"Burdan
o yanadır yolun çətini"
Bu yaxınlarda şair
Vəli Qurbanoğlunun
"Burdan o yanadır
yolun çətini"
adlı şeirlər
kitabı çapdan çıxıb. Uzun illər yazıb-yaratmağına
baxmayaraq, müəllifin
ilk şeirlər kitabı
indi işıq üzü gördü.
Şairin yaradıcılığına
nəzər saldıqda
görkəmli ədəbiyyatşünas
alim Məmməd Arifin sözləri göz önünə gəlir: "Şeir vardır ki, onu distilə edilmiş su kimi içirsən, onu hamar bir
yol kimi gedirsən, misraları, səhifələri rahatca
udursan: nə fikrə bir qida, nə hissə
bir lay düşür.
Səni heç nə narahat etmir, heç kəs bir yerə çağırmır,
ritorik cümlələr
bir-birini əvəz edir. Şeir də var ki, hər bir
misrası sənin tutub saxlayır, şüuru, hissi müdaxiləyə dəvət
edir, fikrə qida verir, düşünməyə
məcbur edir".
Vəli Qurbanoğlunun poeziyası
sözçülükdən, təsvirçilikdən ritorik
pafosdan, patetik ifadələrdən uzaq, insanı düşündürən
obrazlı poetik ifadələrlə zəngin
olan poeziyadır.
Şairin
şeirlərində diqqət
cəlb edən cəhət onun dərin həyat müşahidələr əsasında
fikrini obrazlı poetik çalarla ifadə etməsidir:
Hər əlimiz bir naxışa həvədi,
Hər çiynimiz bir karvana dəvədi,
İnsan
ömrü bərbəzəkli
gəbədi,
Qırağında Haqq deyilən yelən var.
Şairin poetik axtarışlarında
milli
köklə,
keçmişlə, yaddaşla
əlaqə bağlılığının
poetik tədqiqi üstünlük təşkil
edir. Onun poetik təfəkküründə,
düşüncəsində yaranan, üzə çıxan hər bir tapıntı, əsasən milli vətənpərvərlik ruhunu
kəsb edərək təqdim olunur.
Sözə qiymət vermək, onu misra daxilində
yerində və fikir elementi kimi işlətməyi bacarmaq, misra və bəndlərin məna dəyərini və tutumunu gücləndirməklə ümumilikdə
şeirin obrazlı poetik sistemini qorumaq V.Qurbanoğlunun bu kitabda toplanmış
bütün şeirlərində
hiss edilir.
Azərbaycan dilinin ahəngdarlığını,
söz əlvanlığını,
dolğunluğunu, şirinliyini
saxlayan xalq ədəbiyyatının zərif,
incə, məlahətli,
söz komponentlərindən
yüksək zövqlə
bəhrələnən V.Qurbanoğlu
öz şeirlərində
bu məziyyətləri
çağdaş həyatın,
müasir təfəkkürün
səviyyəsinə uyğun
inkişaf etdirərək
xalq danışıq
üslubuna xas olan söz və
ifadələrə yeni
obrazlı poetik məna və çalarlar verir:
Xəzan
tüğyan edir daha saçımda,
Qönçə də açılmır
gül ağacımda,
Tövşəyə-tövşəyə dağ yamacında,
Dərdiyim çiçəklər löyündən
düşür.
...Səadət əyləşib
fələk taxtında,
Məhəbbət gecikir görüş
vaxtına,
Bu necə ömürdür düşüb baxtıma,
Qara çözələnir, ağ düyün düşür.
Yaxud:
Urfayla oynayar, ələklə yazar,
Beşiklə danışar, bələklə
yazar,
Çarpışa-çarpışa fələklə
yazar,
Qoymayın qadınlar şeir yazalar.
Kitabda toplanmış
şeirlər öz poetik gözəlliyi, obrazlı ifadələri,
dərin məna çalarları ilə zəngindir. İndiyədək sandıq ədəbiyyatı
formasında saxlanmış
bu poetik incilər axır ki, işıq üzü gördü, oxucuların, ədəbiyyatşünasların,
ədəbiyyat və
söz sərraflarının
ixtiyarına verildi.
Vəli
Qurbanoğlu yazır ki:
Ay Vəli bəllidir sonun, əzəlin,
Kara da gəlmədi şeirin, qəzəlin,
Baxdın
arxasınca gedən gözəlin
Hayıf ki, dilinin gödək
vaxtıdır.
Ömrünün ahıl çağlarında
olmasına baxmayaraq, şair ilhamının çiçəklənən, poetik təfəkkürünün
nur saçan vaxtıdır. Obrazlı poetik söz
və ifadələr poetik təfəkkürün
məhsuludur. Kitabda verilmiş
hər bir poetik nümunədə bu, aydın görünür.
Əziz
oxucular, inanıram ki, Vəli Qurbanoğlunun
haqqında söz açdığım "Bundan
o yanadır yolun çətini" kitabı
hər bir ədəbiyyatsevənin, şeir-sənət
pərəstişkarının stolüstü kitabına çevriləcək. Bu şeirləri oxuyarkən
insan sözün, ifadənin sehrindən çıxa bilmir, ruhu təzələnir, təmiz, saf dağ bulaqlarının şəffaflığı, sərinliyi,
şəlalələrin, çayların
coşqunluğu kimi insan qəlbini riqqətə gətirir.
Odur ki, kitabın ərsəyə
gəlməsində, belə
gözəl poetik nümunələrin aşkara
çıxarılmasında, şair Vəli Qurbanoğlunun söz, sənət dünyasında
ilk uğurlu
addımlarının atılmasında
"Ələk" ədəbi
məclisinin rəhbərliyini,
kitabın çap olunmasında xidməti olan hər bir
kəsi alqışlayıram.
Bilin ki, siz bu
xeyirxah əməlinizlə
közərən bir ocağı alovlandırmısınız.
İnanıram ki, V.Qurbanoğlunun
oxuculara təqdim olunmuş bu kitabındakı şeirləri
öz poetik əlvanlığı, obrazlı,
bəşəri, assosiativ
ifadə üsulu və dərin məna çalarları ilə çağdaş poeziyamızın təkrarsız
nümunələri sırasına
daxil olacaq.
Sonda isə kitabın müəllifinə
- Vəli Qurbanoğluya
bu yolda yeni-yeni yaradıcılıq
uğurları və sağlam ömür arzulayıram. Qələmin iti, gözün nurlu, qəlbin işıqlı olsun, şair!..
Vaqif
ALLAHVERDİYEV
ADPU-nun
Ağcabədi filialının dosenti
525-ci qəzet.- 2023.- 3 fevral.- S.14.