Budapeştdə tar səsi...  

XALQ ARTİSTİ FİKRƏT VERDİYEVİN XATİRƏSİNƏ

 

 

Budapeştdəki səfirliyimiz şəhərin düz mərkəzində, məşhur Andraşi küçəsi üzərində, həmişə gurluğu ilə seçilən Oktoqon meydanının bir neçə addımlığında yerləşir. XIX əsrin ikinci yarısında tikilmiş, dövlət tərəfindən memarlıq abidəsi kimi qorunan möhtəşəm binanın ikinci qatında 100-120 nəfərlik, hündür tavanlı, geniş pəncərələri olan zal var. Küncdə qoyulmuş royal, rəssamlarımızın divardan asılmış rəngarəng tabloları bura buduar tipli bir konsert salonu görkəmi verir.

Macarıstan paytaxtında çalışdığım on bir il ərzində həmin salonda biri-birindən maraqlı və yaddaqalan konfranslar, film nümayişləri, görüşlər, müzakirələr, anım mərasimləri, kitab təqdimatları, Yeni il və Novruz bayramı şənlikləri keçirmişik. Bir neçə dəfə Milli günü - 28 Mayı burada, necə deyərlər, "öz evimizdə" qeyd etmişik. Hətta Budapeştdəki tələbələrimizdən gələcək talelərini birləşdirmək qərarına gələn iki gəncin nişan mərasimi də həmin salonda təşkil olunmuşdu.

Konsertlər haqda isə ayrıca danışmaq lazımdır. Son dövrlərdə mədəniyyət diplomatiyasının imkan və hüdudları durmadan genişlənir. İnsanlar  mənsub olduqları xalqların bir-birini rəsmi xəbərlərlə, dövlət başçıları və nazirlərin bəyanatları, diplomatların açıqlamaları ilə deyil, musiqisi və rəssamlığı, ədəbiyyatı və tarixi, dünya mədəniyyətinə töhfələri ilə tanımasına üstünlük verirlər.

Müxtəlif vaxtlarda Xalq artistlərimiz - pianoçu Fərhad Bədəlbəyli, dirijor Yalçın Adıgözəlov, tarzən Ramiz Quliyev, muğam ustası Mənsum İbrahimov, pianoçu Yeganə Mahmudova, habelə dirijor Eyyub Quliyev, gənc pianoçu Səidə Tağızadə və başqaları səfirliyimizin salonunda parlaq konsert proqramları ilə çıxış etmişdilər. Onların təkrarsız ifasını yalnız diaspora üzvləri və diplomatik korpusun təmsilçiləri deyil, macar dostlarımız da heyranlıqla dinləyirdilər. Belə konsertlərdən sonra hiss edirdik ki, sənətkarlarımız bəzi məsələlərdə bizim danışıqlar, müsahibələrlə nail olmaq istədiyimiz məqsədə sənətin sehrli dili ilə daha tez çatırlar.

2016-cı ilin oktyabrında on illər boyu milli musiqimizi Azərbaycanda və onun hüdudlarından kənarda uğurla təmsil etmiş məşhur "Göy Göl" ansamblının yaradıcısı, Azərbaycan Xalq artisti Fikrət Verdiyev sənət dostları - kamançaçı Habil Əliyev (sadəcə, ölməz Habil Kamanın eyni sənəti davam etdirəm adaşıdır. Bu da bir cür xoşbəxtlikdir!), tanınmış xanəndələr Ehtiram Hüseynov və Sevinc Sarıyeva ilə birlikdə Budapeştə gəldi. Səfərdən bir müddət əvvəl Bakıdan Xan Şuşinski Fondunun direktoru Bəyimxanım Verdiyeva zəng vurub bildirdi ki, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyat yoldaşı Fikret Verdiyevin bədii rəhbəri və konsertmeysteri olduğu "Göy Göl" xalq çalğı alətləri ansamblının üzvləri Macarıstanda  yaşayan soydaşlarımız qarşısında konsert proqramı ilə çıxış etmək niyyətindədir. Məqsəd  insanlarımızın Vətənə daha möhkəm mədəni-mənəvi tellərlə    bağlanmasına töhfə verməkdir. Diaspora üzvlərinin hər belə tədbiri bayram kimi gözlədiyini bilirdik. Təbii ki, işimizə kömək olan nəcib təşəbbüsü dəstəklədik.

1969-cu ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncədə təşəkkül tapan və tezliklə çoxsaylı musiqi həvəskarlarının sevimlisinə çevrilən kollektiv haqda müəyyən məlumatım vardı. Bilirdim ki, təşəbbüs böyük bəstəkarımız Fikrət Əmirovdan gəlib. Əslən Gəncədən olan gənc, istedadlı tarzən Fikrət Verdiyev (1947-2022) isə ustadın arzusunu gerçəyə çevirib. Ətrafına bacarıqlı musiqiçilər toplayaraq tezliklə şöhrəti bütün Azərbaycana yayılan, hətta respublikanın hüdudlarını aşan mükəmməl musiqi kollektivi yaradıb. Bir çox tanınmış səhnə ustaları "Göy göl" ansamblının müşayiəti ilə ölkəmizdə və xaricdə maraqlı  konsert proqramları ilə çıxış ediblər.

Bir haşiyə çıxaraq qeyd edim ki, Azərbaycan musiqisinin şöhrətini dünaya yayan bu sənətçilər ailəsinə əvvəldən də müəyyən bələdliyim vardı. Bilirdim ki, Bəyimxanım Verdiyeva "Azərbaycan muğam sənətinin xanı" kimi şöhrət qazanan məşhur xanəndə Xan Şuşinskinin (1901-1979) qızıdır. Fikrət Verdiyev haqqında yuxarıda bəhs etdim. Ailənin digər bir nümayəndəsi - bu yaxınlarda mədəniyyət nazirinin müavini təyin edilən Murad Hüseynov tanınmış pianoçudur. Yerı gəlmişkən, Murad Hüseynov həm Polşada, həm də Macarıstanda səfir olduğum dövrdə Varşavada və Budapeştdə uğurlu solo konsertləri vermişdi. Ola bilsin ki, ailənin nisbətən gənc üzvləri arasında da yüz illik sənət ənənələrini davam etdirənlər var...

Adətən teatr və musiqi paytaxt şəhərlərində inkişaf edir, şöhrət qazanır. Fikrət Verdiev isə bu işi Gəncədə bacarmışdı. Onun rəhbərliyi altında yerli misiqiçilərdən ibarət dəstə həvəskarlıqdan peşəkarlığa qədər böyük bir yol keçmiş, 1977-ci ildə respublika rəhbəri Heydər Əliyevin diqqət və qayğısı sayəsində "Göy göl" Dövlət ansamblı statusu almışdı. Nəticədə daha geniş yaradıcılıq imkanları açılmışdı. Nəhayət, Gəncədə Dövlət Filarmoniyası yaratmaq ideyası meydana çıxanda necə deyərlər, çox da uzağa getmək lazım gəlməmişdi. Ölkəmizin ikinci filarmoniyasının əsasını Fikrət müəllimin yetişdirdiyi musiqiçilər nəsli təşkil etmişdi.

Təbii ki, böyük sənət yolu keçmiş belə görkəmli musiqiçinin Budapeştdə həmvətənlər, eləcə də macar dinləyicilər qarşısında çıxışı mədəniyyətimizin təbliği baxımından yerinə düşən və lazımlı təşəbbüs idi. Ona görə biz də öz tərəfimizdən kiçik musiqi bayramına hazırlaşmağa başladıq. Xatirə qalsın deyə afişa, proqram və rəngli dəvətnamələr hazırlayıb yaydıq. Macar musiqi həvəskarlarını dəvət etdik.

Konsert 2016-cı il oktyabrın 11-də baş tutdu. Əvvəlcə ev sahibi kimi mən çıxış edib musiqiçilərimizi və qonaqları salamladım. Xan Şuşinski fondunun rəhbəri Bəyimxanım Verdiyeva konsertin məqsəd və məramı haqqında danışdı, Azərbaycan xalq musiqisi haqda məlumat verdi, ifaçıların hər birini ayrılıqda tanıtdı.

Sonra söz musiqiyə verildi. Fikrət Verdiyevin tarının dalğa-dalğa yayılan səsi, Etimad Hüseynovun güclü zəngulələri binanın divarlarını titrətdi, hündür tavanda əks səda verib əvvəlcə zala, ardınca isə küçəyə yayıldı. Oktyabr ayı olsa da, hava günəşli və isti idi. Ona görə də salonun pəncərələrini açıq qoymalı olmuşduq. Konsert başa çatanda bizimlə üzbəüz, beş-altı addımlaq məsafədə yerləşən İspaniya səfirliyinin bir neçə əməkdaşının da öz binalarında, açıq pəncərə önündə dayanmaları diqqətimi çəkdi. Görünür, bizim Səfirlikdən gələn ecazkar musiqini dinləyirmişlər. Məni görəndə baş barmaqlarını yuxarı qaldırıb "Bravo!" deyə qışqırdılar.

Axşam Budapeştin brendlərindən biri kimi tanınan "Karpatı" restoranında birlikdə şam etdik. Bu restoran təkcə dadlı mətbəxi ilə deyil, həm də gözəl musiqisi ilə məşhurdur. Xüsusən də qaraçı skripkaçıların çılğın, virtouz ifası bəzən adamları yeməyi unudub musiqiyə qulaq kəsilməyə vadar edir. Masa arxasında Fikrət müəllimlə yanaşı oturmuşduq. Gənclik illərindən, Gəncənin özünəməxsus həyatından, ümumi tanışlardan, musiqi və musiqiçilərdən müxtəlif əhvalatlar danışırdı. Amma restoranda konsert proqramı başlayandan sonra hiss etdim ki, söhbətə əvvəlki marağı qalmayıb. Çünki bir qulağı bizdə idisə, o biri qulağı ilə musiqi dinləyir, hətta bəzən barmaqlarını taktlara uyğun şəkildə tərpədirdi. Əslində burada qeyri-adi heç nə yox idi. Çünki o, sadəcə həyatının əlli ildən çoxunu verdiyi musiqi stixiyasında idi...

İndi, vəfatının ildönümündə təəssüf ki, haqqında "mərhum" ifadəsini işlətməyə məcbur olduğum Fikrət müəllim çox səmimi, ünsiyyətcil, Anadolu türklərinin geniş yayılmış ifadəsi ilə desəm, cana yaxın insan idi. Təbiiliyi, həssaslığı və mehribanlığı ilə ilk təmasdan insanın ürəyini ələ almağı, etimadını qazanmağı bacarırdı. Onunla bir masa arxasında özümüzü uzun illərin tanışı kimi hiss edirdik. Düşünürəm ki, əgər eyni şəhərdə yaşasaydıq, bu ilk görüş və ünsiyyətdən sonra dost olmasaydıq da, bir-birimizə ehtiyac duyardıq, daha sıx təmas qurmağa çalışardıq. Təəssüf ki, aradakı məsafə bunu imkansız edirdi. İndi isə bu heç zaman mümkün olmayacaq...

Amma  görünür, Vətəndən uzaqlarda tanış olmağın, münasibət yaratmağın da bəzi üstünlükləri var. Çünki həyatımın bütöv bir dövrünün keçdiyi Budapeşt yadımda çoxsaylı xatirələrlə yanaşı, həm də ustad tarzən Fikrət Verdiyevin Səfirliyin pəncərələrindən macar paytaxtının küçələrinə yayılan tarının səsi ilə qalıb...

Sarayevo

 

Vilayət QULİYEV

525-ci qəzet .-2023.- 20 dekabr, №(230).- S.12.