Naxçıvan Qızlar Məktəbi: fədakar maarifçilər ocağı

 

 

"Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalnız ona etibar edir".

Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyev

İslam dini "behişt anaların ayaqları altındadır" ifadəsi ilə qadını ülvi bir məqama yüksəltdi. Qadın Allahın yaratdığı ən gözəl və ali dəyərlərə sahib olan varlıqdır, zəriflik, sədaqət və dəyanət simvoludur. Qucağı tərbiyə beşiyi kimi tanınan, haqları ilahi hüquqlar sırasında əks olunan qadınlarımız biliyi, zəkası, nüfuzu ilə bəşər tarixində özünəməxsus izlər salıblar. Ta qədimdən ulu nənələrimiz Azərbaycanın dövlətçilik tarixində fədakarlıq göstərib, cəsarətli addımlar atıblar. Bütün Şərqdə, o cümlədən, Avropa ölkələrində də yeganə istedadlı qadın diplomat kimi tanınan Sara xatun, Şərqin təkrarsız hökmdarı Tomris xatun, öz varlıqları ilə bəşəriyyətə şərəf gətirən Möminə xatun, İnanc xanım, Mehrican xanım, Tuti Bikə xanım, Babilər hərəkatının başçısı Zərrintac kimi zərif, bir o qədər də güclü olan və yaşadıqları dövrün simasına çevrilmiş tarixə adını yazan və tarix yazan saysız qəhrəman, ziyalı qadınlarımız Azərbaycan tarixində silinməz izlər qoyublar.

Dövlətçilik işində, mədəni inkişafımızda müstəsna xidmətləri olan ziyalı qadınlar maarifçi dünyagörüşlərinə görə də fərqlənərək maarifçiliyin inkişafına mühüm töhfələr bəxş ediblər. Azərbaycanın ilk maarifpərvər qadınları nadanlığın və cəhalətin hökm sürdüyü elə bir zəmanədə doğulub, fəaliyyət göstəriblər ki, elm, təhsil sahibi olmaq istəyən ziyalı xanımlara xor baxıldığı, zalımcasına qətlə yetirildiyi, hər an həyatlarını itirmə təhlükəsi ilə qarşılaşdıqları amansız dövr idi onların dövrü. Lakin bütün bu çətinliklər, təzyiqlər qadınlarımızı savadlanmaq, irəli getmək yolundan saxlaya bilmədi.

XIX əsrin ortalarından başlayaraq Azərbaycanda və onun bölgələrində kişilərlə bərabər, qadınlarımız da xalqın, xüsusən də qadın və qızların maariflənməsində, savadsızlığın ləğvində cəsarətli addımlar atmış, rastlaşdıqları çətin mübarizədən bir an belə üz döndərməmişlər.

Naxçıvanın ilk qadın müəllimlərindən F.Hacınskaya, Süsən və Dilbər Sultanova bacıları (Naxçıvanın maarifçi ziyalısı Əbülqasım Sultanovun qızları), X.Səfərəliyeva, X.Cəfərova, N.Tahirova, A.Kələntərli, H.Əlizadə, F.Rəhimova, T.Kazımbəyova, N.Kəngərli, S.Novruzova, X.Mahmudova və başqalarının adlarını qürurla çəkə bilərik.

Onlar Naxçıvanda qadınlar arasında təhsilin, elmin inkişafında, savadsızlığın ləğvində və qadınların ictimai həyatda rolunun artmasında təşəbbüs göstərən ilk qadın müəllimlərdir.

Naxçıvanda qadınların təhsil almasına ilk təşəbbüs göstərən H.Z.Tağıyevin qız məktəbinin məzunu Nazlı xanım Tahirova-Nəcəfovadır.

Nazlı Tahirova-Nəcəfova

Gənc qızların təhsil almasına çalışan Nazlı xanim 1912-ci ildə Naxçıvan şəhərində Naxçıvan qızlar məktəbinin açılmasına nail ola bilmişdi.

Bu məktəbdə Nazlı xanıma dəstək verən, qadınlar arasında maarifçiliyin yayılmasında mühüm rol oynayan bir sıra maarifçi qadınlar, o cümlədən, B.Naxçıvanskaya, S.Sultanova, X.Vəzirova, F.Şeyxova, N.Tahirova, H.Əlizadə, G.Kəngərli və başqaları təhsil alıblar.

Həcər Əlizadə

Sovet hakimiyyətinin ilk illərində Naxçıvanda qadınlar arasında təhsilin, elmin yayılmasına, təşəbbüs göstərən, dəstək olan Naxçıvan qızlar məktəbinin maarifçi qadınlarından biri Həcər Əlizadədir.

O, 1914-cü ildə Naxçıvan şəhərində Ələkbər adlı sənətkarın ailəsində anadan olmuşdu. Anası qızının təhsil almasını vacib bildiyindən onu 1921-ci ildə Naxçıvan Maarif Komissarlığı nəzdində yaradılan qızlar məktəbinə qoyur.

Naxçıvanın ilk qadın maarifçilərindən olan Nazlı xanım Tahirova-Nəcəfova həmin qızlar məktəbində pedaqoji fəaliyyətini davam etdirirdi. Nazlı xanım yaşadığı dövrün çətinliyinə baxmayaraq, məktəb açıb qızların təhsil almasına dəstək olmuş, onlarla qızın savadlanmasına köməklik göstərmiş maarifpərvər qadınlarımızdandır. Nazlı xanımın maarifçilik xidmətləri haqqında bir çox mənbələrdən məlumat almaq olar. Tarix üzrə fəlsəfə doktoru Musa Quliyev "Unudulmaz maarif fədaisi" adlı məqaləsində Nazlı xanımın qadınların maariflənməsi sahəsindəki fədakar xidmətləri barədə müfəssəl məlumat verərək qeyd edir ki: "Nazlı xanım Naxçıvan şəhərində qızlar üçün məktəb açdırır və həmin məktəbdə dərs deməklə bərabər, həm də məktəbə müdirlik edir. 1917-ci ildə baş verən siyasi hadisələrlə əlaqədar məktəbin fəaliyyəti dayansa da, 1920-ci ildə Naxçıvan Maarif Komissarlığının nəzdində yaradılan qızlar məktəbində Nazlı xanım fəaliyyətini davam etdirir". Naxçıvanda ilk qız məktəbi 1912-ci ildə Nazlı xanımın təşəbbüşü ilə açıldığı qeyd edilsə də, arxiv sənədlərində ilk qız məktəbinin 1870-ci ildə Naxçıvanın Əylis kəndində açıldığı haqqında məlumat öz əksini tapıb.

Nazlı xanım maarifçi qadınların köməyi ilə Naxçıvanda bir neçə qadın klubları, qadın müəllimlərin hazırlığı üçün xüsusi bir şöbə və Ordubadda qızlar üçün yeni bir məktəb də açmışdı.

Nazlı Nəcəfovanın Ayna Sultanova ilə birlikdə Naxçıvanda təsis etdikləri qadınlar klubu öz ətrafına Naxçıvanın ziyalı qadınlarını cəlb edə bilmişdi. Qadın dram dərnəyinin fəal üzvlərindən biri olan 19 yaşlı gənc Rübaba xanım Sadıqova və Məmurə Rəhmiyeva da Naxçıvanda fəaliyyət göstərən həmin Qadınlar Klubuna rəhbərlik etmişlər. Qeyd edək ki, R.Sadıqova Naxçıvanda çadranı atan ilk qadınlardan idi.

Həcər xanım 1925-ci ildə məktəbi bitirdikdən sonra Məryəm Haşimova və Nazlı (Kəngərli) Tahirova ilə birlikdə sənədlərini Naxçıvan Pedaqoji Texnikumuna verir.

Məryəm Haşımova

Texnikumda təhsil aldığı dövrdə ictimai işlərdə fəallıq göstərən H.Əlizadə həmin qadınlar klubunun fəal üzvlərindən biri olur. Həcər xanım bu klubun işlərində yaxından iştirak etmiş və xor dərnəyinin rəhbəri kimi çalışaraq fəaliyyət göstərmişdi. O, rəhbərlik etdiyi kollektivdə qayğıkeşliyi, səmimiliyi və işgüzarlığı ilə psixoloji mühit yaratması ilə seçilən pedaqoq olmuşdu.

 

(Ardı var)

Günel ƏSGƏROVA

AMEA Naxçıvan Bölməsinin elmi işçisi

525-ci qəzet .-2023.- 21 dekabr, №231.- S.15.