Addım-addım
gerçəkləşən Böyük Qayıdış
amalı
PREZİDENT İLHAM ƏLİYEVİN VƏ
BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVANIN AZAD
EDİLMİŞ BÖLGƏLƏRƏ
SƏFƏRLƏRİ QURUCULUQ PROSESİNİ DAHA DA SÜRƏTLƏNDİRİR
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdış amalı ilə həyata
keçirilən işlər, bu istiqamətdə atılan
addımlar uğurla davam edir. Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd
və Xocalı rayonlarına səfər ediblər. Səfər
çərçivəsində Prezident və birinci xanım
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində,
Şıx Dursun kəndində "Çinar müqəddəs
yer" abidə kompleksində və Xocalı rayonunun
Şuşakənd kəndində olublar. Öncə kənddəki
"Çinar müqəddəs yer" abidə kompleksinə
baxış keçiriblər.
Qeyd edək ki, Qırmızı Bazar qəsəbə
inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi
1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunub. Kənd 2023-cü il
sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata
keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində
separatçılardan təmizlənib. Kənddə 2500 ilə
qədər yaşı olduğu təxmin edilən çinar
nəinki Azərbaycanın, dünyanın ən yaşlı
ağaclarından biri sayılır. Ağacın
hündürlüyü 54 metr, gövdəsinin diametri 27
metrdir. Ağacın yaxınlığında onu su ilə təmin
edən Tenqri bulağı yerləşir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva rayonun qədim Şuşakənd kəndinin ərazisinə
də baxış keçiriblər.
Şuşakənd kəndi 1992-ci ildə ermənilər
tərəfindən işğal olunub. Kənd 2023-cü il
sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata
keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən
sonra separatçılardan təmizlənib. Qədim tarixə
malik kənddə bəzi tədqiqatlara görə,
eramızın əvvəllərində Şimali Qafqaz
çöllərində yaşamış türkdilli tayfalar
məskunlaşıb. Kəndin ərazisi turizm və kənd təsərrüfatı
potensialına malikdir.
Elə həmin gün İlham Əliyev Xocalı
rayonunun Dağdağan kəndində də olub. Prezident kəndin
ərazisinə baxış keçirib. Qarabağ dağ
silsiləsinin ətəyində yerləşən
Dağdağan kəndi 1992-ci ildə Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilib. Bu
il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda
keçirdiyi antiterror tədbirləri nəticəsində kənd
separatçılardan təmizlənib.
Prezident İlham Əliyev dekabrın 22-də Xocalı
rayonunun Naxçıvanlı kəndində olub.
Dağətəyi ərazidə yerləşən bu
kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri
nəticəsində Naxçıvanlı kəndi
separatçılardan təmizlənib.
Həmçinin Prezident dekabrın 22-də Xocalı
rayonunun Pircamal kəndində olub. Pircamal kəndi dağətəyi
ərazidə yerləşir. Kəndin adı keçmişdə
burada mövcud olmuş Pircamal piri ilə bağlıdır.
Tarixi mənbələrə görə, bu yaşayış
məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş
ailələr salıblar.
Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri
nəticəsində Pircamal kəndi separatçılardan təmizlənib.
İlham Əliyev dekabrın 22-də həmçinin
Xocalı rayonunun Xanabad kəndində də olub. Dağətəyi
ərazidə yerləşən Xanabad kəndi 1992-ci ildə
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan
Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində
kənd separatçılardan təmizlənib.
Xanabad kəndi qədim yaşayış məskənlərindən
biri kimi tanınır. 1990-cı ildə kənddə kooperativ
zavodun tikintisi zamanı inşaatçılar tərəfindən
qədim qəbir aşkar edilib. Həmin qəbirə
baxış keçirilərkən insan cəsədindən əlavə,
qədim döyüş və məişət əşyaları
aşkarlanıb. Müvafiq təhlillərdən sonra bu əşyaların
eramızdan əvvəl XII-XI əsrlərə aid olduğu
müəyyən edilib.
Prezident dekabrın 22-də Xocalı rayonunun Pirlər
kəndində də olub. Dağətəyi ərazidə yerləşən
Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilib. Pirlər
kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də
Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində
separatçılardan təmizlənib. Bu yaşayış məntəqəsi
kənd təsərrüfatı və turizm sahələrində
böyük potensiala malikdir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Tahir Rzayev bildirir ki, Azərbaycan torpaqlarını düşməndən
azad etmək, xalqın rifahını yüksəltmək
üçün əməli tədbirlər görmək,
bütün qüvvələri ölkənin sosial-iqtisadi
qüdrətinin yüksəldilməsinə yönəltmək,
ölkəni beynəlxalq aləmdə tanıtmaq və
söz sahibi etmək prezident seçildiyi ilk gündən cənab
İlham Əliyevin həyat və fəaliyyət amalına
çevrlib. Prezident fəaliyyəti dövründə bu vəzifələri
şərəflə yerinə yetirməkdədir. İlham
Əliyev tarixi Qələbədən sonra işğaldan azad
edilən ərazilərin tez bir zamanda bərpa edilməsini
qarşıya məqsəd qoyub və bu gün həmin ərazilərdə
görülən möhtəşəm işlər -
müasir yolların çəkilməsi, körpülərin
salınması, tunellərin qazılması, beynəlxalq əhəmiyyətli
təyyarə meydanlarının istifadəyə verilməsi,
elektrik stansiyalarının quraşdırılması, yeni
yaşayış, məktəb, səhiyyə
binalarının tikilməsi, uşaq
bağçalarının istifadəyə verilməsi, əhalinin
doğma ata-baba torpaqlarına köçürülməsi
ali məqsədlərin ardıcıl həyata keçirilməsinin
ifadəsidir.
T.Rzayevin dediyinə görə, "işğaldan
azad olunan əraziləri cənnətə çevirəcəyik"
devizi bu gün hər bir azərbaycanlının ürəyindəndir
və ölkə rəhbərinin xoşməramlı
çağırışları xalqımız tərəfindən
yüksək dəyərləndirilir. İnsanlarımız qələbələrimizlə
qürur duyduqları kimi həyata keçirilən quruculuq,
abadlıq, məskunlaşma işləri ilə də fəxr
edirlər. Çünki ərazilərin bərpası, həmin
torpaqların yararlı hala salınıb əkin dövriyyəsinə
daxil edilməsi, dağıdılmış, viran edilən
şəhər və kəndlərimizin
canlandırılması iqtisadi inkişafımızın əsasıdır,
dövlətimizin daha da qüdrətlənməsi deməkdir.
Millət vəkili deyib ki, Prezidentin işğaldan azad
olunan ərazilərə tez-tez səfər etməsi, yeni
tapşırıqlar verməsi və işlərin gedişini
daim nəzarətdə saxlaması dövlətə,
torpağa, xalqa məhəbbətin, verilən vədə sədaqətin
nümunəsi olmaqla bərabər, vətənin
ucaldılması, xalqın bir mübariz yaradıcı,
sülhsevər kimi tanıdılmasıdır. Azərbaycan
xalqı cəbhədə qazandığı qələbələri
bu gün tikinti meydançalarında təkrarlayır və
dünyaya sübut edir ki, təcavüz, qan tökmək, ev
yıxmaq hünər deyil. Alilik, insanlıq, bacarıq,
hünər, sülhü qorumaq, torpağı əkib-becərmək,
insanlara həyat verməkdir. Bu ali dəyərlər Azərbaycan
xalqına, dövlətimizin rəhbərinə xasdır.
İnsanlığa, haqq-ədalətə arxalanmaq dövlətimizi
ucaldır və bundan sonra da ucaldacaq.
Millət vəkili Elman Məmmədov deyir ki,
işğaldan azad edilən ərazilərin dirçəlişi,
bərpası və yenidən qurulması, Böyük
Qayıdış proqramı üzrə tədbirlərin
sürətlə həyata keçirilməsi, indi isə
Xocalının da bərpasına və azərbaycanlı əhalinin
ora geri dönüş imkanının yaranması
böyük ruh yüksəkliyi doğurur: "Xocalı sakinləri
Xocalıda yenidənqurma işlərinin
yekunlaşmasını səbirsizliklə gözləyirik:
"Azad olunan ərazilərin yenidən qurulduğu kimi
artıq Xocavənddə, Xocalıda, Xankəndində və
Ağdərədə bu proseslər həyata keçiriləcək.
Şərait yarandıqda isə dövlət
başçısının rəhbərliyi ilə öz
doğma yurd-yuvamıza qayıdacağıq.
Düşünürəm ki, bu qayıdış gec olmayacaq.
Çünki Xocalı və Xankəndində
yaşayış üçün kifayət qədər evlər
var. Digər tərəfdən Azərbaycan Ordusu və polisi də
Xocalı, Xankəndi, Xocavənd və Ağdərədədirlər.
Yəni qayıdış üçün şərait
yaradılmağa başlayıb".
Milli Məclisin deputatı Aydın Hüseynovun fikrincə,
Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərə
səfərləri mütəmadi xarakter daşımaqla orada
quruculuq, yenidənqurma işlərinin sürətlə
aparılacağının təsdiqidir. Ölkə rəhbəri
və birinci xanımın Xocavənd və Xocalı
rayonlarına səfəri zamanı da yaşayış məntəqələrinin
hazırkı durumu və mühüm obyektlərin
inşasının gedişatı ilə yerində
tanış olmaq məqsədi daşıyıb.
İşğaldan azad edilən digər ərazilərimizdə
olduğu kimi, bu rayonlarda da bərpa-quruculuq işlərinin
miqyası genişlənməkdədir. Prezident Böyük
Qayıdış proqramının uğurlu icrasından bəhs
edərkən görülən işlərin sistemli xarakter
almasından danışıb və qarşıya qoyulan
bütün planların zamanında və yüksək səviyyədə
həyata keçiriləcəyinə əmin olduğunu
bildirib.
Millət vəkili vurğulayıb ki, vətəndaşlarımız
Qarabağın və Şərqi Zəngəzurun yenidən
qurulmasından böyük qürur hissi keçirir: "Prezidentin
siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin
vəhdəti belə deməyə əsas verir ki, çox
keçməyəcək, işğaldan azad edilmiş
torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən
çiçəklənəcək, bura təkcə ölkənin
deyil, regionun ən inkişaf etmiş bölgələrindən
birinə çevriləcək".
Sevinc QARAYEVA
525-ci qəzet .-2023.- 26 dekabr, №(234).- S.14.