Şuşa ziyarəti

 

2023-cü il, yanvar ayının 10-cu günü. Bakı-Şuşa marşrutu. Füzuli şəhəri. Əhmədbəyli kəndi. Saat 08:35. Biz - qızım Xatirə müəllim, Ağcabədi rayonunun 2 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Zeyniyeva  onun qızı Almara Şuşaya getmək üçün Füzuli rayonunun Əhmədbəyli kəndinə gəlmişik. Hava çox soyuqdur, sulu qar yağır. Yol adamları səbirsizliklə Bakı-Şuşa marşrutunu gözləyir. Çox keçmir avtobus gəlib çıxır.

Sərnişinlər avtobusa əyləşən kimi, avtobus Şuşa istiqamətində yola düzəlir. Füzuli, Xocavənd rayonlarının ərazisindən keçərkən yol boyunca ermənilərin vəhşiliyini, qəddarlığını, evlərin, tikililərin yerlə-yeksan edildiyini, xarabalığa çevrildiyini gördükcə hər birimizin qəlbində yağı düşmənə qarşı kin nifrət hissləri daha da alovlanır.

Avtobusun müxtəlif yerlərdən, fərqli təbəqədən olan sərnişinləri yol kənarında örpəyə bürünmüş sıx meşələrə, hündür ağaclara, dağlara, dərələrə, çaylara baxdıqca sevinir, möhtərəm Prezidentimizə, Ali Baş Komandanımıza, qüdrətli sərkərdəmizə, müzəffər ordumuza, igid əsgər, zabitlərimizə, qazilərimizə sonsuz hörmət ehtiramlarını bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyirdilər. Avtobusda mənimlə yaxın cərgədə əyləşən Azərbaycan Kənd Qadınlar Assosiasiyasının Şuşa qadın qrupunun sədri Seyran Şükürova öz yaxınları ilə birlikdə Şuşanı ziyarətə getdiyini bildirir. Seyran xanım əslən şuşalıdır, uzun illər Şuşa şəhərinin N.Nərimanov küçəsi, ev 16, mənzil 10 ünvanında yaşayıb. Hazırda Bərdə rayonunda müvəqqəti məskunlaşıb. Seyran xanımın sevincinin həddi-hüdudu yoxdur. O, gözlənilmədən böyük sevinclə deyir: "Ey mənim həmvənlərim, siz mənim telefon nömrəmi, ev ünvanımı götürün. Biz tezliklə Şuşada -  doğma evimizdə yaşayacağıq. Onda yolunuz buralara düşəndə, zəng edərsiniz, sizi qarşılayıb evimizə qonaq apararam. Bu arzuladığımız günlər heç uzaqda deyil".

Digər həmsöhbətim isə I II Qarabağ Vətən müharibəsi iştirakçısı veteranı, 4 medallı qazi, II qrup əlil Kamal Abdullayevdir. Əslən Füzuli rayonundandır: burada doğulub boya-başa çatdığına, bu ərazilərdə, o cümlədən, Xocavənd rayonunda döyüşlərdə iştirak etdiyinə görə bu yerlərin hər dağı, dərəsi, çayları, gölləri ona yaxşı məlumdur. Onunla yol boyu danışmaqdan doymaq olmur: bizə yolboyu Füzuli Xocavənd rayonlarına aid Məngələn Ata, Ərgünəş dağları, Köndələn, Quru çaylar, Kondələn göl, Tağ Tuğ kəndləri, eləcə toponimlərimiz haqqında ətraflı məlumat verir.

Həmsöhbətlərimizdən biri Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın bu rayonların kənd, qəsəbələrinin azğın düşmənlərimizdən azad olunmasında böyük şücaət göstərmiş, 3 medalla təltif olunmuş, hazırda Salyan rayonunun Qaraçala kəndində yaşayan Vurğun Abıyevdir.

Şuşaya çatmağımıza az qalır. Elə bu zaman yol kənarında düzülmüş eko-aksiya iştirakçılarının uca səslə söylədikləri şüarları eşidir, qürur hissi keçiririk.

Saat 13:27-də Şuşaya çatırıq. Hava mülayimdir. Hər tərəf örpəyə bürünüb. Yer sürüşkən olduğundan nəzərdə tutulmuş yerlərə avtobusla getmək mümkün olmur. Piyada hərəkət etməli oluruq.

Əvvəlcə Cıdır düzünə üz tuturuq. Hamı sevinc içərisindədir. Kimisi qartopu oynayır, kimisi rəqs edir. Hər kəs Ali Baş Komandanımıza, müzəffər ordumuza, qəhrəman əsgər zabitlərimizə dualar edir, şəhidlərimizə rəhmət diləyir.

Sonra yolumuzu böyük şairimiz, dövrünün məşhur ictimai xadimi Molla Pənah Vaqifin məqbərəsindən salırıq, 1754-cü ildə inşa edilmiş Şuşa qalasını, xan qızı Xurşidbanu Natəvanın malikanəsinin erməni vəhşiləri tərəfindən dağıldılmış qalıqlarını ziyarət edirik, Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın Bülbülün büstlərinə baş çəkirik. Qasım bəy Zakirin, Nəcəf bəy Vəzirovun, Mir Möhsün Nəvvabın, Ədürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Əhməd bəy Ağaoğlunun başqa böyük şəxsiyyətlərin xatirələrini ehtiramla yad edirik. Bu qədim şəhərimizin ayrı-ayrı yerlərində yüksək zirvələrdə üçrəngli bayrağımızın dalğalandığını görəndə çöhrəmizdəki qəm, kədər, qüssə sevinclə əvəz olunur. Şuşada gördüyümüz tarixi yerlər, şəhərin gündən-günə gözəlləşməsi, çoxmərtəbəli yaşayış evlərinin, sosial obyektlərin inşası, abadlıq, quruculuq işləri göz oxşayır.

Səfər üçün ayrılmış vaxt başa çatır. Qış fəslinə təsadüf edən bu səfərimiz yekunlaşır. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa təəssüratları hər birimizin qəlbində dərin silinməz izlər buraxır.

 

Ədalət HÜSEYNOV

Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun metodisti

525-ci qəzet.- 2023.- 3 fevral.- S.14.