Ağ buludlar -
uşaqlığımızın ağ nağılları
Sosial şəbəkədə Allahverdi Təkləlinin
"Buludun üstündə qaçan uşaq" kitabı
haqqında yazını oxudum. Kitabın adı ruhumu ağ
buludlu uşaqlıq illərimə, ağ buludlar üzərində
qaçdığım çağlarıma apardı. Xəyallarım
ağ buludlara hopub üfüqlərdən-üfüqlərə
axmağa başladı. Əzizlərim, gəlin etiraf edək
ki, səmada gah qoca, gah cavan, gah fil, gah qarışqa, gah mələk,
gah iblis... şəklinə düşən ağ buludlar hər
birimizin xəyallarının yaraşığı, xatirələrinin
qan qardaşı, duyğularımızın
adaşıdır.
Hələ poeziyasının tamına
baxmadığım halda təkcə "Buludun üstündə
qaçan uşaq" adı məndə bir roman, bir poema, bir
mükəmməl əsər təsəvvürü
formalaşdırdı. Kitabı tapıb mütaliə etmək
həvəsinə düşdüm.
Əvvəlcə müəllif haqqında sorağa
düşdüm. Məlum oldu ki, kitabın müəllifi
Gürcüstanda yaşayır. Yolların bağlı
olması, məsafənin uzaqlığı arzularımın
yollarına kölgə saldı, ümidlərimi bir qədər
soyutdu. İstəyim barədə gənc folklorçu və
bəstəkar dostum Elnur Baxışa danışdım. Elnur
Baxışın Türk dünyasında yaradıcı adamların,
demək olar ki, hamısı ilə təmas qurmaq səriştəsi
var.
Kitaba filologiya elmləri doktoru, professor Rüstəm
Kamal "Etnik yaddaşımızın və
sözümüzün sehri" ünvanlı "Ön
söz" yazıb. Bu ön sözdə dəyərli
alimimiz tərəfindən A.Təkləli poeziyasına
güzgü tutularaq hər bir bəndinə, şeirinə,
ümumiyyətlə, kitaba yetkin və mükəmməl əsər
səviyyəsində təhlil verilib.
Bir oxucu kimi A.Təkləli
yaradıcılığı ilə tanış olmaq məqsədi
ilə buludun üstündə qaçan uşağa
çevrilib "Buludun üstündə qaçan
uşaq" kitabının ağ buludlarının
üstü ilə səyahətə çıxıram.
Xəyallar üfüqümdə ağ buludlar
lopa-lopa, dəstə-dəstə, dalğa-dalğa,
karvan-karvan axmaqda davam edir. Allahverdi Təkləli orijinal deyim tərzinə
malik bir sənətkar kimi zövqümə sərin bir ətir
bəxş elədi. Onun bədii təsvir vasitələri
orijinaldır, zərifdir, incədir, ulduzumuz kimi səkkizbucaqlıdır.
Mənə elə gəldi ki, A.Təkləli sözün
şəklini sözlə çəkir, sözün heykəlini
sözlə yonur, sözü söz rəngində, söz səsində,
söz formasında, söz libasında, söz çəkisində,
söz salğarında, söz sahmanında təqdim edir.
Müəllif Türkiyənin tanınmış rəssamı
Ümmət Qaracaya xitabən deyir:
Bir uşaq rəsmi çək Ümmət Qaraca -
Bir az mavidən al, mordan çəhrayı,
bir az da turuncdan narıncı baxsın.
Baxsın o uşağın baxışlarından,
"Dilqəmi", "Kərəmi", "Zarıncı"
baxsın.
Allahverdi Təkləli sözü söz zərgəri
kimi təqdim edir. Onun poeziyasında söz sözlə təqdim edilməklə yanaşı,
söz ölçüsündə təqdim olunur.
Fikrimcə, müəllif "Buludun üstündə
qaçan uşaq" kitabına təkcə bu şeirini, bu
şeirinə təkcə bu misraları daxil etsəydi də,
onun yaradıcılığı haqqında təsəvvür
yaranardı.
Kitabı oxuduqca şairin sözü təqdim etmə
texnikasında yeniliklərlə rastlaşdım. O, qrammatik cəhətdən
qohum olmayan sözləri eyni köklü, həmqafiyə
olmayan sözləri qafiyəli sözlər kimi təqdim edərək
şeir yaradıcılığında özünəməxsus
üslub sərgiləməyə nail olub:
...Düratın nalında qızıldı torpaq,
Qıratın nalında qızırdı torpaq.
Sizin dırnağınız dəyən yerlərdə
Bilmirəm nə sirdir, qısırdı torpaq,
Nə çiçək bitirməz, nə ot, nə
yonca.
...Tapının Qırata, qoşqu atları,
Tapının Dürata, qoşqu atları.
Tapının Bozata, Alapaçaya...
Bəlkə başınıza vura sizin də
Adını çəkdiyim eşqi atların...
("Qoşqu atları")
A.Təkləli poeziyası, janrından asılı olmayaraq,
müəllifin öz yazı üslubuna sadiq qalması ilə
neçə-neçə yaradıcılıq nümunələri
arasından seçilmək qüvvətinə, hər
misrasında müəllifini isnad vermək imkanına malikdir.
Allahverdi Təkləlinin şerləri poema tutumunda
olduğu kimi, 20 yanvar şəhidləri olan əziz
eloğluları Rəşid İsmayılov və Ələsgər
Qayıbovun həzin xatirəsinə həsr etdiyi "Dustaq
qurşun" poeması da cəmi dörd məktubdan -
"Birinci məktub", "İkinci məktub",
"Üçüncü məktub" və "Son məktub"dan
- ibarət olsa da, yetkin əsər çəkisinə
malikdir. Poema ilk misrasından oxucu hisslərini asimandan-asimana
daşıyır, duyğuların ağ buludlarını da
qana boyayır:
...O "gecə qatarı" keçdimi yenə,
Yenə kəndimizin yanından, ana?!
Yenə can alırmı canından, ana,
Oğlunu aparan qataram deyib?..
("Birinci məktub"dan)
Qəsbkara nifrətlə dolu məktublar A.Təkləli
qələmindən süzülən kövrək
duyğularla daha da zənginləşir, daha da ülviləşir,
daha da kəskinləşir:
Döndü dəyirmana, elə bir ucdan
Bu şəhər çoxunu üyütdü, ana.
Oğlunu təzədən doğdu bu şəhər,
Oğlunu təzədən böyütdü, ana...
("İkinci məktub"dan)
Şair məktubdan-məktuba keçdikcə nifrətinin
rəngini daha da tündləşdirir, kəsərini daha da
artırır, dadını daha da acılaşdırır.
Lakin misralarında zərrə qədər də giley hiss
olunmur, əksinə zalımın mənəviyyatının
çirkinliyini daha artıq nifrətlə təsvir edir:
O gecə gecəni güllələdilər,
O gecə küçəni güllələdilər,
Küçədən keçəni güllələdilər,
Bağça demədilər, bağ demədilər,
Qüllə demədilər, tağ demədilər,
Döngəni, dalanı güllələdilər,
Meydanı, qalanı güllələdilər...
("Üçüncü məktub"dan)
Sonuncuda - "Son məktub"da şair cansız
güllələri, ölüm saçan qurşunları
canlı varlıq kimi təqdim etməklə ona ölüm mələyi
libası geyindirir, düşmən acizliyini və qəddarlığını
insan şəxsiyyətinin qarşısında məğlubiyyətini
bədii boyalarla çatdırmağa nail olur:
Üstümə qırğıtək
şığıyıb gələn,
Qurşunu sinəmlə susdurdum, onda.
Qursunu qanına qəltan elədim,
Qanını qurşuna qusdurdum, onda...
("Son məktub"dan).
Zənnimcə, Allahverdi Təkləlinin yeni poetik
tapıntılarla dolu olan "Buludun üstündə
qaçan uşaq" kitabına toplanmış poeziya
nümunələri ədəbiyyatımızın xəzinəsinə
qiymətli incilər kimi daxil olaraq söz sərvətimizi
daha da zənginləşdirəcək, geniş oxucu auditoriyasının
rəğbətini qazanacaq.
İsgəndər SƏKLİKOV (FƏRHADOĞLU)
Əməkdar müəllim
525-ci qəzet .-2023.- 22 dekabr, ¹232.- S.13.