ONLARIN HƏR AN
GÖRÜNƏN YERİ
İstənilən yolu tutub gedəndə, istənilən
işi başlayanda hər kəsin ustada, təcrübəli
bir adama ehtiyacı var və mənim də bəxtim gətirmişdi
ki, "Axşam görüşləri"ndəki yarım əsrə
qədər uzana biləcəyini o vaxt heç vəchlə təsəvvür
etmədiyim səfərimi başlayanda bir-birindən qiymətli
və mötəbər xeyli başbilənim, bişkin müəllimlərim
vardı. Elə əslində böyük həyat yolum da
yenicə başlanırdı, 17-18 yaşlı gənc
üçünsə hər gün təmasda olduğu,
öyrəndiyi, doğması saydığı və onu
doğması hesab edən canlı klassiklərlə mütəmadi
birgəlik Tanrının töhfəsi, əsl naxış
idi.
1970-ci illərin ortalarında həftəlik
"Axşam görüşləri" silsiləsini necə
qurmağın, necə irəli aparmağın, tükənməmək,
köhnə görünməmək və hər yeni səslənişdə
təzəliklər gətirə bilməkçün nələr
etmək haqqında düşünərkən söykəndiyim
dağlar vardı. O şəxsiyyətlər ki əksər
azərbaycanlılar onları uzaqdan-uzağa tanıyır,
televiziya, kino ekranlarından görürdülər, mənimçün
onlar hər gün, günaşırı evlərinə
gedib-gəldiyim, məni övladı, ailəsinin üzvü
kimi qəbul edən doğma insanlardı. Maestro Niyazi, ustad
tarzən Bəhram Mansurov, teatr mühitimizin hər anlamda
ağsaqqalı Şəmsi Bədəlbəyli, bəstəkar
Tofiq Quliyev...
Bu insanların hər biri enişli-yoxuşlu, hadisələr
və insanlarla dolu böyük həyat yolu keçmiş, hər
biri köklü-köməcli, şanlı nəsillərin
övladı olan misilsiz şəxsiyyətlərdi. Onların
hər biri bütün öyrətdiklərindən,
yolgöstərmələrindən savayı, mənimçün
ömür məktəbi, dürüst yaşamanın dərsliyi
idi. Ancaq "Axşam görüşləri" verilişinə
gəlincə, əsas başbilənim Maestro Niyazi idi ki, o, rəsmən
verilişin ixtisas məsləhətçisi idi.
Özünün tövsiyəsi ilə bunu redaksiyada da
bildirmişdim, verilişlərdə də sonda elan edirdik.
"Mənim şöhrətə, ada ehtiyacım yoxdur. Ancaq
adımın bu verilişlə birlikdə olması səni bir
çox lüzumsuz həmlələrdən qoruyar". Maestro
belə söyləmişdi və ən müxtəlif
hücumların ola biləcəyi də ona özünün
fırtınalı vaxt içərisindən keçib gələn
həyatından yaxşı bəlli idi. Çünki
yalnız cavanlığında deyil, lap şöhrətinin
zenitində olduğu 1960-70-ci illərdə də ona
qarşı açıq və örtülü xəbis tərpənişlər
davam etmişdi. Maestro ilə təqribən hər gün
görüşürdük. Təhsil aldığım şərqşünaslıq
fakültəsi ovaxtkı Kommunist - indiki İstiqlaliyyət
küçəsində, elə universitetin birinci kursunda
oxuyandan daimi əməkdaşlıq etdiyim "Bakı"
axşam qəzeti isə həmin küçənin indi
Niyazinin adını daşıyan, oçağkı
Çkalov küçəsiylə kəsişməsində
idi. Dərslərim bitincə redaksiyaya baş çəkər,
orada işlərimi yekunlaşdırandan sonra gələrdim
filarmoniyaya - Maestronun yanına, bir neçə saatdan sonra da
yollanardıq evlərinə. O vaxt qeyri-adi mənasını
sonacan qavramadığım, sanki adi olan həmin günlər
mənim ömrümdəki tale gülümsəməsiymiş.
Maestro filarmoniyada orkestri ilə məşqlərini edərdi,
oturub dinlərdim, kabinetinə bir ucdan ən
tanınmış sənət adamları, alimlər, yazıçılar
gələrdi, "Otur qulaq as, dövlətlən" deyərdi,
evi heç vaxt qonaq-qarasız olmazdı, qonaqlar da nə
qonaqlar, Sovet İttifaqında məşhur olan qüdrətli
sənətkarlar, xarici ölkələrdən Bakıya təşrif
gətirən ulduzlar. Bütün bunlara iki-üç
addımlıq məsafədən seyr edərək şahid
olmaq, o unudulmaz saatların iştirakçısına
çevrilmək xoşbəxtlik idi. Niyazinin evi də,
filarmoniyadakı iş otağı da sadəcə mənzil və
sadəcə filarmoniya direktorunun kabineti deyildi. Niyazi və onun
evinin, kabinetinin bir-birindən maraqlı, bir-birindən möhtəşəm
qonaqlarının varlığı ilə o məkanlar mənim
nəzərimdə dönüb olurdu məbəd. Belə təmasların,
həm də bunca mehriban, səmimi ab-havalı məclislərdəki
ünsiyyətin hər dəqiqəsi tarix idi. Dərs
aldığım universitetdə də o zamanlar müəllimlərin
əksəriyyəti elə canlı klassiklər zümrəsindən
olan seçkinlər idi. Ancaq Niyazinin mənzilinin universiteti
mahiyyətcə bir neçə əlavə universitetdən
keçməyə bərabərdi. Amma bütün
görüşlərdən savayı, Niyazi ilə belə
mütəmadi birgəliyin bağışladığı
ayrı bir sərvət də vardı. Saatlarla ikilikdə əyləşirdik,
maqnitofon işləyirdi, suallarımı verirdim,
danışırdı. Onlarla kaset ki həmin günlərdən
yadigar qalıb, bu gün mədəniyyətimizin,
ziyalılığımızın XX yüzildəki tarixinin
çox səhifələrinə çıraq tutan və
canlı, mötəbər şahidin dili ilə nəql edilən
əvəzsiz salnamədir.
Maestro ilə 1970-ci illərin sonlarından onun
ömrünün axırınadək çəkən bolluca
söhbətlərimizin və səmtləri, mövzuları
çox olan müzakirələrimizin daimi və
başlıca istiqamətlərindən biri "Axşam
görüşləri" idi. Məni ayrı-ayrı
görkəmli sənətkarlara təqdim edəndə
"dostumdur" deyirdi. Onun zəmanətli təqdimetmələri
gələcək həmsöhbətlərimin hər birini mənimçün
yetərincə əlçatan edirdi. Hansına telefon
açırdımsa, hansının qapısını
döyürdümsə, məhz Maestronun yaratmış
olduğu körpü səbəb olurdu ki, məni elə
köhnə tanışları kimi qəbul etsinlər. Ancaq
Maestro yalnız müsahibələrimin xeyirxah təşkilçisi
deyildi. Bir çox mövzular vardı ki, həmin mətləblərdən
nə başqaları onun qədər hali idilər, nə də
Maestro kimi doğruçu və ən mühümü -
şirin, cazibəli danışa bilərdilər. Odur ki,
1920-30-40-50-ci illər musiqi və mədəniyyət həyatımızın
ayrı-ayrı hadisələri, şəxsiyyətləri, sənətimizin
respublikadan kənardakı nailiyyətləri və əlaqələri
barədə vaxtaşırı Maestronun söhbətlərini
verilişə daxil edərdim. Hacıbəylilər nəslinin
parlaq davamçısı və son ən uca zirvəsi olan
Niyazi gəzən tarix, xəzinə adamdı.
Danışırdı, onun məişət xatirələrindən
başlamış ta ən ciddi mövzulardakı və
yazıda, mətbuatda, arxiv sənədlərində əksini
tapmamış yaddaşlarınacan olan söhbətləriylə
Hacıbəyli qardaşları - Maestronun doğmaca əmiləri
Üzeyir bəy, Ceyhun bəy, atası Zülfüqar bəy,
ideal kimi baxdığı Müslüm bəy, XX yüzilin əvvəllərinin
qüdrətli aktyorları, müğənniləri,
tanınmış simaları dönüb olurdular müasirlərim,
Maestro onları mənə və sonra "Axşam
görüşləri" vasitəsilə sıra-sıra
insanlara məsafəcə lap yaxınlaşdırırdı.
Lentə aldığım bu qəbil söhbətlərdən
parçaları verilişlərdə istifadə edirdimsə
də, böyük hissəsi qalırdı və onların da
zaman ötdükcə, nadir dəfinələr kimi, qiyməti
artdıqca artır. Maestro bəzən Üzeyir bəyli eyni
xatirələrini hər dəfə yeni cizgilərlə zənginləşdirərək,
ötəndəfəki söhbətinə xatirinə gələn
təzə təfərrüatları da artıraraq
nağıl edirdi, həm də elə görümlü
danışırdı ki, sanki həmin hadisələri
heç bu söhbətdən dinləmir, kinoekrandan seyr
edirdin: "Müslim bəylə məni bağlayan bizim ailələrimizin
bir-birinə olan əlaqəsi, dostluğu, qohumluğu və
sevgisidir. Mən Müslim bəyi nə vaxtdan tanıyıram,
deyə bilmərəm, çünki gözümü
açıb onu bizim evimizdə, ya özümü onların
evində görmüşəm. Ümumiyyətlə, bilirsiz
ki, 1885-ci il sentybarın 18-də həm Müslim bəy, həm
Üzeyir bəy eyni gündə anadan olublar. Bizim ailəmizdə
belə adət vardı ki, o gün gündüz biz yeməyə
Maqomayevlərin evinə yığışardıq.
Ata-analarımız yığışardı, uşaqlar da həmçinin.
Mən onda Camalla, Mamusyayla (Cəmaləddin və Maqomed -
Müslüm bəyin oğlanları - R.H.) bir yerdə
uşaq otağında oynayardıq. Naharda xörəyi
Maqomayevgildə yeyərdik, axşam ziyafətini Üzeyir əmigildə
olardıq - hamı ora yığışar, qonaqlıq orada
davam edərdi. Bu, bir qayda idi bizdə. Hər bir qonaqlıqda
da uşaqlar iştirak edərdilər. Görünür,
kişik olsaq da, bizə onlar bir dost kimi, bu məclislərdə
iştirak etməyə haqqı olan adamlar kimi
baxırdılar. Ona görə də biz onlardan heç bir
şey gizlətmirdik. Həmişə onların sevgisini
çox qabarıq, çox aydın duyurduq. Bu minvalla mən
Müslüm bəyi çoxdan və çox gözəl
tanıyırdım. Onun bir insan kimi gözəl xarakteri
vardı. Əliaçıq, insanlara yaxşılıq eləməyə
daim hazır olan, üzügülər, həmişə
insanlar arasında istilik yayan. Belə adamlar həmişə
hamının sevimlisi olurlar. Çünki özləri
insanlara sevgi bağışlayırlar, məhəbbət
paylayırlar, şadlıq gətirirlər. Yadıma gəlir,
ya 1927-ci, ya 1928-ci il idi. Operada "Şah İsmayıl"
gedirdi. Aslan şahın ziyafət pərdəsinə pəhləvanlar
salmışdılar və afişada da
yazılmışdı ki, 3-cü pərdədə Aslan
şahın hüzurunda Qara Mustafa ilə Andrey Lodz güləşəcəklər.
Bu da camaatın teatra gəlməsinə, əsərin daha
populyar olmasına kömək edirdi. Odur ki, Üzeyir bəy səhəri
gün soruşurdu ki, dünən operada hansı əsər
getdi? Deyərdilər: "Şah İsmayıl".
Soruşmurdu ki, məsələn, Aslan şahı, ya
Gülzarı, ya Şah İsmayılı kim oxuyub?
Qımışaraq xəbər alardı ki, hansı pəhləvanlar
güləşirdi? Üzeyir bəy, Müslüm bəy
qardaş qədər yaxın, dost idilər, amma həm də
ara-sıra bir-birinə belə xırda-xırda, zarafat
üslubunda yeri düşəndə irad da tutardılar, qəlbə
toxunmayan tənqidlərini də edərdilər. Yəni
bir-birlərinə çox tələbkar, amma həm də hər
təzə əsərləri yarananda bu ona, o buna sevinən..."
"Axşam görüşləri"nin ki
yanında (yəni mənim bələdçilərim, müəllimlərim
sırasında) sadaladıqlarımdan əlavə Əfrasiyab
Bədəlbəylidən, Qulam Məmmədlidən, Əkrəm
Cəfərdən ta Xan Şuşinskiyə, Rəşid
Behbudova qədər möhtəşəmlər vardı,
hamısı da verilişin hər buraxılışına
qulaq asırdılar, onları narazı salacaq nəyinsə
ola biləcəyi istisna idi, hər an səfərbər idim, hər
növbəti verilişə yeni imtahan kimi
yanaşırdım. Sarbanlar belə sanballı olduğundan
haqqında bəhs etdiklərim də onların özlərinin
də heyranlıqla baxdıqları, əlçatmazlar qəbilindən
gördükləri müstəsnalar idi. Asəf Zeynallı 23
yaşında həyatını başa vurub getmişdi.
1970-ci illərin sonlarında bir vaxtlar Asəfin şagirdləri
olmuş Tofiq Quliyev də, Cövdət Hacıyev də,
Əminə Dilbazi də, konservatoriyada onunla oxumuş,
qardaşca yaxın olmuş Niyazi də, dostları, teatrlarda
birgə çalışdıqları Əfrasiyab və
Şəmsi Bədəlbəylilər də ondan xeyli
yaşlı idilər. Lakin Asəfi anınca çevrilib
olurdular elə həmin yaşda, dövr dirilirdi, Asəf
qayıdırdı günümüzə. Şəmsi Bədəlbəylinin
ilk gənclik çağlarında qoyduğu
tamaşalarının neçəsinin musiqisini Asəf
Zeynallı yazmışdı. Şəmsi müəllim Teatr
Xadimləri İttifaqının sədri idi, layihələşdirilməsindən
tikilməsinəcən dünyaya gəlişinin hər mərhələsinə
bələd olduğu İttifaq binasındakı kabinetində
əyləşirdik, Asəf Zeynallını anırdı,
arada qalxıb keçirdi pianonun arxasına,
başlayırdı Asəfin 1920-ci illərin sonlarında
tamaşalar üçün yazdığı, indi əlyazması,
notu-filanı qalmamış neçə mahnını,
neçə melodiyanı çalmağa. Şəmsi müəllimin
güclü musiqi hafizəsi vardı, o, Asəf
melodiyalarını, nəğmələrini o çağda
necə eşitmişdisə, həmin şəkildə də
canlandırırdı, lentə alırdım və o
parçalarla Asəfin qırıq ömrünün itkin qismətləri
də yenidən həyata qayıdırdı. Bir dəfə
yenə belə söhbətləşirdik, Emin Sabitoğlu gəlib
çıxdı, Şəmsi müəllim də Asəfin
unudulmuşlar qatarından olan bir fraqmentini ifa edirdi.
Zarafatı, şuxluğu heç vədə əskik olmayan
Şəmsi müəllim gülə-gülə Eminə
sataşdı: "Birdən bu musiqini götürüb
orasını-burasını düzəldib
özününkü kimi qələmə verərsən ha,
bax, Rafael yazır" (lent yazısını dinləyirəm,
Şəmsi müəllimin gülüşü məni qəhərləndirir.
Necə də haqlıymış şair: "Ağlarıq
xatirə gəldikcə gülüşdüklərimiz".
Nə Şəmsi müəllim sağdır, nə Emin.
Gün keçib...).
Hamısı qalır həmin lentlərin. Efirə gedənləri
gedib, "Axşam görüşləri"nin radionun səs
xəzinəsindəki zəngin irsini yaradıb, fəqət hələ
nə qədər efirə getməyənlər var ki, onlardan
istifadəylə evdən çıxmadan bundan sonra hələ
bu verilişin neçə yeni buraxılışını
hazırlamaq mümkündür.
...1970-ci illərin ortalarında, 1980-ci illərin əvvəllərində
"Axşam görüşləri"ndə böyük həvəslə
fəaliyyətimi başladığım çağlarda mənim
ustadlarım, nəcib məsləhətçilərim cərgəsində
ən vaciblərindən biri diktor Soltan Nəcəfov idi.
Soltan müəllim Azərbaycan radiosunun tarixini də, Azərbaycan
musiqisinin radiodan keçən yolunun keçmişini də
beş barmağı kimi bilirdi. Başlanğıc dövr Azərbaycan
radiosunun verilişləri, konsert proqramları, studiya həyatı
ilə bağlı söylədikləri bir məcəra
romanının fəsilləri kimi idi. Köhnə xronika
qalır. Gənc Soltan Nəcəfov mikrofon
qarşısındadır. Elan edir və saniyələr sonra
orkestr çalmağa başlayır: "Diqqət!
Danışır Bakı! RV8. Yoldaşlar, Əməkdar incəsənət
xadimi, dirijor Səid Rüstəmovun rəhbərliyi ilə Azərbaycan
Radio Komitetinin notlu Azərbaycan Xalq İnstrumentləri Orkestrinin
konsertinə başlayırıq, qulaq asın!"
Bu kinokadrlar indi adama uzaq tarix kimi gəlir. O
kadrdakıların biri də indi həyatda yoxdur, Soltan Nəcəfovu
da onillərdir ki, itirmişik. Ancaq yazılmışların
sayəsində tarix və onun hikmətli hekayətləri
yaşamaqda davam edir. Soltan Nəcəfovun 1920-ci illərin
sonlarının, 1930-cu illərin Azərbaycan radiosunun gündəlik
həyatı ilə bağlı söylədiklərində
ibrətlər var. 20-30 il qabaq möcüzə sayılacaq qədər
texniki imkanlara malik, bunlardan istifadəylə elə
möcüzə kimi dəyərləndirilə biləcək
proqramlar hazırlaya biləcək
radio-televiziyalarımızın əksərinin müasir
düşük (bu sözün ağıldan keçən
bütün məna çalarlarında) durumu həmin hekayətləri yada salanda
ürək ağrıdır. Soltan müəllim
danışırdı ki,
günortalar konsert verirdik, ayrı-ayrı müəssisələrdən,
kolxozlardan, sovxozlardan zəhmətkeş məktubları
göndərilirdi, xahiş edirdilər ki, tutalım,
Zülfü Adıgözəlovun ifasında "Süsən
sünbül" mahnısı, filan nəğmə səslənsin,
yaxud Xan Şuşinski "Qara tellər"i oxusun, ya Yavər
Kələntərlinin ifasında "Gülşəndə fəqan"
təsnifi proqramımızda yer alsın. Deyir, vətəndaşlardan
həmin sifariş məktublarını alandan sonra biz
onların iş yerinə radiodan həmən məktub göndərirdik,
xahiş edirdik ki, bu şəxslərin necə işçi
olmaları haqqında məlumat versinlər, təxminən
xasiyyətnaməyə bənzər rəy versinlər ki, bu
adamın adını radioda çəkmək olar, ya yox.
Soltan Nəcəfovun efirimizin dünəni ilə bağlı
bu xatirəsinin anlatdığı həqiqət odur ki, radioya
müqəddəs dəyər kimi baxılırmış,
ora nəinki ucuz sənətin, zəif əsərin, hətta
yetərincə layiq olmayanın adının çəkilməsinin
qarşısında keçilməz sədd varmış. Elə
bunca vasvası, güzəştsiz münasibətin nəticəsində
radionun, efirin nüfuzu çox yüksəkdə imiş.
...1979-cu il başa çatmaq üzrə idi.
"Axşam görüşləri" artıq özünü
təsdiq etmişdi, efirdə yerini tapmış, nəhəng
dinləyici auditoriyası qazanmışdı və adətən
Azərbaycan radiosunda da, Azərbaycan televiziyasında da ənənədir
ki, ilin sonunda yeni il verilişi hazırlanır. Həmin il qərara
alındı ki, radioda səslənəcək iki saat
yarımlıq yeni il verilişinin ssenarisini mən yazım.
Vaxt dar olduğundan mətni tezliklə hazır etdim və o
ssenaridə belə bir hissə də nəzərdə
tutmuşdum ki, radionun ayrı-ayrı populyar proqramları yeni
il gecəsi qonaq gəlir, hərəsi öz üslubuna
uyğun olaraq bayram təbriklərini çatdırır.
Bayramlaşmağa gələn verilişlərdən biri də
"Axşam görüşləri" olmalı idi. Bununla əlaqədar
verilişin mahnı başlığının üç
müəllifi ilə qısaca sorğular keçirməyi qət
etdim. Birinci "Axşam görüşləri"
şeirinin müəllifi Xalq şairi Rəsul Rzanın
nömrəsini yığdım, studiyaya dəvət etdim. Məqsədimi
də demişdim, agah idi ki, cəmi iki-üç dəqiqə
sürəcək bir müsahibədən ötrü gəlir.
Ancaq o boyda şəxsiyyət bunu özü üçün
əskiklik saymadı, o çağlar idi ki, artıq səhhətində
də davamlı sıxıntılar vardı, amma gəldi,
danışdı və əslində bunun özü də
bir başqa ibrət, ayrı bir dərs idi, radioya verilən dəyər,
efirə qoyulan hörmət idi. Ancaq burada böyük Rəsul
Rzanın radionu, efiri necə mühüm güc hesab etməsinin
də nişanəsi var. Özünü tanıyırdı.
Bilirdi ki, istər yarım saat efirdə olsun, istər
iki-üç dəqiqə, mütləq ürəyində
tutduğu hansısa önəmli mətləbi auditoriyaya
çatdırmağı bacaracaq. Bilirdi ki, radioya yüz minlərlə
insan qulaq asır, inanır, buradan söylənilənlərdən
təsirlənir, öyrənir, ona görə də bu girəvəni
əldən vermək istəmirdi. Bu fürsətdən də
millətə daha bir mesaj ötürməkçün
yararlanırdı.
Rəsul müəllimdən o gəlişində
soruşdum ki, sizin sözlərinizə Azərbaycanın
seçmə bəstəkarlarının bəstələdiyi
onlarca nəğmə var ki, daim konsertlərdə, səhnələrdə,
o cümlədən, elə radio-televiziyada səslənir.
Ancaq həmin onlarla, bəlkə yüzlərlə
mahnının içərisində sözlərinizə bəstələnmiş
"Axşam görüşləri" mahnısının
məxsusi taleyi var. İş ondadır ki, bu, sözləri
sizin olan tək nəğmədir ki, yarandığı
vaxtdan indiyədək "Axşam görüşləri"
verilişinin başlığı olaraq yalnız bazar günləri
eşidilib, ancaq bu dəfə ənənə pozulur, həmin
mahnı Yeni il verilişində olacaq, yeni ilsə bazar
gününə təsadüf etmir və ənənə
pozulur. Buna, ənənənin belə pozulmasına necə
baxırsınız? Anındaca, belə suala çoxdan
hazırmış kimi cavab verdi ki, ənənənin
pozulması yaxşı şeydir. Ənənənin
pozulması işığa doğrudursa, yeniliyə
doğrudursa, hansısa irəliləyiş, yüksəliş
üçün, təzə yolun açılması naminədirsə,
həmin ənənə yıpranmışdırsa, mən
belə pozulmanın tərəfdarıyam.
Bunu söylədi və daha əlavə sual vermədim.
Atalar məsəlinə bənzəyən bu müdrik fikrin
müqabilndə daha nə sual! Rəsul müəllimin bu
cavabında yalnız "Axşam görüşləri"
mahnısı ilə bağlı deyil, çox incə mətləblərlə
əlaqədar xəfif işarələr vardı.
Eyni mahnının səbəbinə dəvət elədiyim
ikinci qonaq Tofiq Quliyev idi. Ona demişdim ki, Şövkət
xanımı da bu mahnı ilə bağlı söhbətə
çağıracağam. Ancaq mən Şövkət
xanıma xəbər verməmiş Tofiq müəllim
özü söhbəti Şövkət xanıma
çatdırıbmış və bir də gördüm
radioya ikisi birlikdə gəldi. Hər birini ayrıca
yazdım, amma yaxın sualı ikisinə də verdim. Tofiq
müəllimə sual verdim ki, indiyəcən nə
yazmısınızsa hamısı gözəldir, hər
mahnınız Azərbaycanın mahnı ümmanında
incidir. Ancaq hər mahnının da öz taleyi var, elə
mahnı var daim efirdədir, onu fərqli dəstxətli,
müxtəlif yaş nəsillərinə mənsub
müğənnilər fasiləsiz olaraq onillərlə
oxuyur, amma elə mahnılar da var ki, çox qəlbəyatan
olmasına rəğmən ara-sıra efirdən səslənir,
səhnələrdən, konsertlərdən də seyrək eşidilir,
bəzi nəğmələrsə müəyyən dövrdə
geniş yayılır, sonra sanki arxa sıraya keçir,
müəyyən vaxtdan sonra yenə parlayır. "Axşam
görüşləri" isə onların hamısından
fərqlənir. Bu, sizin cədvələ girmiş yeganə
mahnınızdır ki, arası kəsilmədən onillərdir
Azərbaycan radiosu ilə səslənir, həm də daim eyni
gündə, eyni saatda. Qayıtdı ki, bu
uzunömürlülük məni, əlbəttə ki, bir bəstəkar
kimi çox sevindirir. Əslində heç güman etməzdim
ki, bir neçə dəqiqə ərzində
yazdığım bu mahnı belə uzunömürlü
olacaq. Mənim neçə mahnım olub ki, musiqisini bəstələdiyim
tamaşalar üçün yazılıb. O pyeslər
repertuardan çıxandan sonra həmin mahnılar da sanki
arxivləşib, daha səslənməyib. "Axşam
görüşləri"ni isə verilişin daimiliyi həmişə
diqqətdə saxlayır.
Tofiq müəllim bunu da dedi ki, əvvəlcə
şeir yaranmışdı. Rəsul müəllim mənə
telefonla zəng elədi, söylədi ki, belə bir şeir
var, gərək buna musiqi bəstələnə. Elə
telefonla danışa-danışa keçdim pianonun
arxasına, dəstəyi çiynimlə qulağıma
sıxaraq başladım çalmağa. Rəsul misra-misra
deyirdi, mən də çalırdım. Beləcə, melodiya
bir neçə dəqiqənin içində tapıldı.
Başladım melodiyanı səsləndirməyə. Bir
neçə dəqiqənin ərzində bu mahnının
ilk notları yarandı. Sonra Rəsul müəllimdən
xahiş elədim ki, sözləri telefonda diktə eləsin.
Diktə elədi, kağıza yazdım və mahnını
qaydaya salandan sonra Şövkətə zəng elədim ki, təzə
bir mahnı var və bunu tezliklə lentə yazdırmaq
lazımdır. İstəyirsən çalıb-oxuyum.
Şövkət də dedi ki, çalıb-oxumağa ehtiyac
yoxdur. Gələrəm, studiyada baxaram.
Və sual-cavab növbəsi gəldi yetişdi
xanım-xatın Şövkət xanıma. Soruşdum ki, bu nəğmənin
sizin oxuduğunuz bütün nəğmələr içərisində
yeri, sizin üçün əzizlik dərəcəsi necədir,
heç olubmu ki, haçansa bu mahnını verilişdən
kənar, hanısısa konsertinizdə, ya məclisdə kimsə
istəsin və oxuyasınız? Söylədi ki, bu mahnı
da mənim üçün əzizdir, qəlbimə
yaxındır. Onu da, çalışmışam ki, digər
mahnılarım kimi, bütün ürəyimi qoyaraq oxuyum.
Qayıtdı ki, bu mahnını mənim üçün
indiyəcən oxuduğum bütün mahnılardan
seçdirən, əziz edən bir neçə cəhət
var. Birincisi odur ki, "Axşam görüşləri"
verilişi imkan vermir ki, bu mahnı köhnəlsin. Mənim
heç bir ən yaxşı mahnıma da bu cür səliqə-sahmanla,
belə sabit şəkildə səslənmək nəsib
olmayıb. Bir növ, bu mənim bütün
mahnılarımın himni olub. Çünki daim köhnəlmədən
səslənmək yalnız himnə xas olan aqibətdir.
İkincisi, bu mahnı mənə çox əziz insanlarla
bağlıdır. Tofiq də, Rəsul müəllim də,
Nigar xanım da mənim sevdiyim,
doğmam saydığım insanlardır. Hər bu
mahnını eşidəndə istər-istəməz xəyalımda
onlarla birgə ötən günlərimiz, saatlarımız
canlanır. Neçə dəfə olub ki, bu mahnını
radioda dinləyəndə dəstəyi götürüb
Tofiqə zəng vurmuşam, Nigar xanımla
danışmışam. Bir növ, bu mahnı mənimçün
əziz dostları yada salan şərti refleksə
çevrilib. Qaldı ki, bu mahnını ilk lent
yazılışından sonra haçansa oxumağıma,
açığı, özüm heç vaxt buna cəhd eləməmişəm.
Çünki mən efirə bağlı adamam, bilirəm ki,
bu mahnı bu verilişindirsə, onun həmin xüsusiyyətini
də gərək nəzərə alasan, o verilişdən kənarda
ifa etməyəsən. Mən də etməmişəm. Ancaq
"Axşam görüşləri" mahnısını lentə
yazdığımız vaxtdan ötən 20 ilə yaxın
müddətdə bircə dəfə qonaq olduğum bir ad
günündə dostlar xahiş ediblər ki, bu mahnını
oxuyum. Onda da demişəm ki, sözləri yaxşı
yadımda deyil, əvəzində sizə Tofiq Quliyevin
başqa "Axşam mahnısı"nı oxuyum. Hərçənd
ifa etdiyim bütün mahnıların sözləri əzbərimdədir.
O məclisdə "Görüş" filminə Tofiqin
yazdığı mahnını oxumuşdum.
Şövkət xanım o
görüşümüzdə bu mahnının lentə
yazılması tarixçəsini də
danışmışdı. Deyirdi ki, gəldim radionun səsyazma
studiyasına, gördüm yığcam tərkibdə estrada
orkestri də buradadır, Tofiq mahnının sözlərini qəşəng,
iri xətti ilə bir vərəqdə yazmışdı,
aldım vərəqi, baxdım, sözlər sadə, ürəyi
oxşayan, dilə, oxuya rahat yatan idi və Tofiq əvvəlcə
özü tək çaldı, mənimlə birgə
zümzümə elədi, heç məşqə-filana da
ehtiyac qalmadı, yazılışı başladıq.
Şövkət xanımla mikrofon qarşısında
səsyazma studiyasında söhbətimizi yazırdıq, az
öncə müsahibim olan Tofiq Quliyev bizə şüşənin
o tayından baxırdı və Şövkət xanım
danışdıqca başı ilə təsdiqləyirdi:
"Tofiq Allah şahididir, heç məşq eləmədim,
mahnını bircə dəfəyə yazdıq. Çox
mahnıları lentə almışıq, olub ki, arada
saxlamışıq, təzədən yazmışıq. Bəziləri
iki-üç variantda olub. Bəzilərinin hansısa bəndləri
xoşumuza gəlib, montaj əsnasında ayrı-ayrı bəndləri
götürüb birləşdirmişik. Ancaq bu
mahnını elə birinci dəfədən - başladım,
yağ kimi getdi və sona çatdırıb nöqtəni
qoydum. Pis də alınmadı. Dedim ki, Tofiq, istəyirsən
ikinci dəfə də yazaq. Tofiq qayıtdı ki, yox, bundan
yaxşı olmayacaq, ən gözəli elə budur.
Mahnının ayağı da sayalıymış, o qədər
bu cür mahnı başlığı olan verilişlər səslənib
ki, bir müddət sonra bağlanıblar, veriliş də,
mahnı başlığı da yaddan çıxıb. Ancaq
bu veriliş də yaşayır, mahnı da, yəqin ki, hələ
çox da yaşayacaq".
Şövkət xanım bu sözləri deyəndə
1979-cu ilin son dekabr günləri idi, 40 ildən artıq zaman
keçir və şeiri də, musiqisi də beləcə birnəfəsə
yazılmış, elə birnəfəsə də oxunmuş
"Axşam görüşləri" nəğməsi də,
onunla açılıb-bağlanan veriliş də yenə əvvəlki
sevimliliyi ilə etibarlı dinləyiciləriylə birlikdədir.
O mahnının şeirində belə ifadələr
var: "Alnı açıq, üzü ağ, deyək,
gülək, danışaq". 1975-ci ildən arası kəsilmədən
hər bazar günü Azərbaycan insanı ilə
görüşə gələn "Axşam
görüşləri" verilişinin özünün də
ən azı bu sabitqədəmliyə görə alnı
açıq, üzü ağdır və bu mahnının mənim
ömrümdə, mənim də o mahnının tarixində,
məxsusi statistikaya görə, özəl yerimiz var: Azərbaycanda
bu mahnıya qeyd-şərtsiz ən çox qulaq asmış
adam mənəm. Mahnını bir verilişi hazırlayanda
dinləyirəm, artıq tamamlanmış verilişə nəzarət
üçün əvvəldən sona qulaq asanda
mahnını bir də eşidirəm, proqramı efirdə də
izləyirəm - bu gedişlə hər həftə bir
neçə dəfə. Mahnı da "bilir" ki, onu məndən
çox dinləyən yoxdur. Bundan belə mən
"Axşam görüşləri" mahnısına hələ
neçə dəfə qulaq asacağam, bu verilişin daha
neçə buraxılışını
hazırlayacağam? İndiyədək bu verilişin ildə
52 dəfə olmaqla 2500-ə yaxın
buraxılışını hazırlamışam.
Bunların bir çoxu da Azərbaycan radiosunun səs xəzinəsində
qorunmaqdadır. 1980-ci illərin sonlarında, 1990-cı illərdə
radioda lent qıtlığı olub, o dövrdə
hazırlanan çox verilişləri saxlamayıblar. Ancaq
onların da əksəri mənim şəxsi arxivimdə
qalmaqdadır. Çünki mən əvvəldən bu işə
Ümummilli mənası olan bir vəzifə kimi
yanaşmışam və indi ortada qiymətini sözlə
ifadə etmək belə çətin olan bir miras var. Azərbaycanın
ayrı-ayrı üstün və istedadlı
övladlarının səslərindən ibarət bu irs əslində
millətin və yurdun səsi deməkdir.
1984-cü ildə, vəfatından bir neçə ay əvvəl
Maestro Niyazi bu veriliş haqqında qiymətverici geniş məqalə
yazmışdı və o vaxt respublikanın bir nömrəli
qəzeti "Kommunist"də dərc də olundu. O məqalədə
Maestronun mənim haqqımdakı tərifli sözlərini bir
qırağa qoyaraq "Axşam görüşləri"nə
verdiyi dəyər, bütövlükdə bu proqramın ədəbi-mədəni
gerçəkliyimizdəki yeri haqda düşüncələrindən
kəsikləri bölüşmək istərdim - bunlar
tariximizdə əbədi yaşayacaq böyük sənətkarın
qənaətləridir. Çətin ki, sovet əyyamlarında
hamının oxuduğu, icbari könüllülüklə
abunə yazıldığı o qəzeti bizim günlərdə
yada salıb açan, nəzərdən keçirən kimsə
ola. Amma həmin qəzet yalnız siyasi yazılar,
respublikanın təsərrüfat həyatı ilə
bağlı materialları çap etmirdi axı, Niyazi kimi
neçə görkəmli şəxsiyyətin dəyərli
məqalələri, müsahibələri də ara-sıra
nüfuzlu "Kommunist"də görünürdü ki,
indi onları toplayıb ayrıca bir kitabda
hamınınkılaşdırmaq həm gərəkli, həm
də savab əməl olardı. Maestro belə yazırdı:
"Bəzən deyirlər ki, televiziya bizim günlərdə
radionu üstələyir. Lakin "Axşam görüşləri"
kimi məzmunlu, ağıllı, insani verilişlərin
gözəl nümunəsi sübut edir ki, bu fikirlə qətiyyən
barışmaq olmaz. İndi dinləyici, tamaşaçı
daha tələbkardır, onun intellekt səviyyəsi durmadan
artır. Əgər bu səviyyəyə cavab verən və
belə dinləyiciləri öz ardınca aparmağı
bacaran proqramlar olarsa, şübhəsiz ki, onların öz
sabit dinləyiciləri və pərəstişkarları da
yaranar. Nisbətən qısa bir vaxt ərzində
"Axşam görüşləri" verilişinin
qazandığı populyarlıq və dinləyici rəğbəti
təsadüfi deyil. Bu veriliş musiqimizin dünənindən,
klassik ifaçılarımızdan, musiqimizin müasir vəziyyətindən,
aktual problemlərindən, dəyərli elçilərindən
söz açır. Əlbəttə, bu tipli söhbətlər
həmişə olub və olacaq da. Ancaq orası var ki, bu
söhbətləri necə təşkil edirik. Söhbətləri
maraqlı, dinləməyə layiq etmək üçün
hansı yeni formalara müraciət edirik. "Axşam
görüşləri" hər həftə dinləyicisini
müxtəlif ifaçılarla görüşdürür.
Verilişin "qonaqları" kimlərdir? Səfiəddin
Urməvi, Əbdülqadir Marağayi - XIII-XIV yüzillikdə
professional Azərbaycan musiqisinin təməl daşını
qoyan musiqi elminin korifeyləri, Azərbaycanda xanəndəlik sənətinin
inkişafında hədsiz xidmətlər göstərmiş
Cabbar Qaryağdığolu, Mirzə Məhəmmədhəsən
Şirvani, səsi vala köçürülmüş ilk
qadın müğənnimiz Mirzə Güllər, Şəkili
Ələsgər, Segah İslam və neçə-neçə
keçmişki və indiki sənətkarlar. Bu gün,
musiqimiz dünya şöhrəti qazandığı bir
çağda xalq musiqi mədəniyyətimizin dünənki
elçilərini bir daha xatırlamağa ehtiyac varmı? Var və
böyük bir ehtiyac var. Niyə? Ən əvvəl ona görə
ki, əslində bugünkü uğurlarımızın
kökü, sözü məhz o keçmiş sənətkarların
böyük sevgisi və məharəti ilə qoyulub.
Onların ömür tərzində və sənət yolunda
bugünkü ifaçıların öyrənməli
olduqları nöqtələr, sirlər çoxdur. O
keçmiş sənətkarların bir qisminin valları olub.
"Axşam görüşləri"
bu istiqamətdə də nəcib iş görür. Min bir zəhmət
bahasına o valları tapır, restavrasiya edir, dinləyiciyə
eşitdirir. Bəlkə də xışıltılara
bürünmüş bu qocaman vallar bəzi dinləyiciyə
o qədər də zövq vermir. Stereofonik musiqini dinləməyə
adət etmiş qulaqlara bu yadigar səslər qəribə gəlir.
Ancaq orası var ki, bütün bunlar daha yüksəksəviyyəli
və daha geniş çərçivəli auditoriya
hazırlamaq üçün çox qiymətli bir örnəkdir.
Bu misilsiz yadigarlar ifaçılar üçün də
böyük, əvəzolunmaz bir məktəbdir. İllərin
arxasından gələn o səslərə qulaq asdıqca
bugünkü müğənnilərimiz,
çalğıçılarımız ifaçılıq
sənətinin saysız-qədərsiz, misilsiz sirrini öyrənə
bilirlər. Məqsəd isə ifaçılıq sənətimizin
keçmişində mövcud olmuş, lakin illər
ötdükcə unudulmuş bir sıra ənənələri
müasir tələblər səviyyəsində bərpa etmək
və parlaq nümunələrini yenidən həyata
qaytarmaqdır.
Bu veriliş "Axşam görüşləri"
adlanır. Ancaq mən deyərdim ki, bu həm musiqimizin indisi
ilə, həm də tarixlə görüşlərdir".
1984-cü ilin apreli idi, Maestro yaşadığı mənzillə
üzbəüzdə, yolun o tayındakı "Kommunist"
qəzetində işləyən redaktor müavini Rəfail
Nağıyevi şama dəvət etmişdi ki, bu məqaləni
də ona təqdim etsin. Məqalənin makinadan
çıxmış nüsxələri masanın
üstündəydi, unudulmaz musiqişünasımız Ramiz
Zöhrabov da o axşam Maestrogildəydi, Niyazi özü ona
dedi ki, bir sən də sırraf gözü ilə oxu, bir
azdan redaksiyaya göndərirəm. Rəfail Nağıyev də
gəlib çıxdı, Həcər xanım xüsusi
ustalıqla bişirdiyi gürcü sasivisini boşqablara
çəkirdi, nə münasibətləsə o vaxtlar Nazirlər
Soveti sədrinin müavini işləyən Fikrət Əhmədov
zəng vurmuşdu, Maestro keçmişdi qonşu otaqdakı
paralel telefondan danışmağa, məqaləni oxuyub
qurtarmış Ramiz müəllim dilləndi ki, Maestro indiyədək
heç kimin haqqında belə səxavətlə tərifi nə
yazıb, nə deyib. Maestro otağa qayıdırdı, bu
sözləri eşitdi, cavabsız da qoymadı: "Düz
deyirsən, çünki Rafael də heç kimin görmədiyi
işi görür, rəhmətlik Əfrasiyabın vaxtilə
gördüyü, başladığı yolu davam etdirir.
Yadınızdadırmı, bir vaxtlar
Əfrasiyabın televiziyada apardığı "Mədəniyyət
universiteti" verilişinə camaat necə acgözlüklə
baxırdı? "Axşam görüşləri" də
indi elə həmin işi görür. Hələ mən istəyərdim
bu veriliş televiziyada olsun, hamımız da gedib
vaxtaşırı orada çıxış edək. Televiziyanın sədri ilə bu barədə
danışacağam.
Musiqimizin, mədəniyyətimizin dərd-səri indi
yaman çoxdur. Gərək hamımız əl-ələ
olaq ki, böhranın dərinləşməsinin
qarşısını alaq".
Maestro bu nigaranlığını dilə gətirə
ndə hələ musiqimizdə, ədəbiyyatımızda,
elmimizdə, bütövlükdə mədəni mühitimizdə,
ziyalılığımızda az sonra düçar
olacağımız ağır itkilərin çoxu
qarşıdaydı, hələ sağımızda-solumuzda
bir qafilə canlı əfsanə, yaşayan klassiklər fəaliyyətdəydi,
yeni-yeni əsərlərini doğurmaqdaydılar.
Ən böyük xalqların bütöv tarixini bəzəyə
biləcək bu sayda zirvənin Azərbaycana XX yüzildə
qismət olması baxtımıza düşmüş ulduz
yağışı idi. Ulduzların vaxt zavalı ilə
üzüntülü sönüşü də
varmış. Sanki bir qara qasırğa qopdu, elə bil hər
şeyi sovurub gedən səmum gəldi keçdi, bir-birinin
ardınca hamısını itirdik o misilsizlərin. Getməkləri
bir acı idisə, onların gedişi ilə ali münsiflər
mühitini qeyb etməmiz bir başqa, bəlkə də daha kədərli
itki idi.
Bu gün yerləri daha çox görünür. Sadəcə
boş yerləri görünmür, həm də
ağrıyır o yer...
16 dekabr 2023
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2023.- 20 dekabr, №(230).- S.10-11.