"Axirət evində məşəlin
yanar..."
Yazıçı
Çingiz Ələkbərzadənin
xatirəsinə
...İndi
bu sətirləri yazanda mən 1991-ci ilin iyun ayında o vaxt
haqq dünyasında olan Xalq yazıçısı
Əbülhəsənin mənzilində əyləşib
oğlu - 2 il 8 ay məhbus həyatı yaşamış
yazıçı Çingiz Ələkbərzadə ilə
söhbət etdiyimiz anları xatırlayıram, o söhbətin
ayrı-ayrı epizodları kino lenti kimi gözlərimin
qarşısından keçir və bir daha inanıram ki, həyatda
heç nə təsadüfi olmur.
O vaxt mən
həmin görüşün, söhbətin bəzi məqamlarını
qələmə alıb işlədiyim qəzetdə dərc
etdirdim. Ona görə "bəzi məqamlarını"
deyirəm ki, bu günlərdə o yazını arxivimdən
götürüb yenidən oxuyanda gördüm ki,
aramızdakı yaş fərqi, Çingiz müəllimin son
dərəcə səmimi, açıq və düzü,
gözləmədiyim
etirafları, o dövrün bəzi mətbuat ənənələri
psixoloji əngələ çevrilərək
düşündüklərimin hamısını yazıya
almağa mane olubmuş və deməli, o yazı deyə biləcəklərimin
hamısı deyilmiş. Xoşbəxtlikdən həmin o
yazılmamış hissələr bugünəcən
yaddaşımın qırxıncı otağında nə
vaxtsa azadlığa çıxacağını səbrlə
gözləyirmiş və mən aradan 32 il keçəndən
sonra o yazının həmin "dustaq" hissələrinin
də yer aldığı ixtisar olunmuş yeni
variantını Çingiz müəllimin xatirəsinə həsr
edirəm.
...Çingiz
Ələkbərzadə universiteti bitirib əmək fəaliyyətinə
başlayanda Bakının komfort həyatına, yaxşı
karyeraya yol açan "yağlı" vəzifələrinə
yox, paytaxtdan uzaqlara - əyalətə, sadə adamların
yaşadığı mühitə və aşağı
ranqlı vəzifələrə olan sevdası, azad ruhu ilə
çoxlarını az da olsa təəccübləndirə
bilmişdi. Bəzi həmyaşıdları,
tay-tuşları Bakıda rahat, perspektivli iş yeri axtaranda o,
İsmayıllı rayonunun İvanovka kənd məktəbində
müəllimlik edir, ilk hekayələrini paytaxtın qaynar ədəbi
mühitindən uzaqlarda - o vaxtkı Əli Bayramlı (indiki
Şirvan) şəhərində çıxan
"İşıq", İsmayıllı rayonunun "Zəhmətkeş"
qəzetlərində müxbirlik edə-edə, kənd-kəsəyi
dolaşa-dolaşa yazırdı. Bakıya dönəndən
sonra 5 il Azərbaycan Televiziyasının "Xəbərlər"
baş redaksiyasında ştatdankənar müxbir (sonralar
Şirvan bölgəsi üzrə zona müxbiri) kimi
çalışması isə bir çox hekayələri,
"Hamilə dəniz" povesti ilə ədəbi ictimaiyyətin
diqqətini cəlb etmiş pəhləvan cüssəli bu gəncin
bir qədər fərqli, standartlara sığmayan həyat və
düşüncə tərzindən soraq verirdi.
Deyə bilərsiniz ki, qəribə nə var axı
burda? Elə atasının yazdığı
"Tamaşa qarının nəvələri"
romanının qəhrəmanı İkram orta məktəbi
qızıl medalla bitirsə də, kənddə qalıb
kolxozda işləmədimi? Azərbaycanın
hər guşəsi, rayonu, kəndi Vətənin bir parçası
deyilmi?
Yox,
iş heç də bunda deyil, əzizlərim! Əvvəla,
mən heç vaxt - nə o romanı oxuyanda, nə də indi
- İkramın səmimiyyətinə, ümumiyyətlə,
bu süjetin reallığına inanmamışam və bundan
sonra da inanacağıma əmin deyiləm - istəyir bir yox,
lap min bir roman yazılsın! Roman və real həyat,
həqiqət başqa-başqa şeylərdir. Məni buna Əbülhəsənin romanı yox,
olsa-olsa İkramın açdığı cığıra
çıxan oğlu Çingizin ömür yolu inandıra
bilərdi. Amma təəssüf ki,
alınmadı. Üstəlik, o cığır Çingizi romanın
qəhrəmanı kimi şan-şöhrətə,
uğurlara yox, heç kimin ağlına gəlməyən
bir bataqlığa - 2 il 8 aylıq türmə həyatına
apardı.
Bu dəfə
yazılanlar yox, yazılmayanlar gəldi başa.
Macəra
axtarmaq eşqini, standartdan, şablondan kənara
çıxmaq həvəsini reallaşdırmaq istəyi ona çox
baha başa gəldi - şər atılıb tutulduğu
sübut olunandan sonra bəraət alıb azadlığa
çıxan artıq boy-buxunlu, həyat
eşqli Ç.Ələkbərzadənin özü yox, onun
solğun kölgəsi idi...
"BU
TALEYİN ÜZÜ DAŞDI..."
Bu misra
Çingiz Ələkbərzadənin türmədə
yazdığı şeirdəndir - "Qobustan"
jurnalının 1990-cı il 2-ci nömrəsində
dərc olunub. Mən o şeiri oxuyanda, müəllifin
"Türmə mənim ahımdır"
başlığının yanında verilmiş şəklinə,
o şəkildən bu dünyanın gərdişini heyrət
və təəccüblə seyr edən qəm-qüssəli
gözlərinə baxa-baxa həyatın şahmat oyununa bənzədiyinə
inanmaq istəmişdim. Ç.Ələkbərzadə
o şəkildə həyatın - şahmat taxtasının
sanki ən köməksiz, ən zəif xanasında
dayanmışdı, pusquya düşmüş piyadaya bənzəyirdi,
"Şərikli çörək" filmindəki
qırçı Məmməd kimi büzüşüb
öz içinə çəkilmişdi. Bəlkə qırxını verə bilmədiyi
atasının ruhu qarşısında sıxılırdı
bu gözlərin yiyəsi? Yoxsa yeganə
oğluna halallıq verə bilməyən,
dünyasını nigaran dəyişən anasını son mənzilə
öz çiyinlərində apara bilməməsi idi onu
yandıran? Bəlkə 2 il 8 aylıq
zindan həyatında gördüyü məşəqqətlər,
mənəvi sıxıntılar, bir-birinə bənzəməyən
faciəvi insan taleləri idi ruhunu belə sarsıdan? Axı yazıçıdır, hekayələri,
povestləri, romanları çap olunub. Türmə
həyatı ona şeirlər də yazdırdı - həsrət
dolu, yanıqlı, kövrək misraların müəllifi
oldu.
Tutulandan
təxminən bir il sonra islah-əmək
düşərgəsində anasına həsr elədiyi
şeirdə Çingiz yazacaqdı:
Mənim
gözəl anam, mənim bal anam,
Vallah,
heç kim çatmaz sənə
dözümdə.
Təkcə
mənim üçün yaşa, qal, anam,
Sənin
gözlərindir yanır gözümdə...
"GÖZLƏRİM
İÇİMƏ DÜŞÜB AĞLAYIR..."
-
...İndi durub desəm ki, mən aydan arı, sudan
duru adamam - yalan olar axı. Bilirsən, qardaş, canım
üçün, mən indi,
tutalım, 5-6 il arxaya baxanda fikirləşirəm ki, ola
bilsin zindana düşməyim nə vaxtsa elədiyim bir səhvinmi,
günahınmı cəzası idi. Hərə
öz cəzasını bir cür çəkir də. Mənimki də belə gətirdi. "Zindan" romanında hamısını
yazmışam. Orda öz obrazımı da
yaratmışam. Bax o romanda jurnalistin cibinə
əvvəlcə guya hörmət əlaməti olaraq pul
qoyurlar. Bir dəfə, iki dəfə... Beləcə
sındırırlar onu. Növbəti dəfə
isə pulu heç özünün xəbəri olmadan cibinə
qoyub qandalı keçirirlər qoluna.
-
"Zindan" romanını harda yazmısınız - türmədə,
yoxsa..?
- "Zindan"ı bu yaxınlarda tamamlamışam. Orada
yazdğım nəsr əsəri "Dünyanın
qopduğu yer" romanıdır. Sağ olsun Yusif
("Azərbaycan" jurnalının o vaxtkı baş
redaktoru Yusif Səmədoğlu - Ə.H.), birinci o zəng
vurub məndən əsər istədi. Çap
elədilər və yaxşı da qonorar verdilər.
- Mənim
üçün çox maraqlıdır - orada o boyda
romanı necə yazmısınız? Dörd təkər
üzərində üç istintaq təcridxanası
arasında get-gəl edə-edə, islah düşərgəsində
işləmək çətindir axı.
- Nəyə
görəsə lap çoxdan içimdə belə bir inam
kök salmışdı ki, ən böyük əsərimi
50 yaşım tamam olandan sonra yazacam. Əlli yaşım
1986-cı il oktyabrın 17-də tamam oldu. Onda mən Şüvəlan təcridxanasında
idim. Canım üçün, mənə bir yazmaq həvəsi oturmaq
səbri gəldi ki... Döşəndim
kağız-qələmə. Dizlərimin
üstündə yazırdım. Mən həmişə
öz xahişimlə çoxadamlıq kameralarda oturmuşam.
Amma heç bir səs-küy o əsəri
yazanda mənə mane olmurdu. Görünməmiş
bir ehtirasla, həvəslə yazırdım. Tez-tez gəlib yoxlayır, yazdıqlarımı
aparmaq istəyirdilər. Romanı Gəncə
təcridxanasında tamamladım. O əsərlə gələn
həvəs isə hələ də canımdadır. "Zindan"ı da həmin inersiya ilə
yazmışam, "Sim-sim, qapını aç"
kinossenarisini də. İndi
"Qumarbaz" povestini yazıram.
-
Dustaqxana həyatına belə münasibət,
görünür, orada yaşadıqlarınızın,
gördüklərinizin təsirindən irəli gəlir.
- Ora da həyatın
öz qanunları, ağrı-acısı olan bir
parçasıdır və yazmaqla, danışmaqla qurtaran
deyil. Amma yazmaq, demək lazımdır ki, adamlar
səhv edib ora düşməkdən qorxsunlar, bilsinlər ki,
ora nədir, orada adamın astarı üzünə necə
çevrilir. Orada adamlar gördüm ki,
bir azad gün üçün ömürlərinin bir ilindən
keçməyə hazır idilər. Orada
bir mağaza müdiri gördüm ki, əlləri pul saymaqdan
ötrü dəhşətli dərəcədə
darıxırdı, dustaqlara gələn pulları
xışmalayıb gözlərinə, sinəsinə
sürtürdü, iyləyirdi, konfet kağızlarını
pul dəsti kimi çinləməkdən yorulmurdu. Orada dustaqlar - yekə-yekə kişilər "xan-vəzir"
oyunu oynayırdılar, özlərinə ədalət məhkəməsi
qururdular, hökm çıxarırdılar. Güllə
altında yatan cavan-cavan oğlanların danışılan lətifələrə
ağlaya-ağlaya gülmələrini gördüm orda və
başa düşdüm ki, türmə əslində üzdə
gülüb içdə ağlamaq yeridir...
Orda mənə şair deyirdilər. Yaxşı
yadımdadır - "xan-vəzir" mərasimində mənim
məhkəməm qurulanda "vəkilim" dedi ki, vallah,
Çingizi buraxmaq lazımdır, çünki xidmətləri
böyükdür. Soruşdular ki, hansı xidmətləti
var ki? Dedi, Çingiz əksər sovet jurnalistləri,
yazıçıları kimi yəqin ki, həmişə
yalan yazıb. Sovet hökumətinin də evini
yalan yıxdı. Deməli, bu quruluşun
dağılmasında onun da əməyi var.
- Orda
olanda heç ağlamısınızmı?
- Dustaq
yoldaşlarıma həsr elədiklərimi çıxmaq
şərtilə yazdığım şeirlərin sayı qədər.
Yenə deyirəm, şeirlərim - içimə
axan göz yaşlarımdır. Amma iki dəfə
- bir anama şeir yazanda, bir də onun rəhmətə
getdiyini biləndə hönkürüb ağlamışam.
1988-ci ilin fevralında rəhmətə gedib
anam. Mən kamerada oturub gözlərimi
yummuşdum. Amma qəribə bir mənzərə
yumulmuş gözlərimin qabağından getmirdi - elə bil
qurumuş çayın yatağında dayanmışdım və
çay daşları sürətlə
başdaşılarına çevrilirdi. Birinin
üstünə anamın adı yazılmışdı.
Bildim ki, rəhmətə gedib. Dözə
bilmədim, hönkürdüm...
- Türmə həyatınızda nəyi dəyişdi?
- Desəm ki, o günlərin havası hələ başımdan çıxmayıb - bəlkə də inanmazsan. Amma həqiqətən belədir. Bir də görürsən evdə oturduğum yerdə elə bil kimsə qəfildən deyir: "Nə oturmusan? Dur, keç yazı masasının arxasına". Üç ilə yaxındır ki, bu səsin əsiriyəm, bu səsin diktəsi ilə yaşayıram, yazıram. Bu, nə vaxtadək davam edəcək, bu səs mənə neçə əsər yazdıracaq - bilmirəm. Bildiyim bircə budur ki, hər şey bu səsin qurduğu plan əsasında gedir. "Zindan" romanını nəşr edəndə yəqin ki, müəllif kimi şəklimi istəyəcəklər. Bax onda başımı ülgüclə qırxdıracam, əynimdəki bu şalvarın pencəyini də geyinib - bəli, təəccüblənmə, dustaq paltarıdır - şəkil çəkdirəcəm. Çünki Çingiz dustaq olmasaydı, həbsxana ömrü yaşamasaydı, bu romanı yaza bilməzdi. Kinostudiyada razılığa gəlmişik ki, "Sim-sim, qapını aç" ssenarim üzrə çəkiləcək filmdə baş rolu da özüm oynayım.
lll
Çox təəssüf ki, Çingizi türmə sevdasına qovuşduran fələk onun bu istəyini ürəyində qoydu - zindanda aldığı mənəvi-psixoloji zədələrdən səhhəti pozulan, yaddaşını itirən yazıçı 62 yaşında vəfat etdi.
Əslində bunu o, ölümünün bir illiyinə həsr etdiyi şeirdə atasından özü xahiş etmişdi:
Paxıllığım tutur yaşayışına,
Axirət evində məşəlin yanar.
Yaşaya
bilmirəm özbaşına,
Qurban olum, məni yanına apar.
Doğmalarının dediyinə görə, son sözləri bunlar olub: "Qorxmayın, gedirəm. Amma hər şey yaxşı olacaq"...
Ruhu şad olsun.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2023.- 3 fevral.- S.13.