"Üç
miniatür"ə sözardı
"İki cür axmaqlar var. Birincilər deyir:
"Köhnə nə var - yaxşıdır". İkincilər
isə deyir: "Bir şey ki yenidir - deməli, o, ən
yaxşıdır".
"Köhnəyə müraciət edib yeni şey kəşf
edən şəxs müəllim olmağa layiqdir".
Ənənə və novatorluq barədə aforizmlərdən
Bu yaxınlarda Fikrət Əmirovun hələ cavan
vaxtlarında estrada orkestri üçün bəstələdiyi
"Üç miniatür" kompozisiyasının lent
yazısını uzun illərin axtarışlarından sonra
yutub kanalında axır ki tapdım. Ona görə belə
yazıram ki, ötən əsrin 60-cı illərində - mən
uşaq olanda televiziya ilə tez-tez nümayiş etdirilən
bu kinolent sonralar nəyə görəsə yağlı əppək
olub göyə çəkilmişdi və çox xoşuma
gələn həmin melodiyaları uzun illər ürəyimdə
səsləndirməklə təskinlik tapırdım. İndi
aradan 50-55 il keçəndən sonra bu kinolenti qoruyub
saxlayanların və onu yutuba yerləşdirənlərin
atalarına rəhmət oxumaq istəyirəm: sağ olsunlar
ki, məni yenidən bu ifa ilə baş-başa qoyub onun
gözəlliyinə qovuşdurdular.
Amma sözümün canı bu deyil.
Mən bu kinolentə yenidən baxanda dünənimizlə
bu günümüzü müqayisə elədim və
düzü, əməllicə diksindim, hətta deyəsən,
bir az sarsıldım da və
beynimdə ritorik suallar bir-birinə calandı:
"Doğrudanmı bizim peşəkar
ifaçılardan ibarət belə əfsanəvi estrada orkestrimiz
olub?"
"Fikrət Əmirovun hardan ağlına gəlib və
necə cəsarət edib ki, müxtəlif tonallıqda,
ölçüdə olan xalq mahnılarımızın, rəqs
havalarımızın, təsniflərimizin, muğam fraqmentlərinin
intonasiyasını, melodik imkanlarını estrada-caz
kompozisiyasının materialına çevirsin, onları ilk
baxışda bu musiqiyə yad olan dildə
danışdırsın? Özü də saksafonda, kontrabasda,
trubada, akkardeonda, gitarada! Bu ki, novatorluqdur!"
F.Əmirov Azərbaycanın bütün bəstəkarlarının
əbədi müəllimi olan Üzeyir bəyin ən istedadlı
varislərindən biri idi və müəllimindən miras
qalan ənənələri yeni dövrdə yeni təhkiyə
texnikası ilə uğurla davam etdirirdi. Üzeyir bəy
muğamlarımızın, necə deyərlər, əlindən
yapışıb opera səhnəsinə qaldıraraq Şərqdə
opera janrının əsasını qoyduğu kimi,
F.Əmirov da musiqimizin gözəlliyini, gücünü,
imkanlarını bütün dünyaya nümayiş etdirmək
üçün onu polifonik musiqi düşüncəsinə
adaptasiya etməklə tarixi bir
missiyanı yetinə yetirdi. Özü də necə? Beşcə
dəqiqəlik ifa, məncə, hər şeyi deyir. Nələr
yoxdur bu miniatürlərdə? Əvvəlcə həzin
lirika.., ardınca sümüyü oynadan rəqs
intonasiyaları.., daha sonra Tofiq Əhmədovun klarnetdə
ustalıqla səsləndirdiyi qısa caz improvizasiyaları..,
zərb alətinin qeyri-adi monoloqu... və sonda
çağırış ruhlu notlar, həmrəylik himninə
oxşar təntənəli oda.
Daha nə qaldı ki?!
Amma bu yazıda mənim məqsədim F.Əmirovun
portret cizgilərini qabartmaq da deyil. Dörd il əvvəl mən
bu dahi bəstəkar haqqında "Fikrət Əmirovun
etirafı" adlı böyük bir oçerk
yazmışam və hələlik həmin yazıya ciddi nə
isə əlavə etmək fikrində deyiləm.
Amma bugünkü düşüncələrdən itələnib
çaparaq qələmə aldığım
aşağıdakı qeydləri sizinlə bölüşməyə
ehtiyac duydum.
lll
Sənətdə yenilikçi, novator
missiyasını yerinə yetirmək və bu yeniliyi həzm
etmək sizə asan gəlməsin - uzun illər ərzində
formalaşan stereotiplər, qəliblər var axı! (Elə
buna görə də yenilikçiləri çox da sevmir, həmişə
və hər yerdə başlarını tumarlamırlar. Təkcə
ona görə yox ki, yeniliyi anlamaq, həzm etmək çətindir.
Həm də ona görə ki, inkişafın strategiyasını
müəyyən edən novator sənətkar
missiyasını yalnız fitri istedad sahibləri yerinə
yetirirlər. Belələri isə ənənə aşiqi
olan qatı mühafizəkarları həmişə
qıcıqlandırır, paxıllar, istedadsızlar üçün isə
başağrısına çevrilir. F.Əmirovun, Niyazinin
simfonik muğamları meydana gələndən sonra 40-cı
illərin sonu, 50-ci illərin əvvəllərində Azərbaycanın
partiya və dövlət orqanlarına göndərilən
"Amandır, qoymayın, bu millətçilər musiqimizi
uçuruma yuvarlayır" məzmunlu məktubların
müəllifləri də elə belə şərəfsizlər
idi).
Riskdən qorxmaq, məhdud çevrədə
qapanıb qalmaq, yerində saymaq da olmaz.
Amma ən pisi budur ki, yeniliyi çuxa tikəndə
bezi kənarda axtarmaq kimi anlayasan, öz milli ruhunun,
yaradıcı düşüncənin hələ
reallaşmamış imkanlarına arxa çevirib başqalarının
dəbdə olan "yeniliyini" yamsılamaq kimi başa
düşəsən. Bu, əslində özgənin
çaldığı havaya oynamaq kimi bir şeydir,
simasızlığa aparan ən qısa yoldur.
Məşədi İbad demişkən, obrozovolski
görünmək naminə sənə yad olan "dəyərlərə"
sitayiş, heyranlıq nümayiş etdirmək - gözü
onun-bunun əlində olmaq, özgə süfrəsinin
artığını yemək qədər şərəfsiz
bir məşğuliyyətdir.
Mən həmişə demişəm və növbəti
dəfə də deyirəm ki, kinoda Amerika, Avropa
rejissorlarını yamsılmaqdansa, musiqidə hamıya bənzəyə-bənzəyə
öz simasını tirməkdənsə, öz kinomuzu,
öz musiqimizi yaradıb başqalarının diqqətini
özümüzə cəlb etmək lazımdır. Necə
ki bunu Q.Qarayev, F.Əmirov, A.Məlikov... etdi, kino sənətimizdə
bunu rejissor Vaqif Mustafayev edir.
Q.Qrayevin, A.Məlikovun, C.Əmiqovun, C.Quliyevin milli ənənələrə
əsaslanan yenilikləri böyük tədqiqat işinin
mövzusudur.
"Qaya" vokal ansamblının estrada-caz sənətimizdə
etdiyi inqilab bir yana, xalq mahnılarımızı rok musiqisinə
sintez edib milli xeroqrafiya üslubunda rəqs edə-edə oxuyan
və hələ 50 il əvvəl estrada sənətimizdə
indi dəbdə olan "popfolk" janrının əsasını
qoyub onun milli (həm də bəşəri) modelini yaradan bu
ansambın üzvləri deyildimi?
Vaqif Mustafazadə muğam-caz janrını kəşf
edərək bütün dünyanın diqqətin Azərbaycana
yönəltmədimi?..
Sənətşünaslar rəssamlıq sənətində
Toğrul Nərimanbəyovun, Səttar Bəhlulzadənin üslublarını
hansısa "izm"ə salmaq üçün hələ
də mənasız yerə baş sındıdırlar, amma
anlamırlar ki, bu izmlərin ən dəqiq adı,
ünvanı elə "toğrulizm", "səttarizm"dir.
Bəs sənətdə belə uğurları, ənənələri
olan xalqın musiqisi, kinosu, rəssamlıq sənəti indi
niyə bu gündədir?!
Bu gün Azərbaycan musiqisi yiyəsiz,
böyüksüz, başıqapazlı yetim kimi sərgərdan
bir həyat yaşayır. Yeganə yenilik isə ondan ibarətdir
ki, kompüter texnologiyasına, elektron akustikaya əsaslanan
"yeni" səs, ifa, musiqi növləri yaranıb və
hansısa bir tumsatan axşam tum torbasının
ağzını birdəfəlik bağlayıb səhər məşhur
müğənni, bəstəkar kimi yenidən doğula bilər.
Kino sənətimiz 60-70-ci illərin düşüncə və texniki qəliblərindən
yaxa qurtara bilmir, yeni nəsil kinoçularının əksəriyyəti
novatorluğu məhəlli mövzuları, küçə
leksikonunu, vulqar ifadələri ekrana daşımaqda
görür və ağıllarına gəlmir ki, bununla
"dünya kinosunun" nəinki həsrətində
olduqları zirvəsinin, heç ən alçaq təpələrinin
də həndəvərinə yaxın düşə bilməzlər.
Bu gün gənc yazıçıların bəziləri
alternativ mətn (əsər) yaratmağın vacibliyindən
danışır, bunu müasir dövrün tələbi kimi
qələmə verirlər. Guya ənənəvi üslubda,
formada yazmaq daha işə yaramır.
İstənilən mətn düşüncənin məhsuludursa,
deməli, yuxarıdakı mühakimədə söhbət əslində
mətndən yox, düşüncədən gedir. Elə isə
nədir alternativ düşüncə?
Alternativlik - bir-birindən fərqli iki və daha
çox imkanlardan birini seçmək zərurətidir, məqsədə
çatmaq üçün seçilən münasib
variantdır, yoldur. Amma nəzərə almaq lazımdır
ki, bu seçim digər variantların
öz-özlüyündə mövcud olması zərurətini
inkar etmir, çünki bir başqası da onlardan birini sənin
seçdiyin varianta münasibətdə alternativ kimi seçə
bilər. Lakin təəssüf ki, gənc ədiblərin bəziləri
bu sadə həqiqəti ciddiyə almır, alternativi nəyinsə
inkarı, onun əksi, onunla daban-dabana zidd şey kimi
anlayırlar. Sadə şəkildə bu yanaşmanı belə
ifadə etmək olar: Əgər bütün şairlər
öz əsərlərində məhəbbəti tərənnüm
edib, ali duyğu kimi dəyəndiriblərsə, bunun
alternativi tərif, tərənnüm yox, tənqid və
inkardır.
İndi özünüz deyin - bu düşüncə
ilə fərqli, alternativ mətn yaratmaq olarmı?
Mənə etiraz edə bilərlər ki, inkara belə
tənqidi münasibət bəsləmək düzgün
deyil, çünki inkar bütün sahələrdə
inkişafın ilkin şərtidir: inkar olmasa, inkişaf da olmaz.
Doğrudur! Ancaq bu incə məsələdə
mütləq nəzərə alınmalı vacib bir məqam
var.
Məlumdur ki, inkarı inkar dialektikanın əsas
qanunlarından biridir və inkişaf üçün köhnənin
yeni ilə əvəz olunmasının
labüdlüyünü bildirir. Lakin inkar
anlayışının mahiyyətini düzgün anlamayanda
qanunun öz mahiyyəti də təhrif olunur, o, qurucu,
yaradıcı yox, dağıdıcı funksiya
daşıyır. İş burasındadır ki, inkarın
metafizika və dialektika müstəvilərində iki fərqli
izahı və deməli, iki növü var. Metafizik inkar
obyektin öz daxilində gedən proseslərin yox, kənar
qüvvə(lər)in təsiri altında baş verir və
baxılan obyekti təkcə inkar yox, həm də rədd və
məhv edir. Bu tendensiya nihilizmə və anarxizmə rəvac
verdiyi üçün inkişafı ləngidir, ona mane olur,
çünki nihilistlərin və anarxistlərin fikrincə,
inkişafın hər bir mərhələsi özündən
başlayır və onun əvvəlki sikllərlə
heç bir əlaqəsi yoxdur.
İnkarı dialektik planda anlamaq isə köhnəni
inkar etsə də, onu rədd edib kənara atmır,
çünki köhnənin öz bətnindən doğur,
onun üstündə ucalır, daxilində gedən proseslərin
nəticəsi kimi meydana gəlir və deməli, həm də
varislik, ənənə prinsiplərinə əsaslanır, yəni
köhnə irs məhv edilmir, yeninin bətnində yeni
ömrünə başlayır (Bu qeydlərin
yazılmasına impuls verən "Üç
miniatür" dediklərimə ən parlaq nümunələrdən
biridir). Bu mənada "Ənənələri
rədd edib hər şeyi sıfırdan
başlamalıyıq" iddiası nadanlıqdan başqa bir
şey deyil. Azərbaycan ədəbiyyatının Mirzə Fətəli
Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
Sabir kimi korifeylərinə səhv inkarçı münasibət
də məhz bu nadanlıqdan qidalanır. Halbuki hər 3 ədib
xalqının inkişafı, tərəqqisi naminə ürəyini
Danko kimi məşələ çevirmiş
dühalardır.
Söhbət alternativ düşüncədən, mətndən
yox, mövzuya fərqli baxış bucağından,
yanaşma tərzindən getməlidir. Çünki istənilən
fərqli fikrə yol açan amil - predmetə baxış
bucağının fəqliliyidir. Böyük elmi kəşflər,
fərqli fəlsəfi konsepsiyalar da məhz bu cür
yaşmanın nəticəsi kimi doğulur,
Qeydlərimi mərhum filosof Asif Əfəndiyevin vaxtilə
Əli Kərimin ikicildliyinə yazdığı ön
sözdən kiçik bir sitatla bitirmək istəyirəm. O
yazır: "Bənzərsiz olmaq və bənzərsiz
olmağa çalışmaq başqa-başqa şeylərdir.
Əsl poetik istedadda həyata orijinal, yeni baxış təbii
şəkildə meydana çıxır".
Tam doğru, Asif müəllim. İstedadlı
adamların bənzərsiz görünmək
üçün çabalamağa ehtiyacı olmur,
çünki onlar istedad sahibi kimi elə əvvəldən bənzərsizdirlər.
O ki qaldı istedadsızlara, qoy istədikləri qədər
çabalasınlar!
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .-2023.- 22 dekabr, №232.- S.11.