STEAM tədris üsulu:
nəticələr gələcəyə ümidləri
artırır
Müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı
mütəxəssislərin yetişməsi üçün
təhsil qarşısında
bir çox mühüm vəzifələr
qoyur. Həyatın bütün sahələrində
işlərin yeni dünya düzəninə
uyğun qurulması üçün təhsil
ocaqlarında öyrənmək
maraqlı olmalı, bilik təcrübədə
tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir.
Yəni bu günün məzunları müasir tələblərə cavab
verən, əmək bazarında özünü
doğruldan şəxslər
olmalıdır. Müasir dövrdə
ölkənin sosial iqtisadi inkişafında bütövlükdə təhsilin
və elmin payının artırılması
STEAM tədris üsulundan
istifadəyə əsaslanmalıdır.
Yeni peşələr həm də yeni səriştələr
və bacarıqlar tələb etdiyi üçün yeni bacarıqlara dair biliklərin vaxtında verilməsi problemini aradan qaldırmağa və tədris proseslərinə innovativ düşüncənin inteqrasiyasına
məhz STEAM birbaşa
təsir imkanına malikdir. Gənc nəslin yeni
baxışlarının və
ideyalarının formalaşması
və onların realizə edilməsinə
önəm verilməsi,
bu istiqamətdə beynəlxalq trendlərin nəzərə alınması
dövlətin yeni tədris üsullarına açıqlığının göstəricisidir. Bu, həm də ölkəmizdə insan kapitalının inkişafı
kontekstində beynəlxalq
rəqabət mühitində
öz imkanlarımızı
genişləndirməyimizə imkan yaradacaq.
Son illər dünya
ölkələri layihə
əsaslı STEAM tədrisi
yanaşmasını mənimsəyir,
onun yalnız öyrənmə üsulu
deyil, həm də bir düşüncə
tərzi olması ilə bağlı həmfikirdirlər. Elm və texnologiyaların öyrədilməsində
ənənəvi yanaşmadan
fərqli olaraq, STEAM yanaşmasının əsas
məqsədi şagirdlərdə
əməkdaşlıq, təşəbbüskarlıq,
kreativlik, analitik düşüncə və
sair kimi XXI əsr bacarıqlarını
inkişaf etdirmək və əldə olunan biliklərin elm, texnologiya, mühəndislik,
riyaziyyat və incəsənət fənlərinə
səmərəli tətbiqinə
nail olmaqdır. Azərbaycan
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin
sədri İlqar Orucovun sözlərinə
görə, STEAM fərqli
elmi biliklərin sintezi və inteqrasiyası ideyalarının
üzərində formalaşıb.
Bildiyimiz
kimi, fənlərarası
münasibətlər və
yeni biliklər yaradıcılığında yeni yanaşmalara ehtiyac yaranmışdır.
Fənlərarası proqramlar ənənəvi
fənlərin mühüm
problemi həll etmək iqtidarında olmadığı və ya istəmədiyi ümumi inamdan qaynaqlanır. STEAM bu
gün dünyada həddən artıq ixtisaslaşma və təcridin zərərli təsirlərinə qarşı
vasitə kimi özünü göstərir:
"Müasir dövrdə
ölkənin sosial iqtisadi inkişafında bütövlükdə təhsilin
və elmin payının artırılması
STEAM tədris üsulundan
istifadəyə əsaslanmalıdır.
Yeni peşələr yeni səriştələr və
bacarıqlar tələb
etdiyi üçün
yeni bacarıqlara dair biliklərin vaxtında verilməsi problemini aradan qaldırmağa və tədris proseslərinə
innovativ düşüncənin
inteqrasiyasına məhz
STEAM birbaşa təsir
imkanına malikdir.
Gənc nəslin yeni baxışlarının və
ideyalarının formalaşması
və onların realizə edilməsinə
önəm verilməsi,
bu istiqamətdə beynəlxalq trendlərin nəzərə alınması
dövlətin yeni tədris üsullarına açıqlığının göstəricisidir. Bu, həm də ölkəmizdə insan kapitalının inkişafı
kontekstində beynəlxalq
rəqabət mühitində
öz imkanlarımızı
genişləndirməyimizə imkan yaradacaq".
2022-ci ildə STEAM təhsili
ilə bağlı Azərbaycan Respublikasının
Təhsil İnstitutu
(ARTİ) tərəfindən tədqiqat aparılıb. İnstitut
tərəfindən aparılan
tədqiqatın əsas
məqsədi STEAM dərslərinin
təşkilinin şagirdlərin
təlim nəticələrinə,
gələcəkdə peşə
seçiminə təsirini
müəyyən etmək,
müəllimlərin STEAM dərslərində
istifadə etdikləri
pedaqoji yanaşmalar barədə təəssüratlarını
öyrənmək, onların
ixtisasartırma ehtiyaclarını
müəyyən etmək,
əldə olunmuş
nəticələr əsasında
rəy və təkliflər irəli sürməkdir.
Təhsil
İnstitutunun apardığı
tədqiqatlara ölkənin
12 şəhər və
rayonunda (Bakı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Masallı, Neftçala, Quba, Qusar, Xaçmaz,
Samux, Şəki) fəaliyyət göstərən
30 ümumtəhsil məktəbinin
VI-VIII siniflərində təhsil
alan 6538 şagird (onlardan 4941 nəfəri
STEAM siniflərində, 1597 nəfəri isə adi siniflərdə təhsil alır) və həmin məktəblərdə STEAM dərslərini
keçən 192 müəllim
cəlb olunub.
ARTİ-dən bildirilib
ki, tədqiqat 3 istiqamətdə aparılıb.
1. STEAM təhsilinin müqayisəli
təhlili. STEAM təhsilinin
şagird bacarıqlarının
inkişafına təsirinin
müqayisəli təhlili
məqsədilə ümumtəhsil
məktəblərinin STEAM dərsləri keçilən
VI-VIII siniflərində təhsil
alan 3614 şagirdlə, STEAM dərsləri
tədris olunmayan
VI-VIII siniflərində təhsil
alan 1597 şagirdlə
sorğu keçirilib.
Sorğuda şagirdlərin yaradıcı
təfəkkürünün yoxlanılması məqsədilə
Amerika psixoloqu Ellis
Paul Torrensin kreativliyin
- yaradıcı təfəkkürün
diaqnostikasına dair
"Rəsmi tamamla"
metodundan, analitik düşüncə (təhlil
qabiliyyəti) bacarıqlarının
yoxlanılmasında alman
psixoloqu Rudolf Amthauerin
"İntellekt strukturunun
müəyyənləşdirilməsi"
metodundan, tənqidi düşüncə bacarıqlarının
qiymətləndirilməsi üçün
Amerika psixoloqu Riçard Paulun "Tənqidi düşüncə
üçün test" təlimatından,
təşəbbüskarlıq bacarıqlarının yoxlanılması
məqsədilə Kanadanın
"Milli Aborigen Kapital Korporasiyaları Assosiasiyası"nın (NACCA) tətbiq etdiyi testlərdən, vaxtdan səmərəli istifadə
bacarıqlarının yoxlanılması
üçün UNİCEF-in Oxu materialında yer alan "Vaxtı idarə etməyi bacarırıqmı?"
metodundan, komanda işi (əməkdaşlıq),
ünsiyyət və konfliktlərin idarə olunması bacarıqlarının
yoxlanılması üçün
rus psixoloqları V.V.Sinyavski, B.A.Fedorişinin
"Kommunikativ və təşkilatçılıq meyllərinin aşkar edilməsi (KOC-2)" metodundan
istifadə edilib.
Aparılan müqayisəli təhlildən
aydın olur ki, STEAM dərsləri keçilən siniflərdə
təhsil alan
şagirdlərin ümumilikdə
qiymətləndirilən bütün
bacarıqları STEAM dərsləri
keçirilməyən şagirdlərə
nisbətdə üstünlük
təşkil edir. Burada problemlərin həllinə
yaradıcı yanaşma,
tənqidi düşüncə,
təşəbbüskarlıq və kommunikasiya bacarıqlarının inkişafını
xüsusilə qeyd etmək lazımdır.
Məlumatda qeyd edilir ki, STEAM təhsili alan şagirdlərlə
sorğu keçirilib.
STEAM (təbiət elmləri,
texnologiya, mühəndislik,
incəsənət və
riyaziyyat) dərslərinin
keçildiyi siniflərdə
təhsil alan şagirdlərin STEAM haqqında
nə düşündüklərini
və nə hiss etdiklərini, STEAM dərslərinin
təşkilinin onların
təlim nəticələrinə,
gələcəkdə peşə
seçiminə təsirini
müəyyən etmək
məqsədilə keçirilmiş
sorğuda VI-VIII siniflərdə
təhsil alan 1327 şagird könüllü
olaraq iştirak edib. Sorğu materiallarının təhlilindən
aşağıdakı nəticələrə
gəlinib:
STEAM dərslərində iştirak
edən şagirdlərin
65 faizi STEAM dərslərinin
onların mühəndisliyə
marağını köklü
şəkildə artırdığına,
62 faizi STEAM dərslərinin
onları texnoloji inkişafı yaxından izləməyə həvəsləndirdiyinə,
61 faizi isə
nəzəri dərslərdən
fərqli olaraq STEAM dərslərinin daha çox praktik olduğundan onların mövzuları yaxşı
mənimsəməsinə səbəb
olduğunu qeyd edib.
STEAM dərslərində iştirak edən şagirdlərin 45 faizi
STEAM dərsləri nəticəsində
üçölçülü əsərlər (məsələn,
3D dizayn) hazırlamaq bacarıqlarına yiyələndiklərini,
49 faizi isə STEAM dərsləri nəticəsində
rəssamlıqda özlərini
daha rahat ifadə etdiyini bildirib.
Təhlildən aydın olur ki, STEAM dərsləri şagirdlərin xüsusilə
mühəndisliyə, texnologiyalardan
istifadəyə marağını
artırır və layihələrdə iştirakına
müsbət təsir
edir.
ARTİ-dən vurğulanıb
ki, STEAM dərslərini
tədris edən müəllimlərlə də
sorğu keçirilib.
Müəllimlərin STEAM dərslərində
istifadə etdikləri
pedaqoji yanaşmalar barədə təəssüratlarını
(fikir və düşüncələrini) öyrənmək,
onların hazırlıq
səviyyələrini, ixtisasartırma
ehtiyaclarını müəyyən
etmək məqsədilə
ümumtəhsil məktəbinin
VI-VIII siniflərində STEAM dərsini keçən
192 müəllimlə sorğu
keçirilib.
Statistik təhlildən aydın olur ki, STEAM dərslərini tədris edən müəllimlərin əksəriyyəti (92 faiz) STEAM təhsili ilə bağlı təlimlərdə iştirak etmişdir. Müəllimlərin 93 faizi şagirdlərin məlumat rəqəmsal və hesablama texnologiyalarından, məsələn, kompüter, planşet, telefon və proqramlardan istifadə etdiyini, 75 faizi STEAM təhsili sahəsində ekspertlərdən dəstək aldığını göstərib.
Sorğuda iştirak etmiş müəllimlərin 83 faizi STEAM tədrisi ilə bağlı məktəbin müəllimləri və idarə edənlərin müsbət təcrübəsini onlarla bölüşdüyünü, 78 faizi isə STEAM təhsilinin şagirdlərin İKT, təbiət elmləri və riyaziyyatı öyrənməsində müsbət təsiri olduğunu bildirib.
Aparılan tədqiqatlar, bir daha göstərir ki, STEAM təhsili şagirdlərin daha qalıcı öyrənmələrini təmin edir, dərsə marağını artırır və nəticədə akademik nailiyyətlərini yüksəldərək, bilik və bacarıqlarının inkişafında, gələcəkdə karyera seçimində, real həyat problemlərinin həllində aparıcı rol oynayır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 1 fevral.- S.15.