Nəsrimizdə qış: soyuq fəslin yaşantıları...

 

Esse

 

Nə yazıq ki, qış fəsli heç də hər zaman, şairin dediyi kimi, "...Qara çörək, Bəyaz pendir, Qırmızı çaxır..." olmur. Bütün gözəlliklərinə, əyləncəsinə, xoş duyğularına, kövrək xatirələrinə baxmayaraq, qış əksər hallarda qardır, çovğundur, şaxtadır, borandır.

Poeziyamızdan fərqli olaraq, nəsrimizdə qış insanların onsuz da çətin keçən həyatını bir az da çətinləşdirən, bəzən durğunlaşdıran, bəzən isə faciələr gətirən bir fəsil kimi təsvir olunub. Müharibələrin, döyüşlərin, məhrumiyyətlərin yaşandığı, ölümlərlə, itimlərlə yaddaqalan bir fəsil...

Silsilənin birinci yazısında poeziyadan danışarkən orta məktəb dərsliklərimizdən yaddaşımıza, ruhumuza hopan şeirlərlə başlamışdıq sözə. Qışın qartopusunu, əyləncəsini orta məktəb dərsliklərində daha yaxından tanıyıb sevdiyimiz kimi qarını, boranını da elə oradan tanıyıb yaddaşımızın saxlanc yerində əbədiləşdirmişik.

Məsələn, yazıçı Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsini necə unutmaq olar ki?! 1941-1945-ci illər müharibəsinin ilk ilində cəbhə xəttinə yaxın bir ərazidə baş verən hadisənin qələmə alındığı bu hekayə müharibənin topunu, tüfəngini, şiddətini təsvir etmədən, qorxunc səhnələrə yer vermədən müharibədən ən yaxşı danışan bir əsər kimi, mübaliğəsiz, ədəbiyyatımızın ən güclü nümunələrindən biridir.

Əsərdə müəllif müharibəni deyil, onun yerinə şaxtalı bir qış gecəsini təsvir edir. Körpəsini bağrına basıb müharibədən, düşməndən qaçan, balasını gün çıxanadək çayın o üzünə - azad, dinc torpaqlara çatdırmağa çalışan gənc ana bu dəfə də qarlı gecənin soyuğu ilə savaşa girməli olur. Onun bu savaşdakı tək qalibiyyəti balasını isitmək, onu donmaqdan qorumaqdır və o, bu yolda əynindəki yun jaketdən, başındakı şaldan tutmuş, son nəfəsinə, son sözünə qədər heç birini əsirgəmir, balasını bürüyür onlarla. Sonsuz ana məhəbbəti ilə savaşa girən boranlı qışı yazıçı belə təsvir edir: "Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız, ətrafda nə varsa, donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır. Və indi ağappaq bir zülmət içində günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir".

Hekayənin sonlarına doğru insana elə gəlir ki, bu savaşdan qalib çıxan qış olur, amma...

"Sonra ana susur, beynində batqın bir uğultu qopur, qulaqları dibində sınıq cingiltili mis simlər bir-birinin ardınca qırılır, ananın göz qapaqları kilidlənir, nəfəsi çilik-çilik olub ayaqları altına tökülür ana şaxtanın buz zəncirilə qoşa ağcaqayın ağaclarına bitişib hərəkətsiz qalır. Və indi göydə ulduzları cingildədən amansız bir qış gecəsi anaya başqa bir don biçir, başqa bir örtü geyindirir və şaxtanın buz barmaqları dayanmadan ana üçün büllur naxışları ağ ulduzlu yeni bir libas toxuyur..."

Donmuş bədəni ilə bu heykələ çevrilən ana qalibdir, çünki o, həyatdakı tək amalına, balasını donmaqdan qorumaq məqsədinə çatıb, öz canı bahasına olsa da...

lll

Abbas Səhhətin "Qaragünlü Həlimə" hekayəsi də qış fəslinin soyuq, çovğunlu, şaxtalı bir gününün təsviri ilə başlayır. Amma insanları qorxuya salan, vahimələndirən, çətin günlərini bir az da çətinləşdirən təkcə qış fəsli deyil, həmin çovğunlu gündə göy gurultusundan daha dəhşətli olan top atəşlərinin səsi idi: "Qış fəsli idi. Təqribən gecə yarısından dörd saat keçmişdi. Dağların, qayaların zirvələri zəif, sönük bir işıqla ağarmışdı. Günəş hənuz tülu etməmişdi. Hava qayətdə soyuq idi. Yalçın qayaların, yüksək dağların üzərində tərakim etmiş qar komaları və buz parçaları əcəb qəribə surətlər təşkil etmişdi. Şiddətli əsən külək ağacların qurumuş budaqlarına, qayaların buzlu yarğanlarına çarpdıqca vahiməli səslər törədirdi... Bu heyndə Bayburt şəhərinin içərisinə bir hövlnak çaxnaşma düşdü. Bu vəhşət qalanın təslim ediləcəyi xəbərindən nəşət etmişdi. Əhali sərasimə əlinə gələni götürüb qaçışırdılar. Bəşər balaları qoyun-quzu kimi mələşərkən çöllərə dağılmaqda idi..."

Abdulla Şaiq isə "Məktub yetişmədi" hekayəsinin ilk abzasındaca qışın da bütün digər nəsnələr kimi məhz kasıbların, yoxsulların onsuz da problemlərlə dolu həyatını bir az çətinləşdirdiyini, varlıların qışın çovğunundan da həzz ala bildiklərini deyir. Axı onların isti evləri, qalın paltoları, soyuqdan qoruyacaq arabaları var: "Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi.

Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər.

Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey deyildi. Dünyada bütün səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş!"

Həmin səfalət və fəlakətlərə düçar olan insanlığın yoxsul qisminin digər nümayəndələri də Cəfər Cabbarlının "Aslan və Fərhad" hekayəsinin qəhrəmanlarıdır. O qəhrəmanlar ki, həyat hələ körpə yaşlarından onlara ən sərt üzünü göstərmiş, ana qayğısına, ata nəvazişinə möhtac balaları ən köməksiz anlarında hər ikisindən məhrum etmişdi. Onların həyatına qış çoxdan, hələ atalarını itirdikləri zamandan gəlmişdi. İndi isə analarının sönməkdə olan ömür çırağının zəif şöləsindən istilik umurdular. Səd heyif, o çıraq da bir qış gecəsi atasız körpələri büsbütün işıqsız qoydu.

Müəllif qışın oğlan çağında o çırağın sönməsini - ananın ölüm səhnəsini elə təsvir etmişdi ki, oxucu qandonduran çarəsizliyi bütün mənliyində iliklərinə qədər hiss edir: "Qışın soyuq, məşəqqətli bir gecəsi idi. Nə bir işıq görünür, nə də bir zihəyat səsi eşidilirdi. Ancaq Aslangilin evindən zəif bir işıq gəlirdi. Balaca daxmacığın küncündə biçarə ana uzanıb, axırıncı dəfə olaraq, dövrəsinə yığılan əziz balalarının rəngi solmuş sifətlərinə baxırdı. Külək vəhşi və qorxunc vıyıltılarla qapıları tərpədirdi. Şaxta evə girib xırda uşaqları payız yarpağı kimi titrədirdi. Fərhad və Züleyxa özlərini analarının üstünə yıxıb ağlayırdılar. Aslan bir qədər böyük olduğu üçün onları ovundurmağa çalışır, gah da ürəyi davam etməyibzar-zar ağlayırdı. Bu şəhərdə bir nəfər əqrəbaları yox idi ki, bu fəlakətzadələrə təsəlli verəydi, onları sakit edəydi. Hava daha da sərtləşir, külək daha da gücləşirdi, onsuz da sınıq olan qapını tamamilə sındırmağa səy edir kimi çırpınırdı".

lll

Tarixi romanların usta yazıçısı Fərman Kərimzadənin "Qarlı aşırım" romanında da hadisələr adından da göründüyü kimi, qış fəslində cərəyan edir. "Qarlı aşırım"da 30-cu illərin ziddiyyətlərini, kollektivləşmə dövrünün çətinliklərini özünəməxsus şəkildə, tarixi faktlara sədaqətlə yeni ruhda əks etdirən müəllif əsərin girişindəcə şaxtalı bir qış gününün canlı təsviri ilə oxucunu sonrakı hadisələrə hazırlayır: "Şaxta da zərgərdi. Yarğan üstündə bitən ardıcın budaqlarından sallanan buz salxımlarında minbir naxış açıb. Yaz-yay şaqqıldayıb axan çayın dalğaları öz şəklini itirmədən donub, sanki yüzlərlə sənətkar dərələrdə şaxələnən, kainatda tayı-bərabəri tapılmayan almazı cilalayıb. Ağ ayılara oxşayan təpələr bir-birinə sığınıb, dərələri elə bil balta ilə şaqqalayıblar.

Papaq-papaq ələnən qar pərdəsində çil-çil görünən atlılar çaya qədər enən qayanın qabağına çıxdılar. Yüyənləri dartdılar. Qarı naxışlayan nallı ayaqlar yan-yana düzülürdü".

 

lll

Salam Qədirzadənin ötən əsrin 50-ci illərində qələmə aldığı "Qış gecəsi"ndə bir ailənin timsalında bir cəmiyyətin bütün dövrlərə xas dəyərləri insanın iliklərinə işləyən küləklə bərabər sovrulub bilinməzliyə doğru. Yazıçı hadisələrin kuliminasiya nöqtəsini də məhz qış gecəsinin təsviri ilə başlayır: "Şəhərdə çovğundan göz açmaq mümkün deyildi. Beş addımlığı görmək olmurdu. Külək küçələrin qarını sovurub divarlara, qapı-pəncərələrə çırpırdı. Teleqraf dirəklərində məftillər vıyıltı qoparır, ətrafdakı səs-küyü daha da artırırdı. Zəif şölə saçan elektrik lampaları tez-tez yanıb-sönürdü. Həmişə işıqları çil-çıraq kimi yanan Bakını bu axşam qaranlıq bürümüşdü. Arabir uzaqda minik maşınlarının siqnalı və tramvayların zəng səsi eşidilirdi. Küçələrdə tək-tək görünən adamlar sifətlərini çovğundan qorumaq üçün yaxalıqlarını qaldırıb evlərinə tələsirdilər. Hər yan qarla örtülmüşdü. Soyuq adamın iliklərinə işləyirdi. Külək binaları yerindən uçurmaq istəyirmiş kimi getdikcə güclənirdi".

lll

Əlbəttə, Azərbaycan nəsrində qış təkcə, qarı ilə, şaxtası ilə əks olunmayıb. Axı qış həm də ta qədimdən bəri insanların bir araya gəldi, nağılların, rəvayətlərin söyləndiyi, maraqları söhbətlərin gecəyə çıraq tutduğu bir fəsil olub.

Məsələn, bu mənzərənin ən yaxşı təsvirlərindən birinə Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində rast gəlirik. Ədib bu əsərində soyuq qış gecələrinə xas həmin məşhur adətdən söhbət açır. Belə ki, Danabaş kəndinin adamları qarlı, şaxtalı qış gecələrində bir araya toplaşar, maraqlı söhbətlər, əhvalatlar danışarmışlar. Bu, bir növ xalqımızın dastançılıq, nağılçılıq ənənəsini də xatırladır: "Keçmiş günlərin bir günü, qış fəsli idi. Gecədən üç-dörd saat keçmişdi. Hər iki rəfiq, yəni mərhum Kərbəlayı Heydər və Xudayar bəy və bunlardan savayı, Kərbəlayı Heydərin qonşularından bir neçə kəndli Kərbəlayı Heydərgilin tövlə otağında oturub məşğul idilər söhbətə. Məlumdur, qışın uzun gecələrini yatmaqnan qurtarmaq olmaz. Odur ki, Danabaş kəndində atadan-babadan qalma bu bir adətdi, hər məhəllənin adamları, - çünki indi dəxi bir iş-güc yox, - bir tövlə otağına yığışıb, ta gecədən altı saat gedənə kimi, danışmaqnan, deməknən, gülməknən keçirirlər. Çox vaxt belə olur ki, bu oturanların birisi yaxşı əhvalatdan, hekayətdən nağıl edir, xalq da qulaq asır".

Biz də bu soyuq qış günlərində sizə ədəbiyyatımızda, Azərbaycan nəsrində ilin ən soyuq fəslinin təsvirlərindən söhbət açırıq. Şübhəsiz, bu, hələ son deyil. Qış yazıçılarımıza, ədiblərimizə necə təsir edib, tariximizdə hansı hadisələrlə yadda qalıb, bunları danışmağa davam edəcəyik. Qış gecələri uzun olur axı...

 

Şahanə MÜŞFİQ

525-ci qəzet .-2023.- 26 dekabr, №(234).- S.11.