Nəciblik və
şəfqətin uğurlu təcəssümü
AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN YENİ
PORTRETİ HAQQINDA DÜŞÜNCƏLƏR
Azərbaycan cəmiyyətində işıqlı əməlləri
ilə yoxluğundan sonra anılmaq hüququ əldə edən,
özünə ölməzlik qazandıran şəxsiyyətlərdən
biri də akademik Zərifə xanım Əliyevadır. Səhiyyə
sahəsində görkəmli alim - tibb elmləri doktoru kimi
tanınan Zərifə xanımın həm
sağlığında, həm də vəfatından sonra
çoxsayı bədii obrazları yaradılıb. Rəssam
və heykəltaraşlarımız dəfələrlə Azərbaycan
xalqının Ümummilli liderinin - unudulmaz Heydər
Əliyevin ömür-gün yoldaşı Zərifə
xanım şəxsiyyətinə müraciət etməklə,
onun timsalında qadın incəliyinin və nəcibliyinin
yaddaqalan obrazını ərsəyə gətiriblər.
Xalq rəssamı Ömər Eldarovun
hazırladığı iki əsər (burada heykəltaraşın
Azərbaycan Milli İncəsənət Muzeyindəki mərmər
"Elegiya" kompozisıyası və Fəxri xiyabandakı
məzarüstü tunc abidəsi nəzərdə tutulur), həmçinin
Xalq rəssamı Oqtay Sadıqzadənin ərsəyə gətirdiyi
rəngkarlıq portreti Zərifə xanıma həsr
olunmuş sənət nümunələri arasında zəngin
bədii tutuma malik olmaları ilə diqqət çəkir.
Oftalmologiya sahəsində yüksək elmi nailiyyətlərə
imza atmış akademik Zərifə xanım Əliyevanın
(1923-1985) bu il qeyd olunan 100 illik yubileyi ərəfəsində
daha bir yaddaqalan rəngkarlıq obrazı yaradıldı. Onun
müəllifi gənc fırça ustası, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki
incəsənət kollecinin müəllimi Təranə
Seyiddir. Yağlı boya ilə kətan üzərində
çəkilmiş bu portreti (110x90 sm) bədii tutumunun fərqli
məziyyətlərinə görə Azərbaycan rəngkarlığında
bu janrın ifadə imkanlarının nəhayətsizliyini
özündə hifz edən sənət nümunəsi hesab
etmək olar. Daha dəqiq desək, özünəməxsus bədii
xüsusiyyətləri ilə diqqət çəkən əsər
özündə portret janrının bu vaxta kimi ifadə
olunmuş estetetikasına yeni çalarlar əlavə
olunması ilə seçilir. Əsərin il ərzində
ictimailəşdirilməsi - təşkil olunan müxtəlif
sərgilərdə nümayiş olunması
qarşılığında, onun barəsində
çoxsaylı təqdir dolu fikirlərin səsləndirilməsi
də portretin uğurlu olmasından xəbər verir.
Qeyd etmək lazımdır ki, çox vaxt ikonoqrafik əlamətləri
hamıya yaxşı tanış olan görkəmli şəxsiyyətlərin
portretlərinə bədii-estetik tutum vermək elə də
asan olmur. Başqa sözlə desək, məşhurların
obrazlaşdırılması prosesi hər bir yaradıcı
üçün davamlı axtarışlardan keçir. Qənaətimizcə,
portret janrının estetikasını yeni yanaşma tərzi
ilə zənginləşdirmək istəyi bu prosesdə Təranə
Seyid üçün əsas yaradıcı meyar olub.
Müəllifin Zərifə xanım Əliyeva
ünvanlı əsərlərin bir çox müəlliflərindən
fərqli olaraq portretdə rəsmi-təntənəli təqdimata
yox, obrazın şəxsiyyətinin
böyüklüyünü şərtləndirən
çoxsaylı mənəvi-insani keyfiyyətlərin
qabardılmasına üstünlük verməsi də buradan
qaynaqlanır. Gənc rəssamın kətan üzərindən
"boylanan" rəng qatına, kompozisiyanı tərtibində
iştirak edən ayrıntıların məna-məzmun
daşıyıcılığına münasibətinin
süni rəsmiyyətçilikdən çox uzaq ifadəsi
də bunu təsdiqləyir. Doğrudan da milli
naxışlardan tərtib olunmuş haşiyə ilə əhatələnən
portretin ümumi estetikasında təsvirin cəlbedicilyini təsdiqləyən
bədii-rəmzi məziyyətlər kifayət qədərdir.
Burada kətan səthinə özünəməxsus texniki
münasibət göstərməklə kompozisiyanın bədii
tutumda gerçəkləşməsinə
çalışan rəssamın, inamlı yaxı improvizələri
ilə yeni bir "rəng - çalar qatı"
yaratdığını görmək mümkündür.
Etiraf edək ki, müəllifin kətana bu cür fərdi və
fərqli yanaşması Azərbaycan rəssamlığı
üçün yeni və özünəməxsus cəhət
hesab oluna bilər.
Əlavə edək ki, portret hər şeydən əvvəl
özünəməxsus kompozisıya həllinə görə
diqqət çəkir. Belə ki, müəllif, Zərifə
xanımın təsvirini şaquli formatın dominantı kimi
təqdim etməklə, onun nurlu çöhrəsinin daha
artıq diqqət çəkməsinə nail olub. Portretin məna-məzmun
daşıyıcılığını onu əhatələyən
yığcam ayrıntılar - qızılgül təsvirləri
ilə əldə edən rəssam, həm də obrazın
lirik-romantik tutum almasını şərtləndirib. Başqa
sözlə desək, portret üçün yerlik - fon rolunu
oynayan maviliyi qırmızı güllərlə bəzədilməsi,
gözəllik və məhəbbət rəmzi olan bu zərif
ayrıntının ümumi kompozisiyaya həm də rəmzi-fəlsəfi
məna bəxş etdiyini görmək mümkündür. Məhz
bunun sayəsində Zərifə xanımın portreti nikbin
boyalardan "hörülmüş" ümumi koloriti ilə
birlikdə çox duyğulandırıcı qəbul olunur.
Görkəmli alimin nurlu çöhrəsinin rəmzə
çevrilmiş qızılgüllərlə vəhdətdə
görüntüyə gətirilməsi, son nəticədə,
cəlbedici əsərin arzulanan bədii tutum almasına səbəb
olub. Odur ki, portret bütünlükdə, milli tariximizdə
qürurverici əməlləri ilə hər birimizə
başucalığı gətirən Azərbaycan qadınlarının
ümumiləşdirilmiş obrazı kimi qəbul olunur...
Tanışlıq üçün deyək ki, gənc
rəssamın tədricən formalaşan bədii irsində
tamaşaçı rəğbətini qazanmış müxtəlif
janrlı əsərlər geniş yer tutur. Onların həm
yerli, həm də xarici sərgilərdə uğurlu
nümayişi həm də müasir Azərbaycan təsviri sənətinin
təbliğinə xudmət edir, desək, yanılmarıq.
Onun "Xurşidbanu Natəvan", "I Şah Təhmasib",
"Eşq", "Yuxu", "Tək ağac",
"Bakı mənzərəsi", "Arzularımın gəmisi",
"Göy göl", "Sahil", "Nar
ağacı", "Balıq", "Xınalıq",
"Çay dəstgahı", "Tutuquşular",
"Narlar" və digər lövhələri bu qəbildəndir.
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
525-ci qəzet .-2023.- 22 dekabr, №232.- S.10.