Şah Abbas və Azərbaycan türk
dövlətçiliyi
Bu
yaxınlarda tarix elmləri doktoru Mehman Süleymanovun "Səfəvilər"
silsiləsindən 7-ci və 8-ci kitabları çapdan
çıxıb. Kitabların hər ikisi Azərbaycan
dövlətçilik tarixində xüsusi yeri olan I Şah
Abbas Səfəvinin həyatı və fəaliyyətinin
arasdırılmasına həsr edilib. Bu mövzu Azərbaycan
tarixşünaslığında ilk dəfə geniş tədqiqatın
obyektinə çevrilib. Müəllifin həmin
tədqiqatı əsasında hazırlanmış məqaləsini
oxuculara təqdim edirik.
1501-ci ildə Azərbaycan hüdudlarında Şah
İsmayıl tərəfindən əsası qoyulan Səfəvi
dövlətinin sərhədlərini qısa dövr ərzində
xeyli genişləndirmək mümkün oldu. Uğurlu fəthlərdən
sonra çox geniş ərazilər mərkəzi Təbriz
olan Səfəvilər dövlətinə birləsdirildi.
Şah İsmayılın hakimiyyəti illərində bu
dövlətin hüdudları şimalda Şimali Qafqaz, cənubda
Hind okeanı sahillərinə, şərqdə Herat və Qəndəhar,
qərbdə isə Bağdada qədər uzanırdı və
Şərqin və islam dünyasının ən
böyük və güclü dövlətlərindən biri
idi. Şah İsmayılın oğlu Şah Təhmasibin
hakimiyyəti illərində də Səfəvi dövləti
öz qüdrətini və əzəmətini qoruyub saxlaya
bildi. Səfəvi dövləti ilə nəinki
onun böyük və güclü qonşuları, hətta
Avropanın güclü dövlətləri də
hesablaşırdılar və həmin dövlətlər hər
vasitə ilə Səfəvi dövləti ilə əlaqələr
yaratmağa çalışırdılar. Lakin Şah Təhmasibin dünyasını dəyişməsindən
sonra onun varisləri tərəfindən Səfəvi dövlətinin
bu əzəmətini və qüdrətini qorumaq
mümkün olmadı. Doğrudur, Səfəvi
dövləti bölgənin böyük və güclü
dövləti olaraq qalmaqda idi. Lakin Şah
Təhmasibdən sonra hakimiyyətə gələn övladlar
II Şah İsmayıl və sonra da Şah Məhəmməd
Xudabəndə hakimiyyət təcrübəsizliyi
üzündən səltənətin şərqində və
qərbində böyük əraziləri itirmək məcburiyyəti
qarşısında qaldılar. Səltənət
daxilində ziddiyyətlər və hakimiyyət uğrunda
mübarizə gücləndi, Səfəvi dövləti
getdikcə zəifləməyə və öz qüdrətini
itirməyə basladı. Bu prosesin uzun
müddət davam edəcəyi təqdirdə Səfəvi
dövlətinin parçalanması dönməz bir xarakter ala
bilərdi. Məhz belə bir dövrdə
Səfəvi dövlətinin taleyini Şah Abbas öz əlinə
aldı. Hakimiyyətə gələndə
onun cəmi 17 yaşı var idi. Kifayət
qədər gənc və hakimiyyət təcrübəsizliyi
olan bir gəncin böyük səltənətə
hökmdarlıq etməsi və onu
qarşılaşdığı dərin böhrandan
çıxarması indi hamı üçün bəlli olan
bir tarixi faktdır.
Şah Abbasın hakimiyyət illəri Səfəvi
dövlətçilik tarixinin yeni bir dövrüdür və
bu dövrün bir neçə xarakterik xüsusiyyəti
vardır. Hər şeydən əvvəl Şah Abbas hakimiyyəti
ənənəçilik üzərində qurulmuşdu.
Bu hakimiyyət Şah İsmayıl tərəfindən
əsası qoyulmuş və Şah Təhmasib tərəfindən
daha da möhkəmləndirilmiş dövlətçilik
dayaqları üzərində inkişaf edirdi. Şah Abbas özünü adları çəkilən
bu şahların varisi sayırdı və onların işini
davam etdirirdi. Onun qarşısında
dayanan başlıca məqsəd də Şah Təhmasib
hakimiyyətindən sonra böhran içərisində olan Səfəvi
dövlətinin itirdiyi ərazilərin geri qaytarılması,
Şah İsmayıldan miras qalmış səltənət
hüdudlarının bərpa edilməsi idi. Şah Abbas öz hakimiyyətinin gücünü və
möhkəmlənməsini də bunda görürdü.
O, Şah İsmayılın qılıncının
gücü ilə fəth edilmiş ərazilərin səltənətdən
qoparılması ilə razılaşmırdı və Səfəvi
dövlətinin ilkin nüfuzunun geri qaytarılması
üçün bütün hakimiyyəti illərində
mübarizə aparmışdı.
Şah Abbas bir daha göstərdi ki, Səfəvi
dövləti onun əcdadları tərəfindən möhkəm
özüllər üzərində qurulubdur və əcdadları
tərəfindən əsası qoyulmuş dövlətçilik
ənənələrinin yaradıcı şəkildə və
əzmkarlıqla davam etdirilməsi bu dövlətin
inkişafının mühüm şərtlərindən
biri idi.
Səfəvi dövlətinin Şah Abbas
dövrünün başqa bir xarakterik xüsusiyyəti onun
öz etnik-milli mənsubluğunu qoruyub saxlamasıdır. Bu cəhət
elə Şah Abbas dövründə də Səfəvi
dövlətinin inkişafını şərtləndirən
mühüm amillərdən biri idi. Əsasının
qoyulduğu dövrdən başlayaraq Şah Abbasın hakimiyyəti
illərində də Səfəvi dövləti
türklük üzərində qurulmuşdu və türk
amili bu dövlətinin mahiyyətinin müəyyənləşdirilməsində
xüsusi rol oynayırdı. Məlumdur ki,
Səfəvi dövlətinin etnik tərkibi son dərəcə
zəngin idi və onun sərhədləri daxilində
çoxlu sayda xalqlar yaşayırdı. Onların
da dövlətin ictimai həyatında onların rolunu inkar etmək
doğru olmazdı. Lakin dövlətin
ictimai, siyasi, hərbi həyatının müəyyənləşdirilməsində
türk amili aparıcı rol oynayırdı. Səltənətin idarə edilməsi, onun siyasətinin,
ideologiyasının müəyyənləşməsi
türk amili ilə birbaşa bağlı idi. Səltənətin taleyi məhz türk amili ilə
müəyyənləşirdi. Bu amilin səltənət
daxilindəki aparıcı rolu dövr üçün
sübuta ehtiyacı olmayacaq bir reallıq idi.
Bu baxımdan elmi-tarixi ədəbiyyatda Səfəvi
dövlətinin İran məfhumu ilə eyniləsdirilməsi
mütəxəssislər tərəfindən heç də
birmənalı şəkildə qəbul edilmir. Çünki
bəllidir ki, İran məfhumu elmi-tarixi ədəbiyyata məhz
coğrafi anlam kimi gəlmişdi və bu coğrafi məkanın
bəlli sərhədləri də mövcud idi. Amma son dövrlərin elmi-tarixi ədəbiyyatında
hətta orta əsrlərə aid edilən araşdırmalarda
belə İran məfhumuna daha çox siyasi məzmun verilir və
bu zaman onun coğrafi anlamı siyasi məzmunun kölgəsində
qalır. Mütəxəssislərin fikrincə, erkən
orta əsrlərdən başlayaraq təxminən altı
yüz il İran məfhumunun hansısa bir
anlamda istifadə olunması ilə bağlı yazılı ədəbiyyatda
rast gəlmək mümkün deyil. Yalnız
Elxanilərin hakimiyyəti illərinə aid olan qaynaqlarda
İran məfhumunun yenidən canlandırılması ilə
qarşılaşmaq mümkündür.
Orta əsr qaynaqlarında, o cümlədən, Səfəvi
dövrünə aid olan qaynaqlarda İran məfhumunun bəzi
hallarda işlənməsi ilə rastlasmaq mümkündür. Məsələn,
mülki-İran, məmləkəti-İran və sair. Sonralar isə bu ifadələr qısaldılaraq sadəcə
İran kimi işlədimişdi. Amma bu
ifadələrdə İran sözünün siyasi deyil,
coğrafi anlamda olması göz qabağındadır. Səfəvilər dövrünə aid
aparılmış sanballı araşdırmalarda da
yuxarıdakı ifadələrdə İran sözünün
məhz coğrafi anlamda olması öz əksini tapıb.
İngilis tədqiqatçısı Rocer Seyvorinin
yazdığı kimi, müəyyən müddət
keçdikdən sonra isə "İran"
sözünün məzmun baxımından transformasiyaya məruz
qalması və onun tədricən siyasi-coğrafi məzmun kəsb
etməsi baş verdi.
Səfəvi dövlətinin ərazisinin böyük
hissəsinin İran coğrafi anlayışına aid edilən
ərazilər olması, sözsüz ki, qəbul olunmalıdır. Lakin Səfəvi
dövlətinin ərazisi heç də İran
coğrafiyası ilə məhdudlaşmırdı. Şah İsmayıl Səfəvilər dövlətinin
əsasını heç də İran ərazisində deyil,
Azərbaycan ərazisində qurmuşdu. Sonradan
isə bu dövlətin sərhədləri ilk növbədə
İran hesabına, sonra isə başqa ərazilər
hesabına genişləndirilmişdi. O cümlədən,
Səfəvi dövlətinin tərkibinə
qatılmış İraqi-ərəb (Bağdad və onun ətrafı),
Hörmüz, Orta Asiya əraziləri, hazırda
Əfqanıstan ərazisində qalmış Herat, Qəndəhar
və digər ərazilər İran coğrafiyasına aid olan
ərazilər deyildi. Ona görə də Səfəvi
dövlətinin ərazilərinin İran coğrafiyası ilə
məhdudlaşdığını güman etmək və
sonra da Səfəvi dövlətini İran dövləti kimi
təqdim etmək tarixi reallığı tam şəkildə
əks etdirmir.
Başqa sözlə deyilərsə, Səfəvi
dövləti Azərbaycanda yaradıldıqdan sonra İran və
ona qonşu olan coğrafiyaya yayılmış türk
dövləti idi.
Səfəvi mövzusunda olan mənbələrdə tək-tək
təsadüf edilən İran sözü, heç də
bütünlüklə İran coğrafiyasında mövcud
olan dövləti ifadə etmirdi. O dövrün müəllifləri
və eləcə də şahlar tərəfindən
aparılan yazışmalarda Səfəvi dövlətinin
adının qələmə alınması üçün
müxtəlif ifadələrdən istifadə olunmuşdur. Həmin ifadələr arasında daha çox "məmaliki
məhrusə" ifadəsi ilə qarşılasmaq
mümkündür. Məsələn,
"Xülasüt-təvarix" əsərinin müəllifi,
Şah İsmayıldan miras qalmış dövlətin ərazisini
xatırladanda, yazırdı: "Onun məmaliki məhrusəsinə
Azərbaycan, ərəb İraqı, əcəm
İraqı, Xorasan, Fars, Kirman, Xuzistan və hakimiyyətinin əvvəllərində
Diyarbəkr daxil idi" . O da bildirilir ki, məhz
bu ifadə sonralar transformasiya olunaraq "məmaliki-İran",
"məmləkəti-İran" və onlar da dəyişikliyə
məruz qalaraq sadəcə "İran" halına
düşmüşdü. Ona görə
Şah İsmayıla Osmanlı sultanı tərəfindən
yazılmış məktubda onun "İran
padşahı" adlandırılmasına da təsadüf
etmək mümkündür (Xülasüt-təvarix, s.155).
Əslində, bu ifadədə də
"İran" sözü dövlətin adı anlamında
deyil, dövlətin hakimiyyəti altında olan ərazi kimi nəzərdə
tutulub.
Qeyd etmək
lazımdır ki, hətta Səfəvi dövlətinin ikinci
şahı olan Şah Təhmasib də özündən irs
qoyduğu "Şah Təhmasibin təzkirəsi"
adlı, elm aləminə yaxşı məlum olan əsərində
"İran" sözünü bir dəfə də olsun
xatırlatmayıb. Bu əsərində o, hökmdarı
olduğu dövləti "Qızılbaş vilayəti",
"bizim ölkə", "Şərq ölkəsi"
kimi təqdim edib.
"İran" sözünün siyasi məzmununun
qabardılması ilə elmi-tarixi ədəbiyyatda həm də
Səfəvi dövlətinin mahiyyət və xarakterinin gizlədilməsi
meyli özünü göstərməkdədir. Bir sıra
müəlliflər öz əsərlərində
"İran" sözündən gen-bol istifadə etməklə
İran coğrafiyasında mövcud olan dövlətlərin
bir çətir altına gətirilməsinə, onların
etnik-siyasi mənsubiyyətinin İran dövlətçiliyi
ilə məhdudlaşdırılmasına cəhd göstərirlər.
Bununla da, Səfəvi dövlətinin mənşəyinin
doğru və obyektiv dəyərləndirilməsi
üçün onun etnik-siyasi mənsubiyyəti diqqətdən
kənarda saxlanılır, dövlətin mənşəyinin
müəyyənləşdirilməsinə qeyri-elmi
yanaşma tətbiq edilir.
Bir sıra tədqiqatçılar da Səfəvi
dövlətinin İran adı altında ümumiləşdirilməsini
heç də bütünlüklə qəbul etmirlər. Yəni Səfəvi
dövlətinin təşkilatlanmasının əsası
olan qızılbaslara məxsus mədəniyyətlə
İran coğrafiyasında məskunlaşan etnik tərkibin mədəniyyəti
eyniləşdirilmir və qızılbaşlar tərəfindən
İran coğrafiyasına həm də yeni bir dövlətçilik
mədəniyyətinin gətirildiyi bildirilir. Məsələn, mütəxəssislər də
bildirirlər ki, Səfəvilər XVI əsrin əvvəlində
İranı fəth etdilər və İrana zorla şiə məzhəbini
qəbul etdirdilər. Yəni Səfəvi
dövləti iranlıların yaratdığı dövlət
deyildi, İran coğrafiyasına kənardan gətirilmiş
bir dövlət idi. Səfəvi tarixinin
sanballı tədqiqatçılarından olan Minorski
yazırdı ki, qızılbaşlarla iranlıların
müştərək milli tarixi yox idi. Onun
sözlərinə görə, bu iki tərkib arasında
müəyyən məsələlərdə bir
barışmazlıq da var idi və qızılbaşlar təsəvvür
edə bilmirdilər ki, Səfəvi dövlətinin əsas
dayaqlarından biri olan qızılbaş qoşunlarında
iranlılar aparıcı vəzifə tutmuş olsunlar
(R.Seyvori). Başqa bir tədqiqatçı
bildirirdi ki, Şah İsmayılın qanında iranlı
qanı yox idi və ya çox cüzi idi. Hakimiyyətə
gələndən sonra o, iranlı irqini və dilini həqarətlə
qarşıladı və İranı qızılbaş
tayfalarının hakimiyyətinə verdi. Bu tədqiqatçı onu da yazırdı ki,
türk dövlətlərini (iki yerə
parçalanmış Ağqoyunlu dövləti nəzərdə
tutulur) devirməkdə və vahid dövlət yaratmaqda məqsədi
heç də İranın siyasi və milli vəhdətini təzələmək
deyildi. Yəni Şah İsmayıl
heç də İran dövləti yaratmırdı.
İranlılar
deyəndə tədqiqatçılar bir qayda olaraq fars etnik tərkibinin üstünlük təşkil
etdiyi bir toplumu nəzərdə tuturlar. Səfəvi dövlətinin
tarixində digər etnik tərkiblər kimi, fars
etnik tərkibinin də müəyyən rolu olması istisna
deyil. Amma dövlətin mənşəyinə gəlincə,
Səfəvi dövləti türk (Azərbaycan)
torpağında, türklər (Azərbaycan türkləri) tərəfindən
yaradılan, türk tayfa ənənələrinin xüsusi
yer aldığı, türk (Azərbaycan) dilinin əsas
ünsiyyət dili olduğu, dövlətin ictimai, siyasi, hərbi,
mədəni həyatının əsasını türklərin
təşkil etdiyi bir dövlət idi. Azərbaycan
ərazisində bu Azərbaycan dövləti
yaradıldıqdan sonra Şah İsmayıl digər ərazilər
hesabına Səfəvi dövlətinin sərhədlərini
genisləndirə bildi. Təsadüfi
deyildi ki, bəzi Səfəvi dövrü mənbələrində
Azərbaycanda öz dövlətini yaratmış Şah
İsmayılın sonradan fəth etdiyi ərazilər "zəmime-ye
məmləkəti-Azərbaycan" (Azərbaycan məmləkətinin
əlavəsi) adlandırılmışdı.
Səfəvi dövlətçilik sisteminin
qurulmasında da türk idarəçilik təcrübəsi
aparıcı yerə malik idi. Burada həm Qaraqoyunlu,
həm də Ağqoyunlu dövlətlərinin idarəçilik
təcrübəsindən, habelə, digər türk tayfa idarəçilik
elementlərindən geniş istifadə olunmuşdu. Səfəvi dövləti tarixdə mövcud
olmuş türk dövlətçilik mədəniyyətinin
yeni bir inkişaf səviyyəsi idi. Əslində,
bu təbii idi. Çünki bölgə
coğrafiyasında mövcud olmuş fars və
ərəb dövlətçilik təcrübəsindən
artıq uzun bir müddət keçmişdi. Ona görə də
Səfəvi dövlətçilik mədəniyyəti
üçün daha real baza atabəylərin, teymurilərin və
onlardan daha yaxın olan Qaraqoyunlu və Ağqoyunlu türk
dövlətçilik mədəniyyəti, habelə türk
tayfa idarəçilik mədəniyyəti ola bilərdi. Şah İsmayıl tərəfindən türk
tayfalarına dayaqlanmaqla əsasını qoyduğu Səfəvi
dövləti isə həmin dövlətlərin təcrübəsinin
daha yüksək səviyyəsi idi.
Şah Abbasın hakimiyyəti illərində də
dövlət idarəçilik sistemi əsasən türklər
üzərində qurulmuşdu və bu idarəçilik
sisteminin inkişafı da türk tərkibinin fəallığı
ilə bağlanılırdı. Səltənətin ən
yüksək idarəetmə aparatının mənsublarını
nadir istisna ilə qızılbaş əmirləri təşkil
edirdilər. Hətta Azərbaycan
arealından kənarda olan vilayətlərin hakimlərinin də
əksəriyyətini qızılbaş əmirləri təskil
edirdilər. Qızılbaş əmirlərinin
hakim təyin edildiyi vilayətlərə də türk
tayfaları köçürülürdü və onlar orada
dövlətçiliyin əsasını və sütununu təşkil
edirdilər. Bununla, vilayətlərdə
elat-tayfa hakimiyyəti möhkəmləndirilirdi. Məsələn, iranlı tədqiqatçı
A.Cavadi yazırdı ki, uzun müddət Şirazda Zülqədər
tayfası, Yəzddə Əfşar tayfası, Heratda
Şamlı tayfası məskunlaşmışdı. Kaşan və Qumda da xeyli sayda türk mövcud idi.
Onların varlığı həmin vilayətlərdə
eyni zamanda türk (Azərbaycan) dilinin daha geniş şəkildə
rəvac tapmasına imkan verirdi və türk dili işlək
ünsiyyət dili kimi bütün Səfəvi ərazilərinə
yayılırdı.
Səfəvi sarayında Azərbaycan türkcəsinin işlənməsi özü də bu dövlətin etnik-milli mənsubiyyətinin göstəricisi idi. Şah Abbasın hakimiyyəti illərində Azərbaycan dilinin səltənət daxilində, xüsusilə də sarayda işlədilməsi daha da genişlənmişdi. Azərbaycan türkcəsi rəsmi danışıqların, qəbulların aparılmasında istifadə olunurdu, Şah Abbas xarici qonaqları Azərbaycan türkcəsində qarşılayır, salamlayır və onlarla söhbət edirdi. Qərb səyyahları öz xatirələrində Şah Abbasla görüşün məhz türk dilində aparıldığını yazırdılar. Məsələn, italiyalı səyyah Pyetro Delavalle yazırdı ki, saraya daxil olanda Şah Abbas ondan türkcə bilib-bimədiyini soruşdu və sonra da ona türkcə "xoş gəldin, səfa gəldin" dedi. İtaliyalı səyyah sonra yazırdı ki, Şah Abbas onunla türkcə söhbət etdi, ona, səfərin gedişi ilə bağlı suallar verdi.
Azərbaycan türkcəsinin Səfəvi dövləti həyatında xüsusi rol oynamasının nəticəsi idi ki, P.Delavalle, habelə Şah Abbasın sarayında yaşamış və iki dəfə Avropa ölkələrinə Səfəvi elçisi kimi göndərilmiş ingilis təbəəsi Robert Şerli Azərbaycan türkcəsini yaxşı öyrənmişdi və bu dildə sərbəst danışa bilirdi. Bəzi məlumatlara görə, P.Delavalle hətta Azərbaycan türkcəsində ədəbi əsərlər də yazmağa müvəffəq olmuşdu.
Səfəvi sarayında Azərbaycan türkcəsinin rəsmi və qeyri-rəsmi ünsiyyət dili olmasına artıq şübhə yeri qalmır. Əslində, Səfəvi dövlətinin əsasını qoyan tayfaların və onların təmsilçilərinin öz ana dilində ünsiyyət qurmaları və onları rəsmi ünsiyyət dili səviyyəsinə qaldırması məntiqdən kənar deyildi. Lakin burada diqqəti cəlb edən məqam fars dilinin İran coğrafiyasında və onun ətrafında kifayət qədər işləklik tapmasına baxmayaraq, Səfəvi şahlarının türk dilində danışmaları və türk dilinin səltənət daxilində geniş yayılması idi. Qərb tədqiqatçısı Devid Blou Azərbaycan türkcəsinin Səfəvi dövlətinin həyatındakı rolunu belə təsvir edirdi: "Sarayın əsas dili kimi türk dili qaldı. Amma bu dil İstanbul türkcəsi deyildi. Türk ləhcələrindən biri idi, qızılbaş türkmanlarının danışdığı ləhcələrdən biri idi. Bu türk dili Şah Abbasın da ana dili idi. Baxmayaraq ki, o, fars dilində də eyni dərəcədə rahatlıqla danışırdı".
(Ardı var)
Mehman SÜLEYMANOV
Tarix elmləri doktoru
525-ci qəzet.- 2023.- 2 fevral.- S.8;9.