Uşaq mətbuatı
və onun problemləri
Uşaq mətbuatı milli mətbuatın spesifik
forması olub, böyük ideya və mənəvi tərbiyə
vasitəsidir. Bu ədəbi proses özündə yeni
dünyanın yaranmasını əks etdirməklə
yanaşı, onun təşəkkülündə də aktiv
iştirak edir. Balacaların və yeniyetmələrin
dünyagörüşünün inkişafında, maraq dairəsinin
genişlənməsində, əxlaq və mənəvi tərbiyəsində,
xarakterinin formalaşmasında uşaq mətbuatının
rolu böyükdür.
Bugün uşaq mətbuatının, o cümlədən,
müstəqillik illərində yaranmış və ya fəaliyyətinə
müxtəlif adlarla davam edən uşaq mətbuatlarının
tədqiqi zəruri problemlərdən biridir.
2013-cü ildə Azərbaycan Respublikasının
Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafında Dövlət Dəstəyi Fondunun
"Fikir, söz və məlumat azadlığının,
plüralizmin inkişaf etdirilməsi" istiqamətli lahiyəsi
çərçivəsində uşaq mətbuatının
fəaliyyəti, problemləri ilə əlaqdar olaraq Azərbaycan
Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə bir neçə məqalələr
hazırlanmışdı. "Şərq" qəzetinin
2013-cü il iyun ayının 11-ci sayında yerləşən
məqalədə qeyd olunurdu: "Bu sahədə
çalışan mətbuat nümayəndələrinin
qarşısında yalnız oxucuya informasiya vermək vəzifəsi
dayanmır, eyni zamanda onu cəmiyyətdəki pis meyllərdən,
ünsürlərdən qorumaq, tərbiyələndirici
funksiyası da dayanır. Unutmayaq ki, uşaqlar təbiəti,
dünyanı, insanlara münasibəti, milli dəyərləri,
vətən sevgisini, əxlaqı bizlərin vasitəsilə
öyrənirlər.
Uşaq əsərlərinin yeni üsuli məktəb,
yeni şagirdlər səviyyəsində işlənməsi
ziyalıların diqqət yetirdiyi mühüm mövzulardan
biri idi. Yeni metodik məktəblərdə istifadə olunan ədəbiyyat
dərsliklərində uşaqların yaşına və
zövqünə uyğun şeir və hekayələr, tarixi
hadisələrə dair bədii təhlillər mühüm
yer tutur. Amma indi o sahə o qədər də qənaətbəxş
səviyyədə deyil".
Media eksperti Zeynal Məmmədlinin sözlərinə
görə, müasir dövrdə uşaq mətbuatında
yaranan problemlərin kökündə ali məktəblərdə
kadr hazırlığının zəif olmasından irəli
gəlir.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli uşaq mətbuatının diqqətdən
kənar qaldığını vurğulayaraq deyir: "Azərbaycan
mətbuatının problemləri elə uşaq mətbuatındakı
problemlərdən başlayır. Çünki uşaq
ağlı kəsən yaşdan oxumağa
başlamalıdır. Bu günün uşaq mətbuatının
oxucusu isə artıq gələcəkdə yetkin bir oxucu
olacaq. Yəni bu, bir növ tərbiyədir. Bilirsiniz ki, oxumaq
mədəniyyətdir və kiçik yaşlarından qəzet,
jurnal oxumaq vərdişinə sahiblənməyən uşaq
böyüyəndə də mətbuatdan qaçacaq.
Uşaqların öz dili var, bizim dilimizdən tamam fərqlənir.
Odur ki, uşaqlarla onların öz dilində danışmaq
lazımdır". Uşaq mətbuatının xüsusi bir
yanaşma tələb edən bir sahə olduğunu
vurğulayan E.Mirzəbəylinin sözlərinə görə,
uşaq mətbuatında adi jurnalistlər deyil, uşaq
psixologiyasına yaxından bələd olan, onlarla ünsiyyət
qurmağı bacaran jurnalistlər və yaxud psixoloqlar
çalışmalıdır. İlk növbədə bu sahəni
dövlətin stimullaşdırma olduğunu vurğulayan
baş redaktor deyir ki : "Uşaq mətbuatındakı
durğunluq həm də təhsil sistemimizdə olan problemlərlə
bağlıdır. Zənnimcə, orta məktəblərin
özü də uşaq mətbuatı sahəsində
maraqlı olmalıdır. Eyni zamanda uşaq hüquqları ilə
məşğul olan qeyri-hökumət təşkilatları
da bu sahəyə diqqət artırmalıdır".
Azərbaycan Yazıçılar Birliyinin uşaq
şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə
də uşaq mətbuatı sahəsində Azərbaycanda vəziyyətin
ürəkaçan olmadığı qənaətindədir.
Qəşəm Nəcəfzadə qeyd edir ki: "Uşaq mətbuatına
yeganə nümunə "Göyərçin"
jurnalıdır ki, o da artıq öz gücünü itirib.
Çox az tirajla çıxır". Q Nəcəfzadənin
sözlərinə görə, uşaq mətbuatında bu
durğunluq qayğısızlıqdan irəli gəlir. Amma
bu qayğısızlıq dövlətlə əlaqəli
olmadığını vurğulayan şair uşaq mətbuatının
yox səviyyəsində olmasında ziyalıları və
QHT-ləri günahlandırıb: "Uşaq ədəbiyyatının
görkəmli xadimləri uşaq mətbuatına bir gün
ağlamalı idilər. Mən bunu İlyas Tapdıq, Zahid Xəlildən
gözləyirəm. Desəniz ki, bəs siz niyə bir iş
görmürsünüz? Mən çox iş
görmüşəm, sadəcə nə edim ki, "tək əldən
səs çıxmır". Bütün
açıqlamalarımda, çıxışlarımda bu məsələni
qabartmışam. Uşaq mətbuatının inkişafı
üçün aidiyyəti qurumlara müraciət edilməlidir
ki, bu məsuliyyət də yuxarıda adını sadaladığım
ziyalıların üzərinə düşür".
Həmin lahiyə çərçivəsində
"Şərq" qəzeti
nin 23 yanvar 2013-cü il tarixli sayında Azərbaycan
uşaq mətbuatının ən parlaq nəşrlərindən
biri olan "Günəş" jurnalının baş
redakoru Vasif Quliyev uşaq mətbuatı və onun problemləri
haqqında deyir: "Uşaqlarla işləmək çox
çətin və məsuliyyətlidir. Elə bu baxımdan
da əvvəllər uşaq yazarlarına daha çox qonorar
verirdilər. Təəssüflər olsun ki, nə valideynin, nə
də uşaqların jurnal almağa, oxumağa marağı
var. Çünki son 20 ildə uşaqlar maraq dairələrini
başqa səmtlərə yönəldiblər. Məsələn,
kompüter çıxandan sonra belə şeylərə maraq
getdikcə azalıb. İndi jurnal oxuyan yoxdur. Bu da yəqin
valideynlərdən gələn təbliğlə, tərbiyədən
asılı olan bir şeydir. Valideyn də neyləsin axı.
Pulu olanın ağlı yoxdur, ağlı olanın pulu. Elə
kasıb ailələr var ki, uşaqları jurnalı oxumaq istəyir,
amma aylıq abunəsi 7 manat 20 qəpik olduğu
üçün abunə yazılmağa imkanları
çatmır. Halbuki ən ucuz qiymətə bizim
jurnaldır. O birilər bundan qat-qat bahadır".
Müasir uşaq mətbuatının ən
böyük problemlərindən biri də satışdır.
Vasif Quliyev bu problemə münasibətini kəskin şəkildə
belə ifadə etmişdir: "Satış bizim ən
yaralı yerimizdir. Heç kəs bu işə baxmır.
Nazirlik qətiyyən maraqlanmır. Ölkədə təxminən
2 milyondan yuxarı şagird var. Azərbaycanda da cəmi
üç uşaq mətbuatı fəaliyyət göstərir.
Biri bizim jurnaldır, o biri "Savalan" qəzetidir, digəri
də "Göyərçin" jurnalıdır. Yəni
düzgün işləyən, qanuni fəaliyyət göstərən
və maliyyələşən bunlardır. İndi o qədər
adam var ki, müxtəlif qəzet və jurnal açırlar.
Amma onların hamısı boş şeydir. Məhz
adını çəkdiyim üç jurnal dövlət
büdcəsindən maliyyələşir. Düzdür, bizə
ayrılan vəsait bizi qane etmir, çox azdır. Əvvəllər
daha yaxşı idi. Jurnalımız 165 min tirajla
çıxırdı. Hər ay bir dəfə nəşr
olunan jurnalın qiyməti cəmi 60 qəpikdir. Onu da abunə
yolu ilə məktəblərdə minbir əziyyətlə
satmağa çalışırıq. Köşklərdə
də jurnalı satışa qoymuruq. Çünki
köşklər satış pulunun 48 faizini tələb edir.
Onda gərək biz jurnalın qiymətini artıraq ki,
yarısını onlara verək. Onda da şagirdlər
bahalı jurnalı ala bilməyəcəklər. Ona görə
də jurnalın satışa çıxarılması əmələ
gəlmir. Çox az sayda jurnalın abunə
yazdırılmasına nail ola bilirik. Təhsil naziri Misir Mərdanov
deyir: "Mən onlara nə deyirəm ki, aparıb jurnalı
qoysunlar məktəbin foyesinə, kim istəyər gedib alar.
Belə şey olar? Bunlar necə adamlardı ki, 80 illik tarixi
olan uşaq jurnalının məktəblərdə
satışına icazə vermirlər".
1984-cü ildən "Günəş"
jurnalında işləyən Vasif Quliyev yeni çıxan
uşaq jurnalları ilə əlaqdar olaraq qeyd edir ki:
"Adını çəkdiyim jurnallar və qəzetdən
başqa nəşr olunan uşaq nəşrlərinin
hamısını divar qəzetləri adlandırıram".
Hər bir sahədə olduğu kimi bu sahədə də
müəyyən çatışmazlıqlar, bazar problemi və
abunə çatışmazlıqları kimi problemlər var.
"İki sahil" qəzetinin 2011-ci il 16 aprel
nömrəsi "RİA-Novosti" İnformasiya Agentliyində
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası "Uşaq mətbuatı
bu gün: problemlər, perspektivlər" mövzusunda konfrans
keçirildiyi haqqında məlumat vermişdir. Tədbirdə
AJQA-nın prezidenti Sevil Yusifova, Milli Məclisin deputatı,
Respublika Uşaq Təşkilatının sədri Gülər
Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədr müavini Aynur
Sofiyeva, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan
Mətbuat Şurasında "Reket jurnalistika"ya
qarşı mübarizə komissiyasının sədri
Vüqar Rəhimzadə, "Xalq Cəbhəsi" qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli, "Bala dili" və
"Elli boya" jurnallarının baş redaktoru,
yazıçı Gülzar İbrahimova iştirak edirdi.
Bu konfransın keçirilməsinin əsas məqsəd
uşaq mətbuatının indiki durumuna nəzər yetirmək
və mövcud olan problemləri aradan qaldırmaq
üçün müzakirələr aparmaqdır.
Müstəqillik qazandıqdan sonra uşaqların
milli-mənəvi ruhda böyüməsi üçün
dövlət proqramlarının həyatə keçirildiyini
vurğulayan AJQA-nın rəhbəri dövlət
başçısı İlham Əliyevin fərmanı ilə
2009-cu ilin "Uşaq ili" elan olunmasını əlamətdar
hadisə kimi qiymətləndirirdi. Məhz buna görə də
uşaq ədəbiyyatının nəşri
üçün büdcədən kifayət qədər
maliyyə vəsaitinin də ayrıldığını diqqətə
çatdırmışdır.
Televiziya kanallarında uşaqların tərbiyəsinə
mənfi təsir göstərən veriliş və filmlərin
nümayiş etdirilməsinə etirazını bildirən
millət vəkili Gülər Əhmədova eyni zamanda diqqətə
Avropa ölkələrində axşam saatlarında qədər
bu səpkili filmlərin yayılmamasına xüsusi önəm
göstərildiyini çatdırdı.
Bu konfransda həmçinin "Göyərçin"
jurnalının baş redaktoru Rafiq Yusifoğlu, "Elli"
və "Bala dili" jurnallarını baş redaktoru
Gülzar İbrahimova iştirak etmiş, müasir
dövrümüzdə uşaq mətbuatının cəmiyyətdəki
rolunu artırmaq, onların dövriliyini sabitləşdirmək,
bu sahədə olan problemlərin aradan qaldırılması
üçün dəyərli fikirlər səsləndirmiş
və təkliflər vermişdirlər.
Professor Zahid Xəlil uşaq jurnallarının
bugünkü vəziyyəti ilə əlaqdar öz
müsahibəsində bildirmişdir: "Düzü, bu
gün uşaq jurnallarının sayını bilmirəm.
Keçmişdən qalan "Günəş",
"Göyərçin", "Tumurcuq", Gülzar nənənin
təsis etdiyi "Elli" jurnalları maraqlıdır. Arada
çıxıb, sonra yoxa çıxan jurnallar da oldu. Mən
özüm "Fındıqburun" adlı jurnal buraxmaq istəyirdim.
Heç yerdən maliyyə dəstəyi ala bilmədim.
İndi hətta dövlətin pul ayırdığı
uşaq jurnallarını da paylayıb qurtara bilmirlər. Maraq
yoxdur. Görünür, biz daha uşaqları maraqlandıran
mövzularda yaza bilmirik".
Bu sahənin üzləşdiyi əsas problemlərdən
biri bazar problemləridir. Uşaq mətbuat şirkətləri
məhsulları üçün əlverişli bazar tapmaqda
çətinlik çəkirlər. Bu, əsasən, uşaq
mətbuatının əksəriyyətinin bazar
ölçüsünü məhdudlaşdıran müəyyən
bir yaş qrupuna yönəldilməsidir. Bundan əlavə, sənaye
yüksək rəqabətlidir, çoxsaylı oyunçular
eyni bazar payı üçün yarışır. Nəticədə,
uşaq mətbuatı şirkətləri müştəriləri
cəlb etmək üçün qiymət, keyfiyyət və
məzmun üzrə rəqabət aparmalı olurlar.
Uşaq mətbuat sənayesinin üzləşdiyi digər
problem abunə çatışmazlığıdır.
Uşaq mətbuatı şirkətləri gəlir əldə
etmək üçün böyük ölçüdə
abunələrə etibar edirlər. Bununla belə, abunə
tarifləri illər keçdikcə azalır və bu, sənayeyə
mənfi təsir göstərir. Abunəliklərin
azalması, əsasən, ənənəvi mediaya daha əlçatan
və sərfəli alternativlər təqdim edən rəqəmsal
medianın yaranması ilə əlaqələndirilir.
"Sehrli dünya" uşaq jurnalının baş
redaktoru Gülzar İbrahimovanın sözlərinə görə,
uşaq media sənayesinin qarşısında duran əsas
problemlərdən biri uşaq jurnallarının yayım
şirkətlərində və köşklərdə
satışının mümkünsüzlüyüdür.
Bu hədəf auditoriyaya çatmaq üçün vacib olan
uşaq jurnallarının yayılmasına təsir edən əhəmiyyətli
bir problemdir.
İzzət MİKAYILZADƏ
525-ci qəzet .-2023.- 21 dekabr, №231.- S.10.