Çağdaş
musiqinin əzəmətli siması
Fərəc Qarayevin 80 illik yubileyi münasibətilə
2023-cü il dekabrın
19-da Azərbaycan musiqi mədəniyyətinin ən qüdrətli
təmsilçisi – bəstəkar Fərəc Qarayevin 80
yaşı tamam olur. Bu münasibətlə sentyabr ayından başlayaraq
Moskvanın müxtəlif musiqi meydançalarında silsilə
konsertlər baş tutdu. Həmin
sıradan son konsert – ən əzəmətli
və ən məzmunca dolğun – dekabrın 15-də F.Qarayevin
çalışdığı Moskva konservatoriyasının
Raxmaninov zalında keçirildi. Bu konsertdən öncə
“Əsrlərin kəsişməsində:
postsovet məkanın yeni musiqisi”
adlı böyük bir konfrans F.Qarayevin ümumən çağdaş
musiqidə mövqeyini təyin etmək baxımından olduqca
əlamətdar idi.
Fərəc Qarayevin yeni
musiqi tarixində rolu isə xüsusidir, bədii kəşfləri heyrətamizdir. Fərəc müəllim
haqqında müəllifi Marianna Vısotskaya olan fundamental tədqiqat “Məntiq və
paradoks arasında: bəstəkar Fərəc Qarayev”
adlanır. Artıq bu ad bəstəkarın musiqisinin, təfəkkür tərzinin
məxsusi cəhətlərini
açıqlayır. Bir tərəfdən uca bir peşəkar
olan F.Qarayev öz əsərlərini quraşdırarkən
ciddi qayda-qanunlara dayaqlanır.
Digər tərəfdən, bu
ciddi çərçivə daxilində musiqinin nəfəsi
sərbəstdir, musiqi fikrinin dönümləri isə hətta
gözlənilməz və qəfildir. İki qütbün əvvəlcədən
düşünülüb-daşınılmış
konsepsiya ilə sıx rabitədə ortaq məxrəcə gətirilməsi bəstəkar sənətinin şah damarını müəyyənləşdirir.
F.Qarayevin dünyagörüşü – müasir musiqi,
ümumiyyətlə sənət, ədəbiyyat, fəlsəfə
haqqında bilikləri hüdudsuzdur.
Sevdiyi yazıçı Borxesin ardınca F.Qarayev “Mənim
ənənəm – bütün universumdur” deyə bilərdi. Fərəc müəllimin
intertekstual marşrutları isə tarixin ən müxtəlif dönəmləri, dünya mədəniyyəti –
musiqi, ədəbiyyat, teatr və
kinematoqrafın bir-birindən fərqli “məntəqələrindən” keçir.
O, istənilən an sözün əsl mənasında
nəhəng yaddaşından lazım olan misranı, musiqi
cümləsini ayırıb, əsərlərinin
toxumasına elə ehmallıca yeridir ki, sonucda yaranan obraz obertonlarla əhatə olunur,
çoxçalarlılıq əldə edir və hətta sitat kimi dəf olunur.
F.Qarayevin musiqi dili mürəkkəbdir, müasir musiqinin ən yeni nailiyyətlərini
özündə ehtiva edir, amma yeni ifadə vasitələri əsasında qurulan
əsərlər, bir qayda olaraq, o qədər cazibədar olur
ki, xüsusi musiqi
hazırlığı olmayan dinləyiciləri də
ağuşuna ala bilir. Bu, əlbəttə,
onun musiqi intonasiyasının, musiqi toxumasının xüsusi
bir kövrəkliyindən irəli gəlir.
F.Qarayevin hər əsəri ilə görüş
adamım qəlbini təlatümə qərq edir, müxtəlif anımlar
sırası doğurur.
Bütün əsərlər sanki bir gizli ssenari əsasında gerçəkləşdirilir,
obrazların teatrallığı, parlaqlığı dinləyici
diqqətini ovsunlayır. Tembrləri həssas duyan bəstəkar
onların personifikasiyasına da nail ola bilir. F.Qarayev
ən müxtəlif
dünyaları, üslubca müxtəlif hadisələri
bir araya gətirmək kimi nadir bacarıq sərgiləyir.
Əsərlərindəki təzadlar isə
sarsıdıcı təsir qüvvəsinə malikdir! O, hətta real dünyanın səs
və küylərini də üzvi şəkildə musiqisinə gətirə bilir: bütün bu səslər,
A.İvaşkinin təbirincə, onun əsərlərinin
ayrımaz tərkib hissəsinə çevrilir.
Məsələn, F.Qarayevin ən işarəvi əsərlərindən
biri - iki ifaçı üçün Sonatada (1976) biz yenicə
dünyaya gəlmiş körpənin
hönkürtüsünü eşidirik. Adamı karıxdıran bu müdaxilə necə də mənaca çoxrənglidir. Bu,
yeni həyatın yaranışıdır, amma son dərəcə sakit musiqi əhatəsində
həmin səs bir həyəcan da doğurur. Yeni həyat ağrı və iztirablarla dünyaya gəlir:
bu fikri dərk edib sarsılırsan. Hərçənd
başqa bir yozum da, yəqin mümkündür, çünki
bəstəkarın musiqisinin semantik çalarları əsla
yekrəng deyil. Onu da deyim ki,
seriya və aleatorika texnikası əsasında bəstələnmiş bu əsərdə
musiqi səslərinin nüvəsinə nüfuz etmək,
zamanın sonsuzluğu duyumunu doğuran - sanki bədahətən
yaranan forma-prosesi qurmaq bacarığı özünü necə də bariz sərgiləyir.
R.Fərhadov məqalələrindən
birində maraqlı bir paralelə əl atıb deyir ki, Y.Şvarts “İtirilmiş vaxt haqqında
nağıl” yazdığı halda, F.Qarayev “Donub
qalmış zaman haqqında nağıl” ərsəyə gətirib.
Bəstəkarın musiqisi iki ənənənin kəsişməsində
yaranır: bir tərəfdən – müasir sənətin nailiyyətləri – 12-tonluq texnika,
sonoristika, aleatorika, digər tərəfdən Azərbaycan
musiqisinin, o cümlədən bəstəkarlıq
musiqisinin zəngin ənənələri. Amma o da var ki, Fərəc Qarayevin əsərlərini
sadəcə vərəqləyənlər, yəni səthi
dinləyənlər, milli qaynaqlarla əlaqəni, çətin
ki, sezsinlər. Fərəc
müəllim heç vaxt milli spesifikanı qabartmır – nə
musiqi dilində, nə əsərlərin adında.
Çünki o, musiqidə milliliyin üzdə görünməyən
dərin qatlarının təfsiri yolu ilə gedir. Və burda
onun üçün örnək
- ustadı və atası Qara Qarayevin Violin konsertidir.
Muğama bir ekzotika kimi yanaşmadan, onun
idiomlarının “istismar”ından
kənarda duran bu bəstəkarda muğam çox zaman
“bir ideya, bir emosiya, zaman duyumu, bəlkə də melodik modellərlə işin
abstrakt prinsipi kimi” (“Tages –Anzeiger” qəzeti) özünü göstərir.
Şərqdə Qərbin, Qərbdə isə Şərqin
aşkarlanması istiqamətində çalışan
F.Qarayev, R.Fərhadovun sərrast müşahidəsinə
görə, muğam və Avropa musiqisinin köklü, hər
ikisinə xas əlamətlərini üzə
çıxarıb bu əsasda
öz əsərlərini qurur.
Həmin əlamətlər sırasında variantlıq
və improvizasiyalılıq - F.Qarayev musiqisinin əsas
xüsusiyyətləri – Qərbi də, Şərqi də
eyni dərəcədə səciyyələndirir.
Odur, Niderlandın “ Nieuw Ensemble” kimi maraqlı bir qrupu
üçün “Xütbə, muğam və surə” (1997)
kimi “qəfil” opusun F.Qarayev yaradıcılığında
“peyda” olmasına təəccüblənməmək
qeyri-mümkündür. XX əsrin sonunda F.Qarayev
muğamın gözəllik və harmoniyasına hər
hansı bir müdaxiləsi ilə xələl gətirməkdən özünü kənarlaşdıraraq
tarın autentik ifasında “Şüştər”in, demək
olar ki, tam şəkildə səslənməsi
üçün şərait yaradır. Əsərdə həmin
tar improvizasiyası ilə “Xütbə”nin ciddi
strukturlaşmaya məruz qalan musiqi toxuması, bəstəkarın
“öz” musiqisi “özgə”material ilə
qarşı-qarşıya qoyulur. Final 75-ci əl-Qiyamə surəsindən ayələrin (tape) və müəllifin “kosmik”
musiqisinin dəqiq periodikliklə
növbələşməsi əsasında qurulub. Postmodernist
estetika məcrasında bir-biri
ilə əlaqədar olmayan “musiqi dünyalarını” –
muğamı, 12-tonluq texnikanı, Quranın avazla
oxunmasını cəsarətlə bir araya gətirmək və
orijinal konsepsiyaya xidmət edən yeni, özəl keyfiyyətlərə
malik bədii tam yaratmaq mümkün olmuşdur. Finalda xəbərdarlıq
eşidilir: hamını bir Qiyamət günü gözləyir.
Həmin gün Allah təalanın
məhkəməsi qarşısında hər birimiz
cavab verməliyik. Və mənəviyyata, haqqa
çağırışdan imtina olunarsa, faciə
labüddür...
Məqalədə Fərəc müəllimin
yaradıcılığını tam əhatə etmək,
onun təcəssüm cəsarəti ilə seçilən
ideyalarının hətta kiçik bir qismini açmaq, əlbəttə,
qeyri-mümkündür. Bəstəkarın
opuslarının adları artıq çox şey deyir: “Mən
Motsartla Praqanın Karl körpüsündə
vidalaşdım”, “... a crumb of music for George Crumb”, “Kədərli gecənin kiçik
musiqisi”, “Ist es genug?”,
“Canción de cuna”, alla
“Nostalgia”, “Babil qülləsi”...
Burada 60-80-ci illər Azərbaycan simfonizminə həsr
olunmuş tədqiqatımda yer almış “Tristessa” əsəri
üzərində daha ətraflı dayanmağı lazım
bilirəm.
Tristessa – bu sözü
dərin kədər, hüzn kimi tərcümə etmək
mümkündür. “Vida” simfoniyası əsərin ikinci
adı olub, məşhur sələfini xatırlamağa məcbur
edir. Belə ki, Haydnın “Vida” simfoniyasındakı kimi,
musiqiçilər ifa prosesində alətlərini qoyub, səhnəni
tədricən tərk edirlər. F.Qarayevin ithafı da – “Atama,
müəllimimə, dostuma” – olduqca böyük əhəmiyyətə
malikdir. Simfoniyanın iki adının və ithafının
çarpazlaşma nöqtəsində onun qeyri-adi
konsepsiyası yaranır. Həmin konsepsiyanı ən ümumi
şəkildə belə müəyyənləşdirmək
olar: ata, müəllim, dostla vidadan doğan kədərin hədsizliyi...
Tristessa “instrumental teatr” kimi
qurulsa da, teatr sənəti ilə bağlı zahiri
elementlər burada başlıca rol oynamır. Bəstəkar
musiqinin immanent keyfiyyətləri hesabına tamaşa qurmaq
iqtidarı sərgiləyir.
Simfoniyanın strukturunu “üslub tematizmi” – bu rolda Qarayev-atanın 3 prelüdü
çıxış edir – və müəllif
materialının qarşı-qarşıya qoyulması “idarə
edir”. Prelüdlərin sərgilənməsi və bu musiqiyə
emosional reaksiyanın təzahürü əsər boyu növbələşir:
oyun-tamaşa və hisslər teatrına xas estetika
qarşılaşdırılır.
İki zaman ölçüsünün yanaşı
mövcudluğunun özü də teatral təfəkkürün
ifadəsidir: nümayiş etdirilən (keçmiş vaxt) və
indi, musiqinin dinləyişi əsnasında duyduğumuzun (real
vaxt) uzlaşması “oyun” situasiyasına, onun ambivalentliyinə
dəlalət edib, musiqinin doğurduğu emosiyaları xeyli
gücləndirir.
Əsərin finalında bəsrəkar, ideyasını “görümlü”
etmək məqsədilə “xarab olmuş val” fəndindən
istifadə edir. Qara Qarayevin
cis-moll prelüdü stereofonik dinamikdən səsləndirilərək sanki büdrəyir, tamamlana bimir.
A.Əmrahova bu sonluğu belə
şərh edir: Şüurun nəzarəti F.Qarayevin əsərlərinin
emosional palitrasına xələl gətirmir. Hətta, əksinə,
emosiyanın özü onların məna dolğunluğunu zənginləşdirir…
bu nəhəng simfonik lövhənin ... finalında maqnitofon
yazısının təhrif etdiyi Q.Qarayev prelüdü səsləndikdə,
kimi itirdiyimizi, kimin dərslərini unutduğumuzu dərk edib,
daha böyük ağrıya, daha böyük
sarsıntıya məruz qalmırıqmı?”.
Moskvadakı yubiley gecəsinin sonunda bəstəkarın daha bir nəhəng
əsəri – orkestr və solo violin üçün Konserti səsləndi.
Anasının xatirəsinə ithaf etdiyi bu əsəri
atası Qara Qarayevin doğum günündə tamamlayan bəstəkar
ən müxtəlif anımlar, hədsiz qüssə
aşılanmış duyğular sırası qurur.
Konsertin bütün
inkişaf məntiqi – birinci hissənin mövzusuz variasiyaları,
ikinci hissənin mövzu və allüziyaları (burada
Mendelson, Brams, Berq, Q.Qarayevin, habelə Vivaldinin Violin konsertlərindən
sitatlar səslənir), sonda, finalda – bir sıra texniki cəhətdən
ifrat dərəcədə mürəkkəb variasiyalardan
(onlar bir növ “new complexity” – “yeni mürəkkəbliyə”
xas tərzdə bəstələnib) sonra əsas mövzunun,
obrazın təqdim olunmasına yönəlib: bu, Qriqin “Lirik
miniatürlər” toplusundan “Vətən həsrəti”
adlı pyesdir. Həmin pyesin mövzusu əsər boyu
yaşanılan həyəcanların, ilk növbədə
zaman axınının dönməzliyindən, yaxın
insanların itkisindən doğan sonsuz kədərin ümumiləşdirilmiş
ifadəsidir. Qriqin pyesinin adı arxasında da bir məna gizlənib:
əslində hər birimizin qəlbində – Vətəndə
və ya qürbətdə məskunlaşmağımızdan
asılı olmayaraq, həmin həsrət hissi – kövrək,
ürəyi göynədən, qəfildən törəyib təlatüm
doğuran, izahı
qeyri-mümkün olan hiss yaşayır…
Bəstəkar Konsertin sonunda birmənalı təsdiqləyici
durğu işarəsindən (belə qeyri-qapalı forma gərgin
dramaturji proseslərin məntiqi
nəticəsidir) vaz keçir: yüksək registrdə
çətin eşidilən flajolet – violinin tam səssizliyə
qərq olan sonuncu replikası bizi həyəcanlandırıcı,
üzücü və acı suallarla təkbətək
qoyur...
Fərəc müəllimin hər bir əsərinin
dinləyişi və dinlədiyini təhlil etmək səyi Y.Lotmanın
aşağıdakı fikrini xatırlamağa sövq edir: “Bədii model həmişə
təfsirdən daha geniş və həyatidir, təfsir isə
ancaq yaxınlaşma kimi mümkündür”.
Moskvadakı gecədə
Konserti dirijor İ.Dronovun rəhbərlik
etdiyi “Yeni Musiqi Studiyası”nın orkestri və solist Stanislav Malışev
böyük məharətlə çalıb dinləyicilərin
ürəklərini fəth edə bildilər. Konsertin ilk ifaçısı
öz qeyri-adi virtuozluğu ilə seçilən Patrisiya
Kopaçinskaya (Patricia Kopatchinskaja) olub. Amma Stanislav
Malışev də inandırdı
– finalda dörd
variasiyanı nadir bir ekspressiya
ilə səsləndirərək,
ifrat bir gərginlik, dinamika, təlatüm dolu ovqat bərqərar
etdi.
Həmin konsertdə gözəllik, zəriflik, xəfif
kədər oazisini isə Federiko Qarsia Lorkanın sözlərinə
bəstələnmiş “Canción de cuna” (Layla)
kompozisiyası yaratdı.
Burada ansambla qoşulan Fəridə Məmmədovanın sənətkarlığını,
səsinin tembr gözəlliyini, hər sözü
çalarlandırmaq istedadını qeyd etməmək
mümkünsüzdür.
İştirakçısı olduğum “Əsrlərin
kəsişməsində: postsovet məkanının yeni musiqisi”
adlı konfrans haqqında da məlumat
vermək istərdim. Konfransa tanınmış alimlərin, o
cümlədən S.Savenko, V.Zaderatski, A Əmrahova,
M.Vısotskaya, Q.Qriqoryeva, Q.Lıjov, İ.Sokolovun
qatılmağı onun yüksək elmi səviyyəsini
müəyyənləşdirdi.
F.Qarayevin musiqisi kifayət
qədər geniş müstəvidə,
müasir musiqinin təmayülləri
kontekstində araşdırıldı.
Bəstəkarın ASM
– Müasir Musiqi Assosiasiyasında fəaliyyəti, hətta
yazıçı kimi yaradıcılığı da
diqqətsiz qalmadı.
Konfrans F.Qarayev sənətinin
ən müxtəlif tərəflərini
işıqlandıraraq, onun çağdaş musiqiyə nəzərəçarpan
əlavələr etmiş
qüdrətli bəstəkarlardan biri kimi mövqeyini əsaslandırdı. Azərbaycanı həmin mötəbər
elmi məclisdə Cahangir Səlimxanov və bu sətirlərin
müəllifi təmsil edirdi. Təsadüf elə gətirdi
ki, hər ikimiz “Xütbə, muğam və surə”yə
müraciət etdik, amma yanaşmamız necə də fərqli
idi! Mən əsərdə milli konseptosferanın təcəssümündən
söz açdım, həmkarım isə paralel mətnlərin yanaşı mövcudluğu – məxsusi
meta-kollajdan danışdı, hər ikimiz əsərin
konsepsiyasını üzə çıxarmağa cəhd
göstərdirk. Yanaşma müxtəlifliyi elə artıq dəfə F.Qarayev
musiqisinin dərinliyinə dəlalət
etmirmi?
F.Qarayevin Azərbaycan musiqi mədəniyyətində
müstəsna mövqeyi
onun müasir musiqi ilə
bağlı reallaşdırdığı bir çox sanballı layihələr
ilə müəyyənləşdirilir. Ən yeni musiqi ilə bizi, öz
soydaşlarını tanış etmək, dünya
haqqında təsəvvürlərimizi genişləndirmək
üçün F.Qarayev nələr
gerçəkləşdirməyib! Mən ələlxüsus onun Bakıda təşkil etdiyi Qara
Qarayev adına beynəlxalq musiqi festivallarını qeyd etmək
istərdim. 1980-ci illərin
ikinci yarısında
üç dəfə keçirilən o festivallar (2011-ci ildən başlayaraq iki ildən
bir daha üç buraxılışı olub) bizim musiqi landşaftını əsaslı
şəkildə dəyişdirdi. Şəxsən
özüm haqqında deyə bilərəm ki, məhz festivallarda eşitdiyim məni müasir musiqinin vurğunu və “əsiri” etdi.
Buradaca Fərəc müəllimin “Yeni Musiqi” cəmiyyətinin
(1995-ci ildə yaradılıb) prezidenti kimi
çalışmasını, həmkarları ilə birlikdə
reallaşdırdığı “Zamanla üz-üzə” layihəsini,
1980-1994-cü ildə bədii rəhbəri olduğu
“BaKaRa” ansamblının fəaliyyətini
qeyd edərdim.
F.Qarayev hal-hazırda
Çaykovski adına Moskva Dövlət
Konservatoriyasında öz müəllimlik fəaliyyətini
uğurla davam etdirərək, bir mütəxəssis kimi
böyük nüfuz qazanıb. O, illər Azərbaycan Konservatoriyasının kompozisiya
kafedrasının professoru qismində neçə-neçə bəstəkar yetişdirib. Onu da
deyim ki, F.Qarayevin müəllim kimi fəaliyyəti hətta
S.Mirzəyevin xüsusi tədqiqatının mövzusu
olub. Son dərəcə tələbkar,
qeyri-peşəkarlığa, zövqsüzlüyə
qarşı amansız olan Fərəc
müəllim öz tələbələrini
ali sənət meyarları əsasında tərbiyə edir.
“Sənətdə iki monstr təhlükəlidir: peşəkar
olmayan sənətkar və sənətkar olmayan peşəkar”,
- Anatol Fransın bu sitatına vaxtaşırı üz tutan Fərəc
müəllim öz
qarşısında ali məqsədlər qoyaraq
yaşayır və bizi də bu yola səsləyir.
F.Qarayevin bir vətəndaş
kimi mövqeyi isə 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsi
zamanı özünü bariz nümayiş etdirdi. Tariximizin
o taleyüklü dönəmində F.Qarayev ölkəmizə
qarşı baş qaldıran informasiya savaşına biganə
qalmadı - öz videomüraciətləri,
məqalələri ilə neçə-neçə
iftiranı təkzib etdi, Azərbaycanın haqq səsini
çatdırmaq naminə
çarpışdı.
F.Qarayevin 80 yaşı
tamam olur. Buna qəti inanmaq olmur. Fərəc müəllim həmişəki kimi gümrah və
çevikdir, ruhən də cavandır, cəsarət də ondan əskik
olmayıb – yeni layihələr haqqında elə şövqlə
danışır! Əsərləri
dünyanın möhtəşəm festivallarında parlaq
musiqiçilər tərəfindən ifa olunan bəstəkar
“bütün musiqi artıq yazılıb” deyərək, bəzən tərəddüd, bəzən şübhələr,
insanı çalxalayan sərt
və üzücü suallarla təkbətək qalır. Amma
bütün bunlara baxmayaraq həqiqi vicdanlı sənətçi
kimi seçdiyi yaradıcılıq cığırından
sapınmır, öz missiyasını ləyaqətlə icra edir.
Saysız-hesabsız yubiley təbriklərində
leytmotiv kimi təkrarlanan əsas fikri də belə ifadə
etmək olar: Fərəc müəllimin
Azərbaycan musiqi mədəniyyətində mövqeyi
müstəsnadır. Onun
yaratdığı ali musiqi dünyası, onun həyata keçirdiyi miqyaslı sənət layihələri çağdaş musiqimizin ən
önəmli hadisələri sırasındadır.
Azərbaycanın Xalq artisti olan sənətkara üz tutub demək
istərdim: Əziz Fərəc müəllim, bizim
hamımızın Sizin kimi böyük və şərəfli ustada
ehtiyacı var. Sənətiniz,
peşəyə münasibətiniz bizim üçün
örnəkdir. Biz Sizə
yaratdığınız tam özgün,
sarsıdıcı emosiyalar bəxş edən
səslər aləminə görə minnətdarıq.
Çox və sağlam yaşayın, öz nadir lətafət,
hikmət, dərin məna aşılanmış musiqinizi yaratmaqda davam edin!
Zümrüd DADAŞZADƏ
Professor, Əməkdar incəsənət xadimi
525-ci qəzet .-2023.- 21 dekabr, №231.- S.12;13.