Andına, amalına
sadiq qalan şəhid
İllər uzunu uğradığı
haqsızlıqlara, düçar olduğu ədalətsizliklərə,
başına gətirilən müsibətlərə, hər
cür məhrumiyyətlərə baxmayaraq, gözlərindəki
yaşı, dizlərindəki toz-torpağı, alnından
axan qanı əllərinin tərsi ilə silib ayağa qalxan,
varlığını başda düşmənləri, ona bu
acıları yaşadanlar olmaqla, bütün dünyaya
sübut edən və nəhayət, zorla əlindən
alınmış torpaqları yenə də əllərinin,
qollarının gücü ilə geri qaytarıb tam,
bütöv Azərbaycan olmağı bacaran bir xalqın, bir
ölkənin övladı olmaq sonsuz qürur və fəxarət
mənbəyidir...
Düz üç il öncə müasir dünya
tarixində görünməmiş böyük qələbə
ilə Vətən müharibəsində qalib gələn,
bir neçə ay öncə isə ərazi
bütövlüyünü tam şəkildə bərpa edən
Azərbaycanımızın bu qələbəsi cənab
Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qətiyyətli siyasəti və rəşadətli
ordumuzun cəsarətinin nəticəsidir. Düşünən
beyinlə vuran əl birləşdikdə ortaya haqqın, ədalətin
bərpası çıxırmış, demək ki...
Cəmi 44 gündə ildırım sürəti ilə
torpaqlarımızı qarış-qarış, ev-ev, kənd-kənd,
qəsəbə-qəsəbə, rayon-rayon düşməndən
azad edən məğrur ordumuzun cəsur əsgərlərindən
biri də bu böyük qələbədə imzası olan əziz
şəhidimiz Rəşad Kazımovdur. O Rəşad
Kazımov ki, ta uşaqlığından hərb sənətinə
könül vermiş, işğalda olan
torpaqlarımızı azad edəcəyinə and
içmişdi. Andına sadiq qalanlardan, sözünü
canı bahasına tutanlardan oldu Rəşad da...
lll
Rəşad Nüsrət oğlu Kazımov 1989-cu il
dekabrın 21-də Füzuli rayonunun Bala Bəhmənli kəndində
anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə
yollanıb.
Hərbi xidmətini layiqincə başa vuran Rəşad
hərbçi olmaq arzusu ilə xidmətini davam etdirmək qərarına
gəlir və müddətdən artıq həqiq hərbi
xidmət qulluqçusu kimi ordu sıralarında qalır.
Füzuli rayonunun Vətən müharibəsində
şəhid olan 76 igidindən biri idi Rəşad. Onlardan ən
çox şəhid verən isə elə Rəşadın
doğulduğu Bala Bəhmənli kəndidir ki, 11 qəhrəman
gənci torpaqlarımızın azadlığı uğrunda
canından keçib.
Vətən müharibəsinə ilk gündən
qatılan Rəşad doğulduğu Füzuli rayonu istiqamətində
döyüşlərə atılır və Hadrut,
Füzuli, Xocavənd və Şuşa istiqamətlərində
həm sürücü kimi, həm də əldə silah qəhrəman
əsgər kimi döyüşür.
Anası Mərziyə xanım deyir ki, Rəşadın
bircə amalı var idi: torpaqlarımızı mənfur
düşmənin işğalından azad etmək. O,
anasının, ailəsinin "evə gəl"
çağırışlarına da
"torpaqlarımızı azad edək, sonra gələcəyəm"
deyə cavab verərmiş. Onun bu arzusu elə
özünün də iştirakçısı, qəhrəmanı
olduğu Vətən müharibəsində gerçəkləşdi,
amma təəssüf ki, özü qələbə
gününü görmədi. Belə ki, sonuncu dəfə
ailəsi ilə oktyabrın 24-də əlaqə saxlayan Rəşad
Kazımov bir gün sonra Füzuli rayonunun Yuxarı Seyidəhmədli
kəndi uğrunda gedən döyüşlərdə şəhid
olub.
lll
Təsadüfi deyil ki, qəhrəman şəhidimizin
bu şücaəti, vətən sevgisi ailəsindən gəlirdi.
Onun dayısı I Qarabağ müharibəsi
iştirakçısı olub, Hadrut istiqamətində gedən
döyüşlərdə iştirak edib. O deyir ki, bizə
zamanında torpaqlarımızı azad etmək qismət
olmadı, amma mənim bacım oğlanları bu şərəfə
nail oldular, onlar bizim də başımızı uca etdilər.
Bəli, Rəşad ailənin tək hərbçi
oğlu deyildi. Onun qardaşı Qurban da hərb sənətini
seçən igidlərimizdəndir. Kazımovlar ailəsinin Vətən
müharibəsində iştirak edən iki oğlu var idi. Amma
Qurban bu müharibənin iştirakçısı
olmağından daha çox qardaşının şəhadəti
ilə fəxr edir.
Şəhidimizin Rəsul və Əsma adlı iki
gözəl balası vətənə, xalqımıza əmanətdir.
Həyat yoldaşı Leyla xanım deyir ki, övladlarım mənə
Rəşadın yadigarıdır və mən onları
şəhid atalarının adına layiq şəkildə
böyüdəcəyəm, onlar hər zaman qəhrəmanın
övladları olduğunu bilib, onunla fəxr edəcəklər.
Qeyd edək ki, igid şəhidimizin şücaəti
hər zaman dövlətimizin diqqətindədir və o,
ölkə başçısı tərəfindən şəhadətindən
sonra "Vətən uğrunda", "Şuşanın
azad olunmasına görə", "Cəsur
döyüşçü", "Xocavəndin azad
olunmasına görə" və "Füzulinin azad
olunmasına görə" medalları ilə təltif
edilib.
Bu gün əziz şəhidimizin doğulduğu
gündür. Yaşasaydı, 34 yaşını qeyd edəcəkdi.
Amma o, 31 yaşında ikən böyük bir xalqın qəhrəmanına
çevrilməyi bacardı.
Allah rəhmət eləsin!
Şahanə MÜŞFİQ
525-ci qəzet .-2023.- 21 dekabr, №231.- S.13.