səmanın və
yerin ən güclü tanrısı olub. Artıq yerin və
səmanın ən güclü tanrısı olan Saturn sonunun
atası kimi olacağını bilirdi. Bunun
qarşısını almaq üçün uşaqları
dünyaya gələn kimi yeməyə başlayırdı.
Saturnun həyat yoldaşı Ops övlafları Yupiteri də
atasının yeyəcəyini bilirdi. Bu səbəbdən
uşaq doğulan kimi onu Kritdə gizlədir. Tanrının
övladını mütləq yeyəcəyini bilən ana
Saturnun yeməsi üçün ağır daşlardan ibarət
bələk hazırlayır və bu üsul işə
yarayır. Uzun zamandan sonra Yupiter böyüyür və
atasını məğlub edərək, onun
ünvanını əlindən alır. Əslində, Roma
mifologiyası Yunan mifologiyasının təsiri ilə
yaranıb. Yunan mifologiyasında Caelus - Uran, Saturn - Kron, Ops -
Reya, Yupiter - Zevs olaraq bilinir. Zevsin atasından gizlin
saxlanıldığı yer isə Tartarusdur.
- Əsər indi harada saxlanılır?
- "Övladlarını yeyən Saturn" əsərinin
1819-1823-cü il tarixlərinə aid edilən, kətan üzərinə
köçürülmüş surəti İspaniyanın
Madrid şəhərində, Prado Muzeyində
saxlanılmaqdadı.
- Bəhmən bəy, rəssamın mifologiyadan təsirlənməsi
bəllidir. Ümumiyyətlə, mifologiyadan təsirlənən
təkcə Qoyya deyil. Ondan öncə, yaxud sonra bu mövzuya
müraciət edən rəssamlardan hansıların
adını çəkə bilərsiniz?
- Alman rəssamı Peter Paul Rubens Qoyyadan öncə,
1636-cı ildə bu mövzuda rəsm işləyib. Rubensin
"Saturn" əsəri də Prado muzeyində sərgilənməkdədir.
Çox güman ki, Qoyya bu rəssamdan bəhrələnib.
Amma Rubensin yaratdığı tablo daha vahiməlidir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Qoyyanın "Övladlarını yeyən
Saturn" əsərində keçmiş adət-ənənələrə,
mifik obrazlara dönüş var. Əsərin dəliliklə əlaqələndirilməsinin
əsas səbəblərindən biri xristian Avropasının
kilsə basqısı ilə əlaqədardır. Karolinq
dönəmindən etibarən güc əldə edən kilsələr
və Papa rejimi dini kanonlar yaradaraq Renessans dövrünə qədər
rəssamları və sənətkarları ikinci planda
saxlayıb. Renessans dönəmində rəssamlıqda
xüsusi texnikaların kəşfi və humanizm
ideologiyasının təməllərinin atılması ilə
əlaqədar bu kanonlar yavaş-yavaş dağılıb və
kilsə ikinci plana keçib. Ancaq dindar xalq arasında dinə
zidd olan təsvirlər dəlilik əlaməti kimi
görülürdü. Erkən dönəm xristian Papa
rejimində bu tipli antik mədəniyyətə ithaf və
müqəddəslərin insanlarla eyni səviyyədə təsvir
edilməsi cadugərlik, dəlilik rəmzi idi. Bəzən bu
səbəbdən edamlar da olurdu. Humanizm və elmi inkişaf
sayəsində insanlar kanonlara qarşı çıxaraq bu
gün mövcud olan azadlıq prinsiplərinin, yeni mədəniyyətin
təməlini qoyublar. Qoyyanın bu obrazları təsvir etməsində
əsas məqsəd o dönəm insanlarının vəhşiliklərini
göstərmək və gələcək nəsillərə
ötürmək olub.
Aytac SAHƏD
525-ci qəzet .-2023.- 20 dekabr, №(230).- S.13.