Tənhalığın kəşfi
Esse
Tənhalıqdan niyə bu qədər
qorxuruq əksəriyyətimiz? Nədir
bizi qorxudan: bizdən başqasının
olmaması, yoxsa hər kəsin olmağına rəğmən,
başqasını tapmamağımız?
İnsan
oğlunun hələ
bu dünyaya gəlmədən öncə
tanış olduğu ən birinci duyğudur tənhalıq duyğusu. İnsan ana bətninə düşdüyü gündən
etibarən yalnızlıq
qorxusu da onunla birgə yaranır. O qaranlıq,
dar məkanda getdikcə böyüməkdə
olan varlıq təkliyindən qorxuya düşür. Ancaq onu burada izləyən
iki "həmdəmi"
var. Birisi onu bətnində böyüdən,
qanından qan, canından can verən anasıdır ki, körpə hələ doğulmamışdan nəfəsi,
ürək döyüntüləri,
səsi və istiliyi ilə onun bu qorxusunu
aradan qaldırır. Digəri isə onun özüylə
birlikdə yaşayan və onu qidalandıran,
yaşamasına, böyüməsinə
şərait yaradan göbək ciyəsidir.
İnsan
doğulanda onun doqquz aylıq "dostunu" - göbək ciyəsini kəsib götürürlər. Çünki artıq onun anası, ya da himayəçisi bütün varlığı
ilə yanındadır.
Lakin uşaq bunu elə də asanlıqla qəbul etmir və onda
yenidən yalnızlıq
qorxusu başlayır.
Göbək ciyəsinin gedişi,
göz açdığı
yad dünya onu tənhalığa qərq edir. Onu bu tənhalıqdan isə yenə anası xilas edir. Körpə özünün yalnızlıq qorxusunu yenə də anasının nəfəsi,
qoxusu ilə yenir. Çünki ona bu qocaman
dünyada tək tanış olan məhz bu qoxu və
bu nəfəsdir.
İnsan üçün yalnızlıq
ən ağır halda ölümlə eyni duyğudur. Bəzi insanlar
yalnızlıqdan ölümdən
qorxduqları qədər
qorxarlar. Sən demə,
bunun da öz səbəbi varmış. Mütəxəssislər deyir ki, körpə
altı ayına qədər görmədiyi
nəsnənin yox olduğuna inanır.
Məsələn, o, anasını görməyəndə onun
yoxa çıxdığını,
bu situasiyada öldüyünü zənn
edir. Buna görədir anası uşağın yanından
ayrılar-ayrılmaz onun
ağlamağı.
Biz ölümü inkar
edərək yaşayırıq,
ancaq tənhalıq bizə bu inkar
mexanizminin faydasızlığını
anladır. Təklik bizi anamız içəridə bir az başqa
işlə məşğulkən,
tək öləcəyimizdən
qorxduğumuz o çarəsiz
anlara aparır. Ananın yoxluğunda körpə zaman-zaman kiçik ölüm böhranlarının
eşiyindən qayıdaraq
böyüyür, yetkinləşir.
Burada tənhalığımız bizə
anasız olduğumuz
o qısa anların təlaşını xatırladır
ki, yetkin çağımızda "özbaşımıza
yaşaya bilmək"
qabiliyyətini əslində
o anların sayəsində
əldə edirik.
Özbaşına qalmaq kimsəsiz olmaq demək deyil. Bəzən yalnızlıq
gərəkli, hətta
faydalı da ola bilir.
Bunu daha çox yaradıcı insanların
həyatlarında müşahidə
edirik. Yalnızlıq insanın özü-özüylə
söhbətləşməsinə, özünü və ətrafını daha dəqiq, səmimi, açıq fikirlə müşahidə etməsinə
və bütün bunların yekununda gərəkli nəticə
çıxarmasına gətirib
çıxarır. Yalnız
bir növ yaradıcılıq qaynağı
da ola
bilir. Necə ki, Franz Kafka deyərdi:
"Mümkün qədər
yalnız qalmalıyam.
Nail olduğum nə varsa, yalnızlığıma
borcluyam".
Məsələn, holland əsilli rəssam Eduard Hopperin də yalnızlığı
yaradıcılığının mayakına çevrilib. Orta səviyyəli
bir ailənin ikinci övladı olan Hopperin atası
ədəbiyyat həvəskarı,
anası isə sənətsevər idi.
Ona görə də Hopperin istedadını kəşf etmək onlar üçün çətin olmamalı idi. Və ya bəlkə
də Hopper onlara çatmaq üçün
özünə bir yol seçmişdi.
Olduqca içinə qapanıq uşaq olan Hopper orta məktəbi bitirdiyi illərdə özünü əlində diplomu ilə birlikdə üstündə "FAME" (tərc. şöhrət) yazılmış uzaqdakı dağa yeriyərkən çəkmişdi. Şəklin altına "soyuq dünyada tək başına" yazmağı onun yalnızlığının daha keçmişə dayandığını göstərir. Hopper bu rəsmdə özünün şöhrətə çatmaq arzusunu əks etdirmək istəmişdi. Ancaq həqiqətəndəmi onun çatmaq istədiyi şöhrət idi? Hopper doğrudandamı bir şöhrət düşkünü idi? Sonrakı yaradıcılığı onun belə olmadığını bir daha göstərir. Hopper duyğularına qarşı bir az cəsarətli olsaydı, bəlkə də "mən tənhayam" deyərdi. İnsanın şöhrət arzusu da bir növ tənhalıqdan qaynaqlanmırmı?!
Sonrakı yaradıcılığında Hopper daha çox yalnız insanların şəkillərini çəkdi. Sənətşünaslar onun 1930-40-cı illər Amerikasını təsvir etdiklərini yazsa da, Hopper "dövrün Amerikasını deyil, özümü çəkdim" - deyirdi.
Günümüzdə sürətlə inkişaf edən texnologiya, bu qədər geniş yayılmış sosial şəbəkələr insanların sosiallaşmasına xidmət edirmiş kimi görünsə də, əslində, nəhəng tənhalıq hissini bütün dünyaya yaymaqdadır. Sürətlə sosiallaşan insanlar öz daxillərində bir o qədər sürətlə yalnızlaşırlar. Bu da daha çox psixoloji problemlərə, insanların aqressivliyinə, sevgisizliyinə və nəhayətində, kütləvi intiharlara gətirib çıxarır.
Yox, yalnızlıq heç də qaçılacaq, zərərli, təhlükəli hiss deyil, əslində. Hər kəs ömrünün müəyyən dövrlərində qısa yalnızlığa ehtiyac duyar. Yuxarıda da qeyd etdiyimiz kimi, bu, insan həyatı üçün faydalı da ola bilər. Ancaq hər şey kimi tənhalığın da ifratı təhlükə, hətta faciədir. Bunun sərhədlərini müəyyənləşdirmək isə yenə də hər şüurlu insanın öz öhdəsinə düşür. O zaman tənhalıq heç də qorxulu olmayacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 2 fevral.- S.15.