Bu vüsalın əbədidir,
Kəlbəcər!
...O yerlər 27 il bizi gözlədi. Sinəsi
yaralı, bağrı dağlı olsa da, gözlədi və
biz qovuşduq. Qəlbində 27 ilin sirləri var o yurdun.
Danışacaq yavaş-yavaş... Fəqət onun
yaşadığını dinləməyə
gücümüz çatacaqmı?..
93-cü ilin görüntülərinə
baxıram... Kəlbəcərin süqutu... Odlu halqada
olduğu, ara qarışıb, məzhəb itən vaxtlar...
Jurnalist yerli sakindən rayondakı vəziyyəti xəbər
alır... "Kəlbəcərin vəziyyəti çox
ağırdır, özü də indi yox, dünəndən,
daha əvvəldən ağırdır. 90 faiz boşdur.
Qaçanların xilas olmaq şansı da çox azdır.
Murov ətrafında tıxaca düşüblər, köməyin
gəlmə imkanı da yoxdur, nə o tərəfə getmək
mümkündür, nə bu tərəfə"...
Görənlər deyirlər ki, yalnız Tərtərçayın
sahillərini, Çaykəndi görməyən
İsveçrəyə heyran ola bilər. Deyilənə
görə, Tərtərçayın zümzüməsi də
fərqlidir.
Kəlbəcər Azərbaycanın ən yüksək
dağ rayonudur, dəniz səviyyəsinə istinadən
1500-3800 metr hündürlükdə, Tərtər
çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir.
Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir.
"Divarları silsilə dağlar, bürcləri dağ zirvələri
olan", hər qayası sirli Kəlbəcər özü təbii
"səngərli-qalalı" bir istehkamdır,
Qarabağın qala qapısıdır. Bu yerlərin o qədər
əzəmətli təbiət abidələri, ilk
yaşayış məskəni olan mağaraları, erkən
orta əsrlərə aid qalaları, məbədləri var ki,
bilmirsən, hansından başlayasan, danışasan. Kəlbəcər
qalalarının ən yüksəyi "Comərd qala", dəvə
boynunu xatırladan Lex qalası, 3260 m. hündürlüyü
olan, uğrunda yüzlərlə igidimizin qanı tökülən
"Ömər aşırımı", "Bir qalanın
sirri" filminin çəkildiyi "Dirək qayalar",
"Baş-başa gələn" Qamışlı qaya və
yenə də qayalar, qalalar, qırçınlı dağ
keçidləri... Gözəlliyi ilə qan donduran
Laçınqaya gözəlliyi olub da, bəxti olmayan yüksəkliklərdəndir.
Laçınqaya hələ 120-ci ildə monqollar tərəfindən
dağıdılmış, əhali qılıncdan
keçirilmiş, insan qanı qayalar arasından sel kimi
axıb Tərtər çayını qırmızıya
boyamışdı.
Mezozoy suxurlarından ibarət olan Dəlidağın
yamaclarında qədim buzlaqların izlərinə hələ
də rast gəlinir. Ən yüksək zirvəsində alp və
subalp çəmənlikləri var. Səməd Vurğunun məşhur
"Yada sal məni" qoşmasında adıkeçən,
sözügedən Dəlidağ Laçın və Kəlbəcər
rayonları sərhədindədir.
Az qala Dəlidağdan da bir şey
qalmamışdı... Yaylaqlardan da, oylaqlardan da, buzlaqlardan da.
Şairin də, ozanın da xatirəsi önündə
üzümüz qara idi. Üz ağardanlarımızın
haqqı ödənməz! "Torpağı qanları ilə
suvarıb, sümükləri ilə bərkidən"
oğulların sayəsində bu gün Vətənli
olmuşuq.
Kəlbəcəri "dünyanın tavanı"
adlandırılan Tibetə bənzədirlər.
Vəngdəki "Xudavəng" monastırı, eləcə
də Vəngli kəndində yerləşən Gəncəsər
məbədi dünya alban irsinin əhəmiyyətli nümunəsi
və Azərbaycan ərazisində ən böyük
monastır kompleksidir. Allahın şəninə tikilmiş
Xuda-vəngin (Tanrı məbədi) kimə məxsus
olduğu adından məlum. Bunun üçün dilçi,
araşdırmaçı olmaq lazım deyil.
"Allahverdi"yə bir "yan" əlavə edib
özünə soyad düzəldən oğru
qonşularımız Xudavəngə də özlərinə
oxşayan iyrənc ad qoyub guya ziyarətgaha çevirmişdilər.
İşğal nəticəsində əlinə düşən
fürsəti fövtə verməyən məkrli düşmən
monastır üzərində qlobal manipulyasiya aparandan, öz
aləmində onu guya tam gavurlaşdırandan sonra
özünün yalan makinasını işə saldı. 1000
ildən artıq yaşı olan Xudavəngi 1993-cü ildən
bəri min cür hoqqa ilə özlərininkiləşdirə
biləcəklərini sanmaq - daşın tərkibindən
yaşının müəyyən edildiyi innovasiya dövründə çox bisavad
düşüncə idi. Fikirləri vaxtilə Qarakilsənin
(Sisyan) alban mədəniyyətinə məxsus abidələrinin,
kitabə və təsvirlərinin İrəvana
daşınıb erməniləşdirilməsinə,
dünyaya guya ermənilərin daş dövrü abidəsi
kimi təqdim edilməsinə getmişdi. Lakin əlyazmalar
yanmır... "Ən qədim zülmətdən dillənər
yazılar və kitabələr!" (İvan Bunin) Bəli, hələ
"xaçlılar"ın tarixi faktları falsifikasiya edib
monastırı erməni apostol kilsəsi kimi təqdim etməklə
1954-cü il Haaqa konvensiyasının şərtlərini kobud
şəkildə pozmasını demirəm. "Plagiat"
fransız sözü olub, qeyri-maddi irsin oğurlanmasına
deyilir. O, birinci növbədə paxıllıq, sonra da
bacarıqsızlıq, bəxti gətirməmə
hallarında baş verir. Burada söhbət nə kiminsə
kimdənsə oğurladığı bir-iki cümlədən
gedir, nə mahnıdan nə soyaddan... Alban tarixinin total şəkildə
saxtalaşdırılıb oğurlanması əslində
heç plagiatın təyinatına da sığmır.
Ümumiyyətlə, ermənilər iki məsələdə
ixtisaslaşıblar, iki sahə üzrə "məhsul"
istehsal edirlər. Bir xaç "usta"sıdırlar, bir də
mina. Kəlbəcərdə xaç sexləri var idi,
"hünərvər xalq" sirkə ilə tarix
ştamplayırdı. Bir də hələ sovet dövründən
İrəvanda mina zavodu fəaliyyət göstərirdi. Ermənistanın
30 il ərzində Azərbaycan ərazisinə döşədiyi mina 340 milyon
dollar məbləğində qiymətləndirilir. Sonra da
deyirlər niyə uduzduq? Əllərinə düşəni
ya xaç düzəldib daş-kəsəyin arasında
dürtüblər, ya minaya verib torpağın altında
basdırıblar.
9 tikilidən ibarət olan bu külliyə dağlar
qoynunda, yaşıllıqlar içərisində,
axar-baxarlı, mənzərəli bir yerdə, yüksək təpəlik
üzərində yerləşib böyük ərazini əhatə
edir və təbiətin gözəlliklərinin fonunda daha da
möhtəşəm görünür. "Məzlum"
erməni xalqı əllərindən alınan "ibadətgah"larından,
əslində isə 27 il silah anbarı kimi işlətdikləri
Alban kilsəsindən heç cür vidalaşıb
"ayrıla bilmir", bir az da artıq qala bilmək
üçün bəhanə axtarırdı. Nəyi var
sökmüşdülər, quru divarlardan da əl çəkmirdilər.
Guya haradan öz xoşları ilə çıxdılar?
Şuşa alınanda bir erməni qızı paltarını
başına çəkib səsinin də cır yerinə
salmışdı ki, bəs Qazançılar kilsəsində
mənim toyum olacaqdı? Bizimkilər də qatı
açılmamış "xeyir-dua"nı bol etdilər...
"Ata, oğul, müqəddəs ruh heç kömək
etməsin" və sair. Amma bizim insanlar dağlarda
parça-parça olanda da bu abırsızlığı eləməmişdilər.
Nə cırtdan da olsa, tarixləri boyu, nə 27 illik
işğal sürəsi Qarabağda, bu tayfa kilsədən,
xaçkardan savayı, heç nə qurub-yaratmayıb. Elə
onu biliblər ki, özlərinə, adlarına "layiq"
surroqat bir şey düzəldib göz qabağına, yol
ayrıcına qoysunlar və sonra bu əldəqayırmanı
min hoqqa ilə əskildib dinozavrlardan qalmış xaraba kimi
bizə sübut etməyə çalışsınlar. Daha
başa düşmürlər ki, daşın elə
yaddaşı var ki, onu əsrlər silə bilməyib.
Onilliklər, yüzilliklər keçir. Dünya tanınmaz dərəcədə
dəyişir... Bunlar isə süni surətdə
yaratdıqları ampluada ilişib qalıblar, özlərini oradan
çıxmağa qoymur, dünyəviyə adaptasiya ola
bilmirlər.
Torpaqlarımız işğal altında olanda mən
həmin ərazilərin köhnə kadrlarına
baxmırdım, baxa bilmirdim. Yəqin elə siz də.
Azadlığa çıxandan sonra internet səhifələrində
videogörüntülər paylaşıldıqca Kəlbəcərin
əzəmətli təbiətini görüb "dəhşətə"
gəldim... Başlanğıcını bilmirəm,
dağların harasındansa götürən, yerə qaynayan
şəlalə kimi tökülüb çaya çevrilən
dirilik suyu İstisu... Bizi dünyada "loğman" kimi
tanıdan İstisu...
Keçilməz dağların içindən
keçən təbii tunelləri... Sovetin çiçəklənən
dövründə inşa edilən məşhur
Laçın-Kəlbəcər arteriyasının uzunluğu
cəmi 200 m. idi. İşğaldan qabaq əsas problemi
yolsuzluq olan Kəlbəcərdə bu gün 5 km və 11 km
uzunluğunda tunellər inşa edilir. Xeyirliyə işlənsin!
Elə yolsuzluq səbəbindən də düşmənin
hücumu zamanı nə qədər insanımız tələyə
düşüb məhv olmuşdu. Düşmən Kəlbəcəri
boşaldanda bu tuneli də partlatmaq istəyib. Lakin başı
yandırmağa, dağıtmağa, sökməyə
qarışdığı üçün vaxtı
çatmayıb, daşıhadaşı idi... Mənim
ağlım kəsən, qədir-qiymət anlayan vaxtımda Kəlbəcər
işğal olundu. Bu əsrarəngiz bölgəmiz haqqında
onu bilirdim ki, heç kim təyinatla ora işləməyə
getmək istəmirdi. "Uzaqdır, dağlıqdır,
soyuqdur, şəraitsizdir" -
deyirdilər...
Çox da uzaq olmayan 70-ci illərdə bibim 3
uşağını musiqi məktəbinə qoymuşdu.
İkisi yüksək bal toplayıb fortepiano bölməsinə,
biri isə daha az yığdığı üçün
kamançaya düşmüşdü. Valideynləri "hələlik
oxu, sonra pianinoya keçirdərik" - deyə nə illah elədilərsə,
uşaq çalğı alətinə ögey münasibəti
görüb razılaşmadı... Erməni də
gördü ki, yiyəsiz qalıb, götürdü
özünə... Deməyim odur ki, özümüzdə də
olub. Mədəni dəyərlərə həssaslığı
qismən azaldan kimi maddiyyat da əldən gedir.
Kəlbəcərin fakturasını videolardan mənim
kimi indi görənlər elə bilirdilər, bura
İsveçrədir, Nepaldır... Mən o
görüntüləri şöbəmizin kəlbəcərli
əməkdaşına göstərəndə "bəli,
Kəlbəcərdir" - dedi. Özüm isə 2018-ci ildə
ziyarət etdiyim Petranı xatırladım...
2020-ci il noyabrın 15-də
çıxmalıydılar Kəlbəcərdən. Amma
çıxmadılar. Əlavə 10 gün də verdik.
İnsanlıq naminə. Amma onlar bu 10 günü də
dağıtmadıqlarını dağıtmaq,
yandırmadıqlarını yandırmaq,
talamadıqlarını talamaq üçün istifadə elədilər.
27 il 20 faiz torpağımız haramıolmuşları
yedirdib-içirdib. Gərək nə qədər dibdən-dibə
düşəsən ki, su içdiyin quyunu murdarlayasan. 30 il
yeməklə doymadılar, guya indi yalamaqla doyacaqdılar.
Ağacları kəsirdilər ki, bizə qalmasın. Hər
ağacın ahı dolanır üstlərində!
Yandırmaq kimi bir maniakal həvəsi də var "qədim
xalqın"... Məktəb direktorunun məktəbi
yandırması kimi şərhə belə gəlməyən
perfomansı...
"Çəkdirdiklərini yaşamayınca bu
dünyadan köçməyəcəksən!" Şirindən
şirin həqiqət! Ən ağır aqoniyanı Kəlbəcərdən
çıxanda yaşadılar işğalçılar.
Bucağa sıxışdırılıb
torpaqlarımızdan çəkilməyə məcbur edilən
hazıranazir düşmən bir anda hər şeyin əlindən
çıxdığını görüb nə edəcəyini
bilmir, hirsini əlinə keçən hər şeydən -
daşdan, ağacdan, elektrik dirəklərindən, arı
yeşiklərindən, heyvanlardan çıxırdı.
Adam da özünün olana çalın-çarpaz
dağ çəkərmi?! Yəqin ki, tarixdə belə
şey olmayıb. Deməli, özünün
olmadığını bilirdi işğalçı
düşmən. Maddi, materiya olan bir tərəfə, təbiətə
də ölümünə divan tuturdu elə buna görə.
Özü də bu gözəllikdə təbiətə! Kəlbəcərdəki
"Ayı fındığı meşələri"nin
yerində indi boş ərazi qalıb. Bacarsaydılar,
sıldırımları qum kimi üyüdərdilər,
xarabalıqları dallarına çatıb aparardılar. Amma
bu sıldırımlar əsrlərdir burda dayanıb, durduqca
da, duracaq.
İşğal vaxtı Füzulidə, Cəbrayılda
yaşamayıblarsa, Kəlbəcərdə yaşayıblar.
Kəlbəcərlilər də eynən zəngilanlılar
kimi danışırlar ki, işğaldan qabaq bizim rayonda ermənini
çıraqla da tapa bilməzdin. Çünki yerli-dibli
olmayıblar. Prezidentimiz də açıq-aşkar, yumşaltmadan, ümid yeri qoymadan
dedi: "Kəlbəcərdə mövcud olan kilsələr
qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur!"
Onların saxta iddiası Prezidentin hökmünə
qarşı dura bilmir və təbii ki, dünyanın
gözündə yüzdə yüz uduzurlar!
(Ardı var)
Dilarə ADİLGİL
525-ci qəzet .- 2023.- 27 dekabr, №235.- S.14.