Naxçıvan
Qızlar Məktəbi: fədakar maarifçilər
ocağı
(Əvvəli ötən sayımızda)
"Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət
özünün gələcəyini - uşaqların tərbiyəsini
yalnız ona etibar edir".
Azərbaycan Xalqının Ümummilli lideri Heydər
Əliyev
1929-cu ildə Naxçıvan Pedaqoji məktəbini
bitirən Həcər xanım Əlizadə Xalq Maarif
Komissarlığı tərəfindən Vənənd kənd
məktəbinə müəllim təyin olunur. H.Əlizadə
1929-32-ci illərdə Vənənd və Ordubad kənd məktəblərində
müəllimlik fəaliyyəti ilə məşğul
olduqdan, sonra Naxçıvan Xalq Komissarlığının əmri
ilə 1937-ci ildə 4 nömrəli məktəbə ibtidai
sinif müəllimi təyin edilir. O, təhsilini artırmaq məqsədilə
1950-ci ildə Müəllimlər İnstitutunun "Dil və
ədəbiyyat" fakültəsində iki il təhsil
aldıqdan, sonra fəaliyyətini Naxçıvan şəhər
2 nömrəli məktəbdə ibtidai sinif müəllimi
işləyərək davam etdirmişdi. Əsrin ən
çətin dövründə fəaliyyət göstərən
Həcər xanım əsl pedaqoq kimi vəzifəsini yerinə
yetirmiş, dərs dediyi şagirdlərin ümumi
inkişafı və tərəqqisi uğrunda səylə
çalışmışdı. Şərəfli, müqəddəs
müəllim adına sahiblik edib, şərəflə
daşıyan H.Əlizadə xalqının sabahı naminə
çalışan fədakar maarifçilərimizdən
olmuşdu.
Naxçıvanda qadınların
savadsızlığına qarşı mübarizə hərəkatında
fəal iştirak edən ziyalı qadınlarımızdan
biri də Fatma Rəhim qızı Rəhimovadır.
Fatma Rəhimova
F.Rəhimova 1903-cü ildə Naxçıvan şəhərində
anadan olub. İlk təhsilini Naxçıvan şəhərində
alan Fatma xanım elə ilk müəllimlik fəaliyyətinə
də Noraşen rayon Yengicə kənd məktəbində
başlayıb. F.Rəhimova daha sonra pedaqoji fəaliyyətini
Naxçıvan qız məktəbində (1921-1925-ci illərdə)
davam etdirib. Fatma xanım təhsilini artırmaq məqsədilə
1925-1928-ci illərdə Bakı Pedaqoji institutunda oxumuş,
daha sonra Naxçıvana qayıdaraq 1928-1932-ci illərdə
Naxçıvan şəhər Beynəlmiləl məktəbində
müəllimlik etmişdi. 1935-ci ildən isə rayon maarif
şöbəsində məktəbə qədər tərbiyə
metodisti vəzifəsində çalışmış,
qadınların maariflənməsi və mənəvi
azadlığı yolunda yorulmadan mübarizə
aparmışdı.
Cəhalət və nadanlığın, din və
mövhumatın tüğyan etdiyi bir dövrdə
Naxçıvanda qadınların təhsil alması çətin
bir hal olsa da, bütün bunlara baxmayaraq, bölgədə təhsil
alan qadınların və təhsildən uzaq qalan başqa
qadınların da savada yiyələnməsi uğrunda
mübarizə aparan maarifpərvər qadın
ziyalıların sayı günü-gündən
artırdı.
Belə çətin dövrdə Naxçıvanda
qadınların savadlanmasında dəstəyi olan
maarifçi qadın Məryəm Baxşəli qızı Həşimovanın
da mühüm xidmətləri olub.
Məryəm Həşimova
M.Həşimova 1916-cı ildə Naxçıvan
şəhərində anadan olmuş və atasının
himayəsində yaşamışdı. 1924-cü ildə
Naxçıvan şəhər 2 nömrəli məktəbə
daxil olan Məryəm xanım təhsilini başa vurduqdan sonra
1928-1929-cu illərdə Naxçıvan Pedaqoji məktəbinə
qəbul olunur. Təhsilini yenicə bitirmiş Məryəm
xanım Naxçıvan şəhər Təzə kənd məktəbinə
müəllim təyin edilir. 1930-cu ildən Əbrəqunus
rayonunun Bənəniyar və Saltax kənd məktəblərində
pedaqoji fəaliyyətini davam etdirən Məryəm
xanımın onlarla qadın və qızlarımızın təhsil
almasında böyük xidmətləri olub.
Yaşadığı dövrə görə
geniş ictimai fəaliyyətilə seçilən ziyalı
xanımlardan biri də Nazlı Kəngərlidir. O zaman
qızların oxuması, təhsil alması çox çətin
idi. Belə çətin bir dövrdə N.Kəngərli
öz arzusunu gerçəkləşdirə bilmişdi. Hətta
özü ilə bərabər, Naxçıvanda onlarla
qadının maariflənməsinə də köməklik
göstərmişdi.
N.Kəngərli 1914-cü ildə Naxçıvan
şəhərində anadan olub. N.Kəngərlinin atası
Əmirsuvar bəy inqilabdan əvvəl poçt
Teleqrafında işləmiş, sonra isə müsahib vəzifəsində
çalışmışdı. Qadınların təhsil almaq
hüququnu hər zaman müdafiə
edən Əmirsuvar bəy qızına o dövrdə verilə
biləcək ən yaxşı təhsili vermişdi.
Övladlarının təhsil almasına xüsusi önəm
verən Əmirsuvar bəy qızı Nazlı xanımın
təhsil almasına böyük diqqət və qayğı
ilə yanaşmışdı. N.Kəngərli texnikomda Azərbaycanın
əməkdar müəllimləri Qulam Əhmədzadə,
Süleyman Kələntərli və başqaları ilə
bir kursda təhsil alır.
Nazlı xanım 2 illik müəllimlər məktəbini
bitirdikdən sonra 1930-cu ildə Ordubada təyinat alır və
orada H.Əlizadə ilə birlikdə çiyin-çiyinə
çalışır. O dövrdə Naxçıvan
qadınlar klubunun yaradılması respublikamızda yaşayan
qadınların bacarıq və qabiliyyətlərinin üzə
çıxarılmasında əhəmiyyəti böyük
olmuşdu. Nazlının müəllimlik qabiliyyəti, təcrübəsi
tez bir zamanda şəhər məktəbləri arasında
yayılmağa başlayır. O, daha sonra pedaqoji fəaliyyətini
Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə
davam etdirmişdi.
Nazlı xanım Ordubadda pedaqoji fəaliyyətə
başladığı zaman orda gələcək həyat
yoldaşı Əbdüləli Tahirovla tanış olur və
ailə həyatı qurur. Lakin Əbdüləli Tahirovun
İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə
getməsilə Nazlı xanımın həyatı çətinləşir.
Həyatının ən keşməkeşli dövrü
İkinci Dünya müharibəsi illərinə təsadüf
edən Nazlının təsəllisi isə yalnız
yoldaşının göndərdiyi əsgər məktubları
olur. Nazlı müəllimə xalqın övladlarına
bilik öyrətməklə bərabər, ailənin
bütün çətinliklərinin öhdəsindən gələ
bilir. Ömrünün sonunadək Naxçıvanda
yaşayan Nazlı Tahirova 1963-cü ildə
dünyasını dəyişir.
Naxçıvanın ilk qadın müəllimləri
tərəfindən atılan bu addımlar qadın təhsilinin
inkişafında, onların maarif və mədəni səviyyəsinin
tərəqqisində, qadınlar arasında
savadsızlığın ləğvi yönündə
görülən olduqca əhəmiyyətli və həlli
vacib olan məsələlər idi.
Zaman nə qədər çətin olsa da,
qadınlarımız öz haqlarını müdafiə etmək
üçün cəsarətli addımlar atmış,
çətin mübarizələr aparmışlar.
Qeyd etmək lazımdır ki, qadın maarifçilərimizin
bu fədakar xidmətləri nəticəsində 1920-1922-ci
illərdə Naxçıvanda təhsil alan qadınların
sayı 860 nəfərə çatmışdı.
Tarixə silinməz izlər salmış isimlərini
qürurla sadaladığım ziyalı, müdrik, cəsarət
sahibi, xeyirxahlığı, saflığı, mərdliyi
özündə cəmləşdirən, Vətənin
adını daim ucaldan görkəmli qadın şəxsiyyətlərimiz
bizim şərəfli keçmişimiz, gələcək nəsillərimiz
üçün unudulmaz örnəklərdir.
Günel ƏSGƏROVA
AMEA Naxçıvan Bölməsinin elmi
işçisi
525-ci qəzet .-2023.- 22 dekabr, №232.- S.14.