Bulaq suyu kimi saf, ayna
kimi ləkəsiz...
Bir daha "sevimli şairlər silsiləsindən Nigar
Rəfibəyli" haqqında
Dekabr ayının 15-də Xəzər Universitetinin
"Dünya məktəbi"ndə Xalq şairi Nigar Rəfibəylinin
110 illiyinə həsr olunan qeyri-adi ədəbi-bədii gecə
keçirildi.
Ədəbi-bədii gecəni gənc müğənni
Fuad Dadaşov Nigar xanımın sözlərinə bəstələnmiş
"Ala gözlüm" mahnısı ilə açdı.
Onun məlahətli, həzin səsi Akif İslamzadənin səsinə
bənzəyirdi.
Sonra səhnəyə çıxan "Xəzər
Universiteti"nin təsisçisi, professor Hamlet
İsaxanlı salonda toplanan tələbə və müəllimləri,
Nigar xanımın ailə üzvlərini, yazıçı
və şairləri, elm adamlarını, mətbuat nümayəndələrini
salamladı və Nigar xanımın yaradıcılığına
şairanə bir ekskurs etdi. Hamlet müəllim xüsusi
vurğuladı ki, həyat yoldaşı, mərhum Nailə
xanım İsayevanın ən böyük arzusu tarixdə iz
salan, Azərbaycan mədəniyyətinə töhfə verən
qadınlar haqqında portret kitablar buraxmaq idi.
Şükürlər olsun ki, Nailə xanımın arzusunu
reallaşdıraraq artıq 10 kitab buraxmışıq. Onuncu
kitab Nigar xanım Rəfibəyliyə həsr olunub.
Elə oradaca "Dünya məktəbi"nin
Marketinq Departamenti tərəfindən nəfis şəkildə,
zövqlə hazırlanmış kitabı xüsusi
çantalarda qonaqlara hədiyyə etdilər.
Tədbirdən sonra Nailə xanımın
adını daşıyan muzeydə dünyasını dəyişmiş
100-dən artıq görkəmli azərbaycanlı
qadının portretlərini gördüm və Nailə
xanımın arzusunun yerinə yetiriləcəyinə, portret
kitabların davamlı olaraq çap olunacağına tam əmin
oldum.
Yığıncaqda Nigar xanımın övladları
Anar, Fidan və nəvəsi Günel kövrək xatirələrini
dilə gətirdilər.
Anar müəllim çıxışında xalq
qarşısında xidmətlərinə görə Hamlet
müəllimin görkəmli maarifçilərimiz Firidun bəy
Köçərli, Rəşid bəy Əfəndiyev kimi
şəxsiyyətlərin gördüyü misilsiz işləri
uğurla davam etdirdiyini xüsusi vurğuladı. Anar müəllimin
bunu deməyə haqqı vardı.
Təkcə Xəzər Universitetində mütəmadi
olaraq keçirilən "Elm və sənət məclisi"
çox mətləblərə aydınlıq gətirir.
Ədəbiyyatçılar adından
çıxış etmək mənə qismət oldu. Dedim
ki, uşaqlıqdan mənəvi qidam saz-söz olduğundan
poeziyanı çox sevirəm. Yəqin buna görədir ki,
bir çox şairlərimiz haqqında məqalələrim,
Tofiq Bayram, Hüseyn Arif və Fikrət Qocaya həsr
olunmuş portret kitablarım çıxıb, "Hüseyn
Kürdoğlunun poetik dünyası" adlı monoqrafiyam
çap olunub. Qadın şairlərimiz arasında
poeziyasını ən çox sevdiyim şairlərdən
biri, bəlkə də birincisi Azərbaycan ədəbiyyat
tarixində layiqli yeri olan, xalqımızın zərif
duyğulu şairə qızı Nigar Rəfibəylidir. Təsadüfi
deyil ki, ən çox müraciət etdiyim, haqqında silsilə
məqalələr yazdığım Nigar Rəfibəylidir.
Nigar xanımın həmişəyaşar
poeziyası fikir aydınlığı, deyim tərzi,
özünəməxsusluğu ilə seçilir. Hər dəfə
Nigar xanımın əsərlərini yenidən vərəqləyəndə
indiyə qədər duymadığım, dərk etmədiyim
ovqata uyğun mənalar, çalarlar üzə
çıxır. Deməli, poeziya hər yaş
dövründə bir cür dərk edilir. Görünür,
xalqın bütün zümrələrinin, müxtəlif sənət
adamlarının poeziyaya məhəbbəti buradan
qaynaqlanırmış.
Çoxlarının "bəxtəvər" deyərək
həsəd apardıqları Nigar xanımın ömür
yolu daşlı-kəsəkli, ağrılı-acılı,
keşməkeşli olmuşdur. O, cəmisi 68 il (1913-1981)
ömür sürüb. Lakin bu illərin çoxunu
qorxu-hürkü içərisində yaşayıb. Onun
iztirabları 7 yaşından başlayıb. 1920-ci ildə
atası - Azərbaycanın ilk alitəhsilli cərrahı
Xudadat bəyi heç bir günahı olmadan bolşeviklər
suçlayaraq Bakıya etap etmiş, Nargin adasında güllələmişdilər.
Ailə pərən-pərən düşmüşdü.
Nigar xanımın iki qardaşından biri Rusiyaya, biri isə
Türkiyəyə mühacirət etmişdi. Evləri
müsadirə edilən Nigar xanım və anası Cəvahir
xanım Bakıya sürgün edilmişdilər.
Bütün bunlara rəğmən, istedadı,
ilhamı, mübarizliyi və bəxti sayəsində Nigar
xanım həyatın dibindən çıxa bilmişdi.
O, Bakıda Pedaqoji texnikumu, Moskvada Pedaqoji İnstitutun
dil-ədəbiyyat fakültəsini bitirib. Xalq
yazıçısı İlyas Əfəndiyev bu münasibətlə
yazırdı: "...Tale təqsirsiz, məhkəməsiz
güllələnmiş xalq cəfakeşi Xudadat bəyin
heç olmazsa köməksiz, imdadsız qalmış o gənc
qızına aman vermişdisə, demək, dünyada az da olsa
ədalət varmış".
İllər boyu səksəkədə yaşayan,
depressiyaya məruz qalan Nigar xanım nəzarət altında
olub. Vaxtaşırı gəlib otağını
yoxlayırdılar. Bir dəfə otağından "Günəş
Şərqdən doğur, Şərqdən doğacaq"
şeiri çıxmışdı. Sapı
özümüzdən olan baltalar qriqoryanlara qoşulub Nigar
xanımı ləkələmək, məhv etmək istəyirdi.
İmdadsız, köməksiz gənc şairin işdən
qovulması gündəmə gəlmişdi.
Mikayıl Quluzadə Moskvadan Yazıçılar
İttifaqına yazır ki, şeir onundur. Şeir sovet
quruluşuna qarşı deyil, qədim yunanların kəlamıdır.
Nə yaxşı ki, Nigar xanımın məşəqqətli
ağır günlərində onun tale yolunda Rəsul Rza
dayandı. Həyatdan, quruluşdan küskün olan, ürəyi
nisgilli Nigar xanıma o vaxt arxa olmaq qəhrəmanlığa bərabər
idi. Rəsul müəllim sovet rejiminin tüğyan elədiyi
1937-ci ilin fevralında, hətta Nigar xanımla ailə qurmaqdan
belə çəkinməmişdi.
Arxiv materialları göstərir ki, hətta 40-cı
illərin 2-ci yarısında Nigar xanım və anası Cəvahir
xanımın Azərbaycandan sürgün edilməsi məsələsi
gündəmə gəlmişdi. Xoren Qriqoryanın imzası
ilə "hakimiyyətə düşmən münasibət
bəslədiklərinə görə" onların
sürgün edilməsi barədə sənəd
M.C.Bağırovun dərkənarı üçün
masasının üstünə qoyulmuşdu. Sənəddə
M.C.Bağırovun dərkənarı var: "ostavit", yəni
"toxunmayın, qalsınlar".
Yığıncaqda Anar müəllim dedi ki, bir
çox faciələrdə əli olan M.C.Bağırovun nədənsə
bizim ailəmizə rəhmi gəldi.
Anar müəllimlə heç cür razılaşa
bilmirəm. Necə olur ki, Rəsul Rzanın yaxın dostu Abbas
Zamanovun həyat yoldaşının pantürkist qızı bəhanəsi
ilə sürgün edilməsinə, iki körpə
oğlunun yetim qalmasına M.C.Bağırovun rəhmi gəlmədi,
atası xalq düşməni damğası ilə güllələnən,
evləri müsadirə edilən, Bakıyan sürgün edilən
Nigar xanım və anası Cəvahir xanıma rəhmi gəldi?
Mənə belə gəlir ki, burada Rəsul Rza faktoru
az rol oynamamışdır. Bu münasibətlə "Ədəbiyyat
qəzeti"ndə çap olunan "Sevimli şairlər
silsiləsindən Nigar Rəfibəyli" məqaləmdə
(8.07.2023) yazmışam: "Rəsul Rzanın 1944-cü ilə
qədər 10 əsəri çap olunmuşdu. Azərbaycan
Ali Sovetinin deputatı idi. "Əməkdar incəsənət
xadimi" (1945) fəxri adına layiq
görülmüşdü. Azərbaycanda "Sərbəst
şeir məktəbi"nin banisi kimi məşhur idi. Bundan əlavə,
şairin 1950-ci ildə işıq üzü görən
"Lenin" poemasının ayrı-ayrı hissələri əvvəllər
mətbuatda çap olunmuşdu.
Heç şübhəsiz, M.C.Bağırov bu
tutarlı faktoru göz önünə gətirərək dərkənarda
yazmışdı: "Toxunmayın, qalsınlar".
Bütün bunları düşünərək demək
olar ki, Rəsul Rza Nigar xanıma nəinki arxa, dayaq olmuş,
eləcə də onun və qayınanası Cəvahir
xanımın xilaskarı olmuşdur.
Nigar xanım məşəqqətli ağır
günlərini onunla eyni taleyi yaşayan gənclik rəfiqəsi,
görkəmli dilçi alim, professor Nəzakət xanım
Ağazadəyə həsr etdiyi şeirində real boyalarla
tarixi həqiqətə uyğun bir intonasiya ilə ifadə
etmişdir:
Nə ata çörəyi yedik,
Nə gördük qardaş sovqatı.
Qamçıladı bizi acı-acı
sərt üzlü yetimlik həyatı.
Ömrün çətin yollarında
Bizə yar oldu Əli, Rəsul
O zamanlar bizimlə
Ünsiyyət bağlamaq,
Sadə sevgi deyil,
Böyük hünər idi.
Onu da demək lazımdır ki, Rəsul Rzanın cəsarəti
və sevgisi ona başucalığı gətirmiş,
ictimaiyyət arasında qorxmazlığı, mərdliyi barədə
fikir formalaşmışdı.
Nigar xanımın Rəsul müəllimə tükənməz
məhəbbəti həm də buradan qaynaqlanırdı - desək
səhv olmaz.
Sən olmasan baharın,
yazın ətri olmazdı.
Sən olmasan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri,
açıb-solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
Şeirim olmasın sənsiz.
Xüsusi vurğulamağa dəyər ki, yazarlar
arasında Rəsul Rza ailəsi nümunəvi, örnək
ailə kimi tanınırdı.
Nigar xanım, şübhəsiz, buna görədir ki,
fəxarətlə yazmışdır:
Ömrümüzü bulaq suyu kimi saf,
Ayna kimi ləkəsiz yaşadıq.
Nigar xanımın poeziyası nəğmə qədər
qəlbəyatandır. Çünki onun lirikası kövrək,
ülvi duyğuları tərənnüm edən yüksək
poeziya nümunələridir. Onun poeziyasının cazibə
qüvvəsindən çıxmaq olmur. Odur ki, görkəmli
bəstəkarlarımız Fikrət Əmirov, Səid
Rüstəmov, Cahangir Cahangirov, Emin Sabitoğlu və
başqaları onun poeziyasından bəhrələnmiş, əbədiyaşar
mahnılar yaratmışlar.
Zeynəb Xanlarovanın oxuduğu "Dağları
duman alanda", Akif İslamzadənin "Ala
gözlüm", Xədicə Abbasovanın "Aman
ayrılıq" mahnıları belələrindəndir. Bu
mahnılar içərisində Emin Sabitoğlunun sonralar
"Ala gözlüm" kimi tanınan "Neyləyim"
mahnısı ən çox sevilən mahnılardan oldu.
Ədəbi-bədii gecənin aparıcısı və
ssenari müəllifi, "Dünya Məktəbi"nin əməkdaşı
Afaq Qəmbərova müğənnilərin ifasında bu
mahnılardan nəğmə çələngi düzəltmişdi.
Fərqanə Qasımova "Aman ayrılıq"
mahnısını tamam yeni tərzdə oxudu. Sanki müğənni
"Mənə zülm eylədi yaman ayrılıq" deyən
Nigar xanımın ağrısını-acısını dilə
gətirib fəryad qoparırdı.
"Dağları duman alanda" mahnısını
Mirələm Mirələmov və Kamilə Nəbiyeva məlahətlə
oxudular.
Müğənni Nuriyyə Hüseynova "Güllər"
mahnısını yeni ürəyəyatan bir tərzdə təqdim
etdi.
Mənə belə gəlir ki, ədəbi-bədii
gecənin ən təsirli hissəsi videoçarxdan ekranda Akif
İslamzadənin ifasında
Ala gözlüm, səndən ayrı gecələr
Bir il qədər uzun olur, neyləyim?!
Bağçamızda qızılgüllər hər
səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?!
misralarının səsləndirilməsi və səhnədən
Fuad Dadaşovun 2-ci kupleti canlı oxuması oldu:
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yaşlı qalanda
Yasəmənlər saçın yolur, neyləyim?
Mən Akif İslamzadə və Rəfibəylilər
nəslinin ağsaqqalı Akif Rəfibəylinin arasında
oturmuşdum. Akif İslamzadənin ifasında "Ala
gözlüm" mahnısını ekranda canlandıranda o, əlləri
ilə üz-gözünü tutdu. Göz yaşlarını
saxlaya bilmədi.
Aktyor Kamran Yunis və Gülnar Əliyeva Nigar
xanımın qəlbimizi oxşayan şeirlərini tarzən
Vamiq Məmmədəliyevin müşayiəti ilə əsl
qiraət ustası kimi oxudular.
Yeri gəlmişkən, Nigar Rəfibəylinin 100 illik
yubileyi münasibəti ilə Türkiyədə ona həsr
olunmuş "Ala gözlüm" adlı kitab nəşr
olunmuşdu. Kitaba böyük məhəbbətlə Avrasiya
Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu ön söz
yazıb. Ön sözdən məlum olur ki, yuxarıda adı
çəkilən mahnılar Türkiyə radiosunda tez-tez səsləndirilirmiş.
Lakin onları "Qars türküsü" adı ilə təqdim
edir, müəllifi sovet rejimindən qoruyurdular.
Ön sözdə Yaqub Öməroğlunun etirafı
da səmimiliyi ilə fərqlənir: "İllər sonra,
bizi başqa aləmə aparan bu mahnıların sözlərinin
azərbaycanlı şair Nigar Rəfibəyliyə aid
olduğunu öyrənəcəkdim. Şairənin həyatı
haqqında öyrəndiklərimdən sonra o, mənim
könül dünyamda kristal bir abidəyə
çevrildi".
Nigar Rəfibəyli Ulu öndər Heydər
Əliyevin birinci hakimiyyəti dövründə "Xalq
şairi" fəxri ada layiq görüldü. Ümummilli
liderin xalqın istəyi ilə yenidən hakimiyyətə gəldiyi
dövrdə isə Gəncədə - Sərdar
bağında abidəsi ucaldıldı.
Açılışda Heydər Əliyev şəxsən
iştirak etdi və Nigar xanımın
yaradıcılığını yüksək qiymətləndirdi.
Ümummilli liderin çıxışından bir hissəsini
veririk: "...Nigar xanım Azərbaycan ədəbiyyatının
inkişafında böyük xidmətlər göstərmişdir.
O, öz həyat yoldaşı - Azərbaycanın
böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan
ədəbiyyatının yüksəlməsində xüsusi
rol oynamışdır və məmnunam ki, onların
övladı, Azərbaycanın böyük
yazıçısı, Yazıçılar Birliyinin sədri,
hörmətli Anar da öz əcdadlarının,
atasının, anasının işinin davam etdirir və Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin
inkişafına öz xidmətlərini göstərir... Bir
ailədə üç Xalq yazıçısı Rəsul
Rza, Nigar xanım Rəfibəyli, Anar".
Yeri gəlmişkən, Ulu öndər başqa bir
çıxışında "Yazıçı və
şairlər bizim milli sərvətimizdir, onlar xalqa məxsusdur"
- deyərək onların yaradıcılığını
yüksək qiymətləndirirdi.
Burada Nigar xanımın da payı vardır.
Nigar xanımın əzablı, keşməkeşli
yolunun sonu işıqlı oldu. Təsadüfi deyil ki, o, son
kitablarından birini "İşıqlı dünyam"
adlandırıb.
Xəzər Universitetinin "Dünya məktəbi"ndə
dəfələrlə vurğulandığı kimi, bu
gün poeziyamızı Nigar xanımsız təsəvvür
etmək çətindir. Onun poeziyası həmişəyaşar
və təkrarsızdır.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet .-2023.- 22 dekabr, №232.- S.12;13.