"Söz portreti": çərçivədə
Tofiq Nurəli
Şəxsiyyətinə dərin hörmət bəslədiyim,
yaradıcılığına bir dost kimi qibtə etdiyim həkim-şair
Tofiq Nurəlinin yetmiş yaşı mənim
üçün gözlənilməz deyildi. Desəm ki, bu
günü çoxdan gözləyirdim, yalan olar. Əksinə,
illərin belə tez ötüşdüyünə hələ
də inana bilmirəm. Etiraf edirəm ki, Tofiqi
tanıdığım 40 ildən artıq bir zamanda onun
şeir dünyası haqqında ürəkdolusu nəsə
yazmaq arzusunda olmuşam. Mənim də Tofiqə söz borcum
var idi və gec də olsa bu borcu qaytarmaq mənim
haqqımdır. Qubada keçirilən yubiley tədbirinə də
qatıla bilmədim. Üzüqaralıqdan çıxmaq
taktikasından yan ötməklə, gec də olsa, oxucularla səmimi
görüşə gəldim.
Bir məsəldəki "Mən sənin
adını bilirəmsə, sənin haqqında çox
şey bilirəm" fikri ilə bəlkə də
razılaşardım. Amma yubileyini bu arada təntənə ilə
qeyd etdiyimiz Tofiq Nurəli ilə uzun illər
tanışlığımız, dostluğumuz olsa belə, qəfil
anladım ki, mən onun haqqında çox şey bilirəm
deməkdə haqlı deyiləm. Bildiklərim onu əsl
Söz Adamı kimi təsvir etmək üçün yetərli
olmadığından əlimin altında olan kitablarındakı
bir-birindən mənalı, dolğun və
düşündürücü şeirlərini təkrar
oxumaq zorunda qaldım. Açığını deyim ki, Tofiq
qardaşımla, sözün əsl mənasında, yol
yoldaşına çevrildim və onun illərcə
qurduğu Söz Qalasına yürüşə
çıxdım. Bu yazdıqlarım da, bir növ, "səfər
xatirələrimdir". Lap yaxından tanıdığım
müdrik, fikir orijinallığı ilə minlərlə
oxucunun qəlbinə cığır açan, yol salan, rəğbətinə
tuş gələn bir yaradıcı İnsanı - Tofiq Nurəlini
əslində tanımadığımı etiraf etmək
üçün elə onun nəhəng gövdəli Söz
Ağacına söykənməli oldum. Elə bir cümlə
ilə yaza bilərdim: "Bağışla. Mən Səni
bu vaxta qədər tanımamışam".
Yox, bu, bəs etməzdi. Tofiq Nurəli son dövrlər
ədəbi dairələrdə və ictimai auditoriyada
haqqında çox danışılan, lakin az yazılan
şairlərimizdəndir. İndilərdə yazan çox
olsa da, Tofiq kimi yazan, Tofiq kimi hər bir sözün
qarşısında özünə hesabat verən birisini
tapmaq çox çətindir. Bu yaxınlarda Tofiqin çox
yaxın bir şair dostunun yubiley münasibəti ilə təbrikində
"Hamı Tofiq kimi yazmaq istəyir" ifadəsi əsl
gündəm oldu. Bu, səmimi deyim, təsadüfən
dövriyyəyə buraxılmayıb axı. Tofiq Nurəli
poeziyası Rəsul Rza, Fikrət Qoca, Ələkbər
Salahzadə xeyir-duası ilə boy atıb, ərsəyə gəlib
və təkrarsız çalarları ilə
formalaşıb. Ancaq dilin qeyri-standart kanonlarını poetik
düzümdə oxucuya təqdim etmək üslubu şeir aləmində
"Tofiq Nurəli üslubu" kimi pasportlaşmalıdır
desəm, yəqin ki, şair dostlarım narazı qalmazlar.
Gerçək olan budur ki, Tofiq fenomeni şeir və şair
sözlərinin sınırlarına sığmayan anlam kimi
geniş təqdimata layiqdir.
Hələ e.ə. Dionisi Qalikarnasski yazırdı ki,
"nitq axarında filosoflar və ritoriklər sözlərin
düzülüşündə fikir verməsələr də,
burada da memarlıqda və toxuculuq da olduğu kimi, əvvəlcə
lazım olan materialı seçib hazırlamaq və sonra
ustalıqla dözmək tələb olunur". Bəli, Tofiq
Nurəli sözü əridən, yaxud sözü
üyüdən birisi deyil. O, sözü cilalayan mahir Söz
zərgəridir. Sözlə işləmək
bacarığı olmasaydı, bu qədər gözəl və
oxunaqlı şeirləri yazmağa çətin ki,
gücü çatardı.
Tofiqin çoxşaxəli və çoxvektorlu
yaradıcılıq prizmasında sözlər daha boyalı,
daha calarlı və ağlasığmaz dərəcədə
cazibədardır.
Tofiq şerinin ana qolu sevgi, məhəbbət, sədaqət
anlayışlarından keçir. Bunu nəinki təbii, hətta
bir qanunauyğunluq kimi qəbul etməliyik. Şairlər sevən
olurlar və sevə-sevə şairlər söz məbədi
ucalda bilirlər. Yalnız bundan sonra şairlərin sevgisi
möhtəşəm, sözü isə əbədiyaşar
olur. Belə olmasaydı, 70 yaşlı Tofiq əvvəlki gənclik
hərarəti ilə aşağıdakı sətirləri
yaza bilməzdi:
Saçlar ağarsa da, könül sönsə də,
Görürsən, yaşaya bilmirəm sənsiz.
İlk nəzərdə adi fikirlərdir. Sevgisiz
insanın yaşaya bilməməsi fikri hər birimizin
varlığında qərarlaşır. Di gəl ki, Tofiq
üçün sevgi özü də çoxmənalı
bir məfhumdur. Şair sevgisi anaya, övlada, vətənə,
torpağa, insana, bir sözlə, zərrəsi olduğumuz
varlığa olan qəlb
çırpıntılarıdır. Bəzən elə
düşünürük ki, hansısa bir el gözəlinin
dəlisi olur şairlər. Bu, eşqdir. Bu eşqi yaşadan
da, ülviləşdirən də sevgidir.
Bax, o qızın saçlarına
Ah, o qızın saçlarına
Sağ əlim darağıydı,
O qızın baxışı qələm
Mənim könlüm varağıydı.
İfadə tərzi səmimi və ürəyəyatımlı
olan Tofiq üçün ən xırda cizgilər də
obrazlanır. Sükutun özündə də bir təlatüm,
çırpıntı yaşadığını,
sükutun da öz dili, öz harayı olduğunu Tofiq
şeirlərində izləmək olar. Tək
qaldığı anlarda da şair ay işığına
üz tutur, ürəyinin döyüntüləri ilə
sükutu susdurmağa çalışır. Bu, azmış
kimi Tofiq Nurəli oxucunu da özünə qoşur.
Tofiq doğma elə, ata yurduna, ocağına
bağlı bir insandır. Mən onu belə
tanımışam, belə sevmişəm. Çox-çox
şükürlər olsun ki, bu fikirdə
yanılmamışam. Haqqında düşüncələrimi
bölüşdüyüm şeirlərin hər bir
misrasında deyilənlər özünü birmənalı
şəkildə təsdiqləyir. Ancaq şair özü də
etiraf edir ki, artıq o, şəhərlidir,
kənd onun üçün yalnız uşaqlıq dolu xatirələrin
beşiyidir, əzizlərinin haqq dünyasına
qovuşduğu bir məkandır. Bir vaxtlar havasını
udduğu, suyunu içdiyi, torpağını
ayaqladığını bu məkanı sevdiyini ürək
ağrısıyla qələmə alan Tofiq hər şeyi
atıb bir də geri dönmək həsrətlisi deyil. Hətta
bunu istəsə belə, mümkün deyil. Bu deyilənlərdən
mənə də, bir vaxtlar səhərə üz tutan
neçə-neçə insana da pay düşür. Gəlin:
Uyuşmuram şəhərə
kənddə də yoxdur yerim
- deyən şairi üzüdönüklükdə
qınamayaq. Tofiq şəhərdə də kəndli
şairdir. Onun poetik düşüncə tərzində təbiət,
coşub çağlayan saf bulaqlar, kəndin ay
işıqlı gecələri, bu gecələrin zülməti
bənzərsiz çalarlarla yaşamaqdadır. Bununla belə,
daxilindəki təlatüm, nigarançılıq,
uşaqlığa çəkən hisslər onu öz qətiyyətindən
çəkindirmir.
Yəqin ki, mənim həmyaşıdlarımın
xatirindən keçmiş onilliklərdə kəndlə
bağlı yazılan şeirlərin izləri hələ də
silinməyib. Hətta bir yol ayağı kənd yolunda daşa
toxunmayan, olsa-olsa, təbiəti yalnız yeyib içmək
yeri kimi qiymətləndirənlər də birdən olurdular
"kənd şairi". Yarpız ətri, bıçaqkəsməz
beçə balı, payız dumanına bürünən dərələr
o vaxtlar üçün dəb olan mövzular idi. Bir
çoxları guya elə indicə kəndə
qaçmağa hazır olduqlarını gizlətmirdilər.
Bu da oxucunu mədəni şəkildə aldatmağın
poetik ifadəsindən savayı bir şey deyildi. Qoy mənim
tanıdığım və tanımadığım bir
çoxları inciməsinlər. O illərin şeirlərində
ideoloji rüşeymlər, təbliğat horrası o qədər
bayağı və şit idi ki, oxucu buna yalnız dodaq
büzməklə etirazını ifadə edə bilərdi.
Fərəhlidir ki, Tofiq bu streotipləri biryolluq
qırıb cəsarətlə öz sözünü deyə
bilir. Onun bu insani etirazı heç də o demək deyil ki, o,
kənddən qaçır. Sadəcə kənd Tofiqin
gördüyü, qoyub gəldiyi kənd deyil. Bir loxma
dalınca pərən-pərən düşən kənd
adamları və qapılardan asılan paslı qıfıllar
Tofiqin daxilini gəmirir. Yurdu beli bükülü görməyin
ağırlığını şair belə ifadə edir:
Yaşamaq çətindir daha mənimçün
Hər şeyi bazara dönən ölkədə.
Ata yurdlarına ağılar deyən
Son kəndli şairi mənəm bəlkə də.
Şeiri "Allahların dili" adlandırırlar.
Allahların dilində danışmaq isə hər əli qələm
tutana nəsib olmaz. Bunun üçün Haqq Şairi
olmalısan. Daha doğrusu, şair doğulmalısan. Bu da bir
qismətdır, bəxtəvərlikdir, alın
yazısıdır.
Tofiq nəcib bir peşə sahibidir. Həkim kimi
öz işini bilən, yetərli dərəcədə elmi-nəzəri,
bir o qədər də zəngin təcrübəsi olan
mütəxəssisdir. Di gəl ki, onun həyat fəlsəfəsi,
zamanı duymaq bacarığı, hadisələrin
burulğanında yolun işığını ğörmək
qabiliyyəti həkimliyindən də ucadır. İnsanla
üz-üzə qalanda həkim, tənhalıqda şair olan
dostum Tofiq Nurəlinin sözə
bağlılığını və özünəməxsus
yanaşma tərzini çox geniş açıqlamada mötəbər
qəzetlərdən birinə təqdim etmişdim. Təbii
ki, o vaxtlar redaktora da yeni olan bu ad haqqında yazıya yer
ayırmaq riskli idi. Bir söz demədən məni
ümidverici nəzərlərlə yola salmışdı o
vaxt.
Mənim bugünkü yazım retpospektiv
düşüncələrimi bərpa edib oxucuya
sırımaq məqsədi daşımır.
Bugünümüzün bitib-tükənməyən
qayğıları ilə yaşayan, gələcəyin
dolanbaclarına sözlə işıq tutan dəyərli
dostumun yanında olmaqla özümdə bir rahatlıq
tapıram.
Özünə qarşı tələbkar bir şair
kimi Tofiq yazdıqlarını oxucuya təqdim edənə qədər
min bir əzaba qatlaşır və böyük zəhmətlə
öz duyğuları ilə oxucu qəlbinə körpü
atır. Alman filosofu Qotlob Frige bu epizodu belə təsvir edir:
"...Mineroloqla müqayisədə mənim işim çox
müşküldür. Onun imkanı var ki, əlindəki
dağ kristalını əlinə götürüb söhbətdaşına
göstərsin, al bax desin, yaxud ona ötürsün. Mənim
gücüm ona çatır ki, gözlə görünməyən
və duyulmayan fikirlərə söz qabığı
geyindirib, sonra oxucuya çatdırım".
Bizim söz ətrafında mülahizələrimiz bir
də ondan qaynaqlanır ki, söz bəqələmun kimi cilddən-cildə
girir. Əslində onun həqiqi mənası digər sözlərlə
yanaşı durduqda üzə çıxır. Tofiq Nurəlinin
şeirlərinin dərin mənası da çiyin-çiyinə
duran sözlərin ortaqlığı, şair təxəyyülü
ilə oxucu anlayışının hibrid birliyindədir. Tofiq
Nurəlinin həyat və yaradıcılığına həsr
olunan film-portret yaddaqalan cizgiləri ilə yubilyar dostumuzu bizə
bir az da yaxınlaşdırdı. Yaradıcı kollektivin
böyük zəhməti çox təqdirəlayiq bir hadisəyə
səbəb olub. Filmdə Tofiqin hələ cavan
çağlarında şeir müsabiqəsində
iştirakı və ona ünvanlanan "...Sən kim olacaqsan,
ol. Ancaq sən şair olacaqsan!" sözləri mənə
çox təsirli göründü. Zaman içində bu
fikrə bir qədər, sonda isə daha inamla əlavə etməklə
dostum Tofiq Nurəlinin söz portretini "Sən Böyük
Şairsən!" cümləsi ilə tamamlamaq istəyirəm.
Bu da mənim yubiley hədiyyəm...
Həqiqətən, dağın əzəmətini
uzaqdan daha yaxşı seyr etmək olarmış. Buna görə
mənə 20 il vaxt lazım gəlib. Yaş fərqimizi və
söz haqqımı güzəştə getmədən, ona
Sən desəm, inciməz Tofiq. Bir vaxtlar Jan Pol Sartr öz
dostunun kitabına belə bir rəy yazmışdı:
"Çox maraqlı kitabdır. Əvvəldən
axıracan oxudum. Ancaq mən heç nə anlamadım.
Çünki heç dəyişmədim".
Etiraf edirəm ki, mən bu illər ərzində
çox dəyişdim və Sənin Özünü və
Özümü də tanıdım. Böyük pedaqoq
Makarenko yazırdı: "Mən
"bura gəl" ifadəsini ən azı 20 tərzdə
deyə biləndən sonra özümü həqiqi müəllim
saydım".
Təvazökarlığın da, ciddiliyin də sənlikdir.
Mənlik olan Sənin söz portretin kiçik bir çərçivəyə
sığmadığını bəyan etmək idi. Ürəklər
geniş olsun...
100 yaşa, Həqiqi Şair Tofiq Nurəli!
Vəliyulla CƏFƏROV
525-ci qəzet .-2023.- 26 dekabr, №(234).- S.12.