Kiçik rolların
böyük ifaçısı
Hacıməmməd Qafqazlını səhnədə
görən hər kəs təsdiq edər ki, onun xarici
görkəmi, sifətinin ahəngdar cizgiləri, mənalı
baxışları, əzəmətli yerişi səhnə
üçün yaranmışdı. Əlbəttə, bunlar
aktyor üçün vacib olan şərtlərdəndir.
Lakin əsas məsələ Hacıməmməd Qafqazlının
sənətkarlıq gücündə, istedadındadır.
Kiçik rolların böyük ifaçısı olan aktyor
çoxcəhətli yaradıcılıq imkanlarına malik
idi. O, həm komediyalarda, həm dramatik və faciə xarakterli
obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur
qazanmışdı. Zəngin plastikası, aydın tələffüzü,
səlis nitqi, səhnə mədəniyyəti ilə aktyor
tamaşaçıların qəlbini ovsunlamağı
bacarırdı.
Haqqında söhbət açdığımız
Hacıməmməd Ələkbər oğlu Quliyev
(Qafqazlı) 24 mart 1898-ci ildə Lənkəran şəhərində
şair ailəsində anadan olub. İlk təhsilini mollaxanada
alıb, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində
təhsilini davam etdirib. 14 yaşından Bakıda Orucov
qardaşlarının mətbəəsində mürəttib
kimi əmək fəaliyyətinə başlayıb. Teatr sənətinə
hədsiz marağı onun həmin dövrdə Seyid Hüseyn,
Nəriman Nərimanov və bir sıra tanınmış
maarifçilərlə, ziyalılarla yaxından
tanışlığına səbəb olub. Məhz bu maraq
onu Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi dram dərnəyinə
gətirir. O, dərnəkdə Mirzə Qoşunəli
(Ə.Haqverdiyev "Bəxtsiz cavan") və Zöqhaq
(Ş.Sami "Dəmirçi Gavə") rollarında
çıxış edir.
İlk dəfə peşəkar səhnə fəaliyyətinə
görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin
rəhbərlik etdiyi mərkəzi fəhlə klubunda
başlayan Hacıməmməd 1920-ci ildə Maştağa kəndindəki
fəhlə-kəndli klubunun nəzdində dram dərnəyi
təşkil edir. Burada rejissor kimi bir çox Azərbaycan
dramaturqlarının əsərlərini tamaşaya qoyur.
1922-ci ildə Abbas Mirzə Şərifzadə təkidlə
Hacıməmmədi Dövlət Dram Teatrına dəvət
edir. Dəvəti qəbul edən gənc aktyor eyni zamanda teatr
texnikumunda da təhsil alır. Hacıməmməd Qafqazlı
ömrünün sonuna qədər bu sənət
ocağında çalışır. Bu səhnədə ilk
dəfə Hüseyn Cavidin "Uçurum" pyesinin
tamaşasında rol alan H.Qafqazlı ümumilikdə 200-dən
artıq müxtəlif səpkili obraz yaradıb.
H.Qafqazlı teatrda çalışmaqla bərabər,
"Arşın mal alan", "Fətəli xan",
"Bir məhəllədən iki nəfər", "Səbuhi",
"Qanun naminə", "Yeddi oğul istərəm",
"Şərikli çörək" və s. filmlərdə
də çəkilib. Aktyorun son ekran işi "Mosfilm"in
istehsal etdiyi "Tehran-43" filmi olub.
Tale elə gətirib ki, sənəti ilə
qürurlandığım, pərəstiş etdiyim, hörmət
və məhəbbət bəslədiyim eloğlumuz Hacıməmməd
Qafqazlı ilə görüşmək səadəti mənə
də nəsib olub. Bu, 1982-ci ilin əvvəllərinə təsadüf
edir. Onda mən institutun 3-cü kursunda təhsil
alırdım. Kurs işimin mövzusu Lənkəran Dövlət
Dram Teatrının yaradıcılıq fəaliyyəti və
ümumən Lənkəranda teatr sənətinin inkişaf
yolu barədə idi. Bir gün Hacıməmməd
Qafqazlıdan da müəyyən şeylər öyrənmək
məqsədilə onların "Azneft" meydanı
yaxınlığında yerləşən evlərinə
getdim. Qocaman aktyor zahirən yorğun görünsə də,
məni mehribanlıqla qarşıladı.
Çay stolu arxasında ona bəzi suallar verdim.
Söhbət əsnasında məlum oldu ki, aktyor hələ
inqilabdan əvvəl Özbəkistanda fəaliyyət göstərən
mətbəələrdən birində mürəttib işləyib.
Burada bu hündürboylu, qamətli və mehriban gəncə
hamı qayğı və nəvaziş göstərib.
Diribaş və işgüzar olan Hacıməmmədə
tez-tez tapşırıq verilərdi. Onu belə səsləyərdilər:
"Durma, ay qafqazlı balası, cəld ol, gözünə
dönüm, bu intibahnamələri vaxtında ünvanına
çatdır. Toyunda tamada mən olacağam. Qafqazlı, tez tərpən,
filankəsə deynən ki, materialları gecikdirməsin".
Qafqazlı... Qafqazlı!.. Sonralar aktyor bu təxəllüsü
əzizləmiş və teatr sənəti ilə
qovuşduğu elə ilk günlərdən hörmət və
ehtiram əlaməti olaraq onu həmişəlik öz adı
ilə bağlamışdır: Hacıməmməd
Qafqazlı!
Teatrda çalışdığı illərdə
aktyor daim öz üzərində çalışır,
biliyinin, savadının artırılmasının
qayğısına qalırdı. Ərəb, fars və
türk dillərini mükəmməl bilirdi, Quranı
tamam-kamal oxuyub başa çatmışdı. Təsadüfi
deyildi ki, unudulmaz rejissor, Xalq artisti Tofiq Kazımov C.Məmmədquluzadənin
"Ölülər" komediyasını tamaşaya
hazırlayarkən məhz Hacıməmməd
Qafqazlının təcrübəsindən, səriştəsindən
yararlanmağı üstün tutmuşdu. Bu səhnə əsərində
Mirzə Hüseyn rolunu ifa edən aktyor tamaşa boyu söylənilən
və çətin tələffüz olunan ərəb kəlmələrini
sənət dostlarına həvəslə öyrətməkdən
yorulmurdu.
Hacıməmməd Qafqazlı Səməd Mənsur,
Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun
kimi söz-sənət sahiblərinin
yaradıcılığına pərəstiş edirdi. Nizami,
Füzuli, Ömər Xəyyam
yaradıcılığının vurğunu idi. Asudə
vaxtlarında onları orijinaldan avazla oxuyar və xoşhal
olardı. Əliağa Vahidlə möhkəm dost idi.
Teatr sahəsindəki xidmətlərinə görə
aktyor 1943-cü ildə Əməkdar artist fəxri adına layiq
görülüb. Qocaman sənətkar 1982-ci il sentyabrın
21-də 84 yaşında dünyasını dəyişib.
Ağaddin BABAYEV,
Lənkəran
525-ci qəzet .-2023.- 26 dekabr, №(234).- S.10.