Müəllimimin böyük ustadı

 Mir Cəlal Paşayev - 115

 

 

İnsan oğlu yaranışdan təsəlli axtarışındadır. Ömür boyu tapır-itirir, itirir-tapır... Zamanın sürət həddindən şikayətçi olsa da, yaddaş imarəti zamana söykənir. Məsafə çoxaldıqca xatirələr zənginləşir. Bəzən düşünürəm ki, nə yaxşı, kənddə anadan olmuşam. Mənə görə, kənd yaddaşın daimi xatirə qovluğudur. Şəhərin "havası" o deyil. Kənd yaddaşı, kənd yaşantıları daşların yaddaşında qorunur. Sürətin çoxluğu çox şeyin azlığına səbəbdir. Kəndlə bağlı xatirələrim çoxdur. Bu xatirələrin içində müəllimlərimlə bağlı olanlar qırmızı xətt kimidir. Müəllimlərimdən ikisinin işıqlı xatirəsini yada salacam bu yazıda. Onlardan birini görmüşəm, birini isə oxumuşam. Oxuduğum müəllimim həm də gördüyüm müəllimimin müəllimi - böyük ustadı olub.

Azərbaycan dili və ədəbiyyat müəllimim Abbas Əhmədov... Abbas müəllimi xatırlayarkən hər dəfə düşünürəm ki, o, sadəcə bir ixtisasın təhsilini almış insan deyildi. Həyatda müəllim olmağın təhsilini almışdı. İnsan nə qədər mütəvazi və işıqlı ola bilərdisə, Abbas müəllimdə bu keyfiyyətlər o qədər idi. Biz onunla həm də qonşu idik. Məktəbdə gördüyümüz sahmanlı ziyalı gündəlik həyatda da o ölçüdə qalırdı. Kənd qonşularının bir-birinə tam başqa doğmalığı olur. Bu doğmalıqdan doğan səmimiyyət uşaqları bir başqa cür doğmalaşdırır ailələrə "sənin uşağın", "mənim uşağım" bölgüsü bu münasibətin fonunda görünməz olur. Odur ki, uşaqlar üçün qonşu evi də öz evi kimi olur. Bu doğmalığın verdiyi üstünlüklə dərsdən sonra çox vaxt Abbas müəllimgilə keçərdim. Adətən də müəllimimi səliqəli və sadə geyimində evinin bir otağında qurduğu kitabxanasında oturmuş görərdim. Gəldiyimi gördükdə eynəyinin üstündən təbəssüm edər, baxışları ilə irəli gəlməyə, kitablara baxmağa dəvət edərdi. Günlərin birində kitablara baxarkən müəllimimin məzun albomunu - "vinyetka"sını gördüm. Ağ-qara şəkillər yanbayan düzülmüşdü. Abbas müəllim marağımı görüb mənə yaxınlaşdı. Bir-bir müəllimləri haqqında danışmağa başladı. Daha bir şəkil göstərib bir ara susdu. Eynəyini bir az da yuxarı qaldırıb yenidən dilə gəldi... Onun söylədiyi ad o gündən yaddaşıma yazıldı... Mir Cəlal Paşayev... Sonra mən Abbas müəllimin məsləhəti ilə "Bir gəncin manifesti"ni oxuyacaqdım... Baharı tanıyacaqdım. Uşaqlıq yaddaşımda bu əsər elə bir göynərtili təsir buraxacaqdı ki, hər yadıma düşəndə Baharın ağrılarını bütün varlığımda hiss edəcəkdim. "Bir gəncin manifesti" nəhayətsiz ağrısıyla yeganə əsər olacaqdı ki, Baharın öz doğma qardaşına günlərin birində nə qədər yaxın olduğu halda qovuşa bilməməsi acısını yenidən yaşamayım deyə məni o əsərə təkrar qayıtmağa imkan verməyəcəkdi.

Üzərindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, uşaqlıqda oxuduğum əsərdəki o dərin kədər bu yazını yazdıqca yenidən yaddaşımda canlanır. Abbas müəllim öz müəllimindən danışdıqca siması elə gözəl cizgilər alırdı ki, sanki sehrli bir nağıl qəhrəmanından bəhs edirdi. Bəzən həyatda adına təsadüf dediyimiz (təsadüfi heç nəyin olmadığı qənaətindəyəm) elə nüansları olur ki, heyrətlənməyə bilmirsən. Sonra öyrənəcəklərimdən biri də bu olacaqdı ki, o görkəmli şəxsiyyət ilk dəfə müəllimliyə elə mənim anadan olduğum Gədəbəy rayonunda başlayıbmış. İllər keçəcəkmiş, mənim də yolum ucsuz-bucaqsız ədəbiyyat dünyasından düşəcəkmiş və günlərin birində böyük ustadın oğlu professor Hafiz Paşayev ilə görüş qismətim olacaqmış. Türk dünyasının müxtəlif nöqtələrindən, başqanı olduğum Dünya Gənc Türk Yazarlar Birliyinin etdiyi dəvətlə, ölkəmizə səfərə gələn qələm qardaşlarımızın iştirakı ilə elə Mir Cəlal Paşayevin bir zamanlar yaşadığı, haqqında söhbət açdığım əsərin yazıldığı ocaqda görüşün baş tutması da bir qanunauyğunluq idi. Hafiz müəllim mənim əslən Gədəbəydən olduğumu bilərkən atasının ilk dəfə oraya təyinat almasından, ora haqqında ömrünün sonunacan necə xoş xatirələr danışmasından, insanların ona necə yüksək münasibət bəsləməsindən bəhs etdikcə üzündəki xoş təbəssüm bir anlıq müəllimimin öz müəllimi haqqında xatirələrini bölüşərkən üzündə yaranan təbəssümü xatırlatdı. Bu, Abbas müəllimin Mircəlal Paşayevdən sevgi ilə bəhs etdiyi havanın bəlkə oxşarı, bəlkə də izahsız bir paraleli idi. Kainatda enerji onsuz da bitmir, sadəcə şəkil dəyişdirir. Abbas müəllimi xatırlayarkən bir maraqlı nüans da mənim yaddaşımda baş qaldırır. Bu, sirr deyil ki, insan özünə nümunə seçdiyi insana bənzəməyə çalışır. Şübhəsiz ki, uca bildiyi, dəyər saydığı şəxsdən istər onun xarakterinə, davranışlarına da nələrsə keçir. Bir ömür o nişanələr, müşahidəsi güclü olanların diqqətindən yayınmır. Mir Cəlal Paşayev şəxsiyyətinin ucalığı, şübhəsiz ki, tələbələrinin xarakterinə özündən nələrsə qatmamış deyildi. Abbas müəllimdə olan mütəvazilik, həlimlik, xeyirxahlıq kimi keyfiyyətlər sevgi və minnətdarlıqla bəhs etdiyi müəlliminin tələbəsinə verdiyi pay idi. Abbas müəllim zahiri görkəmi, geyimi, alicənablığı, ziyalılığı ilə də müəlliminə bənzəyirdi.

Bu il böyük ədibimiz, ustad Mir Cəlal Paşayevin 115 illiyi tamam olur. O, ölməz irsi ilə millətimizin düşüncə tarixinə elə bir möhür vurub ki, yetişən nəsillər "İtə ataram, yada satmaram" fəlsəfəsi və reallığını həmişə özünə milli-insani məsələlərdə mayak biləcək. Bahar obrazı sənətin dili ilə millətin heykəlləşmiş faciəsini yaşatdıqca Azərbaycan gənci millət və onun bütövlüyü yolunda mütləq o böyük işığa inanaraq addımlayacaq. Müəllimlər müəlliminin işığı özü cismən olmadığı dünyada gələcək nəsilləri aydınladırsa, ruhu şaddır.

 

İntiqam YAŞAR

525-ci qəzet .-2023.- 22 dekabr, №232.- S.10.