Ağacı içindən yeyən
qurdlarımız...
(IV məqalə)
Ömər Faiq publisistik yazılarında 40-a qədər
imzadan istifadə edib. Hər imza da məhz mövzu və
problemin mahiyyəti ilə əlaqəli olurdu. Məsələn, "Ümidvaram" adlı məqaləsini
("İrşad", 1906) "Ümidvar" imzası ilə
çap etdirib.
Məqalənin məzmunu isə problemlərin
adını və xarakterini təqdim edəndən sonra
işin düzələcəyinə ümid notu ilə
tamamlanırdı. Bəzən isə, "ümid edirəm
ki..." ifadəsini istehza ilə işlədir,
qaldırdığı məsələnin həllinin mütləqliyini
bu şəkildə çatdırırdı. Yəni "ümid etmək" onun
yazılarında çox zaman bir tərz, intonasiya, üslub səciyyəsi
daşıyırdı. "Çox
ümidvaram ki, bəradəri-həmiyyətpərvərim
Firudin bəy Köçərlinin meydana
çıxardığı "Müəllimlər" məsələsi
digər min bir dərdimizin cərgəsinə tullanmaz.
Ümidvaram ki, ikmal etməyə
çalışdığımız nöqsanların
üst pərdəsinə bir az əl
sürülüb yenə köhnə sayağında
buraxılmaz. Ümidvaram ki, həqiqətin
meydana çıxmağına çalışan həmiyyətli
yazıçılarımız qədim adətimizə uyub
zorlarını, qələmlərini yalnız gücləri
çatdıqlarını tapdalamağa sərf etməzlər".
Məqalənin tezislərindən məlum olur ki, Müəllimlər
Seminariyasında şagirdlərə türkcə və
türk tarixi, mədəniyyəti, ədəbiyyatı, eləcə
də İslam dini haqqında kifayət qədər normal təhsil
verilmir. Bu da uşaqların qəlbində Vətən,
İslam, millət məhəbbətinin
qarşısını alır. Nəticədə
F.Köçərlinin də dediyi kimi,
"yarımçıqlar" meydana gəlirdi.
O zaman məktəb
və ümumən təhsil sahəsində müsbət nəticələr
göstərən Qori və İrəvan Seminariyaları
(layihəsini K.D.Uşinski hazırlamışdır) çar
hökumətinin imperiya siyasətini təbliğ edən vasitə
missiyasında olsa da, bizim milli ziyalılarımız bu
fürsətdən hər vəchlə yararlanmağa
çalışırdılar.
Bütün sahələrdə olduğu kimi, təhsil
sahəsində də rus, erməni, gürcü, ümumən
xristianlara olan münasibətlə biz müsəlmanlara olan
münasibət arasında xeyli fərq vardı. Bizimlə
bağlı təhsil siyasətinin mahiyyəti bizi öz milli
mənsubiyyətimizdən, dilimizdən, dinimizdən
uzaqlaşdıraraq kölə vəziyyətinə salmaq idi.
Kölə psixologiyası ilə
formalaşdırılmış, mənşəyi bəlli
olmayan kütlə yaranandan sonra onun üzərində daima
hökmranlıq etmək çox asan olacaqdı. Biz Rusiyanın müstəmləkəsi kimi hər
zaman milli ayrı-seçkilik təzyiqinə məruz
qalırdıq.
Hətta
1866-cı ildə Tiflisdə açılan, şəhər məktəbləri
üçün müəllim kadrları hazırlayan
Aleksandrovski Müəllimlər
məktəbinə (1872-ci ildən "Aleksandrovski
Müəllimlər İnstitutu") müsəlmanlar qəbul
edilmirdi. Aleksandrovski Müəllimlər İnstitutuna müsəlman
olmayan digər millətlərin nümayəndələrinin
isə qəbul
olunmaq hüquqları vardır.
O da qəribədir
ki, 1872-ci il əsasnaməsinə görə, müsəlmanlara məktəblərdə
ştatlı müəllim vəzifəsini tutmaq hüququ da verilmirdi.
Gördüyümüz kimi, çarizmin millətçilik
siyasəti və bizimlə müsəlmanlarla bağlı
ayrıca, istisna qanunlar müəyyənləşdirməsi
xeyli problemlər yaradırdı. Azərbaycanlılar
üçün məktəb və müəllim, milli kadr
düyünü bu tipli süni əngəllər hesabına
mövcud idi. Lakin bizim
ziyalılarımız, pedaqoqlarımız susmur, israrla xalqlar,
dillər, dinlər arasındakı fərqə düzəliş
edilməsini tələb edirdi. Müəllimlər Seminariyaları
haqqındakı təlimatın şərtləri həm də
bu səbəbdən dəyişdi və seminariyalarda müsəlmanların
da təhsil almasına icazə
verildi.
Ömər Faiq də digər pedaqoq və ziyalılar
kimi, məsələnin köklərini araşdırır, bəyan
edirdi ki, bu problem sırf müsəlman müəllimlərin
laqeydliyi, məsuliyyətsizliyi üzündən deyil, burada
imperiyanın bizlərə rəva gördüyü zülm və
ədalətsizlik əlamətləri də açıqca
görünür. O qədər güclü təsirlər,
zorakılıqla mühasirəyə alınmış təhsil
sistemində bir-iki milli qeyrəti olan müəllimlərin nəsə
edə bilməsinin mümkünsüzlüyünü Ömər
Faiq də etiraf edirdi. "Və bir də
böyük qulluqçuların çıxardığı
"sirkulyar"lardır. Padşahdan savayı, hər
kefi gələnin öz əqlincə
çıxardığı hədsiz, saysız "qərardadsızlardır".
Müəllif o ehtimalı da diqqətə
çatdıraraq sual edirdi ki, Qoridə dərs deyən müəllimlərimiz
etiraz edib, işdən çıxsalar, həbsə
düşsələr, ictimai reaksiya necə olacaq? Cəmiyyətin
başbilənləri, ziyalıları, ruhaniləri, rəisləri
narahat olacaqmı? Yoxsa haqla nahaq,
dürüstlə nadürüst, sədaqətli ilə xain
bir qazanda qaynayacaq? Müəllimləri
haqq işinə görə müdafiə edən olacaqmı və
s. "Görək müəllimlik yerlərini boş
buraxıb hökuməti məcbur edəcəklərmi ki,
müəllimlərin xahişlərini millətimizin nəfinə
həll etsinlər. Görək millət
qeydinə "söz" ilə qalanlarımız meydana
çıxıb hökumətə bir söz anladacaqlarmı
ki, bizim də hüququmuza, insanlığımıza riayət
edilsin. Yoxsa hər kəs öz qohumunu,
öz dostunu müəllimliyə keçirmək
üçün divanxanə qapılarında
"xuliqanlıq"dakı məharət və
ixlaslarını sayıb meymunluqmu göstərəcəklər?"
Ömər Faiq digər məqalələrində
olduğu kimi, yenə bir hakim, hüquqşünas nəzərilə
məsələni təhlil edib qərar çıxarır. Vicdanlı
olmaq, haqlının haqqına girməmək onun
publisistikası üçün prinsipial şərtlərdən
biri idi. Bu yazısında da camaata
üzünü tutub bildirir ki, qocaman bir xalqın köhnədən
köhnə dərdlərini birləşərək, həmrəy
və həmdərd olaraq həll edə biləcəyimiz halda
bütün qayğılarımızı üç-dörd
şəxsin üstünə tullayırıq. Bu isə insafsızlıqdır.
Ömər Faiqin "Ümidvaram" məqaləsində
qaldırdığı bu problem, əslində, 1906-cı ildə
digər publisist, müəllim və ictimai xadimlərin
yaradıcılığında da öz əksini
tapmışdı. Məsələn, Ömər Faiqin elə bu yazıda səsləndirdiyi
sual ("Nə üçün başa
düşmürük ki, camaatın ittifaq iş və
qüvvəti ilə iş görməyi öyrənmədiyimizdən
hüququmuz ayaqlar altında əzilir; ixtiyarımız əlimizdən
alınır; mövcudiyyəti-milliyyətimizin üstə
qara pərdələr çəkilir?") məhz həmin
ildə N.Nərimanovun yazdığı "Mühim bir məsələ:
Qori Seminariyası nerədə olmalı?" (1906) adlı məqaləsində
bir az da geniş şəkildə ifadəsini
tapır. N.Nərimanov isə həmin məqaləsində
yazırdı: "Həqiqət bir yaxşı fikir ediniz:
yüz ildən ziyadə rus dövlətinə tabe olmuş
hankı dərdimizə bir yerə yığılıb əlac
axtarmışıq? Hankı mühüm məsələlərimizi
həll edib də onun dalınca getmişik? Həmin məsələnin meydana gəlməsini
dövlətdən tələb etmişik? Hankı ümum millətə dair işin üstə
qazamatlara düşmüşük, canımızdan,
malımızdan keçmişik? Bunlar
heç biri olmayıbdır".
N.Nərimanov
da Ömər Faiq kimi, camaatın yadına salırdı ki, cilovumuzu
dövlətə, daha doğrusu, özünü dövlət
qulluqçusu kimi aparan rus məmurlarına verib, taleyimizi
onlara tapşırmışıq. Onlar da necə
kefləri istəsə, bizi eləcə də idarə edib,
hara gəldi sürüyüblər. Biz isə
şükür edə-edə öz
mağmınlığımızla onlara kömək
etmişik.
Ruslaşma
siyasətini təhsil sisteminə hiss olunmaz şəkildə
yeridən imperiyanın niyyətini yaxşı anlayan
aydınlarımız dayanmadan maarifləndirmə işi
aparır, xalqı qəflətdən ayıltmağa
çalışırdılar. N.Nərimanov "Mühim bir
məsələ: Qori Seminariyası nerədə
olmalı?" məqaləsində təhsilli adamların (Nərimanov
onları "qanacaqlılar", savadsızları isə yenə
dırnaq işarəsi içərisində
"qanacaqsızlar" adlandırırdı) öz mənafeləri
naminə rus siyasətinə boyun əyməsini, dilini və
milliyyətini unutmasını ifşa edirdi. Göstərirdi
ki, Rusiya həmin satqın "qanacaqlıları"
mükafatlandırır, cahil, rusun dilini öyrənməyi küfr
hesab edənləri ("qanacaqsızları") isə adam yerinə qoymamaqla cəzalandırırdı.
Nəticədə həm təhsillilərimizdən, həm də
təhsilsizlərimizdən millətə ancaq ziyan gəlirdi:
"Camaatımızın "qanacaqlıları" rus
dilində çörək görüb uşaqlarına haman dili vacib bilirdilər... Kəndi ana dilinə
həqarətlə baxırdılar... "qanacaqsızlarımız"
rusu günah bilib, öz dilini də oxutmaq bacarmırdı. Məktəblərimizdə Nuhun əsrindən qalan
üsul ilə dərs verməyə kifayət edib zavallı
uşaqların, gələcək millət balalarının fəhmlərini,
zehinlərini korlatmağa çalışırdılar.
Bəli, bizim camaat da bu qulluqları göstəribdir! Dövlət
isə camaatımızın iki firqəyə bölünməyini
və bunların lisan barəsində olan fikirlərini pək
yaxşı anlayıb da "qanacaqlılarımıza" tələb
olan yemi yavaş-yavaş verib "qanacaqsızlarımızı"
əsla nəzərdən salmışdı".
Nərimanov
da rusların bizim kəndlərdə, şəhərlərdə
camaatın xərcinə məktəblər açıb həftədə
altı dərs rus dilində, bir-iki dərs də (xala xatirin
qalmasın) türk dili və şəriət dərsləri
keçilməsinə icazə verməsini pisləyir, bizim
dövlət xəzinəsinə verdiyimiz pulla bizi
ruslaşdıranları və bu siyasətə öz xeyirlərinə
görə susanları tənqid edirdi.
Ömər
Faiq, F.Köçərli kimi, Nərimanov da sadəcə məktəb
açılmasını alqışlamırdı, daha incə
təhlillərlə bu məktəblərdə hansı dərslərin
və necə keçilməsi məsələsini
çözürdü. Bu müəlliflərin
hər biri çox zaman məsələnin məğzini avam
camaata anlatmaq üçün eyni üsuldan - qonşu xalqlarla
müqayisə üsulundan istifadə edirdi. Məsələn, N.Nərimanov da konkret faktlara
söykənərək göstərirdi ki, ruslar erməniləri
də milli dil və tədris məsələlərində
sıxışdırdı, amma onlar həmrəy olub etiraz
etdilər və dövlət məktəblərindən imtina
edib övladlarının təhsilini evlərdə sistemli
şəkildə davam etdirdilər. Yəni
dövlət məktəbinə ödədikləri pulu
öz müəllimlərinə ödəməklə təhsil
məsələsini həll etdilər. Ruslar
bu etirazla hesablaşıb onların istəklərini yerinə
yetirməyi qərara aldı.
Bizdə
də həmin hal baş verdi və bizim
camaat nəinki həmrəy oldu, hətta ruslara yarınmaqla
işi bir az da ağırlaşdırdılar. Ziyalılarımızın
da müşahidələrini nəzərə alsaq, belə məlum
olur ki, sosial eksperimentlərdən üzüağ
çıxmayan xalqları ruslar asanlıqla
ruslaşdırır və onlarla istədikləri kimi rəftar
edirdilər. Öz dilinə həqarətlə baxan,
müti və hər haqsızlığa susan
xalqları dövlət asanlıqla
"ruslaşdırmaq" istəyəndə bu qəbildən
olan məktəblərin çoxalmağını istəyir,
həmin proqramları sabit saxlayırdı. "Qori
seminariyasında türk dili və şəriət dərsində
dövlətin politikasını gördünüz. Lakin nə səbəbə dövlət müsəlman
şöbəsini İrəvan seminariyasında
açmayıb, Qori seminariyasında açmağına diqqət
etdinizmi? Qori əhalisi gürcüdən,
ermənidən ibarət balaca şəhərdir. Bu
şəhər Tiflisdən üç saat dəmir yolu ilə
şimala tərəf olarkən, o vaxtadək Qafqaz müsəlmanlarından
bir fərd orada həmişəlik məskən etməyibdir,
yəni demək istəyirik ki, beş-on "quyu" qazan
iranlıdan başqa müsəlman tapılmaz. Belə
bir şəhərdə dövlət tərəfindən
müsəlman şöbəsini açmaq, türk və
şəriət dərslərini mürür ilə mənasız
bir şey hesab etmək nəyə dəlalət edir? 27
ilin ərzində biz camaat bunu anlamadıq, genə də
anlamazdıq" (N.Nərimanov "Mühim bir məsələ:
Qori seminariyası nerədə olmalı?").
Ömər Faiq isə "Ümidvaram" məqaləsində
tam eyni mövqedən düşünüb narahat olurdu. Özgədən
imdad, mərhəmət uman camaatı başa salmağa
çalışırdı ki, bu imperiya daxilində
bütün xalqlara eyni gözlə baxılmır, birliyi, həmrəyliyi
olan xalqa heç vaxt həqarətlə yanaşmırlar, bizə
isə elə yanaşırlar.
Müşahidələrinə əsasən valideynlərin
bir dəfə də olsun gimnaziyalarda, məktəblərdə
baş verənlərə həmrəyliklə cavab verməməsini,
müsəlman müəllimlərin hüquqsuzluğuna,
türkcə dərslərin azlığına, təlim-tərbiyədəki
naqisliyə görə hökumətə müraciət etməməsini
Ömər Faiq ürək ağrısı ilə bildirirdi. Qeyd edirdi ki, hətta sabah bu uşaqlara donuz əti yedizdirib onları
dua üçün kilsəyə aparsalar da, bizim camaatdan səs
çıxmaz. "Xeyr, əvvəlcə bir
neçə gün bərk danışacaqlar, məclislər
quracaqlar, barıt kimi partlayacaqlar. Amma
iki-üç gün sonra "Əlsəbr müftahülfərc"
deyib sui-idarəyə lənət oxuyacaqlar. Hind toyuqları kimi hirslərini endirib pozulacaqlar.
Köhnə hallarına girəcəklər.
Vaxt keçdikcə sükutlaşacaqlar".
Biz Ömər Faiqlə Nərimanovun məqalələrindən
paralellər seçdikcə təəccüblənməyə
bilmirik. Millətin, təhsilin problemlərini bu qədər
yanğı və məsuliyyətlə analiz edib, bu barədə
silsilə yazılar yazan maarifçi ziyalılar hər həlledici
məqamda tam eyni cür düşünür və fikirlərini
eyni məntiqlə əsaslandırırdılar.
Həmin
dövrə aid bir çox mətbuat səhifələrindən
də aydın olur ki, rus missioneri Smirnovun zamanında Qori
Seminariyasında türk və şəriət dərsləri
getdikcə lazımsız dərslərdən hesab olunmuş və
az qala sıradan çıxmaqda idi. Bizim müəllimlər
də Smimovun əqidəsi ilə iş görməyə
başlayırlar. "Türk dili bilmərrə
unudulur, axırda türk dilinə bir dərəcədə həqarətlə
baxılır ki, orada təhsil edib kurs qurtaran müəllimlərimiz
türk əlifbasını da bilmirlər. Ən
axırda türk lisanı seminariyada "ümumi" bir lisan
olur: müsəlman uşaqlarının əvəzinə rus,
gürcü, erməni uşaqları türk lisanı dərsində
otururlar. Müsəlman müəllimləri isə rus,
gürcü, erməni uşaqlarına türk lisanını
təlim etməklə kifayət edirlər" (N.Nərimanov
"Mühim bir məsələ: Qori seminariyası nerədə
olmalı?").
Nərimanov da göstərirdi ki, İlminskilər,
Smirnovlar öz dövlətlərinin siyasətini bir missioner
kimi mükəmməl yerinə yetirirdilər. Biz isə
öz əlimizlə özümüzə quyu qazırıq.
Nəticədə türk balaları ana dillərini
unudub ruslaşırdılar.
Camaatımız
isə başına zərbə ilə dəyən toppuzu, dəyənəyi
görmür, hiss etmir. "Görəsən,
görüb anlayandan sonra hərəkət etməməyinə
səbəb nə olacaqdır?"
Məlumdur ki, XX əsrin əvvəlləri Azərbaycan
üçün tarixi bir dönəm olub. Bütün
dünyada, Rusiyada, xüsusən də Cənubi Qafqazda baş
verənlər bizim də tarixi taleyimizi həll edirdi. Bu fürsəti əldən buraxmamaq, ondan
ustalıqla yararlanmaq üçün ziyalılar daha təşəbbüskar
və tələbkar olmalı idi. Lakin
qonşu xalqlarla müqayisədə bunun əksi hər
addımda ortaya çıxırdı. Ona görə də
həmin dövrün mətbuatında mövzu, məzmun,
ideya etibarilə oxşar məqalələrdə hətta
oxşar metafora, təşbeh, mübaliğə və bənzətmələrlə
həmin susan, laqeyd və buqələmun
müsəlman obrazı səciyyələnirdi.
Məsələn,
C. Məmmədquluzadə də bir çox əsərlərində,
o cümlədən, 1906-cı ildə "Çerivanski ilə
yoldaşının söhbəti" adlı məqaləsində
müsəlman sükunətini, mütiliyini, xalq
üçün həlledici məqamlarda söz deməli olan adamların
lal-kar kimi davranmağını satirik üsulla tənqid
edirdi. Məqalədə göstərilir ki, iki
rus dumaya müsəlmanlarla bağlı bir məsələ
çıxarılarkən hansı hadisələr baş verə
bilər? - sualını
çözür. Dialoq zamanı Çerivanski "Qorxuram
müsəlmanlar məsələsi dumada baxılarsa, müsəlmanlar
udar" - həyəcanını yaşayarkən
yoldaşı ona deyir:
"- Mən də elə bildim ki, qorxunuz polyaklardan,
gürcülərdən, ermənilərdəndir. Biz ruslar
müsəlmanların çox
qışqırıqlarını, çox hay-küylərini
eşidirik. Amma heç birinin dalı
gəlmir. İspiçka kimi tez alovlanıb tez
də sönürlər. Bir də, harda
müsəlmanlarda elə qeyrətli, həmiyyətli vəkillər
ki, "müqəddəslərə" boyun əyməkdən
qurtulub millət xeyrinə çalışalar. Müsəlmanlardan tərəf arxayın olunuz ki,
dumaya lal gəlib kor gedəcəklər" (C.Məmmədquluzadə.
"Çerivanski ilə yoldaşının
söhbəti", "Molla Nəsrəddin", 1906).
Həlledici anlarda lal, kar, kor kimi davranmaq milli xəyanətkarlıq,
Ö.F.Nemanzadənin də dediyi kimi, "ağacı
içindən yeyən qurd" xəyanəti hesab edilirdi.
Yenə həmin ildə N.Nərimanov qeyd edirdi ki, biz
azadlığımız və inkişafımız
üçün kərpici kərpic üstə
qoymadığımız zamanda başqa mübarizə aparan
xalqların hesabına bizim üçün də işıq
ucu göründü. Dövlət əlacsız qalıb əsrlərlə
hüququnu itirmiş millətlərə yavaş-yavaş sərbəstlik
verdi, indi hər millətin uşaqları
öz ana dilində təhsil də ala bilər və s.
"Bizim camaat bunları görüb yenə də lal və
kar qalmış, axırda dövlət özü
qafqazlılar üçün ümum qanun düzəldib dedi:
qeyri millətlərə verilən ixtiyar siz müsəlmanlara
da verilir. Bacarırsınız isə siz də
öz başınıza çarə qılınız.
Bu fikir ilə türk dilini müsəlman müəllimlərə
vacib bildi, qəza şəriəti də vacib bildi" (N.Nərimanov
"Mühim bir məsələ: Qori seminariyası nerədə
olmalı?").
Onu da qeyd
edək ki, 1906-cı ildə Zaqafqaziya Müsəlman Müəllimlərinin
I qurultayında H.Zərdabi ilə birlikdə sədr
seçilən N.Nərimanov iclas zamanı məktəblərdə
Azərbaycan dili təlimi ilə bağlı yeni dərs
proqramı, ana dilində yeni dərsliklər
hazırlamağın zəruriliyini diqqətə
çatdırmış, eləcə də müəllimləri
millətin dərdinə əlac axtarmağa, dövlətin
qarşısında tələblər irəli sürməyə
çağırmışdır.
Ümumiyyətlə, ötən əsrin aktual problemlərini
sistemli və konseptual şəkildə mətbuata
çıxaran müəlliflərimiz bir çox hallarda
öz fikirlərini həm də məqalə qəhrəmanlarının
dili ilə ifadə edirdi. Çox hallarda bir-birinə zidd
mövqedə olan iki adam, bəzən iki
ziyalının söhbəti əsnasında yeni ideya ortaya
qoyulurdu. Məsələn, biri millət fədaisi,
digəri isə "işbaz" və yalnız
özünü, öz xeyrini düşünən tiplər
mükaliməsi daha çox olurdu. Bu
mükalimələrin əksəriyyəti isə "Bizə
nə düşübdür özümüzü bəlaya
salaq? Millət qeyrətini gərək
bizmi çəkək?" - məntiqi
ilə tamamlanırdı.
Nərimanov
"Həftə fəryadı-8" adlı məqaləsində
müəllimlərlə bağlı həmin situasiyanı
canlandırır: "...müəllimləri kəndi işlərindən
ötrü, ümumi dərdlərinə əlac aramaqdan
ötrü bir məclisə dəvət edəndə "bir
parası" dəvətnamənin üstə
yazırmış: "Görəsən, plov da
olacaqmı?" Ya xeyr: Biri "yetər xabi qəflətdə
qalmağımız, gərək işləyək, dövlətə
ümid bağlamaq olmaz. Bizə lazım şeyləri tələb
edək, verməsə, güc ilə alaq! İndi
aləmi-hürriyyətdir, qorxmamaq!" - belə
sözlər deyirmiş. Fəqət bir qeyrisi bundan
"ağıllı" "fərasətli", "qeyrətli",
yoldaşına baxıb da gülürmüş: ay biçarə,
aldığın çoxca məvacib, üç-dörd
müftə otaq, müftə odun, müftə çıraq,
müftə qulluqçu, hər ildə "çox zəhmətlərdən"
sonra "azarlayıb" şəhər kassasından aldığımız
"pasobiya" qanımızımı dəlir?! Bizə nə düşübdür
özümüzü bəlaya salaq? Millət
qeyrətini gərək bizmi çəkək?"
Ömər Faiq yuxarıda da qeyd etdiyimiz kimi, hər
şeyin onun ehtimal və mülahizələri əsasında
gəldiyi qənaətdəki kimi pis olduğunu istehzalı
şəkildə inkar edir. Ümidvar olduğunu
bildirir ki, o, özü bir çox məsələlərdə
yanıla bilər. "Amma Allah etsin ki, zənnimdə
səhv etmiş olam. Allah etsin ki, camaat məni
təkzib edə. Lakin baba, camaat mənim bildiyim camaat isə
qara yazılarını həmişə ağ
görüləcəkdir. Nə tövr görünməsin
ki, sui-tərbiyə daha açığı bizi
ruslaşdırmaq üsulu yalnız Qoridə deyil!
Baxınız: Gəncə, İrəvan, Qarabağ, Şəki,
Şamxor, Tiflis, Bakı..."
Ömər
Faiq real mənzərədəki problemləri, hansı ki o
problemləri cəmiyyətin böyük hissəsi
görürdü, onları xüsusi intonasiya ilə diqqət
mərkəzinə gətirir və sual edirdi:
"Baxınız, Allah xatiri üçün baxınız
ki, bu qədər şəhərlərimizin birində
beş-on adam, beş-on ürəyi yanan varmı ki, beş dəqiqə
uzaqdakı inspektorun yanına ittifaq ilə gedib məktəbin
sui-tərbiyəsindən, müsəlman dərslərinin
azlığından, övladlarının müsəlmanca
heç bir zad bilmədiklərindən şikayət etsinlər?"
"Bu günlər və
bizim rəhbərlər" ("İrşad", 1906)
adlı məqaləsində Ömər Faiqin bir publisist kimi həyəcan
və narahatlığı daha çox diqqəti cəlb edir.
Həmin günlərdə - hər kəsin,
milyonlarla ac, fədakar, azadlıqpərəst insanın
üzü Peterburqa, Millət Məclisinə çevrildiyi bir
zamanda müəllif diqqətini bizim rəhbər şəxslərə
yönəldir. Xalqının taleyini
düşünənlərin gözü və qulağı
daha da həssaslaşıb. Millət vəkillərimizi
ürəkləndirmək, onlara taleyüklü qərarlarımızı
ucadan bəyan etmək üçün cəsarət
teleqramları göndərilir.
Ömər Faiqin publisistikada çox maraqlı bədii
mətn konteksti, ab-havası yaratmaq qabiliyyəti var. Təkcə
emosionallıq və obrazlılıq deyil, həm də
süjet elementlərindən mətnin ideyası
üçün istifadə məharəti diqqəti cəlb
edir. Tənqid edəcəyi, onu bir ziyalı, bir ictimai
xadim, müəllim kimi qəzəbləndirən məqamı
önə çıxarmaq, fikri o nöqtəyə yönəltmək
üçün əvvəlcə bədii mühit
yaradır. Məsələn, həmin
günlərdə coşqu və ümidlə azadlıq,
müstəqillik naminə fədakarlıq edən hər kəsin
bacardığı işləri necə yerinə yetirməsini
sadalayır. Kimi teleqraf göndərir, kimi
qəzet sütunlarında bu mövzu ilə bağlı
xalqı maarifləndirən məqalələr yazır, vəkillər,
müəllimlər, redaktorlar, naşirlər sanki mücadiləyə
qalxıblar. Həmin günlərdəki coşqulu fəaliyyəti
"insaniyyət yolunda axıdılan qanlara bərabər"
bir fədakarlıq hesab edən müəllif rus,
gürcü, erməni din xadimləri, ruhanilərinin də bu
günlərdə xalqları ilə bərabər
yaranmış vəziyyətdən istifadə etmək
üçün gördüyü işi göz önünə
gətirir: "Bu günlər rus keşişi fəzilətli
cənab İvan Brixniçevin on altı səhifədən
ibarət həftəlik çıxardığı "Dur,
ey yatmış" qəzeti oxunub ibrət götürülməli
qiymətli bir əsərdi" və s.
Sonra üzünü çevirir bizə, müsəlman
türklərə tərəf. Bizim də azadlıq,
müstəqillik sevən bir qövm olduğumuzu xatırladaraq
bildirir ki, "hürriyyət və müsavatın
anası" olan biz müsəlmanların dini kitabında, əxlaq
və düşüncəsində özgürlük, ədalətlilik,
mərhəmət daha çox arzulanan nemətlərdir.
Ömər Faiq bu məqaləsi ilə müsəlmanları
Qafqazda insanlar cərgəsində haqq və ixtiyar sahibi olmayan
bir camaat, tayfa kimi təqdim edir. Amma məqam
gəlib ki, bizim də Ruhani idarəsi sözünü
hökumətə israrla çatdırsın. "Əlbət, belə dar, lazımlı günlərdə
bizim rəhbərlərimiz də hümmət və qeyrətdən
geri durmazlar".
Bundan
sonra müəllif süjetin ekspozisiyasını bir az da həyəcanlı, tərəddüdlü
notlara kökləyir: "Həmd olsun bu ümidlər
boşa çıxmadı. Bizim rəhbərlər
də özlərini göstərdilər. Mayın 7-də
idareyi-ruhaniyyə rəisləri, üzvləri və qeyri
qulluqçuları cənab müfti əfəndinin rəyasət
xanələrinə cəm oldular, bu günlər müsəlmanların
hər tərəfdən sıxılıb əzilməklərinə,
zülm və cövr görməklərinə, bir sözlə,
zəmanənin təqazasına görə fürsəti qənimət
bilib müşavirəyə başladılar".
Məqalənin bu hissəsinə qədər yazar Ruhani
idarəsi rəisinin, üzvlərinin tərəfdaşı
və alqışçısı kimi çıxış
edir. Onlara haqq qazandıraraq göstərir ki, bu
yığıncaq vacibdir, çünki mayın 24-nə təyin
olunan ümumi məclisdə görüləcək işlər
indidən müəyyənləşməlidir və s.
Yazının
sonrakı hissəsi üçün müəllif maraqlı bir cümlə
işlədir: "Budur ki, vaxt fövtə verilməyib
şiddətli xahişlər ilə müşavirə
başlandı. Bəli, başlandı..."
Ömər Faiqin məzmuna uyğun kontrastlı, dramatik vəziyyət yaratmaq bacarığı ideyanın məğzinə vurğunu sala bilir. Məsələn, xalqların gələcək taleyi ilə bağlı Peterburqda Millət Məclisinin yığıncağı olacağı xəbərindən şad olan müəllif bizim ixtiyar sahibi rəhbərlərimizin öncədən toplaşıb məsləhət-məşvərət etməsinə daha çox həyəcanlanır. Ümid edir ki, böyük gələcəyin əvvəli bu kiçik toplantılarda qoyulacaq. Hətta emosional, obrazlı təsvirlə öz həyəcanının portretini yaradır: "Lakin mənim də əlimdəki qələm titrəməyə, gözlərim yaşarmağa başladı. Uf, nə üçün bu qədər xəfif ürəkliyəm? Ah, nə üçün yaralarımıza baxmağa, onların halını anlatmağa təhəmmülüm yox. Xeyr, xeyr, belə olmamalı. Bu vaxtda, hər saatın hər dəqiqəsində böyük bir inqilab gözlənən belə bir zamanda, Xıdır ürəkli, aslan qüvvətli olmaq lazımdır. Bəli, bəli, iş vaxtında acizə arvadlar kimi əl titrətməkdən, yaş axıtmaqdan nə fayda? Qorxusuz söz, ciddi iş lazımdır".
Qorxusuz söz, ciddi iş əvəzinə həmin rəhbərlərin yığıncağında ruhanilərin nişan və medal almağı məsələsi müzakirə edilir. Bildirilir ki, rus hökumətinə rəğbət bəsləyən adamlar, xüsusən ruhanilər nə üçün medal nemətindən məhrum olmalıdırlar? Toplantının ana mövzusu - "Ədalət və insafə müvafiqmidir ki, "medal" alan ilə almayana təfavüt qoyulmasın? Əlbəttə ki, döşündə medal ilə rus qulluqçusunun hüzuruna varanda medala baxıb hörmət edər..." - ideyası ilə əlaqələndi. Digər məsələ isə ruhanilərin rus təəbəsindən olmağının vacibliyini gündəmə gətirmək şərti ilə əlaqəli idi. Başqa bir məsələ xarici ölkəyə pul göndərmək istəyənlərin Ruhani idarəsindən izn alması məsələsi idi. O da vurğulanmışdı ki, kim bu şərtə əməl etməsə, bu barədə rus hökumətinə xəbər edəcəklər və s.
Məqalənin bu məqamında artıq kuliminasiya nöqtəsinin partlayışını hiss edirik. Rusiyada, Qafqazda milli, dini problemlərimizlə bağlı fundamental addımlar atmalı olduğumuz halda ruhanilərin medal hərisliyi, vergi iştəhası və azadlıq deyil, təəbəlik xahişi heyrət doğurur. Bir zamanlar azadlıq düşməni olan xristian keşişləri də haqq naminə səslərini qaldırdığı, erməni katalikosunun millət məclisinə öz milləti adından uzun bir teleqraf göndərdiyi tarixi bir zamanda bizim rəislərimiz nişan və medal istəyir, millətə faydası olan heç nə demək istəmirlər. Ömər Faiq ürək ağrısı ilə yazır: "Demək ki, bizim ruhanilər Rusiyanın köhnə istibdadına, köhnə zülmünə əllərindən gəldikcə artıq çalışırlar. Demək ki, hürriyyət-pərvərlər arzularına nail olub köhnə idareyi-zaliməni dəyişdirsələr, bizim sahibi-mənsəb ruhanilər razı olmayacaqlardır".
Süjetin düyün açılışı məqamı isə sarsıdıcı müraciətlə (Ey binəva camaat! Görürsünüz, bizim idarələrin xidmətlərini! Heç kəs belə xidmətin vəzaifi-idarəyə aid olmadığını söyləmir. Eyb deyilmidir ki, idarələrimiz casusluq, xəbərçilik, şpionluq edir?!") davam edir.
Final isə daha kədərlidir. "Ümidvar" imzalı şəxs (Ömər Faiq) bütün ümidlərini itirir. Məlum olur ki, biz müsəlmanların boynuna vurulan əsarət zəncirlərinə səbəb yalnız rus hökuməti deyilmiş, həm də vəzifə postlarındakı öz ruhani atalarımız, rəislərimiz imiş. Ağacı içərisindən yeyən qurdlarımız...
Epiloq əvəzi sonluqda isə Ömər Faiq özünə müraciət edib. Özünə ümidli olmağı tövsiyə edir: "Amma ey Ümidvar! Sən də adını "Ümidvar" qoyub bu qədər biümid olma! Dünya əsl həmiyyətdən xali deyildir. Millətin fəryadı, fağır-füqəranın göz yaşları zülm və cəhalətdən, keyfi idarələrdən göylərə qalxır. Millətimizin azad və müsavatsız heç bir haqq və ixtiyara malik ola biləcəyini mənfəətpərəstlər, kutah beyinlər, əbdi-zülmlər bilmirlərsə, alimi rəbbanilərdəmi bilməyəcəklər? Yox, yox, bizim ümidimiz mayın 24-də cəm olacaq həmiyyətli və həqiqi alimlərimizə, məlumatlı ürəfamıza çox-çoxdur".
İradə
MUSAYEVA
525-ci qəzet.- 2023.- 2 fevral.- S.12-13.